Ölümsüzlüyə qovuşan
ömür
Azərbaycan
xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən
və tarixi həqiqəti bugünkü nəsillərə,
dünya tarixinə çatdırmaq baxımından Ziya
Bünyadovun əsərləri əvəzsizdir.
Heydər
ƏLİYEV
Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı, Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi, akademik Ziya Musa oğlu Bünyadovun həyat və yaradıcılığı parlaq bir ömrün güzgüsü olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirir.
O öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınmış, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanmışdır.
Ziya Bünyadov Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olmuşdur. 16 yaşında ikən Göyçay şəhərində orta məktəbi bitirmiş və Bakı Hərbi Piyadalar Məktəbinə daxil olmuşdur.
Hərbi məktəbi bitirdikdən sonra (1941) leytenant Z.Bünyadov Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş, Ukrayna, Moldova, Qafqaz, Belarus, Polşa və Berlin uğrunda döyüşlərdə fəal iştirak etmişdir. İki dəfə yaralanmış və kontuziya almışdır. Hərbi tapşırığı yerinə yetirərkən göstərdiyi şücaətə, qəhrəmanlıq və igidliyə görə 27 fevral 1945-ci ildə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Sonra bir il Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi olan gənc zabit Z.Bünyadov şəhərin təsərrüfat və mədəni həyatının bərpa edilməsində fəal iştirak etmişdir. Keçmiş ADR hökuməti Ziya Bünyadovun xidmətini yüksək qiymətləndirərək onu "Vaffenbrudersaft", "Artur Bekker" qızıl medalları və fəxri çekist adı ilə təltif etmişdir.
1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra Z.Bünyadov N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olmuşdur. Tələbəlik illərində görkəmli sovet ərəbşünası professor Y.A.Belyayev onun müəllimi olmuşdur. Böyük şərqşünasla yaxınlıq Ziya Bünyadovun sonrakı fəaliyyətində, onun ərəbşünas və mediyevist kimi formalaşmasında həlledici rol oynamışdır. 1954-cü ildə Y.A.Belyayevin rəhbərlik etdiyi kafedrada Z.Bünyadov ilk tədqiqat işi olan "Afrikada İtaliya imperializmi" adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.
1954-cü ildə alim Bakıya qayıtmış və Azərbaycan EA Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir.
Z.Bünyadov 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi olmuşdur. 1964-1981-ci illərdə isə Yaxın və Orta Şərq Xalqları İnstitutunun (Şərqşünaslıq İnstitutu o vaxt belə adlanırdı - G.B.) Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik etmiş, 1981-1986-cı illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləmişdir.
Ziya Bünyadovun elmi yaradıcılığı iki istiqamətdə inkişaf etmişdir: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi və Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri.
1964-cü ildə Z.Bünyadov tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Azərbaycan VII-IX əsrlərdə" mövzusunda dissertasiya müdafiə etmişdir. 1965-ci ildə Ali Attestasiya Komissiyası ona professor adı vermişdir.
1965-ci ildə çap olunmuş "Azərbaycan VII-IX əsrlərdə" kitabı Z.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırmışdır. Bu, Azərbaycan tarixinin ərəb xilafəti dövrünə dair sovet tarixşünaslığında yazılmış ilk tədqiqat əsəri idi. Burada geniş şəkildə tədqiqata cəlb olunmuş ərəb, fars, türk, gürcü mənbələrinin, o vaxtadək məlum olmayan və çətin əldə edilən yazılı abidələrin dərin tədqiqi və təhlili sayəsində islam fəthi ərəfəsində və xilafət dövründə Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı hərtərəfli təhlil olunmuş, Azərbaycanın orta əsrlər tarixinə dair bir sıra mühüm problemlər araşdırılaraq öz həllini tapmışdır. Əsərdə xilafətə qarşı xalq kütlələrinin mübarizəsinə xüsusi yer verilmiş, Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı geniş şəkildə işıqlandırılmışdır.
1967-ci ildə görkəmli alim Azərbaycan EA-nın müxbir üzvü seçilmiş, 1970-ci ildə "Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri, ictimai elmlər seriyası (tarix, fəlsəfə və hüquq seriyası)" jurnalının baş redaktoru təyin olunmuşdur.
1978-ci ildə Ziya Bünyadov "Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)" adlı monoqrafiyasını nəşr etdirmişdir. Alimin çoxillik əməyinin məhsulu olan bu sanballı tədqiqat işində səlcuq dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılmışdır. Kitabda Azərbaycanın o dövrdəki siyasi tarixi məsələləri ilə yanaşı, XII əsrin ikinci yarısı - XIII əsrin birinci rübündə Orta Şərqin feodal sülalələrinə mənsub hökmdarların qurduğu dövlətlərin, o cümlədən Azərbaycan Eldəniz Atabəyləri dövlətinin dövrün siyasi və mədəni həyatında mühüm rol oynadığı göstərilmişdir. Əsərdə, həmçinin o dövrdə Qafqazda siyasi şəraiti xarakterizə edən bir çox qiymətli və ilk dəfə elmi dövriyyəyə daxil edilmiş materiallar yerləşdirilmişdir. Ziya Bünyadov öz monoqrafiyasında Azərbaycanın və qonşu ölkələrin orta əsrlər tarixinə dair bir sıra problemlərin gələcək həlli, kifayət qədər öyrənilməmiş məsələlərin tədqiqi üçün böyük əhəmiyyət kəsb edən əsaslı elmi nəticələr əldə etmiş, bununla da feodalizm dövrü tarixinin başlıca problemlərinin, Şərqdə feodalizmin inkişafının ümumi qanunauyğunluqları və fərdi xüsusiyyətləri kimi mühüm nəzəri məsələlərin həllinə böyük töhfə vermişdir.
Görkəmli alimin "Azərbaycan Atabəylər dövləti" əsəri ölkəmizin və qonşu dövlətlərin tarixinin çox az öyrənilən dövrünün araşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyinə görə elmi ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilmişdir. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
1982-ci ildə Z.Bünyadov Azərbaycan SSR əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elə həmin il türk xalqları tarixinin öyrənilməsində böyük xidmətlərinə görə Türk Tarix Qurumunun müxbir üzvü seçilmişdir.
1986-cı ilin yanvarından 1988-ci ilin mayınadək alim Azərbaycan SSR Şərqşünaslıq İnstitutunun Şərqin orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1986-cı ildə Moskvada "Nauka" nəşriyyatı tərəfindən alimin "Xarəzmşahlar-Anuştəginlər dövləti. 1097-1231-ci illər" adlı monoqrafiyası nəşr edilmişdir.
1988-ci ilin mayında Z.Bünyadov Aral dənizinin xilasetmə komitəsinin tərkibinə daxil edilmişdir. Həmin il Urgənc (Xarəzm) şəhərinin 340 illiyinin qeyd edilməsi ilə əlaqədar şəhərin tarixinin və ədəbiyyatının öyrənilməsi sahəsində xidmətlərinə və Aral dənizinin ekoloji probleminin həll edilməsinə böyük kömək göstərdiyinə görə Ziya Bünyadova yeni təsis olunmuş "Urgənc şəhərinin fəxri vətəndaşı" adı verilmişdir.
Ziya Bünyadov 1988-ci ilin mayından 1990-cı ilədək yenidən Azərbaycan SSR EA Şərqşünaslıq İnstitutunun direktoru olmuşdur. 1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. 1992-ci ilin oktyabrından ömrünün sonuna qədər yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir.
Müxtəlif illərdə akademik
çeşidli Şərq mənbələrinin şərhli
tərcümələrini nəşr etdirmişdir: Mxitar
Qoş. Alban salnaməsi. B., 1960; Abidələrin xülasəsi
və qüdrətli hökmdarların möcüzələri.
Ərəb dilindən şərhli tərcümə. M.,
"Nauka", 1971 (rus dilində). 1992-ci ildə Azərbaycan
dilində nəşr edilib; Şihabəddin Məhəmməd
ən-Nəsəvi. Sirat əs-sultan Cəlal əd-Din
Mankburni. Ərəb dilindən şərhli tərcümə.
Bakı, "Elm", 1973. Kitab 1996-cı ildə
"Lukoyl" neft şirkətinin sponsorluğu ilə yenidən
nəşr edilib; Sədrəddin Əli əl-Hüseyni.
Əxbar əd-daulə əs-səlcuqiyyə. Ərəb
dilindən şərhli tərcümə. M., "Nauka",
1980; Əbu Məhəmməd Əhməd ibn Əsam əl-Kufi.
Kitab əl-futuh. VII-XI əsrlər
Azərbaycan tarixinə aid iqtibaslar. Ərəb
dilindən şərhli tərcümə. Bakı, "Elm", 1981; Əbülqasim əz-Zəhravi.
Cərrahiyyə və alətlər haqqında
traktat. Ərəb dilindən şərhli
tərcümə. M., "Nauka", 1982;
Yaqut əl-Həməvi. Mücəm əl-buldan.
Azərbaycan haqqında məlumatlar. Ərəb dilindən şərhli tərcümə.
Həmdullah Qəzvini. Azərbaycan haqqında məlumatlar.
İngilis dilindən tərcümə. Bakı, "Elm", 1983; Abbasqulu ağa
Bakıxanov. "Gülüstani-İrəm".
Müqəddimə, şərhlər və
qeydlər. Bakı, "Elm", 1991.
Ziya müəllimin elmi axtarışları təkcə
orta əsrlər dövrü ilə məhdudlaşmırdı. Alimi Vətənin
yaxın keçmişi də maraqlandırırdı.
O, əsrin əvvəlində Azərbaycanda baş verən
hadisələr, ADR-in fəaliyyəti, Bakı kommunası və
sair mövzulara bir sıra məqalələr həsr edib. Ötən əsrin 30-cu illərinin repressiyaları
isə alimin "Qırmızı terror" adlı
kitabında (Bakı, 1993) işıqlandırılıb.
Kitab çoxsaylı arxiv sənədləri əsasında
yazılıb.
Ötən
əsrin 90-cı illərinin əvvəllərindən
başlayaraq Ziya müəllimin elmi fəaliyyətinin bir
istiqaməti də xalq tərəfindən islam
dininin doğru-dürüst öyrənilməsinə yönəlmişdir.
Alim professor V.Məmmədəliyevlə birgə
müqəddəs "Qurani-Kərim"i dilimizə
çevirib, ona şərhlər yazıb. Sonra "Dinlər, təriqətlər, məzhəblər"
adlı irihəcmli soraq kitabı hazırlayıb. "İndi xalq öz dininə qayıdır, lakin
dininə, imanına qayıtması üçün nə dərsliklər,
nə elmi ədəbiyyat, nə soraq kitabçaları, nə
də başqa vəsait vardır" - yazan müəllif
yaranmış boşluğu bu kitabla aradan götürməyə
çalışırdı. Kitab alimin vəfatından
sonra, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi
təşəbbüsü və qayğısı sayəsində
işıq üzü görmüşdür.
Alim
1990-cı ildə "Qurani-Kərim"in tərcüməsinə
görə H.Z.Tağıyev adına
mükafata, 1993-cü ildə A.A.Bakıxanovun
"Gülüstani-İrəm" əsərinin şərhli
nəşrinə görə A.A.Bakıxanov adına
mükafata layiq görülmüşdür.
Bir çox beynəlxalq elmi məclislərin
iştirakçısı olan akademik Z.Bünyadov Azərbaycan
elmini ləyaqətlə təmsil etmişdir. Türk Tarix Qurumunun VI-XII
konqreslərində, Bağdadda tarixçilərin beynəlxalq
konqresində, Tokioda şərqşünasların XXXI beynəlxalq
konqresində, İranda Təbərinin 1100 illiyinə,
Füzulinin 500 illiyinə həsr olunmuş beynəlxalq
konfranslarda, Misirdə məşhur tarixçi əs-Süyutinin
yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak
edərək sanballı məruzələrlə
çıxış etmişdi.
İnstitut
direktoru kimi Ziya Bünyadov böyük elmi-təşkilati
iş aparırdı. O, Azərbaycan şərqşünaslıq
elminin tərəqqisi, institutumuzun keçmiş
İttifaqın digər şərqşünaslıq
institutları və xarici ölkələrin şərqşünaslıq
mərkəzləri ilə elmi əlaqələrinin möhkəmlənməsi
və genişlənməsi üçün qüvvə və
bacarığını əsirgəmirdi.
Akademik Ziya Bünyadov Şərqşünaslıq
İnstitutunun rəhbəri kimi Yaxın və Orta Şərq
ölkələri probleminə aid bir sıra beynəlxalq və
regional elmi konfransların təşkilatçısı
olmuşdur.
"Şərqşünasların II Ümumittifaq
konfransı" (1983), "İslamın aktual problemləri"
(1985, 1987, 1992), "Fars körfəzi problemi" (1988),
Zaqafqaziyanın gənc şərqşünaslarının I
konfransı (1989), "Atatürkün anadan olmasının 100
illiyinə həsr edilən beynəlxalq konfrans" və s.
O, ömrünün sonunadək "Vətən tarixi",
"Ümumi tarix" və "Din tarixi və nəzəriyyəsi"
ixtisasları üzrə birləşmiş müdafiə
şurasına sədrlik etmişdir.
1992-ci ildə, Azərbaycanın ən çətin
dövründə Ziya Bünyadov özünün siyasi
seçimini edib. Onu Yeni Azərbaycan Partiyasına sədr
müavini seçiblər.
12 noyabr 1995-ci ildə Z.Bünyadov Milli Məclisin
deputatı seçilib.
Akademik Z.Bünyadovun Vətən qarşısında
xidmətləri dövlət rəhbərliyi tərəfindən
həmişə yüksək qiymətləndirilmişdir. O, SSRİ-nin bir sıra
orden və medalları ilə təltif edilmişdir. 1983-cü ildə ona elmin inkişaf etdirilməsində
əldə etdiyi nailiyyətlərə görə SSRİ
XTNS-in gümüş medalı, 1985-ci ildə isə
faşist Almaniyası üzərində qələbənin 40
illiyi münasibətilə I dərəcəli Vətən
Müharibəsi ordeni verilmişdir.
21 fevral 1997-ci ildə Sovet İttifaqı Qəhrəmanı,
Milli Məclisin deputatı, akademik Ziya Musa oğlu Bünyadovun
həyatına faciəli şəkildə son qoyuldu. O, öz evinin astanasında
vəhşicəsinə qətlə yetirildi.
Həmin nəhs gündən bizi on dörd ildən
artıq zaman kəsiyi ayırır. Bu vaxt ərzində
Ziya müəllimin elmi irsi, həyatı və
işıqlı şəxsiyyəti barədə bir çox
fikirlər söylənib, məqalələr yazılıb.
Onların hamısının fövqündə, əlbəttə
ki, akademik Ziya Bünyadovla vida mərasimində ulu öndər
Heydər Əliyevin söylədiyi nitq durur: "Ermənistanın
millətçi və separatçı qüvvələri tərəfindən
Qafqaz tarixinə aid, o cümlədən Ermənistan-Azərbaycan
münasibətlərinə aid cürbəcür və
tariximizi təhrif edən, saxtalaşdıran, Ermənistanda
meydana çıxmış müxtəlif yazıların, məqalələrin
əleyhinə ilk dəfə səsini qaldıran və onlara əsaslı,
dəlilli və tarixi mənbələrə istinadla cavab verən,
onların qarşısını alan alim Ziya Bünyadov idi.
O vaxtlar
Sovet İttifaqı mətbuatında, Ermənistan mətbuatında,
onların kitablarında, elmi yazılarında, Azərbaycan və
Moskva mətbuatındakı məqalələrdə gedən
mübahisələr çoxlarının yadındadır. Hər
tərəfdən dəstə ilə alimlər, yaxud da alim
adı daşıyan cürbəcür adamlar Azərbaycan
tarixinə o vaxtlar təcavüz edirdilərsə, bu tərəfdən
Ziya Bünyadov, yenə də deyirəm, öz iradəsi, biliyi
ilə, elmi əsərləri ilə onlara layiqli cavab verir, Azərbaycan
tarixinin doğru-düzgün olduğunu dünyaya sübut
edir və onu qoruyurdu.
Buna görə də erməni millətçiləri,
erməni separatçıları və ümumiyyətlə,
Azərbaycana mənfi münasibət göstərən
cürbəcür xarici qüvvələr Ziya Bünyadovu
özlərinə düşmən kimi qəbul edirdilər.
Xatirimdədir,
60-cı illərin ikinci yarısında Azərbaycanın 150 il öncə Rusiyaya könüllü surətdə
qəbul olunması haqqında elmi mübahisələr gedirdi.
Məlumdur ki, 1964-cü ildə qərar qəbul edilmişdi
ki, 150 il öncə Azərbaycan
könüllü surətdə Rusiyanın tərkibinə
daxil olmuşdu.
Amma Ziya Bünyadov bir alim kimi heç nədən
qorxmayaraq, heç kəsdən çəkinməyərək,
öz elmi fikirlərini söyləyirdi. 67-68-ci illərdə
Ziya Bünyadov bu barədə artıq bir neçə dəfə
açıq şəkildə bildirmişdi ki, doğrudur, Azərbaycan
Rusiyanın tərkibinə daxil olubdur, amma bu,
könüllü olmayıbdır. Odur ki,
tarixi həqiqəti demək lazımdır.
O
vaxtkı siyasi mühit, siyasi konyuktura bunu qəbul etmirdi. Ziya Bünyadov hətta buna görə günahlandırılırdı,
onu cəzalandırmaq istəyirdilər. Sonralar,
əvvəlki bütün tarix araşdırıldıqdan
sonra hamı bu fikrə gəldi ki, o vaxtlar Ziya Bünyadov
doğru deyirdi. Həqiqət bunda idi.
Həqiqəti Ziya Bünyadov deyirdi, öz
yazılarında göstərirdi".
1998-ci ildə Ziya Bünyadov vəfatından sonra Azərbaycanın
ən yüksək mükafatı - "İstiqlal" ordeninə
layiq görülmüşdür.
Görkəmli alimin zəngin biliyi, geniş
dünyagörüşü, hədsiz zəhmətsevərliyi
və böyük tədqiqatçı istedadı onun qələminə
məxsus hər bir əsərdə özünü göstərib. Alimin saysız-hesabsız məqalələrindən
hər biri, onun istər orta əsr yaşayış məntəqələrinin
müəyyən edilməsinə və geneoloji cədvəllərin
dəqiqləşdirilməsinə, istərsə də Azərbaycanın
xilafət dövrü mərhələsinin və qonşu
ölkələrlə əlaqələrinin öyrənilməsinə
və ya bütün orta əsrlər müsəlman
dünyasının siyasi, sosial-iqtisadi və mədəni
tarixinə həsr olunmuş hər bir tədqiqat əsəri,
tibb, astronomiya, seysmologiya və digər sahələrə aid
orta əsr qaynaqlarından əxz edilmiş məlumatların
şərhinə, yeni məxəzlərin üzə
çıxarılması və əldə olunmuş məlumatların
elmi dövriyyəyə daxil edilməsinə yönəldilmiş
tədqiqat işi gərgin axtarışların, tükənməz
səbir və əməyin nəticəsidir. Bütün
bunlar akademikin dərin düşüncə tərzinin, dəqiq
və mükəmməl təhlili metodunun, incə və sərraf
tədqiqatçı məharətinin göstəriciləridir.
Z.Bünyadov ixtisaslı şərqşünas
kadrların hazırlanmasında da böyük xidmət
göstərmişdir. O, Azərbaycanda mediyevist tarixçi ərəbşünaslar
məktəbinin banisi və rəhbəri olmuşdur. O,
İraq və Suriya Ərəb Respublikaları
üçün yüksək ixtisaslı kadrların
hazırlanmasında mühüm rol oynamışdır. 27 namizədlik işinin rəhbəri və məsləhətçisi,
12 doktorluq dissertasiyasının opponenti olmuşdur.
Azərbaycan xalqının böyük oğlu, ölkəmizin
cəfakeş vətəndaşı Ziya Bünyadovun əziz
xatirəsi qədirbilən xalqımızın, gələcək
nəsillərin yaddaşında əbədi
yaşayacaqdır. Onun insanlara bilik, ziya bəxş edən
ölməz əsərlərindəki ruhu qəlbləri təlatümə
gətirəcək, hər kəsi vətəndaşlıq
borcuna - Vətəni sevməyə, ona vicdanla və sədaqətlə
xidmət etməyə çağıracaq.
Gövhər BAXŞƏLİYEVA,
AMEA-nın akademik Z.Bünyadov adına
Şərqşünaslıq
İnstitutunun direktoru
, filologiya elmləri doktoru, professor,
Milli Məclisin
deputatı
Azərbaycan.-2011.-25 dekabr.-S.10.