Məktəb yaradır, davamçılar yetişdirir
Dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin aforizmə çevrilən "Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır" tezisini xatırlatmaq istərdik. Müdriklərin dediyi kimi, ömür uzunluğu ilə deyil, mənalılığı ilə ölçülür. İnsan ömrünün nə dərəcədə mənalı olub-olmaması isə ilk növbədə Vətənə xidmətin səmərəliliyi ilə müəyyən edilir.
Bu fikirlərə istinadən ömrünün beşinci onilliyini arxada qoyan ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun keçdiyi həyat yolunu mənalı edən əsas məqamları nəzərdən keçirək.
S.Qasımov 26 dekabr 1961-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1978-ci ildə Faxralı kənd orta məktəbini bitirdikdən sonra D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuş, 1982-ci ildə həmin institutun Uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra gənc mütəxəssis kimi "Sov. İKP XXII qurultayı" adına NQÇ İB-nə (indiki "Neft Daşları" NQÇİ) göndərilib. 1982-1991-ci illərdə birlikdə mühasib, iqtisadçı, baş mühasibin müavini, baş mühasib vəzifəsində çalışıb. 1992-1994-cü illərdə "Azərineft" Neft-Qazçıxarma Baş İdarəsində, 1994-2003-cü illərdə Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib vəzifələrində işləyib. 2004-2006-cı illərdə isə ARDNŞ aparatının iqtisadiyyat və uçot idarəsinin mühasibat uçotunun metodologiyası şöbəsinin rəisi, idarənin rəis müavini və rəisi vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 dekabr 2006-cı il tarixli sərəncamı ilə ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti təyin edilmişdir.
Ulu öndər Heydər Əliyevin 1999-cu ildə Azərbaycan dəniz neft sənayesinin 50 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi haqqında sərəncamında Neft Daşlarının Azərbaycan alimlərinin və mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümü, açıq dənizdə müasir tipli yaşayış evlərinə, tibb müəssisələrinə və digər sosial obyektlərə malik bir şəhər olmasını xüsusi önə çəkir. Bildirir ki, burada hazırlanan ixtisaslı kadrlar Asiyanın, Avropanın və Amerikanın bir sıra ölkələrinin dəniz neft və qaz yataqlarının işlənilməsində fəal iştirak etmiş, dünyanın bir çox dənizlərində geologiya və qazma işlərinin təşkilatçısı olmuşdur.
Neft Daşlarının keçdiyi inkişaf yoluna qısaca nəzər salmağımız təbii ki, səbəbsiz deyil. Mövcud olduğu hər dövrün əfsanəsi sayılan Neft Daşlarında çalışan hər kəs bu fikri bildirir ki, möcüzələr adası bir məktəbdir. Bunu S.Qasımov da öz müsahibələrində dəfələrlə bildirib: "Neft Daşlarında sənətimə yüksək səviyyədə yiyələndim. Ətrafımdakı insanların böyük hörmətini qazandım. Neft Daşlarında sıravilikdən baş mühasibliyə qədər yüksəliş xətti, mərdlik, qorxmazlıq məktəbi keçdim. Zəngin təcrübə topladım. Neft Daşlarından sonra hara göndərilməyimdən asılı olmayaraq mənim üçün işləmək çox asan oldu. Bu gün də fəxr edirəm ki, Neft Daşlarında işləmişəm".
Neft Daşlarında çalışdığı illərin hər birinin yaddaqalan, onun üçün əziz, bir mütəxəssis kimi yetişməsində mühüm rol oynayan məqamlar olduğunu qeyd edən S.Qasımov bildirmişdir: "Çünki bu xatirələrin bir hissəsi mənim sənətimə vurğunluğumdan irəli gələn addımların atılması, bir qismi isə əfsanəvi dəniz şəhərində - Neft Daşlarında mövcud şəraitin çətinliyi, dəniz neftçilərinin fədakarlığı ilə bağlıdır".
S.Qasımov "Neft Daşları" NQÇİ-nin ilk azərbaycanlı baş mühasibi olub. S.Qasımov "Mənim məktəbim" fikrini müsahibələrində belə açıqlayır: "Bizdən əvvəllər də təyinatla Neft Daşlarına gedənlər olub, çətinliyə dözməyib işi tərk edənlər də. Lakin mən və mənimlə eyni zamanda Neft Daşlarına təyinatla gələn Fikrət Qafarov (Allah ona rəhmət eləsin) çətinliklərə dözüb, hər bir işin uğurla nəticələnməsi üçün səylə çalışdıq". Neft sənayesində çalışan mühasiblər sırasında azərbaycanlıların az olması faktına diqqət yetirən S.Qasımov bu sahədə görülməli işlərin vacibliyini başa düşərək azərbaycanlı mütəxəssislərin yetişdirilməsi istiqamətində vacib işlər görməyə başladı. Fəaliyyətinin əsas prinsiplərindən biri-mühasiblik üzrə kadrların peşəkarlıq baxımından yerləşdirilməsi olan S.Qasımov öz üzərində çalışmaqla onunla işləyən mühasibləri daim maariflənməyə və mühasibat uçotu, vergi uçotu sahəsində biliklərinin artırılmasına həvəsləndirirdi. S.Qasımovla işləyən mühasiblər böyük bir məktəb keçmiş olurdular. S.Qasımov məktəbinin onlarla yetirməsi bu gün ARDNŞ-nin strukturlarında müxtəlif vəzifələrdə çalışırlar.
S.Qasımov neft sənayesində çalışmaqla yanaşı, eyni zamanda, iqtisadiyyat sahəsində müəllimlik fəaliyyəti ilə məşğul olmuş, dəfələrlə Azərbaycan Dövlət İqtisad Universitetinin Dövlət Attestasiya Komissiyasının sədri seçilmişdir.
S.Qasımov uzun illər neft və qaz sənayesi sistemində "idarəetmə və təhlil problemləri"ni araşdırmış, gərgin və məhsuldar əməyi nəticəsində 2001-ci ildə "Dənizdə neft və qaz sənayesində idarəetmə uçotunun təşkili problemləri və tətbiqi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009-cu ildə isə "Neft və Qazçıxarma sənayesində idarəetmə uçotu və təhlil problemləri" mövzusunda doktorluq işini müdafiə edərək, iqtisad elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir. Yeni mühasiblər nəslinin yetişməsində var qüvvəsi ilə çalışan iqtisad elmləri doktoru S.Qasımov həm də mühasibat uçotu sahəsində bir sıra elmi işlər üzrə elmi rəhbər, rəsmi opponent olmuşdur. 3 elmi kitabın müəllifi olan iqtisadçı alimin son bir neçə il ərzində 40-dan çox elmi məqaləsi ölkəmizdə və xaricdə nəşr olunan elmi jurnallarda dərc olunmuş, bu əsərlər barəsində MDB-nin müxtəlif maliyyə institutlarından və eləcə də bu sahənin ayrı-ayrı elm adamlarından müsbət rəylər daxil olmuşdur. S.Qasımov öz üzərində çalışmaqla yeni biliklər qazanmaq, onları tətbiq etmək və gələcək nəsillərə çatdırmaq istiqamətində daimi işlər aparır.
S.Qasımov 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin idarəetmə ixtisası üzrə qiyabı şöbəsini də fərqlənmə diplomu ilə bitirərək ikinci ixtisasa yiyələnib. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2005-ci ildən Mühasibat Üçotu üzrə Məsləhət Şurasının üzvüdür.
Dövlət başçısı İlham Əliyev ARDNŞ-nin beynəlxalq standartlara cavab verən modern və güclü bir quruma çevrilməsi vəzifəsini qarşıya qoymuşdur. Bu da ilk növbədə şirkətin strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasını, idarəetmənin effektivliyinin artırılmasını tələb edir. ARDNŞ bu istiqamətdə mühüm addımlar ataraq istehsalat və idarəetmədə avtomatlaşdırma proqramlarını uğurla həyata keçirmiş və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçən təşkilatlardan birincisi olmuşdur.
Beynəlxalq maliyyə-uçot sisteminə keçid ARDNŞ-nin beynəlxalq nüfuzunu, reytinqini daha da artırdı. Beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərən şirkət olaraq aparılan məqsədyönlü tədbirlər ARDNŞ-nin dünya miqyasında nüfuzunun artmasını, dünya maliyyə və neft bazarlarında müasir, rəqabətə davamlı bir şirkət olaraq tanınmasının təsdiqi kimi 2009-cu ildə "Fitch Ratings" şirkəti tərəfindən ARDNŞ-yə BB+stabil reytingi verilmişdir. 2010-cu ildə isə bu reytinq yüksələrək respublikamızın reytinq səviyyəsi olan BBB-stabil olmuşdur. Bundan başqa "Moody's" beynəlxalq reytinq şirkəti iqtisadi göstəricilərinə görə ARDNŞ-ə Ba1stabil reytinq dərəcəsinə layiq görmüş, 3-cü böyük reytinq şirkəti olan "Standard and Poor's" şirkəti isə BBpozitiv reytinq dərəcəsi şamil etmişdir. Görülən işlər ARDNŞ-ə investisiyaların cəlb olunması, ARDNŞ-nin xarici ölkələrə investisiyalar qoyması, eləcə də dünya miqyaslı layihələrdə onun iştirakını təmin etmək üçün çatışmayan vəsaitin xarici banklardan sərfəli şərtlərlə əldə edilməsi işlərində əhəmiyyətli rol oynamışdır. Belə ki, Gürcüstan Respublikasında "Kulevi" neft terminalının əldə olunması, "SOCAR" brendi altında fəaliyyət göstərən 78-ə yaxın yanacaqdoldurma məntəqələrinin tikintisi, eləcə də Türkiyədə "Petkim" neft-kimya kompleksinin özəlləşdirilməsində "SOCAR-Turcas" konsorsiumunun qalib olması şirkətin dünya miqyasında təcrübəli bir qurum kimi tanınmasında və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsində mühüm rol oynamışdır.
ARDNŞ Avropadakı kommersiya fəaliyyətinin genişləndirilməsi istiqamətində daha bir uğura imza ataraq "Esso Schweiz GmbH" şirkəti səhmlərinin alqı-satqısı ilə bağlı "Exxon Mobil Central Europe Holding GmbH" şirkəti ilə saziş imzalamışdır. Alqı-satqı müqaviləsinə əsasən, ARDNŞ İsveçrədə adıçəkilən şirkətə məxsus 172 YDM və həmin şirkətin balansında olan digər aktivlərin sahibidir. Bundan əlavə, ARDNŞ-nin törəmə şirkəti olan
"SOCAR-Trading" müəssisəsi 2006-cı ildən etibarən treydinq fəaliyyəti ilə məşğul olur. 2009-cu ildən etibarən ARDNŞ Ukrayna və Rumıniyada da fəaliyyətini genişləndirir. Belə ki, bu ölkələrdə də YDM-lər şəbəkəsi "SOCAR" brendi altında artıq fəaliyyətdədir.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında qazanılan bu uğurlarda ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun zəhməti böyükdür. Belə ki, Avropa ölkələrinin təcrübəsini dərindən öyrənən, onların mütərəqqi cəhətlərini ARDNŞ-də tətbiq edən S.Qasımov şirkətdə həyata keçirilən bütün layihələrin iqtisadi modellərinin hazırlanması, təhlili və maliyyə təminatının həyata keçirilməsində şəxsən iştirak etmişdir. Böyük alim və praktik iqtisadçı, bacarıqlı təşkilatçı, müasir-mütərəqqi ideyaların daşıyıcısı olan S.Qasımov iqtisadiyyat sahəsində yeni ideya və üsulların, iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. ARDNŞ-nin iqtisadçı kadrlarının hazırlanması sahəsində xidmətləri olan S.Qasımov nüfuzlu beynəlxalq simpozium və konqreslərdə ARDNŞ-i ləyaqətlə təmsil edir.
İstər ölkəmizin, istərsə də ARDNŞ-nin uğurlarından bəhs edərkən dövlət başçısı İlham Əliyev bu gerçəkliyi qeyd edir ki, bunların təməlində neft sənayesi, Azərbaycan neftçilərinin fədakarlığı, çətin peşələrinə bağlılığı dayanır. Hər il Neftçilər günündə neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi də onlara göstərilən diqqət və qayğının bariz nümunələrindəndir. Qeyd edək ki, ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti S.Qasımov neft sənayesinin inkişafındakı xidmətlərinə görə dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" sərəncamları əsasında 20 sentyabr 2006-cı il tarixində "Tərəqqi" medalı və 19 sentyabr 2011-ci il tarixində isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Təbii ki, bu diqqət və qayğı qarşıya daha mühüm vəzifələr qoyur. Bu vəzifələrin yerinə yetirilməsi yolunda bir daha 50 illik yubileyini qeyd edəcək ARDNŞ-nin vitse-prezidenti Süleyman Qasımovu təbrik edir, cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.
Vüqar RƏHİMZADƏ,
"İki sahil" qəzetinin baş redaktoru,
əməkdar journalist
Azərbaycan.-2011.-25
dekabr.-S.10.