Prezident İlham
Əliyev Qaradağ rayonunda
«AAC» müasir
tikinti
materialları zavodunun
açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Qaradağ rayonunda "AAC" müasir tikinti materialları zavodunun açılışında iştirak etmişdir.
Məlumat verildi ki, tikintisinə 2008-ci ilin mayında başlanılan və müasir standartlara cavab verən zavodun ümumi sahəsi 10 hektardır.
Burada məsaməli beton, yandırılmış və sönmüş əhəng istehsalı və kvars qumunun yuyulması sahələri yerləşir.
Qeyd edildi ki, zavodun ərazisində xammal və hazır məhsul anbarları, inzibati bina, dəmir yolu xətti, nəqliyyat vasitələrinin saxlanılma və texniki xidmət sahəsi və digər təsərrüfat obyektləri yerləşir. İstehsal olunan məhsulların yüksək standartlara cavab verməsini təmin etmək üçün zavodda ən son mikrobioloji, fiziki-kimyəvi avadanlıqla təchiz olunan laboratoriya da fəaliyyət göstərir.
Bildirildi ki, zavodun elektrik təchizatı üçün müstəqil yarımstansiya quraşdırılmışdır. Bu isə yüksək keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminata şərait yaradır. Zavodun ərazisində yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Azərbaycan Prezidentinə məlumat verildi ki, zavodun tikintisində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı 10 milyon manat güzəştli kreditdən istifadə olunmuşdur.
Qeyd edildi ki, "Qobustan" brendi ilə beynəlxalq standartlara uyğun yandırılmış və sönmüş əhəng məhsulları və məsaməli beton blokları zavodun ayrı-ayrı istehsal sahələrində hazırlanır. Yüksək texnologiyalı bu müəssisə Qafqaz regionunda yalnız Azərbaycanda fəaliyyət göstərir.
Dövlət başçısı yandırılmış və sönmüş əhəng istehsalı sahəsini işə saldı.
Məlumat verildi ki, xammal əhəng anbarından istehsal sahəsinə yönəldilməmişdən əvvəl yuyulma prosesindən keçir, sonra qapalı şəkildə emal olunaraq ekoloji cəhətdən təmiz məhsul əldə olunur. İstehsal prosesi beynəlxalq standartlara uyğun, ekoloji cəhətdən təmiz və ətraf mühitə ziyansız şəkildə həyata keçirilir. Bu istehsal sahəsində 100 ton yandırılmış və 120 ton sönmüş əhəng istehsal edilir.
Hazır məhsulların nümunələrinə baxan dövlət başçısına məlumat verildi ki, yandırılmış və sönmüş əhəngdən tikinti, metallurgiya, mədən və qida sənayesində geniş istifadə olunur. Zavodda emal və istehsal prosesində istifadə olunan texnika və avtomobillər də dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Burada da keyfiyyət və ekoloji təmizlik əsas götürülmüşdür.
Sonra Prezident İlham Əliyev məsaməli beton istehsalı sahəsinin fəaliyyəti ilə tanış oldu.
Zavodun maketinə baxan Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, istehsal prosesində yerli xammal olan kvars qumu və əhəng daşından istifadə edilir. Xammal yerli Umbakı kvars qumu yatağından birbaşa zavoda gətirilir. Əhəng daşı isə Qazax rayonunda yerləşən karxanadan dəmir yolu ilə müəssisəyə çatdırılır.
Prezident İlham Əliyev məsaməli beton istehsalı sahəsinin fəaliyyətindən bəhs edən video-çarxa baxdı.
Bildirildi ki, bütün istehsal prosesi avtomatlaşdırılmış texnologiya əsasında həyata keçirilir. Hazırda bu sahənin istehsal gücü gün ərzində 600 kubmetr təşkil edir. Müasir tələblərə cavab verən avadanlıqla təchiz edilmiş laboratoriya vasitəsilə xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir. Bu da məhsulun müasir standartlara uyğun istehsalına və keyfiyyətinə təminat yaradır.
Dövlət başçısı istehsal sahəsini işə saldı.
Prezident İlham Əliyev estakadadan istehsal prosesini izlədi.
Bildirildi ki, istehsal olunan
məsaməli beton blokları istilik keçirməmək xüsusiyyətinə
görə kərpicdən
6 dəfə üstün,
ekoloji baxımdan təhlükəsiz, yanğına
və zəlzələyə
davamlıdır. Yüngül çəki və
dəqiq ölçüləri
olan bu beton
bloklar iqtisadı cəhətdən daha qənaətlidir. Bu müəssisə daxili bazar üçün məhsul istehsal etməklə yanaşı,
gələcəkdə xarici
ölkələrə də
ixracı nəzərdə
tutur.
Bildirildi ki, zavodda peşəkar
kadr heyəti formalaşmışdır. Bu məqsədlə əməkdaşlar
xarici ölkələrin
müvafiq müəssisələrində
təlim kurslarında
iştirak etmişlər.
Hazırda zavodda 130 nəfər
işləyir. Onların orta
aylıq əməkhaqqı
760 manatdır.
Zavodun fəaliyyətindən razılığını
bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2011.-27 dekabr.-S.2.