Prezident İlham Əliyev Ağcabədi
rayonunun Taxtakörpü ərazisində Laçın
rayonundan olan 552 məcburi köçkün ailəsi
üçün salınan yeni yaşayış qəsəbəsinin
açılışında iştirak etmişdir
Dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak etmişlər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, ölkəmizdə aparılan tikinti-quruculuq işləri Laçından olan məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü ərazisində də vüsət almışdır. Buradakı parklarda, Şəhidlər kompleksində və Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafında abadlıq işləri həyata keçirilmiş, yaşıllıqlar salınmışdır. Bu ilin əvvəlindən Taxtakörpü ərazisinə 21 kilometr uzunluğunda təbii qaz xəttinin çəkilişi başa çatdırılmış, 4 kilometrlik içməli su xətlərində təmir-bərpa işləri aparılmış, köhnə borular yeniləri ilə əvəzlənmişdir. Alxaslı və Qarakeşiş obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Taxtakörpü-Mais və Taxtakörpü-Alxaslı avtomobil yolunda təmir işləri aparılmış, 7,9 min kvadratmetr yol asfaltlanmışdır.
Diqqətə çatdırıldı ki, respublikamızın ümumilikdə 58 rayon və şəhərində müvəqqəti məskunlaşan 71,2 min laçınlıdan 13 mini Taxtakörpü ərazisində yerləşmişdir. İndi burada məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələri salınır. Bu qəsəbələrdən biri də dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına əlavələr olunması haqqında 2007-ci il 31 oktyabr tarixli Sərəncamına əsasən Ağcabədi rayonu Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbədir. Bu qəsəbənin salınması Azərbaycan Prezidentinin məcburi köçkünlərin sosial-iqtisadi və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi növbəti mühüm addımlardan biridir.
Bildirildi ki, ümumi sahəsi 111 hektar olan qəsəbədə inşa edilən evlərin sahəsi ümumilikdə 31 min 179 kvadratmetrdən çoxdur. Hər bir evin 12 sot torpaq sahəsi vardır. Qəsəbədə müasir standartlara cavab verən 360 şagird yeri olan məktəb binası, uşaq bağçası, bir klub-icma mərkəzi, qəsəbə nümayəndəliyi üçün inzibati bina inşa edilmiş, park və yaşıllıqlar salınmışdır. Qəsəbə elektrik, qaz və içməli su ilə təmin olunmuşdur. Yağış sularının axıdılması üçün drenaj tikilmişdir. Qəsəbədə ümumi uzunluğu 15 kilometr olan yol salınmışdır.
Dövlətimizin başçısına və xanımına yeni qəsəbənin tikintisi üzrə əsas texniki-iqtisadi göstəricilər barədə məlumat verildi.
Bildirildi ki, zəruri infrastrukturun yaradıldığı qəsəbədəki evlərin 49-u birotaqlı, 194-ü ikiotaqlı, 237-si üçotaqlı, 72-si isə dördotaqlıdır. Qəsəbədə iki transformator stansiyası, altı qaztənzimləyici məntəqə yaradılmış, biraşırımlı körpülər inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məcburi köçkün Cənnət Əliyevin evində yaradılan şəraitlə tanış oldular.
Dövlətimizin başçısına və xanımına gül dəstələri təqdim olundu.
Azərbaycan Prezidenti çay süfrəsi arxasında ev sahibi ilə söhbət etdi.
Ev sahibi Cənnət ƏLİYEV dövlət başçısını salamlayaraq dedi:
- Xoş gəlmisiniz!
Prezident İlham ƏLİYEV: Ev necədir? Xoşunuza gəlir?
Cənnət ƏLİYEV: Cənab Prezident, bizə gözəl şərait yaratdığınıza, gözəl qəsəbə tikdirdiyinizə, çox əlamətdar gündə laçınlılarla görüşə gəldiyinizə görə Sizə ailəmiz adından və öz adımdan səmimi minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Prezident İlham ƏLİYEV: Sağ olun, mən çox şadam ki, bu gün sizinlə birlikdə bu gözəl hadisəni qeyd edirik. Yeni qəsəbənin istifadəyə verilməsi, doğrudan da çox gözəl hadisədir. Bildiyiniz kimi, Azərbaycanda son illər ərzində onlarla yeni qəsəbə salınmışdır, on minlərlə köçkün yeni evlərə köçürülmüşdür. Bütün evlər də gözəldir. Bütün şəraiti, həyət sahəsi, bütün infrastruktur - işıq, su, qaz vardır, yaşamaq üçün hər şey yaradılıb. Əlbəttə, əvvəlki dövrdə sizin məişət şəraitiniz o qədər də lazımi səviyyədə deyildi. Ancaq indi Azərbaycan dövlətinin imkanları var və ən əsası bizim siyasətimiz bundan ibarətdir ki, çətin vəziyyətdə yaşayan soydaşlarımızı gözəl şəraiti olan evlərlə təmin edək.
Burada indi böyük qəsəbə salınıbdır, 552 ev tikilibdir. Görürəm, keyfiyyətlə tikilib, gözəl, geniş, rahat evlərdir. Bu münasibətlə sizi təbrik edirəm, burada rahat yaşayasınız.
Cənnət ƏLİYEV: Cənab Prezident, ulu öndərimizin gördüyü bütün işlərə görə Azərbaycan xalqı ona borcludur. Ən böyük həqiqət budur ki, Sizin kimi kadr yetişdirib, Azərbaycana bəxş edibdir. Ulu öndərimiz həmişə deyirdi ki, mən İlhama özüm qədər inanıram, o, mənim yarımçıq qalan işlərimi başa çatdıracaqdır. Siz 2003-cü ildən ölkəmizə rəhbərlik edirsiniz. Bu illər ərzində respublikamızda gedən tikinti, quruculuq, abadlıq işləri, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, sosial-iqtisadi sahələrdəki nailiyyətlər, siyasi sabitlik, sürətli inkişaf Azərbaycanı doğrudan da bütün dünyada inkişaf etmiş respublikalar sırasına çıxardı. Bu, Sizin əməyiniz nəticəsində oldu. Bu, Sizin rəhmətlik atanız kimi daim bölgələrdə olmağınız və insanlarla sıx əlaqə saxlamağınızın nəticəsində oldu. Bunun üçün mən bir azərbaycanlı kimi fəxr edirəm. Fəxr edirəm ki, Sizin kimi Prezidentimiz vardır.
Prezident İlham ƏLİYEV: Sağ olun, Siz tamamilə haqlısınız. Bu sahədəki işləri də vaxtilə ulu öndər başlamışdı. Çünki ölkəyə daxil olan ilk vəsait məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. O vaxt, 1999-cu ilin sonunda Neft Fondunun yaradılması və neftdən əldə edilən ilk gəlirlərin daxil olunmasından sonra birinci ödəmələr köçkünlər üçün yeni qəsəbələrin salınmasına sərf edilmişdir. Biz bu siyasəti davam etdiririk. Əlbəttə, indi dövlətimizin maliyyə imkanları da böyük dərəcədə artmışdır və biz çalışırıq və çalışmalıyıq ki, bütün köçkünlərin problemlərini həll edək və həll edirik də.
Cənnət ƏLİYEV: Ulu öndərimiz laçınlıların sevimlisi olub. Onun gözəl bir sözü vardır: "Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir". Doğrudan da bu gün onun övladı - Siz işinizin çoxluğuna baxmayaraq, vaxt tapıb biz laçınlılarla görüşə gəldiyinizə görə hədsiz dərəcədə sevinirik.
Doğrudan da əgər ulu öndər hakimiyyətə gəlməsəydi, biz köçkünlərə ögey münasibət davam edəcəkdi. Xilaskarımız hakimiyyətə gəldi, biz məcburi köçkünlərə də diqqət və qayğı artırıldı. Siz bayaq dediniz, Laçından olan məcburi köçkünlər burada, susuz səhrada, ilanmələyən düzlərdə, 86 obada, ictimai yerlərdə məskunlaşmışdılar. Dəhşətli günlər idi. Maşınla su çatdıra bilmirdilər, 30-40 kilometrdən su gətirilirdi. Allah o günləri bir də bizə göstərməsin.
Ulu öndər hakimiyyətə qayıtdı və həqiqətən də hər şeyi yoluna qoydu. Siz doğrudan da ulu öndərin siyasətini şərəflə davam etdirirsiniz. Sizin daxili və xarici siyasətinizi laçınlılar 100 faiz dəstəkləyirlər.
Prezident İlham ƏLİYEV: Sağ olun, doğrudan da elədir. Ulu öndərin Laçına, laçınlılara çox xüsusi münasibəti var idi. Mən də laçınlıları çox sevirəm və bu gün laçınlılarla birlikdəyəm. Bir şeyi qeyd etmək istəyirəm ki, əgər ulu öndər o vaxt, Azərbaycan üçün həlledici anlarda hakimiyyətdə olsaydı, Laçın heç vaxt işğal altına düşməzdi, heç vaxt. O vaxtkı iqtidarın və hakimiyyət uğrunda mübarizə aparan antimilli qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində Laçın işğal edildi və demək olar ki, torpaqlarımızın işğalı elə Laçının işğalından başladı. 1992-ci ilin mayında Laçının işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqənin yaranmasına səbəb oldu.
Cənnət ƏLİYEV: Ermənilər Laçını "Alaqapı" adlandırırdılar. O vaxtkı səriştəsiz rəhbərlərin xəyanətkarlığının nəticəsində 1992-ci ildə ermənilər Laçını işğal etdilər.
Prezident İlham ƏLİYEV: Ondan sonra laçınlılar gəldilər susuz səhraya, heç kim onlara baxmırdı, heç kim onların problemi ilə məşğul olmurdu. Qalmışdılar səhrada başlı-başına, susuz, şəraitsiz.
Siz o ağır günləri yaşamısınız, o faciəni görmüsünüz.
Cənnət ƏLİYEV: Cənab Prezident, o günlər getsin, gəlməsin. Məcburi köçkünlərə soyuq münasibətlə, problemlərimizlə əlaqədar mən dörd nəfərlə birlikdə komitə sədrinin qəbulunda oldum. Onlar hansı stulda oturduqlarını bilmirdilər. Həqiqətən, bilmirdilər. Səmimi qəlbdən deyirəm.
Möhtərəm cənab Prezident, ulu öndərimiz Laçın haqqında 1971-ci ildə dağ rayonlarının iqtisadiyyatını yüksəltmək üçün qərar qəbul etdi. 1974-cü ildə də Laçın şəhərinin yaradılmasının 50 illiyi ilə bağlı qərar qəbul etdi. Bu qərarların hesabına Laçın sürətlə inkişaf etdi. İstər iqtisadi cəhətdən, istər abadlıq-quruculuq sahəsində dağ rayonları sırasında Laçın birinci yerdə dururdu. O vaxt məni Sizin rəhmətlik atanız Laçının 50 illiyi ilə əlaqədar təltif etdi. Siz isə 2009-cu ildə mənə mübarək imzanızla "Tərəqqi" medalı verdiniz.
Prezident İlham ƏLİYEV: Bəli, görürəm.
Cənnət ƏLİYEV: Ailəmiz adından, bütün əzizlərim adından Sizin əllərinizi sıxaraq bağrıma basıram və Sizə minnətdarlığımı, təşəkkürümü bildirirəm.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
Cənnət ƏLİYEV: Sizin beynəlxalq aləmdə olan nüfuzunuz bizi sevindirir. Ali Baş Komandan kimi güclü ordu yaratmısınız. Bu ordu gələcəkdə düşməndən qisasımızı alacaqdır. Biz öz torpaqlarımıza qayıdacağıq, Sizin rəhbərliyiniz altında öz yurdumuzda belə gözəl evlər tikəcəyik. Həqiqətən də soydaşlarımızın müvəqqəti şəraitini yaxşılaşdırmaq üçün gözəl işlər görürsünüz.
Prezident İlham ƏLİYEV: Tamamilə haqlısınız. Bu, müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda hələ ki, işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq, sözlər deyil, sadəcə olaraq, bizim arzularımız deyil, bu, həqiqətdir.
İndi baxın, son iyirmi il ərzində Azərbaycan nə qədər böyük uğurlu yol keçmişdir. İndi Azərbaycan dünya səviyyəsində böyük hörmətə malik olan ölkə kimi tanınır. Beynəlxalq təşkilatlarda nüfuzumuz, ölkə daxilindəki təşəbbüslərimiz, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafı və güclü hərbi potensialın yaradılması deməyə əsas verir ki, biz bu işğala son qoyacağıq. Yəni bu, qaçılmaz bir həqiqətdir. Ermənistan və Ermənistanın indiki rəhbərliyi əminəm ki, bunu dərk edir. Bunun yeganə yolu vardır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar. Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilməlidir. Beynəlxalq hüquq normaları bunu tələb edir. Haqq-ədalət bunu tələb edir və Azərbaycan xalqı bunu tələb edir. Oraya qayıtmaq üçün indi biz diplomatik səylərimizi aparırıq. Əgər görsək ki, bu səylər nəticə vermir, onda istənilən anda biz hərbi yolla torpağımızı qaytarmalıyıq. Beynəlxalq hüquq normaları bizə bu haqqı tanıyır. Sadəcə, biz çalışırıq ki, bunu hələ ki, danışıqlar yolu ilə həll edək və eyni zamanda, daha da güclənək. Biz bu illər ərzində böyük dərəcədə güclənmişik. Biz güclü hərbi potensial yaratmışıq. Bundan sonra, növbəti illərdə Ermənistan ilə Azərbaycan arasındakı fərq ancaq böyüyəcəkdir. Bu fərq hər yerdə özünü göstərir - iqtisadiyyatda, ölkələrimizin siyasi çəkisində, beynəlxalq dəstəkdə, hərbi potensialda və eyni zamanda, demoqrafik göstəricilərdə. Bu da həqiqətdir. Gələcəyi böyük dərəcədə, əlbəttə ki, elmi-texniki tərəqqi və inkişaf, eyni zamanda, demoqrafiya müəyyən edəcəkdir. Bizim əhalimiz artır, Ermənistan əhalisi azalır. Azərbaycanda 9 milyon 300 min əhali var, Ermənistanda 1 milyon 8 yüz min. Bu ilin ilk yarısında onların rəsmi statistikasına görə - bu statistika həmişə saxtakarlıq üzərində qurulub, - 60 min vətəndaş bu ölkəni tərk edib. İl ərzində bu 100 mindən artıq olacaqdır. Beş-on ildən sonra orada 1 milyondan az adam qalacaqdır. Biz işləməliyik, işləyirik, öz işimizi görürük, güclənirik, daha da çox tərəfdaş əldə edirik.
İndi bizim dünyadakı tərəfdaşlarımızın sayı artır. Ölkələr bizimlə dost olmaq istəyir. 155 ölkə Azərbaycanı dəstəkləyib. Dünyada 200-dən bir qədər az ölkə var. Onun 155-i Azərbaycana səs verib. İndi heç başqa ölkələr haqqında danışmaq istəməzdim. Ancaq bu, hər bir ölkənin işi deyil ki, 155 ölkə səs versin. Dünyada dünya problemlərini həll edən ölkələr var. Onlar 155 ölkənin dəstəyini ala bilərmi?! Heç vaxt! Azərbaycan gənc ölkədir, müstəqil ölkədir, cəmi 20 ildir dünya siyasi xəritəsində yerimiz var.
155 ölkə bizi dəstəkləyir və bu dəstək getdikcə daha da artacaqdır. Çünki növbəti iki il ərzində Təhlükəsizlik Şurasında bizə səs verən bütün ölkələr görəcəklər ki, onlar səhv etməmişlər. Çünki biz onların maraqlarını müdafiə edəcəyik, ədaləti müdafiə edəcəyik, qanunu müdafiə edəcəyik.
Bizim əsas problemimiz nədədir? Çünki
qanunlar vardır. Beynəlxalq təşkilatlar
qətnamələr qəbul edir, amma onlar icrasız qalır.
Bunun icrasını tələb edə biləcək
ölkələr də susur. Mən də,
ictimaiyyət də dəfələrlə bu barədə
fikrimizi bildirmişik. Budur bizim problemimiz.
Biz buna necə münasibət göstərə
bilərik? Ancaq ölkəmizi gücləndirməklə.
Ancaq! Başqa yol yoxdur.
Biz, əlbəttə, indi danışıqları davam
etdiririk və bir müddət davam etdirəcəyik. Ancaq biz
siyasi-iqtisadi, hərbi gücümüzü, bölgədəki
təsir imkanlarımızı, dünyadakı mövqelərimizi
bilirik. Budur Qarabağ məsələsinin
həllinə aparan yollar. Biz bu yollardan
istifadə edəcəyik, edirik. Bizə əlavə
güc verən xalqın bu siyasətimizə göstərdiyi
dəstəkdir. Bu dəstəyi mən
sizdən alıram, görürəm. Bu, məni
daha da ruhlandırır və bütün məsələlərdə
ölkəmizin maraqlarını müdafiə etmək
üçün daha da gözəl imkanlar yaradır.
Cənnət
ƏLİYEV: Gördüyünüz tədbirlər nəticəsində
respublikamızda olan səhlənkar müxalifət buz kimi əriyib
qurtaracaqdır. Respublikada sağlam müxalifət
yaranacaqdır. Ali Baş Komandan kimi
yaratdığınız güclü ordunun səyi nəticəsində
sərhədlərimizin bərpası təmin ediləcəkdir.
Biz buna inanırıq. Biz
öz torpaqlarımıza qayıdacağıq.
Mən evimin əziz qonağı olan Mehriban
xanımın gördüyü işlər haqqında
danışmağa ehtiyac duymuram. Ona görə duymuram
ki, onu yaradan Allah Peyğəmbərə verilən qabiliyyətdən
ona da vermişdir. Mən arzu edirəm ki, gələcəkdə
o, Azərbaycanın kadrı kimi Nobel mükafatına layiq
görülsün.
Prezident
İlham ƏLİYEV: Mehribanın onsuz da mükafatları
çoxdur.
Mehriban
ƏLİYEVA: Çox sağ olun.
Cənnət
ƏLİYEV: Demək istəyirəm ki, mən Mehriban
xanım xarici ölkələrdə danışanda onun dəyərli
sözlərindən doymuram.
Mən 1969-cu ildən ulu öndəri tanıyıram. O vaxt da respublikada anarxiya
idi, xaos idi, qruplaşmalar var idi. Bundan istifadə
edən Moskvadakı ermənipərəst qüvvələr
Azərbaycanı vilayətə çevirmək istəyirdilər.
Deyirdilər ki, Azərbaycan Respublikası
dotasiya alır, heç bir şeyi yoxdur. Ulu
öndərimizin hakimiyyətə gəlməyi heç vaxt
yadımdan çıxmaz. Avqust plenumundan
sonra qruplaşmalar dağıldı, Azərbaycanda sağlam,
işgüzar əhval-ruhiyyə yarandı. Azərbaycan 14 dəfə SSRİ kimi hökumətin
keçici qırmızı bayrağını aldı.
Siz onun övladısınız. Qədirbilən Azərbaycan Sizin daxili və xarici
siyasətinizi dəstəkləyir.
Prezident
İlham ƏLİYEV: Sağ olun, çox sağ olun.
Cənnət
ƏLİYEV: 50 yaşınızı gəlib bizimlə
keçirməyinizi heç nə ilə əvəz etmək
olmaz. Bunun qiyməti yoxdur. Gün
o gün olsun ki, 100 yaşınızı da qeyd edəsiniz.
Prezident
İlham ƏLİYEV: Sizinlə bərabər. Qarabağda.
Cənnət
ƏLİYEV: Siz ki, məcburi köçkünlərin şəraitini
yaxşılaşdırmağa bu qədər əmək sərf
edirsiniz, onların qədrini bilirsiniz, Allah da Sizin qədrinizi
bilsin, Tanrı Sizi qorusun. Sizə uzun
ömür, cansağlığı, ailə səadəti
arzu edirəm.
Prezident
İlham ƏLİYEV: Mən, adətən, öz ad günlərimi
qeyd etmirəm.
Cənnət
ƏLİYEV: Biz köçkünlərin yanına gəlmisiniz,
bunun əvəzi yoxdur.
Prezident
İlham ƏLİYEV: Sizinlə birlikdə Qarabağ
torpağında bu günü qeyd edək.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
* * *
Sonra Prezident İlham Əliyev və Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva laçınlı məcburi
köçkünlərin istehsal etdikləri məhsullara
baxdılar, sacda yuxa çörəyinin bişirilməsi və
nehrə yağının hazırlanması prosesini izlədilər. Azərbaycan
Prezidentinə və xanımına arıçılıq ləvazimatları
və arı məhsulları nümunələri, o cümlədən
təbii yolla alınan səbət arısı barədə məlumat
verildi.
Dövlətimizin başçısı qəsəbənin
sakinləri ilə görüşdü.
Prezident
İlham ƏLİYEV mərasim
iştirakçılarını salamlayaraq dedi:
-
Sabahınız xeyir olsun. Hamınızı
ürəkdən salamlayıram.
Bu gözəl qəsəbənin
açılışı münasibətilə sizi təbrik
edirəm.
Gözəl qəsəbədir, 552 ev
tikilibdir, rahat, gözəl evlərdir, məktəbi
vardır. Bütün infrastruktur
yaradılıbdır - su, işıq, qaz. Yəni, bir sözlə, bu qəsəbənin
yaradılması çox gözəl hadisədir. Birinci dəfə deyildir ki, biz məcburi
köçkünlərlə yeni qəsəbələrin
açılışlarında görüşürük.
Belə görüşlər hər il
baş verir, ildə bir neçə gözəl qəsəbə
salınır. Bütövlükdə son illər
ərzində 70 gözəl qəsəbə
yaradılmışdır. Bildiyiniz kimi,
vaxtilə çadır şəhərcikləri var idi.
Onların hamısı 2007-ci ilin sonunda ləğv
edildi. Onların yerində gözəl qəsəbələr
yaradılmışdır. Bu qəsəbələrdə
100 mindən artıq məcburi köçkün məskunlaşmışdır.
Bu gözəl təşəbbüs vaxtilə ulu
öndər Heydər Əliyev tərəfindən irəli
sürülmüşdür. 1990-cı illərin
sonlarında Azərbaycanda yaradılmış Dövlət
Neft Fondunun ilk ödəmələri məhz məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılmasına xərclənmişdir.
Bu siyasət bu gün də davam etdirilir. Bu gün Azərbaycan dövlətinin maddi
imkanları daha da genişdir. Bizim böyük
imkanlarımız vardır ki, bu proses daha da sürətlə
getsin.
Son illər ərzində onlarla yeni qəsəbələr
salınmış, minlərlə insan yeni gözəl evlərə
köçürülmüşdür. Ağcabədi
rayonunda hazırda tikilməkdə olan 556 mənzildən ibarət
qəsəbə mövcuddur. O qəsəbənin
tikintisi ilə bu gün tanış
olmuşam. Yəqin ki, gələn ilin əvvəlində
məcburi köçkünlər o qəsəbəyə də
köçürüləcəklər. Mənə
verilən statistik məlumatlara görə, məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün
bütövlükdə 4 milyard dollardan çox vəsait xərclənmişdir.
Onun 3,7 milyardı Azərbaycan dövləti
tərəfindən xərclənmişdir. Həm
Dövlət Neft Fondu və həm də Azərbaycan büdcəsi
tərəfindən bu məsələlər həllini
tapmışdır. Növbəti illərdə,
xüsusilə gələn ildən başlayaraq daha da
böyük məbləğdə vəsait nəzərdə
tutulacaqdır ki, hazırda çətin vəziyyətdə
yaşayan köçkünlərin problemlərini də
tezliklə həll edək. Təbii ki, biz
ilk növbədə, ən ağır vəziyyətdə
yaşayanların problemlərini həll etmişik -
çadır şəhərcikləri artıq ləğv
edilib. İndiki mərhələdə biz fin qəsəbələrində,
məktəblərdə, yataqxanalarda, hərbi hissələrin
ərazilərində məskunlaşmış
köçkünlərin problemlərini həll edirik. Siz də
bu vaxta qədər fin qəsəbələrində çox
ağır, çətin vəziyyətdə
yaşamısınız. İndi isə bu qəsəbə
salınıb. Burada yaşamaq
üçün bütün imkanlar vardır. Ancaq bu da müvəqqəti yaşayış məntəqəsidir.
Bizim torpaqlarımız
işğalçılardan azad ediləndən sonra,
hazırda işğal altında olan bütün torpaqlarda, o
cümlədən Laçında bundan da gözəl qəsəbələr,
kəndlər salınacaqdır. Biz bunu edəcəyik.
Əminəm ki, bunu etmək üçün
imkanımız, gücümüz olacaqdır. İlk növbədə, biz hazırda işğal
altında olan torpaqlara vətəndaşlarımızı
qaytarmalıyıq. Bunu etmək
üçün bilirsiniz ki, danışıqlar
aparılır, səylər göstərilir. Azərbaycan dövləti qarşısında bu məsələdən
daha vacib məsələ yoxdur. Çünki
bütün başqa sahələrdə ölkəmiz
uğurla inkişaf edir. İyirmi illik müstəqillik
dövründə Azərbaycanın əldə etdiyi
uğurları heç kim təkrarlaya bilməz.
Azərbaycanda son illər ərzində
yaşanan iqtisadi inkişaf dünya miqyasında nadir xarakter
daşıyır.
Nə vaxta qədər ki, danışıqlar prosesindəyik,
Qarabağ məsələsində hər şey təkcə
bizdən asılı deyildir. Çünki
danışıqların iki tərəfi vardır - bir tərəf
Azərbaycan, digər tərəf Ermənistan. Danışıqları aparmaq üçün beynəlxalq
format fəaliyyət göstərir. Minsk
qrupu 20 ilə yaxındır ki, fəaliyyət göstərir.
Amma heç bir nəticə yoxdur. Baxmayaraq ki, bütün beynəlxalq təşkilatların
qərarları, qətnamələri Azərbaycanın
haqlı mövqeyini müdafiə edir, məsələ öz
həllini tapmır. Çünki dünyadakı
erməni lobbisi, ermənilərin havadarları, onlara dəstək
verənlər buna imkan vermirlər. Biz
görürük ki, erməni lobbisi bəzi böyük
ölkələrin siyasətinə də öz təsirini
göstərir. O ölkələrin öz maraqlarına
zidd olan qərarların çıxarılmasına nail olur. Bu, həqiqətdir. Bizə
qarşı təkcə Ermənistan mübarizə
aparmır. Ermənistan bizim
qabağımızda böyük qüvvə deyildir. Bizə qarşı dünya erməniliyi və
onların çirkli pulları ilə idarə edilən riyakar
siyasətçilər mübarizə aparırlar. Hər gün Azərbaycana qarşı mübarizə
aparırlar. Məhz buna görədir ki, təxminən
20 il ərzində Minsk qrupu fəaliyyət
göstərir, amma heç bir nəticə yoxdur. Nəticəni əldə etmək üçün
çox böyük addımlara ehtiyac yoxdur. Sadəcə olaraq, beynəlxalq təşkilatların,
BMT-nin, onun Təhlükəsizlik Şurasının qətnamələri
icra edilməlidir. Beynəlxalq ictimaiyyət
tələb etməlidir ki, işğalçı qüvvələr
işğal edilmiş torpaqlardan çəkilsin və imkan
versin Azərbaycan vətəndaşları o torpaqlara
qayıtsınlar. Çünki
bütün dünya birliyi Azərbaycanın ərazi
bütövlüyünü tanıyır. Dağlıq Qarabağ nəinki Azərbaycanın
tarixi torpağıdır, - bunu biz hamımız yaxşı
bilirik, - beynəlxalq hüquq normaları da Dağlıq
Qarabağı Azərbaycan torpağı kimi tanıyır.
Bəs nə üçün bu qətnamələr
icrasız qalır?! Yenə də deyirəm,
dünya erməniliyinin və onların arxasında dayanan
antiazərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində
bu məsələ bax belə dondurulmuş vəziyyətdədir.
Ancaq bununla bərabər, mən bunu bir neçə dəfə
demişəm, bu münaqişə dondurulmuş
münaqişə deyildir və heç vaxt ola
bilməz. Nə qədər ki,
torpaqlarımız işğal altındadır, biz
çalışacağıq və
çalışırıq ki, bu məsələni tezliklə
öz xeyrimizə ədalətli şəkildə həll edək.
Bu məsələnin ədalətli həlli
yalnız Azərbaycanın ərazi
bütövlüyünün bərpasından keçir.
Bizim ərazi bütövlüyümüz bərpa
edilməlidir və bərpa ediləcəkdir. İşğal edilmiş bütün torpaqlarda Azərbaycanın
suverenliyi təmin edilməlidir və ediləcəkdir. Mən buna şübhə etmirəm. Sadəcə
olaraq, biz hamımız istəyirik ki, bu, daha da tezliklə
öz həllini tapsın, köçkünlərimiz
tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər. Mən şəxsən tam əminəm ki, biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
Bunu deməyə əsas verən bir neçə
amil vardır. Bu barədə mən dəfələrlə
fikirlərimi bildirmişəm. Həm bizim artan siyasi
çəkimiz, həm iqtisadi gücümüz, ən önəmlisi
ondan ibarətdir ki, indi lazımi səviyyədə hərbi gücümüz , - bunu daha da
artıracağıq, - artan əhalimiz vardır. Yəni bütün bu regional geosiyasi məsələləri
həll edən amillər bizim mövqeyimizi dəstəkləyir.
İllər keçdikcə biz daha da güclənəcəyik,
Ermənistan daha da zəifləyəcəkdir. Nə qədər ki, torpaqlarımız işğal
altındadır, Ermənistana qarşı bütün cəbhələrdə
mübarizə aparılır və aparılacaqdır.
Əziz dostlar, siz Laçın rayonunun sakinlərisiniz. Laçın
Azərbaycanın gözəl guşələrindən
biridir. Laçınlılar bütün
dövrlərdə Azərbaycana, azərbaycançılıq
fəlsəfəsinə sadiq olmuşlar. Bu
gün də bu, belədir. Laçının
işğal altına düşməsi təkcə
laçınlıların deyil, bizim hamımızın
böyük faciəsidir. Çünki
Laçının gözəl abidələri indi
dağıdılıbdır. Bizim dini abidələrimiz
dağıdılıbdır. Muzey
eksponatlarımız talan edilibdir, evlər
dağıdılıbdır. Laçınlıların
evlərində indi düşmənlər yaşayır.
Bu da bir dərddir. Evin
sökülməsi dərddir, amma evdə düşmənin
yaşaması ondan da böyük dərddir. Çünki bilirsiniz ki, Laçın rayonunun mərkəzində
sizin evlərinizdə indi düşmənlər
yaşayır. Yəni bu vəziyyətlə
barışmaq mümkün deyil və biz bu vəziyyətlə
barışmayacağıq.
Laçının işğal altına düşməsi,
eyni zamanda başqa rayonların işğal altına
düşməsinə gətirib çıxarıb. Çünki 1992-ci ilin
mayında əvvəl Şuşa, ondan bir
neçə gün sonra Laçın işğal altına
düşmüşdür. Ondan sonra 1993-cü
ilin aprel ayında Kəlbəcər işğal altına
düşmüşdür. Beləliklə,
Ermənistan ilə Dağlıq Qarabağ arasında
coğrafi bağlantı yaradılmışdır. Heç vaxt bu bağlantı yox idi. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində
yerləşən bir tarixi, əzəli Azərbaycan
torpağıdır. Onun ətrafında
yerləşən torpaqlar, o cümlədən Laçın
Azərbaycan torpağıdır. Onun indiki
Ermənistana aid olan ərazilərində də, İrəvan
xanlığında da azərbaycanlılar
yaşamışlar. İndiki Ermənistan
Azərbaycan torpağıdır. Biz bunu
bilirik. Tarixi sənədlər də bunu
göstərir. Beləliklə,
Laçının işğal altına düşməsi digər
rayonların da işğal altına düşməsinə gətirib
çıxarmışdır. Mən tam əminəm
ki, - bu gün hörmətli ağsaqqalla söhbət əsnasında
bir daha bu barədə öz fikirlərimizi bildirdik, - əgər
o vaxt ulu öndər Heydər Əliyev hakimiyyətdə
olsaydı, heç vaxt bir qarış torpaq düşmənin
işğalına məruz qalmazdı.
Düşmənlərimiz də bunu bilirdilər və
ona görə Heydər Əliyev hələ Bakıdan Moskvaya
işləməyə gedəndə ona qarşı kampaniya
başlamışdı. Ləkələmə, qaralama, qarayaxma
kampaniyasına başlamışdılar - həm ermənilər,
erməni millətçiləri, həm də burada, Azərbaycanda
yaşayan antimilli qüvvələr. Heydər
Əliyev Siyasi Bürodan istefa verəndən bir neçə
gün sonra ermənilər Qarabağ məsələsini
qaldırmışlar və ondan sonra müharibə
başlamışdır. Əfsuslar olsun
ki, o vaxt Azərbaycanın başında dayanan insanlar
xalqın etimadını nəinki doğrulda bilməmişlər,
cinayət törətmişlər. İndi
biz bu vəziyyətlə üzləşmişik.
Mən bir daha demək istəyirəm ki, bu məsələ
həll olunmayana qədər Azərbaycan xalqı rahat
yaşaya bilməz və biz sakitləşməyəcəyik. Biz bu məsələni
öz xeyrimizə, ədalətli şəkildə həll etməliyik.
Azərbaycan çoxmillətli dövlətdir.
Heç vaxt Azərbaycanda milli, dini zəmində
heç bir qarşıdurma olmamışdır. Dağlıq Qarabağda ermənilər də suveren
Azərbaycan dövlətinin tərkibində yaşaya bilərlər
və yaşamalıdırlar. Hazırda Azərbaycanda
ermənilər yaşayırlar. Heç kim
onlara bir söz demir, onlar bizim vətəndaşlarımızdır.
Yəni Azərbaycan tolerant, dözümlü
ölkədir. Azərbaycan xalqı tolerant
xalqdır.
Dağlıq Qarabağ məsələsi yalnız bu
prinsiplər əsasında öz həllini tapmalıdır. Bizim ərazi
bütövlüyümüz bərpa edilməlidir. Bütün köçkünlər öz ata-baba
torpağına qayıtmalıdırlar, o cümlədən Dağlıq
Qarabağa. Ondan sonra Dağlıq
Qarabağın erməni və azərbaycanlı icmaları
bir yerdə yaşayacaqlar. Azərbaycanlılar
Şuşaya qayıtmalıdırlar, orada
yaşamalıdırlar və yaşayacaqlar. Biz istəyirik ki, bunu sülh yolu ilə edək.
Əgər bu imkan mümkün olmasa, onda istənilən,
lazım olan anda Azərbaycan Ordusu öz sözünü deyəcəkdir.
Əziz dostlar, mən bu gün bir daha sizi salamlayıram. Bir daha demək
istəyirəm ki, bu, sadəcə olaraq, müvəqqəti
yaşayış yeridir. Ancaq biz istəyirik
ki, müvəqqəti də olsa, şərait yaxşı olsun.
Hesab edirəm ki, burada yaxşı şərait
yaradılmışdır. Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin fəaliyyətini
yüksək qiymətləndirirəm. Bütün
bu işləri çox böyük peşəkarlıqla,
böyük məhəbbətlə görürlər. Biz daim əlaqə saxlayırıq, bütün bu
layihələr məruzə edilir. Komitə
tərəfindən irəli sürülən bütün təşəbbüslər
mənim tərəfimdən dəstəklənir. Gələn
il bu məqsədlər üçün -
yeni qəsəbələrin salınması üçün
daha da çox vəsait ayrılacaqdır. Azərbaycan
Dövlət Neft Fondu da bu sahədə böyük işlər
görür. Bu, bir daha onu göstərir
ki, xalqın sərvəti olan neft və ondan əldə olunan
gəlir insanların sərəncamındadır. Azərbaycanda bu gəlirlər ədalətli şəkildə
bölünür. Neft Fondu artıq
dünya miqyasında çox böyük nüfuza malik olan təşkilatdır.
Neft Fondunun gəlirləri artır. Belə olan halda, əlbəttə ki, yeni qəsəbələrin
tikilməsinə daha da böyük məbləğdə vəsait
ayrılacaqdır.
Bir daha sizi salamlayıram, sizə
cansağlığı və uğurlar arzulayıram.
Məcburi
köçkünlər adından çıxış edən
Əmirxan ZEYNALOV dövlət başçısına minnətdarlıq
edərək dedi:
- Möhtərəm
cənab Prezident!
İcazə verin, bütün laçınlılar
adından sizi salamlayım. Bizə bəxş
etdiyiniz bu gözəl, yaraşıqlı, hər cəhətdən
rahat qəsəbəmizə xoş gəlmisiniz, deyim.
Cənab
Prezident, Siz söylədiyiniz kimi, Laçının
işğalı doğrudan da hamımız üçün
ağır idi. O vaxtlar biz ağır şəraitdə
yaşadıq. Ancaq inanın, bir dəqiqə də
olsun Laçına qayıtmaq fikrindən dönmədik. Ulu öndər Heydər
Əliyev o vaxt rəhbərimiz olsaydı, bizim bir qarış
torpağımız da getməyəcəkdi. Heydər Əliyev Dağlıq Qarabağın bir
qarış torpağını da verməzdi.
Möhtərəm
cənab Prezident, biz Sizin bütün
işlərinizi diqqətlə izləyirik və
alqışlayırıq. Dağlıq
Qarabağ məsələsi, sözsüz ki, ağır,
problemli məsələdir. Siz çox
gözəl dediniz ki, bu problemin həlli təkcə Azərbaycan
xalqının əlində deyil. Əgər
bütün dünya dövlətləri bu məsələdə
bizim haqq işimizi dəstəkləsə, bu problem, əlbəttə
ki, həll olunacaqdır.
Ancaq Siz ardıcıl olaraq, dönmədən, inamla elə
siyasət aparırsınız ki, bütün dünya
xalqları artıq Azərbaycanın haqlı olduğunu qəbul
edir. Xalqımızın rifahının
yaxşılaşdırılması yolunda fəaliyyətinizi
dəstəkləyirik. Biz həmişə
Sizinləyik.
Hörmətli
Prezident, həqiqətən, Sizin apardığınız
siyasət, tutduğunuz strateji
mövqe nəticəsində dünya artıq, demək olar
ki, bizə olan münasibətini dəyişib.
Məsələn, iki gün bundan əvvəl Meksikada
Xocalı faciəsinin gündəmə gətirilməsi və
bu faciəni törədən ermənilərin pislənməsi,
Sizin apardığınız daxili və xarici siyasətin əməli
nəticəsidir.
Siz bu məsələni sülh yolu ilə çözmək
istəyirsiniz.
Bəli, əlbəttə ki, sülh yolu
lazımdır. Mən də bir ağsaqqal
kimi, bir ziyalı kimi, Sizin bu təklifinizi, yəni Sizin
apardığınız bu yolu dəstəkləyirəm.
Çünki əgər
torpağımız sülh yolu ilə qayıdarsa, qan
tökülməz, şəhid verilməz. Analar
ağlamaz. Bax, buna görə biz sizi dəstəkləyirik.
Cənab
Prezident, Siz halal, haqq yolu ilə gedən bir insansınız.
Apardığınız daxili və xarici siyasət bir
daha sübut edir ki, biz o torpaqlarımıza
qayıdacağıq. Əgər ermənilər Sizin insanpərvərliyinizlə,
apardığınız siyasətlə barışmasalar, qoy
özlərindən küssünlər. Biz
Sizi gözləyirik, bütün laçınlılar,
bütün Azərbaycan xalqı Sizin əmrinizi gözləyir.
Əgər torpaqlarımız sülh yolu ilə
azad edilməsə, Siz qərar versəniz ki, bu torpaqları hərb
yolu ilə azad etməliyik, bütün Azərbaycan xalqı
kimi laçınlılar da, cavanları da,
yaşlıları da Sizi dəstəkləyəcəkdir.
Mən də bir ziyalı kimi öz
övladlarımla ön cərgədə olacağam.
Cənab
Prezident, bu müharibə mənim də ailəmdən yan keçməmişdir.
İyirmi nəfərə qədər ən
yaxın qohumlarım şəhid olmuşdur. Dərs dediyim şagirdlərdən on nəfəri
torpaqlarımız uğrunda qəhrəmancasına mübarizə
aparıb şəhid olmuşdur. Bir şagirdim, Oqtay
Güləliyev ən yüksək ada, Milli Qəhrəman adına layiq görülmüşdür. Bəli, xalqımız vüqarlıdır. Xalqımız öz torpağını istəyəndir.
Ancaq düşmənin arxası güclü
olduğuna görə biz o torpaqdan uzaqlaşdıq. Birmənalı demək
olar ki, Siz və hörmətli xanımınız
köçkünləri heç vaxt yaddan
çıxarmırsınız. Bizə diqqət
və qayğı göstərirsiniz. Yəni biz bir
növ Vətəndən uzaq olan, necə deyərlər,
küskün, bir az məyus insanlarıq. Amma Sizi bu gün görəndə biz bütün dərdlərimizi
unuduruq və fəxr edirik. Siz bizə diqqət
və qayğı göstərirsiniz. Məsələn,
dünən verdiyiniz Fərman istər-istəməz hər bir
laçınlını, hər bir Qarabağ müharibəsi
veteranını sevindirir. Ona görə
ki, həmin fərmanla müavinətləri
artırmısınız.
Cənab
Prezident, Sizin "Axı biz nə istəyirik?" sözləriniz
heç vaxt laçınlıların yadından
çıxmır. Bəli, biz nə istəyirik?
Biz doğma ata-baba yurdumuzu istəyirik. Biz ora qayıtmaq istəyirik. Orada
yaşamaq istəyirik. Bundan gözəl, bundan ülvi nə
hiss ola bilər? Ona görə
də Sizin apardığınız siyasəti biz dəstəkləyirik,
Sizə inanırıq. İnanırıq
ki, o torpaqları şəxsən Siz, İlham Heydər
oğlu Əliyev qaytaracaqdır. Siz
Laçını da, Şuşanı da, Dağlıq
Qarabağı da azad edəcəksiniz. Bizimlə
o torpaqda yaşayacaqsınız. O üçrəngli
müqəddəs bayrağımızı Siz o
dağların uca zirvəsinə taxacaqsınız.
Cənab
Prezident, Siz bu gün bizi çox sevindirirsiniz. Bizə
ürək-dirək verirsiniz. Biz bilirik ki,
Sizin bu gün əziz gününüz, ad
gününüzdür. Əlli
yaşınız tamam olur. Həmin
günü Siz ailənizlə, övladlarınızla, gözəl
nəvələrinizlə bir yerdə keçirə bilərdiniz.
Amma görün Siz nə qədər həssas,
nə qədər qədirbilənsiniz ki, köçkünlərin
vəziyyətini nəzərə alırsınız,
onların qəlbini sevindirirsiniz, onlara fərəh, sevinc bəxş
edirsiniz. Biz laçınlılar heç
vaxt bugünkü günü unutmayacağıq. Sizə dərin minnətdarlığımızı
bildiririk. Çox sağ olun.
Əziz Prezidentimiz, Siz xoşbəxtsiniz, Heydər
Əliyevin varisisiniz, Azərbaycan xalqının qürurlu
Prezidentisiniz.
Siz xoşbəxtsiniz, gözəl ailəniz var,
gözəl övladlarınız, nəvələriniz var.
Bütün bunlar hamısı Allahın verdiyi bir hədiyyədir.
Mən Mehriban xanım Əliyevanın gördüyü
işlərə, az da olsa, bir diqqət
yetirmək istəyirəm. Mehriban xanım
Əliyevaya, Azərbaycanın birinci xanımına
gördüyü bütün işlərə, elmin, təhsilin,
mədəniyyətin inkişafına verdiyi töhfələrə,
ən gözəl ana olduğu üçün bütün
Azərbaycan övladlarını doğma balası kimi sevdiyinə,
onlara qayğı göstərdiyinə görə təşəkkür
edirəm.
Mehriban xanım Əliyeva Sizinlə çiyin-çiyinə
fəaliyyət göstərir. Hara gedirsə, orada azərbaycançılıq,
Dağlıq Qarabağ məsələsi, o məsələnin
həlli yolları uğrunda gözəl addımlar atır.
Məsələn, Mehriban xanım Əliyevanın dinlərarası
toplantıda və yaxud da İtaliyadakı
çıxışı, orada bir kilsənin təmirinə
100 min avronun ayrılması, dinlərarası, Siz dediyiniz kimi,
tolerantlığın ən yüksək zirvəsidir. Yəni Allah birdir. Ocaqlar müqəddəsdir.
Qoy dindən pis
niyyətlərlə istifadə etməsinlər, xalqlar azad və
xoşbəxt yaşasınlar.
Əziz Prezidentimiz, biz Sizinlə fəxr edirik. Sizə uzun
ömür, cansağlığı arzulayırıq.
Allah-təala Sizə xalqımızın arzusu ilə 100 il ömür versin, yaşayın, yaradın.
Çox sağ olun. Sizə
təşəkkür edirəm.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Xoş
sözlərinizə görə minnətdaram. Mən demək istəyirəm ki, adətən,
öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara
gəldim ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən
öz ailəmlə birlikdəyəm, mənim ailəm
sizsiniz.
Eyni zamanda, mən çox şadam ki, bu günü
hamımız üçün müqəddəs olan
Qarabağ torpağında qeyd edirəm.
Bir daha sizə dərin minnətdarlığımı
bildirmək istəyirəm. Cansağlığı,
xoşbəxtlik arzulamaq istəyirəm. Bir daha əminliyimi
bildirirəm ki, biz öz doğma torpaqlarımıza
qayıdacağıq.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra
dövlət başçısı və xanımı 360
yerlik məktəb binasında yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, məktəbin
həyətində abadlıq və yaşıllaşdırma
işləri aparılmış, futbol meydançası inşa
olunmuşdur. İdman zalında basketbol,
güləş və voleybol kimi idman növlərinə aid
avadanlıq quraşdırılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva zalda idmançıların nümunəvi
çıxışlarını izlədilər.
İdmançılar dövlət
başçısı və xanımı ilə xatirə
şəkli çəkdirdilər.
Kompyuter otağı, laboratoriyalar ən müasir tədris
avadanlığı ilə təchiz edilmişdir.
Prezident İlham Əliyev Laçından olan məşhur şəxsiyyətlər haqqında məlumatların əks olunduğu stendə də baxdı. Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov Laçında doğulub boya-başa çatmışdır.
Məktəbdə sinif otaqları ilə yanaşı, fizika və biologiya kabinetləri yerləşir. Kitabxananın zəngin fondu vardır. Məktəbdə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilimizə olan diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Burada Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən guşə də vardır.
Bildirildi ki, qəsəbənin ərazisində inşa olunan 50 çarpayılıq uşaq bağçası isə balacaların daha çox sevincinə səbəb olacaqdır. Geniş və işıqlı otaqlar, müxtəlif oyun zalları, məktəbəqədər hazırlıq guşəsi balacaların ixtiyarına veriləcəkdir.
Sakinlərin ərazi idarəetmə təşkilatlarına və digər sosial obyektlərə müraciətini asanlaşdırmaq üçün qəsəbənin mərkəzində ayrıca inzibati bina da inşa olunmuşdur. Qəsəbə ərazisində zəruri avadanlıqla təchiz olunan ambulatoriya inşa edilmişdir. Ərazidə müxtəlif yığıncaq və tədbirlərin keçirilməsi üçün klub-icma mərkəzi də yaradılmışdır.
Dövlət başçısı yeni qəsəbədə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2011.-25 dekabr.-S.2-3.