Şərəfli ömrün
50 anının reportajı
Azərbaycan Milli İncəsənət Muzeyində "VƏTƏNİN İLHAMI. Ömürdən reportaj" kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimini açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, 2003-2011-ci illərdə həyata keçirilən mədəniyyət və turizm siyasətinin əsas istiqamətlərini, əldə olunmuş nəticələri ən qısa şəkildə əks etdirən bu toplu ölkə başçısının anadan olmasının 50 illiyinə bu sahədə çalışanların töhfəsidir. Nazir vurğulamışdır ki, dövlət müstəqilliyinin bərpasının 20 illiyinin təntənəli şəkildə qeyd edildiyi bu şərəfli ildə ölkə başçısının 50 yaşının tamam olduğunu nəzərə alan müəllif Prezident İlham Əliyevin kamil şəxsiyyət, ziyalı və səriştəli dövlət xadimi kimi yetişdiyi mühiti burada canlandırmağa çalışmış və demək olar ki, məqsədinə nail olmuşdur: "Son səkkiz ildə Azərbaycana rəhbərlik edərək Vətənimizin adını, daha doğrusu, ölkənin bütün varlığını ucaldan Prezident İlham Əliyevin xidmətlərinə işıq salan bu kitab mənə həddən artıq doğmadır. Hörmətli Prezidentin həyat yolunu, onun şəxsiyyət, dövlət xadimi kimi yetişdiyi ömrünün mərhələlərini dərindən bilsəm də, mədəniyyət və turizm sahəsində kursunun birbaşa iştirakçısı və quruculuq proseslərinin dərinləşməsi ilə bağlı tapşırıqlarının icraçısı olsam da, "VƏTƏNİN İLHAMI. Ömürdən reportaj"ı oxuyarkən bir daha qürur duydum və qərara aldım ki, kitaba geniş ön söz yazaraq bədii-publisistik deyil, dövlət siyasəti baxımından əsərin dəyərinin nədən ibarət olduğunu aydınlaşdıram. Nəhayət, bu kitab poeziyası ilə oxuculara yaxşı tanış olan şair Vaqif Bəhmənli tərəfindən qələmə alınsa da, böyük əhəmiyyət daşıyan yekunlara görə ümumən mədəniyyət və turizm ictimaiyyətinin dövlət rəhbərinə minnətdarlıq yazısı kimi qəbul ediləcəyinə əminəm".
Kitabın bu günlərdə işıq üzü görməsinin rəmzi mənasını bildirən natiqlər onu da qeyd etməyi unutmadılar ki, dövlət başçısının kamil şəxsiyyət kimi yetişməsində doğulub böyüdüyü və tərbiyə aldığı ailənin və ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə formalaşan cəmiyyətin rolu olduqca mühüm əhəmiyyət daşıyıb. Kitabın ön səhifələrində ümummilli lider Heydər Əliyevin cənab İlham Əliyev haqqında söylədiyi fikirlərin yer alması heç də təsadüfi deyil. Çünki ulu öndər Azərbaycan üçün yetişdirdiyi övladına özü qədər inandığını söyləyirdi: "İlham Əliyev həm biliyinə, həm iş təcrübəsinə, həm ağlına, həm də insani keyfiyyətlərinə görə Azərbaycanın siyasi səhnəsində görkəmli bir adamdır... Hər bir belə adamın, şübhəsiz ki, gələcəyi də ola bilər. Ancaq bu, onun özündən asılıdır. Heç kəs bunu süni surətdə edə bilməz. Heç kəs deyə bilməz ki, o, Heydər Əliyevin yerini tutacaq, ya tutmayacaqdır. Bunu gələcək göstərəcəkdir. Gələcəkdə də bunu cəmiyyət, vətəndaşlar deyəcəkdir, ayrı heç kəs deyə bilməz".
Təqdimolunma mərasimində çıxış edən professor Nizami Cəfərov, xalq rəssamı Fərhad Xəlilov, xalq yazıçısı Çingiz Abdullayev, İTAR-TASS-ın sədr müavini M.Qusman da dövlət başçısının həyat və fəaliyyətinin bütünlüklə Vətəninin inkişafına, xalqının rifah halının yaxşılaşdırılmasına, xüsusən də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılmasına həsr olunduğunu bildirmişlər.
Ölkə başçısının yarıməsrlik yaşının işığında görünən liderlik fəaliyyətinin 50 məqamının rəmzi olaraq topluda yer alması da müəllifin peşəkarlığından və səriştəliliyindən irəli gələn amil kimi dəyərləndirilmişdir.
Kitabın müəllifi, şair-publisist Vaqif Bəhmənli yekun olaraq ərsəyə gələn topluya verdikləri yüksək qiymətə görə tədbir iştirakçılarına dərin minnətdarlığını və təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, əslində, kitabın müəllifi əsərin qəhrəmanı, ömrünün gəncliyi ilə müdrikliyi qovuşan, hər bir azərbaycanlının Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən dövlət başçısı İlham Əliyevdir. Təbii ki, cənab Prezidentin son səkkiz illik genişmiqyaslı fəaliyyəti bir topluya sığa bilməz. Zaman keçdikcə, ölkəmizin qazandığı uğurların sayı çoxaldıqca bu topluların həcmi və dəyəri də artacaqdır.
Sonda mərasim iştirakçıları cənab Prezidentin şərəflə yaşadığı, xalqına və dövlətinə həsr etdiyi ömrünün 50 anını əks etdirən foto-şəkillərdən ibarət sərgi ilə tanış oldular.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2011.-25 dekabr.-S.9.