Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının
İcraiyyə Komitəsi
Fransanın bir sıra rəsmi
qurumlarına müraciət
ünvanlamışdır
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi (AHİK) Fransa parlamentinə, Fransa Ümuməmək, Fransa Demokratik Əmək, Fransa Xristian İşçiləri, Fransa İşçi Qüvvəsi və Fransa Dövlət İşçiləri Konfederasiyalarına müraciət ünvanlamışdır.
AzərTAc xəbər verir ki, müraciətdə 1 milyon 600 mindən çox həmkarlar ittifaqı üzvlərini birləşdirən AHİK və onun İcraiyyə Komitəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinin Fransa parlamentində yenidən müzakirəyə çıxarılmasına və qəbul olunmasına etiraz bildirmişdir. Müraciətdə qeyd olunmuşdur ki, Fransa parlamentinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğalına, Xocalı kimi dəhşətli soyqırımına münasibət belə bildirmədiyi halda, yüz il bundan əvvəl uydurulmuş "soyqırımı" inkar edənlərə cəza tətbiq edilməsi barədə qərar qəbul etməsi təəssüf doğurur. Yaxşı olardı ki, parlamentin aşağı palatası Xocalı soyqırımı zamanı insanların etnik mənsubiyyətinə görə öldürülməsini pisləyən Meksika Konqresinin deputatlar palatasının bu yaxınlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma müddəalarından ibarət qəbul etdiyi qərardan nümunə götürsünlər.
Müraciətdə vurğulanmışdır ki, qaldırılan qondarma "erməni soyqırımı" məsələsi "siyasi spekulyasiyaya" çevrilmişdir. Bu cür məsələlər siyasətçilər tərəfindən deyil, tarixçilər səviyyəsində həll olunmalıdır. İnsanların söz və fikir azadlığına qarşı yönələn belə bir qanunun qəbul edilməsi Fransanın demokratik və dünyəvi ölkə olmasını şübhə altına salır. Fransa parlamentinin qəbul etdiyi bu qanun Fransa və Azərbaycan xalqları arasında yaranmış çoxillik dostluq münasibətlərinə kölgə sala bilər.
AHİK-in
İcraiyyə Komitəsi ölkələr və xalqlar
arasında qarşılıqlı inama, dostluq münasibətlərinə
zərər verəcək, söz azadlığının,
insan hüquqlarının beşiyi olan Avropaya xəcalət gətirə
biləcək belə bir qanunun Fransa Senatında qəbul edilməsinə
imkan verilməyəcəyinə ümidvar olduğunu
bildirmişdir.
Azərbaycan.-2011.-25 dekabr.-S.9.