Azərbaycan Prezidenti İlham Əliyevin
İTAR-TASS-ın baş
direktorunun birinci müavini Mixail
Qusmana İTAR-TASS
agentliyi və «Rossiya 24» telekanalı
üçün müsahibəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana İTAR-TASS agentliyi və "Rossiya 24" telekanalı üçün müsahibə vermişdir. AzərTAc həmin müsahibənin mətnini təqdim edir.
- Cənab Prezident, Sizinlə görüşmək imkanına görə çox sağ olun.
İcazə versəniz, söhbətimizi adətən bizim "Hakimiyyət formulu" adlanan proqramın sonunda verilən sual ilə - hakimiyyət haqqında sual ilə başlamaq istərdim. Siz səkkiz ildir ki, hakimiyyətdəsiniz. Hakimiyyətin ləzzətini və onun bütün cəhətlərini artıq bilirsiniz. Bu gün, Prezident vəzifəsində səkkiz il işlədikdən sonra Sizin üçün hakimiyyət nədir və Sizin fikrinizcə, hakimiyyətin hansı alətləri daha vacibdir?
- İlk növbədə deməliyəm ki, mən Prezident hakimiyyətini və gördüyüm işləri xalq qarşısında böyük məsuliyyət və ölkənin taleyi üçün məsuliyyət kimi qəbul edirəm. Prezident respublikalarında bu hakimiyyət yəqin ki, ikiqat məsuliyyətli olmalıdır. Bundan əlavə, hakimiyyət, əlbəttə, dövləti qurmaq və yaratmaq, möhkəmlətmək, siyasi təsisatları inkişaf etdirmək, insanların günbəgün daha yaxşı yaşaması üçün şərait yaratmaq imkanı verir. Mən xalqın mənə verdiyi səlahiyyətləri məhz bu baxımdan - böyük məsuliyyət kimi və öz ölkəsi üçün bəlkə hər kəsdən artıq iş görmək imkanı kimi qəbul edirəm. Deməliyəm ki, bu vəzifədə olduğum səkkiz ildə mənim hakimiyyət haqqında təsəvvürlərim dəyişməmişdir. Deyim ki, mən bu qiymətləri özümün prezidentliyimin ilk dövrlərində də söyləmişəm. Bu gün hakimiyyət haqqında bu anlayış məndə yalnız möhkəmlənmişdir.
- Amma hər halda yada salmağa çalışın, bu səkkiz ildə hansı qərarları qəbul etmək Sizin üçün daha çətin olmuşdur, belə qərarlar isə yəqin ki, olmuşdur. Məsələn, hansı qərarların qəbul edilməsi Prezident İlham Əliyevə yuxusuz gecələr bahasına başa gəlmişdir?
- Deməliyəm ki, yuxusuz gecələrim olmamışdır. Dövlətimizin inkişafında mürəkkəb dövrlər olmuşdur. Xüsusən mən Prezident vəzifəsinə seçiləndə mürəkkəb dövr idi, müəyyən qüvvələr şəraitin sabitliyini pozmağa cəhdlər göstərirdi. Prezident seçkilərindən sonra, 2005-ci ildə keçirilən ilk parlament seçkiləri və istər ölkənin daxilində, istərsə də onun hüdudlarından kənarda müəyyən dairələrin sabitliyi pozmağa cəhdləri. Bu iki mürəkkəb dövrdən başqa tarixi prosesin qalan hissəsi kifayət qədər sakit, rəvan keçmişdir. Buna görə də mən elə bir mürəkkəblik hiss etməmişəm.
Qəbul edilmiş mühüm qərarlara gəldikdə isə, mən onların arasında Azərbaycanın strateji inkişafına təsir göstərənləri qeyd etmək istərdim. Bu, ilk növbədə ölkənin regional inkişafı proqramıdır. Bu, mənim ilk ciddi siyasi addımlarımdan, təşəbbüslərimdən biri idi. Çünki aydın idi ki, paytaxt ilə regionlar arasında qeyri-mütənasibliyi azaltmaq və tamamilə aradan qaldırmaq zəruridir. Bu proqram konkret maliyyə resursları ilə, əlbəttə, qəbul edilmiş qərarların icrasının idarə edilməsi və onlara nəzarət üzrə çox səmərəli siyasətlə dəstəklənmişdi. Lakin bu proqram dövlətin ümumi inkişafı, Azərbaycanın artıq postsovet ölkəsindən gələcək üçün çox böyük perspektivləri olan, dinamik inkişaf edən ölkəyə rəvan transformasiyasının və strateji inkişafının proqramına çevrildi. Əslində Azərbaycanın bütün gələcək inkişafı məhz 2004-cü ildə qəbul edilmiş bu proqramla müəyyən olunmuşdur.
Əlbəttə, həyat bir yerdə dayanmır və bu gün biz elə layihələr haqqında düşünürük ki, səkkiz il bundan əvvəl onları bəlkə heç xəyala da gətirmək mümkün deyildi. Bu, onu göstərir ki, ölkə irəliyə doğru inkişaf edir. Beləliklə, keçən dövrü mən belə səciyyələndirərdim. Əlbəttə, həm daxili həyatda, həm də xarici siyasət sahəsində qəbul edilməli qərarlar çox idi. Bu illərdə Azərbaycan öz müstəqil fəaliyyət xəttini həyata keçirən ölkə kimi möhkəmlənmişdir. Bu, çox xoşdur, lakin heç də həmişə asan deyil. Buna görə də xarici siyasi təşəbbüslər, ətrafımızda baş vermiş və baş verən hadisələrə münasibət, əlbəttə, dürüst ölçülüb-biçilmiş xarici siyasət kursu, habelə bizim milli mənafelərin qorunmasında kifayət qədər cəsarət tələb edir.
- Siz dəf edilməli çətinliklərdən danışdınız. Amma hər halda hamı etiraf edir ki, Azərbaycanın uğurları çox güclü təsir bağışlayır - sənayedə, iqtisadiyyatda, kənd təsərrüfatında, beynəlxalq aləmdə. Sizin fikrinizcə, bu uğurların rəhni, əsas amili nə olmuşdur? Siz necə hesab edirsiniz, bu uğuru təmin edərkən nəyə güvənirdiniz?
- Şübhəsiz, bu uğurun və bütövlükdə Azərbaycanın bu uğurlu tarixinin rəhni, ilk növbədə siyasi kursun varisliyidir. Mən prezident vəzifəsində işə başlayanda və hətta ondan əvvəl, seçkiqabağı dövrdə elan etmişdim ki, mənə etimad göstəriləcəyi təqdirdə atamın siyasətini davam etdirəcəyəm. Zaman sübut etmişdir ki, bu, yeganə düzgün siyasətdir. Bu siyasət Azərbaycanı hərc-mərclik, nizamsızlıq və faktiki parçalanma dövründən çıxarmışdır. Bu siyasətə sadiqlik yeganə düzgün seçim idi və Azərbaycan xalqı, o cümlədən 2003-cü ildə də bu seçimi dəstəklədi.
Bununla yanaşı, hakimiyyətin varisliyi və rəvan tərzdə keçməsi faktı Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən dəstəkləndi və həm də bu fakt müasir Azərbaycanın tarixində yeni məqam oldu. Buna görə də bu, uğurun əsas rəhni idi. Lakin təbii ki, həyat bir yerdə dayanmır. Yerində saymaq və yalnız bugünkü günlə yaşamaq olmazdı. Buna görə də Azərbaycanın hərtərəfli inkişafı strategiyası işlənib hazırlandı. Qarşıya olduqca iddialı məqsədlər qoyuldu. Birinci mərhələdə onlar bəlkə də həyata keçirilməsi mümkün olmayan, hətta qeyri-real və vaxtından əvvəl müəyyənləşdirilmiş məqsədlər kimi görünürdü. Mən isə belə hesab edirdim ki, məhz əlçatmaz görünən hədəfə daha asanlıqla nail olmaq mümkündür. Ölkənin inkişafının düzgün seçilmiş strategiyası, əlbəttə, Azərbaycandakı şəraitin bütün müsbət və mənfi cəhətləri ilə bərabər, düzgün təhlilinə, habelə dövlətin səmərəli idarə edilməsinə və qəbul olunmuş qərarların həyata keçirilməsinə çox təsirli nəzarətə əsaslanırdı. Əlbəttə, gizli deyil, çox vaxt elə olur ki, düzgün qərarlar qəbul edilir, sonra onlar unudulur, ya da bürokratiya onları bir növ pərdələyir. Buna görə də qərarların qəbul edilməsi, onların yerinə yetirilməsi, nəzarət mexanizmi, ən başlıcası, bizim bütün proqramlar və qərarlar həm maliyyə bazası ilə, həm də reallaşdırılma mexanizmi ilə möhkəmləndirilmişdi. Uğurlu inkişaf üçün imkan yaradan da bunlar olmuşdu. Güclü artım prosesi başlanan kimi inersiya qüvvəsi işə düşdü. Yəni, artıq yerlərdən yeni təşəbbüslər irəli sürülməyə başlandı, onlar bizim proqramları tamamlayır, gücləndirirdi. Cəmiyyətdə tamamilə nadir quruculuq ruhu yaranmışdı, hər bir vətəndaş öz sahəsində, öz həyətində, öz küçəsində həyatı daha yaxşı və daha gözəl etməyə çalışır. Bax, bu cür ictimai ruh yüksəkliyi bizə çox kömək edir. Əvvələn, biz bütün təşəbbüslərimizin dəstəklənməsini hiss edirik, digər tərəfdən, bu proseslərdə bütün cəmiyyətin iştirakı olmadan uğur qazanmaq mümkün deyil. Düşünürəm ki, mənim qeyd etdiyim bu strateji istiqamətlər bu gün belə deməyə imkan verir ki, Azərbaycan həqiqətən çox dinamik və səmərəli inkişaf edir.
- Siz Azərbaycanın beynəlxalq aləmdə uğurunu xatırlatdınız. Bu yaxınlarda Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, çox böyük nailiyyətdir. Özü də çox dramatik, bir neçə turdan ibarət mübarizə gedirdi - məncə 16 tur oldu. Azərbaycana azarkeşlik edənlərin hamısı bu mübarizəni onlayn rejimdə izləyirdi. Lakin reputasiya hissəsindən əlavə, praktiki baxımdan Siz Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi vəzifələrini, imkanlarını nədə görürsünüz?
- Əvvələn, deməliyəm ki, bu qələbə müstəqil Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib, ən əhəmiyyətli və sanballı qələbədir. Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyümüz bütün işləri əks etdirir. Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə, sizin dediyiniz kimi, gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləmişdir. Lakin deməliyəm ki, Azərbaycan bu mübarizədə ilk turdan başlayaraq liderlik edirdi və bütün mərhələlərdə böyük fərqlə irəlidə gedirdi. Nəticədə biz beynəlxalq birliyin çox böyük dəstəyini qazandıq. Məhz beynəlxalq birliyin - çünki yalnız bu cür format elə dünya birliyi, beynəlxalq birlik deməkdir. Bu, çox böyük siyasi qələbə, diplomatik qələbə, çox böyük məsuliyyət, həm də ölkəmizə, siyasətimizə hörmətin ifadəsidir.
Açığını deyim ki, bu 155 ölkənin heç də hamısı ilə bizim çox fəal münasibətlərimiz yoxdur. Əksəriyyəti ilə var, lakin bəzi ölkələr sadəcə olaraq, bizə inanmış və etimad göstərmişdir. Onlar inanmışlar ki, Azərbaycan Təhlükəsizlik Şurasında və bütövlükdə xarici siyasətdə müstəqil xətt yeridəcəkdir. Onlar inanmışlar ki, biz orada ədalət ideallarını müdafiə edəcəyik. Mənim fikrimcə, ilk növbədə buna çox böyük zərurət var - bugünkü aləmdə ədalət və beynəlxalq hüquq ideallarını müdafiə etmək lazımdır. Əlbəttə, bu məsuliyyət bizim üzərimizə yeni funksiyalar qoyur. Bu, ilk təcrübədir, biz hələ başlamamışıq, biz yenicə hazırlaşırıq. Əminəm ki, sizin dediyiniz kimi, reputasiya, imic xarakterindən əlavə, bizim Təhlükəsizlik Şurasında üzvlüyümüzün praktiki səmərəsi olacaqdır. Özü də təkcə ölkəmizin maraqlarını təmin etmək üçün yox. Hərçənd, əlbəttə, biz çalışırıq ki, qarşıdakı iki ildən maksimum səmərə ilə istifadə edək, maraqlarımızı, o cümlədən bizim üçün ən mürəkkəb və çətin məsələdə - Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində maraqlarımızı təmin edək. Əlbəttə, biz bu mövzunu daim Təhlükəsizlik Şurasının diqqət mərkəzində saxlayacağıq. Lakin biz həm də qlobal miqyasda sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsi işinə töhfəmizi verməyə çalışacağıq. Bu gün beynəlxalq birliyin bu yeri bizə etibar etməsi faktının özü ona dəlalət edir ki, Azərbaycan dünyada baş verən qlobal proseslərə töhfə verən və daha çox töhfə verə biləcək bir ölkə kimi qəbul edilir.
- Siz, mənim başa düşdüyümə görə, ən ağrılı problemə - Dağlıq Qarabağ probleminə toxundunuz. Siyasi problemlərin, əlbəttə, həlli tələb olunan mürəkkəb düyününə. Sizin fikrinizcə, bu, ipləri bir-bir dartmaqla açmaq mümkün olan düyündür, yaxud kəsib doğramaq mümkün olan qordi düyünüdür?
- Siz öz sualınızda diqqəti məhz mövcud yollar üzərində çox düzgün cəmləşdirdiniz. Doğrudan da yalnız iki yol vardır. Sizin dediyiniz yol beynəlxalq hüquqa əsaslanan qarşılıqlı məqbul həll tapmaq cəhdidir. Ya da yenə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində başqa vasitələrdən istifadə edilməlidir. Azərbaycan buna çox ciddi tərəfdardır. Üçüncü yol yoxdur və bunu hamı başa düşməlidir - həm qarşı tərəf, həm də, əlbəttə, əminəm ki, vasitəçilər də bunu başa düşürlər. Üçüncü yol - staqnasiya, konservasiya, dondurulma yoludur. Bu, mümkün deyil və elə şey yoxdur. Bu gün biz Minsk qrupunun həmsədr ölkələrinin, - bunlar isə Təhlükəsizlik Şurasının üç daimi üzvüdür, - rəhbərlərinin ən yüksək tribunalardan çıxışlarında eşitdiyimiz status-kvonun qəbuledilməz olması və onun dəyişdirilməməsi barədə fikirlər belə ümid doğurur ki, siyasi tənzimləmə yolları vardır. Biz bu yolun tərəfdarıyıq. Əks halda Azərbaycan 20 ilə yaxın müddətdə, 1992-ci ildən danışıqlar prosesində olmazdı. Münaqişənin tənzimlənməsi yolları beynəlxalq hüquq müstəvisindədir. Bizim indi iştirak edəcəyimiz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi təmin edilməlidir. Bu cür dörd qətnamə vardır. Onlar Ermənistanın işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələri vardır. Onların hamısı eyni şeyi tələb edir - Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu, bizim suveren hüququmuzdur, dövlətimizin ərazi bütövlüyünün siyasi vasitələrlə deyil, açıq deyək, hərbi vasitələrlə bərpa edilməsi də bizim suveren hüququmuzdur. BMT Nizamnaməsinə uyğun olaraq bizim belə hüququmuz vardır. Biz sadəcə olaraq, bundan istifadə etmək istəmirik. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək, Ermənistan tərəfi, nəhayət, qəti başa düşəcəkdir ki, münaqişə tənzimlənməsə onların bu regionda olması getdikcə mürəkkəbləşəcəkdir. Biz həm də vasitəçilərin - Minsk qrupunun, həmsədrlərin səylərinin fəallaşacağına, münaqişənin mümkün qədər tezliklə həll edilməsinə və vətəndaşlarımızın öz torpaqlarına qayıda biləcəyinə ümid edirik.
- Siz dediniz ki, lap əvvəldən öz siyasətinizin əsas xətlərindən biri olan regional siyasəti seçmisiniz. Siz ölkədə çox səfərdə olursunuz. Mənim fikrimcə, Siz hər həftə regionların birində, uzaq kəndlərdə, sənaye obyektlərində, humanitar sahəyə aid obyektlərdə olursunuz. Bunu hamı görür. Mən başa düşürəm ki, bu regional siyasətə neft rentası kömək edir. Bu, aşkardır. Amma hər halda indiki mərhələdə, regionların diqqətə ehtiyacı olduğu, qarşıda isə yeni məqsədlər durduğu bir vaxtda magistral hədəf, strateji xətt nədən ibarətdir?
- Çox qısa desək, bu, Azərbaycanı tam transformasiya etmək və onu inkişaf etmiş ölkəyə çevirməkdir. Yəni, bizim qarşımızda duran məqsəd budur. O, olduqca çoxşaxəlidir, bütün sahələri əhatə edir. Bizim həyata keçirdiyimiz modernləşmə də məhz bütün sahələri əhatə edir. İqtisadiyyat öz yerində, Azərbaycan iqtisadi inkişaf üzrə böyük uğurlar qazanmışdır və bütün aparıcı beynəlxalq iqtisadi qurumlar bunu etiraf edir. Siyasi transformasiya da belədir. Əgər siyasi islahatlar iqtisadi islahatlardan geri qalarsa, biz inkişaf etmiş ölkə ola bilmərik. Buna görə də məqsədimiz siyasi və iqtisadi islahatları paralel olaraq həyata keçirmək, regionda, habelə qlobal miqyasda, dünyada qonşularımızla əlaqələri möhkəmlətməkdir.
Bunun üçün bizim imkanlarımız vardır. Son səkkiz ildə biz iqtisadiyyatı üç dəfə artıra bilmişik, ÜDM 300 faiz artmışdır. Bunlar onu göstərir ki, potensial vardır. Bu gün bizim qarşımızda başqa məsələlər durur. Əlbəttə, neft amili bizə çox kömək etmişdir. Lakin bu da bizim xidmətimizdir. Axı, çox ölkələrin nefti vardır. Nefti bizdəkindən qat-qat çox olan ölkələr də çoxdur. Lakin resurslardan düzgün istifadə edilməsi, xalqın sərvətinin ədalətli bölgüsü, habelə vəsaitlərin xərclənməsində və akkumulyasiyasında maksimum şəffaflıq elə vəziyyətə nail olmağa imkan vermişdir ki, valyuta ehtiyatlarımız ilbəil artır və 8 ildə yoxsulluq səviyyəsi 5 dəfə azalaraq 49 faizdən 9 faizə düşmüşdür. Yəni, neft amili bu gün sabitləşdirici amildir, lakin artıq, məsələn, beş il əvvəl olduğu dərəcədə əhəmiyyətli deyildir. Bu gün müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir. Gələn il biz Azərbaycanın ilk telekommunikasiya peykini buraxacağıq. Biz kosmik sənaye yaradırıq. Yəni, biz bəzilərinin fikrincə, Azərbaycanın baxmalı olduğundan çox-çox uzağa baxırıq. Bizim planlarımız kimlərinsə düşünə biləcəyi kimi Azərbaycanın malik olduğu imkanlardan bəlkə də qat-qat geniş və əhatəlidir. Qlobal mənada bu, yüksək həyat səviyyəsinə, inkişaf etmiş sənayeyə və regionda daha da möhkəmlənmiş mövqelərə malik olan müasir, dinamik inkişaf etmiş ölkədir.
- Zənnimcə, ölkənin uğurla inkişaf etməsi üçün daxili aləm çox vacibdir. Azərbaycan ənənəvi olaraq multimilli, multimədəni ölkədir. Hərçənd multikulturalizm mövzusunun özü siyasi lüğətdə 25 il əvvəl yer almışdır. Elə bu yaxınlarda Sizin həmkarlarınız Kansler Merkel, Prezident Sarkozi, - bir az əvvəl Hollandiyanın Baş naziri Ryutte ilə söhbət etmişəm, - onların hamısı əlbir olub multikulturalizm anlayışının özünü "dəfn" etməyə başladılar. Sizcə, bu anlayışdan imtina etməyin vaxtı nə dərəcədə çatmışdır? Ümumiyyətlə, multikulturalizm Azərbaycana nə dərəcədə xasdır?
- Bizim üçün bu, yüz illər, min illər boyu təşəkkül tapmış təbii mühitdir. Müasir Azərbaycanın ərazisində həmişə müxtəlif dinlərə etiqad edən müxtəlif etnik mənşəli insanlar yaşamışlar. Bütün tariximiz ərzində ictimai-siyasi vəziyyətdən və ya yaşadığımız quruluşdan asılı olmayaraq ölkəmizdə məskunlaşan xalqlar arasında həmişə sülh olmuşdur. Bu, Azərbaycan Rusiya imperiyasının bir hissəsi olmamışdan əvvəl də, həmin dövrdə də, Sovet İttifaqı zamanında da belə idi və müasir dillə desək, multikulturalizmin həmin ənənələri müstəqillik dövründə daha da möhkəmlənmişdir. Yəni bu, bizim üçün təbii həyat tərzidir və biz bunu başqa cür təsəvvür etmirik. Sadəcə, müəyyən mərhələdə başa düşdük ki, bu, heç də hər yerdə belə deyildir və çox təəccübləndik. Yəqin ki, elə bu məqsədlə, bunun mümkünlüyünü göstərmək üçün biz müxtəlif beynəlxalq tədbirlər təşəbbüsü ilə çıxış etdik. Azərbaycanda dünya dinlərinin liderlərinin zirvə görüşü böyük müvəffəqiyyətlə keçdi. Rusiya-Azərbaycan Humanitar Forumu çox böyük uğurla keçdi və bu yaxınlarda keçirilən Beynəlxalq Humanitar Foruma çevrildi. Bütün bu tədbirlər gözdən pərdə asmaq üçün keçirilmir, onların böyük praktiki əhəmiyyəti və mütərəqqi ictimaiyyətin multikulturalizmə təbii yaşayış mühiti kimi baxan hissəsinin səylərini birləşdirmək əhəmiyyəti vardır.
Əgər
Azərbaycan tarixinə nəzər salsaq, - dünyada belə
ölkələr az deyildir, - birmənalı şəkildə
deyə bilərəm ki, multikulturalizm yaşayır. Belə hesab
edirəm ki, Azərbaycan yalnız onun daha məşhur
ünvanlarından biridir. Digər tərəfdən, bu prosesləri
və sizin danışdığınız məsələni - Avropa ictimaiyyətinin həmin proseslərdə iştirakının müəyyən məyusluq doğurduğunu təhlil edərkən soruşmaq
lazımdır ki, "bəs alternativ nədir?". Multikulturalizmin alternativi varmı? Əgər onu "dəfn" edirlərsə, deməli,
alternativ olmalıdır. Bəs bu hansı
alternativdir? Əgər
bu, multikulturalizm deyilsə, bəs nədir? Əgər məntiqi düşünsək, deməli,
özünütəcriddir. Deməli, ictimaiyyətin qəbul
etmədiyi
müxtəlif dinlərin, xalqların nümayəndələrinin
deportasiyası, rədd edilməsidir. Bu,
heç bir yerə aparmayan yoldur. Bu yol çox təhlükəlidir.
Təəssüf ki,
bəşəriyyət tarix boyu, o cümlədən XX əsrdə belə səhv siyasətin
və mən deyərdim ki, cinayətkar
diqqətsizliyin, yaxud da irqi, etnik və dini zəmində ədavət
toxumlarının şüurlu şəkildə səpilməsinin
nəticələri ilə üzləşmişdir. Bu, çox təhlükəli meyildir. Hesab edirəm ki, humanitar xarakterli beynəlxalq tədbirlərin məhz Bakıda və əlbəttə
ki, digər yerlərdə keçirilməsi ona gətirib
çıxaracaqdır ki, bizim kimi multikulturalizmin yaşadığını, onu
qorumaq, müdafiə və
çox təbliğ etmək lazım gəldiyini
düşünən insanların siyasi elitada çox olmasına və bunun
ictimai şüurda üstünlük təşkil etməsinə
kömək edəcəkdir. Ona
görə də bəzən, deyək ki, multikulturalizmin qəbul edilməməsi üzrə siyasi təşəbbüslər
ictimaiyyət tərəfindən qəbul edilməmək kimi
inspirasiya olunur. İctimaiyyət
tərəfindən qəbul edilməmə öz növbəsində bəzi
kütləvi informasiya vasitələri tərəfindən təbliğ olunur.
Həmin KİV-lər
xeyirxahlığı
təbliğ etmək əvəzinə, irqi dözümsüzlüyü,
nifrəti, müxtəlif fobiyaları təbliğ edir. Bu, çox təhlükəli yoldur. Tarixən,
əsrlər boyu təşəkkül tapmış multimədəni, çoxmillətli, çoxkonfessiyalı bir ölkə
olan Azərbaycan üçün
belə təhlükəli meyillər, sadəcə,
milli təhlükəsizliyimizə təhdiddir. Əlbəttə,
dünyada nələr baş verdiyinə baxmayaraq, biz həm
öz siyasətimiz, həm də təşəbbüslərimizlə həmin proseslərdə Azərbaycanda
multikulturalizmi möhkəmləndirəcəyik. Çalışacağıq ki, ölkəmizdə
bütün dinlərin və
etnik qrupların nümayəndələri bundan sonra da özlərini vahid ailə kimi hiss
etsinlər, mehribanlıq, qardaşlıq və qarşılıqlı
anlaşma şəraitində
yaşasınlar. Yenə də təkrar edirəm ki, bizim
üçün bu,
təbii yaşayış mühitidir və
qoruyacağımız dəyərlərimizdir.
- Müstəqil
Azərbaycanın 20 illiyidir. Bu, çox böyük hadisədir. Bütün
ölkə tərəfindən təntənə ilə qeyd
edilmişdir. Lakin tarixi
planda, əlbəttə, bir göz
qırpımıdır. Sizcə, müstəqil Azərbaycanın
hansı dövlət təsisatlarını möhkəmləndirmək,
inkişaf etdirmək tələb olunur. Sirr deyildir ki, kimsə bir
dövlət mexanizmində, fərz edək, korrupsiyanın, digərində
süründürməçiliyin baş alıb getməsindən
şikayətlənir.
Bütün bunlar gənc dövlət üçün bir növ normal haldır. Ölkədə real dövlət
hakimiyyəti təsisatlarının möhkəmləndirilməsi vasitələri, yolları
haradadır?
- Hər
şey siyasi iradədən və
qəbul edilən qərarların
düzgünlüyündən asılıdır. Əgər siyasi iradə varsa, hər şeyə
nail olmaq mümkündür.
Ölkəmizə gəldikdə isə axı, 20 il əvvəl Azərbaycanın inkişaf yollarını əvvəlcədən
görmək mümkün deyildi.
- Xaotik
idi.
- Tamamilə doğrudur. Müstəqilliyin ilk illəri
hamımızın yaddaşında faciəli illər,
itkilər, müəyyən mənada milli
rüsvayçılıq illəri kimi qalmışdır. Yəni,
müstəqilliyimizin
ilk iki ilində, təəssüf ki, hakimiyyətdə olanlar
bütün bu məsuliyyəti
başa düşməmiş və bəlkə də
başa düşmək istəməmişlər, əslində, ölkəmizi fəlakətə,
demək olar, parçalanmaya doğru sürükləmişlər.
Heydər Əliyevin ölkəyə
başçılıq etdiyi 1993-cü ildən Azərbaycanın
davamlı inkişafı başlanmışdır. Lakin elə o vaxt da ölkənin
necə inkişaf edəcəyi əhalinin böyük əksəriyyətinə
bəlkə də aydın deyildi. Onda yollar və
seçimlər olduqca çox idi. Azərbaycan
hansı yolla gedəcəkdir? Azərbaycan
necə bir ölkəyə çevriləcəkdir? Məhz
siyasi təsisatların
təşəkkülünə, siyasi sistemin yaradılmasına,
demokratik təsisatların, bazar iqtisadiyyatının möhkəmləndirilməsinə
söykənən düzgün
strateji seçim və
müasir inkişaf, əslində, bu gün ona gətirib
çıxarmışdır ki, Azərbaycan artıq dünyada
daha dinamik inkişaf edən ölkə kimi qəbul
edilir. Növbəti 20 il üçün
qarşıda duran vəzifələr bundan ibarət olacaqdır ki, dediyim kimi,
bu müsbət təcrübəyə əsaslanan
inkişaf etmiş dövlət yaradaq. Demokratikləşmə, şəffaflıq,
qanunun aliliyi olmadan inkişaf etmiş ölkə yaratmaq
qeyri-mümkün olacaqdır.
Əlbəttə, Azərbaycanın iqtisadi potensialı, təbii
ehtiyatları, insan potensialı və coğrafi vəziyyəti
elədir ki, siyasi yolun seçimindən asılı olmayaraq,
Azərbaycan həmişə
inkişaf edəcəkdir. Buna heç bir
şübhəm yoxdur. Lakin məsələ bundadır ki, necə? Hansı sürətlə?
Biz bu inkişafın nəticəsində nə
əldə edəcəyik? Mən ölkəmizi qanunun
aliliyinin bərqərar olduğu, çox güclü sosial
siyasəti, inkişaf etmiş iqtisadiyyatı və regionda möhkəm mövqeləri
olan müasir və demokratik bir
ölkə kimi görürəm.
Dediklərimin böyük hissəsi artıq əldə
edilmişdir. Lakin,
necə deyərlər, təkmilləşmə sərhəd
tanımır.
Gözümüzün qarşısında inkişaf etmiş ölkələrin müsbət təcrübəsi
vardır və əlbəttə, biz bu təcrübəni
öyrənirik, lazım gəldikdə
tətbiq edirik.
Açığını deyim ki, kor-koranə istifadə
etmirik, məhz bizə uyğun gələni və doğru
saydığımızı tətbiq edirik. Buna
görə də əminəm ki, yaxın perspektivdə
qarşıya qoyduğumuz məqsəd və vəzifələr
həyata keçiriləcəkdir.
Əgər 8 ildə
ümumi daxili məhsulun
üç dəfə artırılmasına nail
olmuşuqsa, indi artıq üçqat
artırılmış ÜDM-i 2013-2023-cü illərdə
iki dəfə artırmaq vəzifəsini qarşımıza
qoyur və ona hazırlaşırıq. Yəni,
bu vəzifə artıq qarşıya qoyulmuşdur. Hazırda hökumətdə həmin vəzifənin konsepsiyasının
hazırlanması və həyata keçirilməsi istiqamətində iş gedir. Əgər üçqat
artırılmış ÜDM-i iki dəfə artırmaq kimi iddialı bir vəzifə
qarşıya qoyulursa, onda həm ehtiyatlar, həm vasitələr,
həm elmi fikir, həm də intellektual potensial - hər
şey bu vəzifəyə
uyğun səfərbərliyə alınır. Odur ki, belə gözəl iqtisadi
göstəricilərə malik olduğumuz halda, biz siyasi sistemin transformasiya
edilməməsini özümüzə rəva görə
bilmərik və biz bunu edirik. Axı, Azərbaycan 10 il əvvəl Avropa
Şurasına təsadüfən daxil olmamışdır.
Axı, həmin quruma daxil olanda başa düşürdük
ki, bu, üzərimizə
böyük məsuliyyət qoyur və biz sərt tənqid atəşinə
məruz qalacağıq.
- Avropa baxışı altında...
- Bəli,
monitorinq ilə və bu tənqid heç də həmişə
xoş, heç də həmişə ədalətli deyildir. Biz buna şüurlu surətdə getdik. Bu təşkilatın üzvü olmayan çox
ölkələr vardır, lakin bu, onların seçimidir. Biz ölkəmizi transformasiya etmək istəyirik.
İstəyirik ki, həm ictimai şüurun səviyyəsi, həm də
mövcud tarixi təcrübə siyasi sistemin bizim
düşündüyümüz
meyarlarına cavab versin.
Çünki Azərbaycan müsəlman Şərqində demokratik respublika qurmuş, demokratik parlament yaratmış, bir
çox Avropa ölkələrindən
xeyli əvvəl qadınlara seçmək hüququ
vermiş ilk ölkədir. Yəni
ölkəmizdə
müasirlik və maarifçilik ənənələrinin dərin kökləri vardır. Biz müasir dövlətimizi bu baza üzərində
qururuq və onu mütləq quracağıq.
- Azərbaycan
müstəqilliyinin 20 illiyini "Eurovision"da
qazandığı böyük
uğurla bayram etdi. Bu, həqiqətən
böyük qələbə
idi. Həmin gecə, demək olar, bütün gənclərin
küçəyə axışdığını
müşahidə etmək olardı. Yeri gəlmişkən,
elə Moskvada da gənclər
- Azərbaycandan olan tələbələr bayram edirdilər. Əlbəttə,
belə hadisələr cəmiyyəti çox birləşdirir.
Onlar ölkəyə bayram gətirir və bir növ əhval-ruhiyyəni daha da
yaxşılaşdırır. Belə hadisələr nə dərəcədə
vacibdir. Axı, prinsipcə, heç nə göydən
düşmür, bu, böyük zəhmətin nəticəsidir.
İnsanları birləşdirən belə bayramları, hadisələri
yaratmaq üçün hazırda hansı istiqamətlərdə
işlər aparılır?
-
Bilirsiniz ki, bu,
həqiqətən də
böyük qələbədir. Bu, ilk növbədə Azərbaycanın
tanınmasıdır. Mənə çox xoşdur ki, ictimai səsvermənin
nəticələri bizim üçün daha əlverişli
olmuşdur. Çünki bildiyiniz kimi, "Eurovision"da qələbə
iki komponentdən - münsiflər heyətinin səs verməsindən
və ...
- Demək
olar, bütün tamaşaçıların səs verməsindən
asılıdır.
- Bəli.
Yəni, bütün Avropa bizə səs
vermişdir. Demək olar, bütün Avropa.
Biz böyük fərqlə qalib gəldik.
Bu, olduqca vacib məqamdır. Əlbəttə, bu, bizim ifaçıların qələbəsidir. Gözəl mahnı, gözəl ifa və
ifaçılarımızın obrazı - məhz gənc,
müasir dövlətimiz kimi müasir, gənc obraz. Lakin eyni zamanda, həmin qələbə burada, əlbəttə,
daha geniş mənada qələbə kimi qəbul edilir.
Heç şübhəsiz, belə qələbələr
birləşdirir.
Deməliyəm ki, biz, əslində, hər ay qələbələr
əldə edirik. Lakin bəzən onlar görünmür,
çünki cüzi və ya quru, cansıxıcı statistik
məlumatların arxasında gündəlik həyatımızda
ölkənin inkişafında nail olduğumuz böyük qələbələr
dayanır. Lakin elə qələbələr də var
ki, onları hamı
görür. İndiki halda musiqi
müsabiqələrində qələbələrin, əlbəttə,
xüsusi əhəmiyyəti vardır. Mən,
həmçinin idmandakı qələbələri qeyd edərdim.
Burada idmançılarımızın hər bir qələbəsi
böyük milli bayrama çevrilir. Bizim
Olimpiya çempionlarımız, dünya
çempionlarımız vardır. Bizdə hər bir idman qələbəsi
cəmiyyətdə müsbət emosional təkan yaradır. Həmçinin
BMT-nin Təhlükəsizlik
Şurasına seçilməyi qeyd edərdim. Çünki
iqtisadiyyatdakı qələbələri də təbii ki,
idmandakı kimi olmasa da, amma hər halda həm görmək və toxunmaq, həm
də ailə büdcəsində hiss etmək olar. Lakin xarici siyasətdə bu, gözdən sanki daha
uzaqdır. Mən həmişə deyirəm ki, Azərbaycan
milli mənafeyə söykənən olduqca səmərəli,
çevik xarici siyasət yeridir. Təbii ki,
bunlar arxasında çox işlərin dayandığı
sözlərdir. Lakin Təhlükəsizlik
Şurasına seçilmək həm ölkə daxilində,
həm də xaricdə hamıya göstərdi ki, bu, bizim
layiq olduğumuz qələbədir. Təhlükəsizlik
Şurasına seçilmək Azərbaycanın necə bir
ölkə olduğu barədə bütün dünyaya
siqnaldır. Bir çoxları üçün
bu qələbə gözlənilməz oldu. Ancaq bizim üçün yox. Biz buna inanırdıq və
əmin idik. Odur ki, belə əlamətdar hadisələr,
heç şübhəsiz, birləşdirir, müsbət
enerji verir. Lakin həyatda olduğu kimi, belə enerjinin ömrü də
çox qısadır. Onu vaxt məhdudlaşdırır.
- Yeni qələbələr
tələb olunur.
- Əlbəttə,
dünya çempionatında və ya Olimpiya oyunlarında qələbədən
sonra bir-iki həftə,
bəlkə də bir ay ərzində eyforiya yaşanır,
sonra hər şey normal həyata
qayıdır. Belə qələbələr cəmiyyətin
birləşməsi üçün vacibdir, lakin barəsində
danışdığım qələbələr heç də
az əhəmiyyətli deyildir. Bu, gündəlik, həftəlik, aylıq zəhmətdir.
Yeni yol, yeni məktəb, süni peyk, yeni qaz kəməri
və sair və ilaxır. Yəni, əslinə
baxanda, elə bu qələbələr haqqında
danışdığımız görünən, necə
deyərlər, əks-sədalı, əlamətdar qələbələrə
aparır.
- Cənab
Prezident, Sizə bir neçə şəxsi sual da vermək
istərdim. Burada bir qovluq var.
Düşünürəm ki, Siz bunu heç vaxt görməmisiniz,
halbuki bütünlüklə Sizə həsr olunub. Bu, tələbə Əliyev İlham Heydər
oğlunun şəxsi işidir.
- Bəli,
maraqlıdır.
-
Düşünmürəm ki, Siz bunu nə vaxtsa
görmüsünüz.
- Bu, məxfi
sənəddir?
- Məxfi
deyildir. Mən onu söhbətimiz
üçün Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun (MDBMİ) rektoru Vasili Torkunovdan iki günlüyə
xahiş edib götürmüşəm. O, bunu mənə
verdi. Mən onunla tanış
olmuşam. Burada Sizin barənizdə maraqlı,
bütövlükdə müsbət olan çox şeylər
vardır. Qəbul olunmaq haqqında əmrdən tutmuş Sizə
MDBMİ-nin məzununun müvafiq ixtisasının verilməsi
barədə əmrədək. Maraqlı sənədlər,
arayışlar, şərhlər çoxdur. Siz bilirsiniz ki, MDBMİ-də hər
bir kursdan sonra
xüsusi attestasiya
verirdilər. Ümumiyyətlə, Sizi həmişə
tərifləyirlər, tərifləmişlər. Açıq deyirəm. Burada diqqət yetirdim
ki, birinci kursda müəllimləriniz Sizin
dərslərdən qaçdığınızdan şikayətlənirlər.
Bununla belə, qiymətlər
yaxşıdır, dərslərdən isə
qaçırdınız. Ona görə də
Sizə belə bir sadə sualım vardır. Tələbə
İlham Əliyev Moskvada MDBMİ-nin hələ köhnə
binasından hara qaçırdı? Birinci
kurs tələbəsinin qaçıb getdiyi o sirli yerlər
hara idi?
- Lakin
qeyd etdiyiniz kimi, bu, yalnız birinci kursda olmuşdur.
- İkinci kursda daha yaxşıdır. Düzünü
deyirəm, burada hər şey yazılmışdır. Burada rəsmi sənədlər,
möhürlər, imzalar, müəllimlərin soyadları
vardır.
-
Özünüz düşünün. Bakıda, məktəbdə
oxuyan gənc
üçün...
- 6
nömrəli məktəbdə. Burada, yeri gəlmişkən,
Sizin attestatınız
vardır. Orada yalnız fizikadan dörddür,
qalanları beşdir.
- Mən
yaxşı oxuyurdum.
-
Yaxşı, şikayətlənmək günahdır. Çünki əgər bu sənədlər
pedaqoji sənədlər olmasaydı, mən sadəcə
gülərdim. Lakin bunlar əsl pedaqoji sənədlərdir
və oradakı qiymətlərin hamısı
yaxşıdır...
-
Baxın, indi mən əsaslandırmaq istəyirəm. Hərçənd
düzünü desəm, tez-tez qaçdığımı bir o qədər də
xatırlamıram. Lakin...
-Yox,
burada var. Rəsmi surətdə, açıq-aydın. Hətta
rəy də
vardır. Bir neçə dərs
buraxmısınız.
- O vaxt
deyildiyi kimi, fakt toplamaq.
- Lakin
yaxşı sözlər danışırlar. Xasiyyətcə
şən, yumor hissinə malik, ünsiyyətcildir, qrupun
hörmətini və məhəbbətini
qazanmışdır, ictimai işləri yaxşı yerinə
yetirir. Burada hər şey
yazılmışdır.
- Zənnimcə,
10 il Bakıda, 6 nömrəli doğma məktəbdə
oxuyan, atası Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi olan gənc
insanın Moskva kimi gözəl və böyük bir şəhərdə yeni mühitə
düşərək, xüsusən,
birinci kursda görməli
yerlərlə tanışlıq üçün öz vaxtından maksimum istifadə
etməsi tamamilə təbiidir.
- Yeri gəlmişkən,
bir detalı qeyd etmək istəyirəm. Burada
Sizin əlinizlə doldurulmuş bir anket var. Siz doğru dediniz
ki, o vaxt Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi idi. Lakin Siz onun
birinci katib olduğunu yazmırsınız. Siz
yazırsınız: Azərbaycan KP MK-da işləyir. Onun MK-da birinci şəxs olmasını heç
xatırlatmırsınız.
- Elədir,
ümumiyyətlə, mən həmişə bu məsələni
qabartmamağa və özümü maksimum sadə aparmağa
çalışmışam. Lakin sizin qeyd etdiyinizdən belə
başa düşdüm ki, bu hadisə MDBMİ-nin köhnə
binasında olmuşdur...
- Bəli,
Moskvanın mərkəzində.
-Yəqin
onda başa düşmək çətin deyil mən hara
qaçırdım. Bilirsiniz ki, Qorki adına
mədəniyyət və istirahət parkı yolun o tərəfində
yerləşir. Biz də oraya....
- Yəni,
ora Moskvada sevimli yer idi.
- Bəli,
bu, instituta ən yaxın yer idi...
- Oraya
qaçmaq olardı.
- Oraya
qaçmaq və qayıtmaq olardı. Buna
görə sağ olun.
- Lakin bu,
hədiyyə deyil. Mən onu qaytarmalıyam, qol
çəkib götürmüşəm.
- Başa
düşürəm ki, siz bunu qaytaracaqsınız, amma
heç olmasa verin baxım.
- Burada
ciddi şərhlər var. Burada hətta Sizin
fotoşəkilləriniz də var. Bilirsinizmi, mən bu
sualı Sizə hədər yerə vermədim. Bilirdim ki, gənclik illəriniz yaddaşdan silinməyib.
Əlbəttə, bu gün gənc nəsil
başqadır. O, kompyuter gəncliyi, internet gəncliyidir
- başqadır. Siz kifayət qədər gəncsiniz,
bu mənada ki, həmin gənc nəsli yaxşı
xatırlayırsınız, bugünkü gənc nəsli də
görürsünüz. Sizin fikrinizcə, bugünkü
gənc nəsli Sizin gənclik illərinizlə müqayisə
etsək, onun müsbət və mənfi cəhətləri nədədir?
- Əvvələn, deməliyəm ki, müqayisə etmək
mənim üçün yəqin çətin olacaqdır. Ona görə
ki, bu gün verdiyim qiymət artıq mənim təcrübəmə
əsaslanır. O vaxt baş verənlərə gəldikdə
isə, təbii ki, mən özüm indi haqqında nəsə
deməli olduğum həmin gəncliyin bir hissəsi idim. Lakin çalışaram ki, maksimum obyektiv olum.
Mən belə hesab edirəm ki, indiki gənclik,
əlbəttə, daha müstəqil, daha motivasiyalı və
daha peşəkardır. Bizim ölkədə
baş verənlərə əsasən görürəm ki,
indiki gənclərin uğur qazanmaq arzusu çox
böyükdür. Onlar tamamilə başa
düşürlər ki, bu, yalnız yaxşı təhsil
olduqda mümkündür. Artıq diplom,
yaxud hansısa sertifikat, yaxud hansısa qohumluq əlaqələri
həmişə kömək edə bilmir. Yəni, əgər sənin potensialın yoxdursa, əgər
sən peşəkar deyilsənsə həyatda çətin
olacaqdır. Əgər sən
istedadlısansa, yaxşı qabiliyyətlərin, vərdişlərin
vardırsa, yaxşı oxumusansa, onda təbii ki, yerini
tapacaqsan və yaxşı yaşayacaqsan. Zənnimcə,
bu anlayış hələ o vaxt bizim gənclərdə yox
idi. Əlbəttə, o vaxt da oxumaq istəyənlər
vardı. Lakin elələri də vardı
ki, onlar sadəcə, diploma sahib olmaq istəyirdilər ki,
anketlərində bu yazılsın. Sonrası
isə artıq heç kəsi maraqlandırmırdı.
Həm də düşünürəm ki, indiki gənclər
daha vətənpərvərdir. Bu, təbiidir,
çünki Azərbaycanın indiki gəncləri müstəqillik
şəraitində yaşayır və böyüyür,
onlar müstəqil Azərbaycan dövlətinin bir hissəsidir.
Mənə çox xoşdur ki, bu belədir.
Bu da mənə çox xoşdur ki,
qloballaşmaya, bütün yeni fikirlərə baxmayaraq, bizim
gənclər öz köklərinə çox
bağlıdır. Mənə xoşdur
ki, bizim gənclərin əsas hissəsi, böyük əksəriyyəti
Azərbaycan musiqisini dinləyir. Yəqin
ki, bu çox mühüm göstəricidir. Bu gənclər Azərbaycan xalqının ənənələri,
mənəvi dəyərlərimiz, mədəniyyətimiz,
tariximiz əsasında tərbiyə olunmuşlar. Yəni, mən deyərdim ki, bizim gənclərin
milli ruhu çox güclüdür. Bu mənə
çox xoşdur və mən Prezident olaraq bu milli ruhun daha da
möhkəmlənməsi üçün hər şeyi etməyə
çalışıram. Əlbəttə,
qlobal dünyada yaşamağımızı, bizim bu
dünyanın bir hissəsi olduğumuzu başa düşməli,
təbii ki, ən yaxşı nə varsa hamısını və
ən mütərəqqi texnologiyaları Azərbaycana gətirməliyik.
Ümumiyyətlə, biz bunu edirik. Buna görə də mən bugünkü gəncləri
ideallaşdırmadan bu amilləri qeyd edərdim. Bundan əlavə,
bugünkü gənclər bizim nəsil ilə müqayisədə
daha çox risklərə, təhdidlərə məruz qalır və
ümumiyyətlə, bəşəriyyətin müasir
coşqun inkişafının mənfi cəhətləri yəqin
ki, bunlardır. Lakin keyfiyyət
baxımından, bir daha demək istəyirəm, mənə
belə gəlir ki, indiki gənclər bizim nəsli
qabaqlayır. Yəqin ki, belə də
olmalıdır. Lakin növbəti nəsil...
-
Dialektika, yəqin ki, Siz onu öyrənmisiniz...
- İndiki nəsli qabaqlamalıdır.
- Mən
yenə Sizin şəxsi işinizə
qayıtmaq istəyirəm. Burada çox
maraqlı məsələlər var. İlham Heydər
oğlu, Siz qəbul imtahanında yazdığınız
inşanın mövzusunu xatırlayırsınızmı?
- Yox,
xatırlamıram.
- Mən
yadınıza salaram. "Puşkinin "Yevgeni
Onegin" poemasında rus zadəganlığı və onun
nümayəndələri" mövzusu. Beş. Əla yazılmışdır. Burada
Siz Aleksandr Sergeyeviçdən bütöv bəndləri əzbərdən
sitat gətirirsiniz.
- O vaxt hər
şeyi əzbərləməyə məcbur edirdilər.
- Bəli,
bəli, əla inşadır. Özü də şifrlənmişdir,
yəni onu yoxlayan müəllim müəllifin kim
olduğunu bilmirdi. Bəs zadəganlıq nədir?
Mən belə başa düşürəm ki,
zadəganlıq cəmiyyətin elitasıdır. Bilmirəm, təsadüfdür, yoxsa nəyi rəhbər
tutaraq Siz "Rus cəmiyyətində elitanın rolu"
mövzusunu seçmisiniz. Zadəganların
rolu. Sizin fikrinizcə, müasir cəmiyyətin
elitası nədir və Azərbaycan cəmiyyətinin
elitasının bütövlükdə Şərq
elitasına münasibəti necədir?
- Əlbəttə, bütövlükdə elitalar
mövzusunda çox deyilmiş, çox müdrik sözlər
yazılmış və təhlillər
aparılmışdır. Hər hansı fəlsəfi
mühakimələr yürütmək istəmirəm, hərçənd
elitanın nə demək olması və ölkələrin,
xalqların, bütövlükdə bəşəriyyətin
inkişafında onun rolu haqqında öz təsəvvürüm
vardır. Yəni, bu, hər bir ölkə
üçün tərəqqinin hərəkətverici
qüvvəsidir. Ölkənin
uğurlarını müəyyən dərəcədə,
bəzən həlledici dərəcədə onun elitası
müəyyən edir. Cəmiyyətin
inkişafı da elitanın hazırlıq və motivasiya dərəcəsindən
asılıdır. Mənim fikrimcə, əsas
məsələ odur ki, tarazlıq, çox düzgün
tarazlıq gözlənilsin və elita özünü
bütövlükdə cəmiyyətdən təcrid
olunmuş hiss etməsin. Ona görə ki,
elita bu cəmiyyətin bir hissəsidir. Ən
peşəkar, hazırlıqlı, istedadlı hissəsidir və
buna görə ən məsuliyyətli hissə
olmalıdır. Hesab edirəm ki, bizim cəmiyyətdə
tarazlığa riayət olunmuşdur. Əvvələn,
bizdə istər siyasi idarəçilikdə, istər biznes
strukturlarında, istərsə də hər hansı başqa
sahədə ayrı-seçkilik yoxdur. Biz
maksimum dərəcədə çalışırıq ki,
hamı bərabər olsun - həm qanun, həm də cəmiyyət
qarşısında. Buna görə də
tarazlıq pozulmamışdır. Toxunulmazlar
yoxdur. Xüsusi statusa malik adamlar da yoxdur.
Elitanın davranışına gəldikdə
isə onun ideya və tərəqqi
daşıyıcısı kimi yerinə yetirdiyi funksiyadan əlavə,
mənim fikrimcə, əsas məsələ budur ki, o
özünü cəmiyyətdən ayrılmış hiss
etməsin, özündən bədgüman olmasın, yetərincə
təvazökar və vətənpərvər olsun. Bu halda bütövlükdə cəmiyyətin
elitaya münasibəti müsbət olacaqdır. Mənim fikrimcə, görürəm ki, Azərbaycanda
vəziyyət belədir. Yəni, bizim cəmiyyətdə
uğur qazananlara münasibət əsasən müsbətdir.
Hər hansı böyük maddi nemətlərə nail
olmuş, yaxud çoxlu pul qazanmış adamlara, yaxud işləri
uğurla gedən biznesmenlərə münasibət müsbət
ehtiramlıdır. Əlbəttə, hisslər
çox rəngarəngdir. Lakin mənim
fikrimcə, bu hisslər arasında paxıllıq hissi Azərbaycan
cəmiyyətində birinci yerdə deyildir.
Mənə belə gəlir. Bəlkə də hörmət hissi birinci yerdədir. Hərçənd müxtəlif adamlar, müxtəlif yanaşmalar vardır. Elitanın nümayəndələri də müxtəlifdir. Qınanmağa, bəzən cəzalandırılmağa layiq olanlar da var və bu, təbii ki, qanun çərçivəsində olur. Buna görə bütün bunlar üzvi şəkildə əlaqəli olmalıdır, elita təkəbbürlü olmamalıdır və belə deyək, hələ elita olmayanların da mənfi və narazılıq hissləri olmamalıdır.
- Siz beynəlxalq münasibətlər üzrə təhsil almısınız. Bu, Sizin diplomunuzda göstərilmişdir və mən deyə bilərəm ki, Siz, həqiqətən bu sahənin mütəxəssisiniz. Sizin bütün həyatınız bunu göstərmişdir. Burada əlimdə daha bir kiçik qovluq var. Mən söhbətə hazırlaşmışam. Bu qovluğu tanıyırsınız? Yox?
- Yox.
- Bu, Sizin dissertasiyanızdır. Burada onun referatı var. Bu dissertasiya müasir mərhələdə Böyük Britaniyada müharibə əleyhinə hərəkata və siyasi partiyaların ona münasibətinə həsr edilmişdir.
- Bu ad
yadımdadır.
- Bəli, bu həmin dissertasiyadır. Yeri gəlmişkən, ona tələbat olmuşdur. Burada mənim əlimdə kitabxana kartı var. Mən onu MDBMİ-nin kitabxanasından götürmüşəm. Sizin dissertasiyanı oxumaq üçün tez-tez götürmüşlər. Görünür, iş aktual olub, onunla maraqlanıblar. Yeri gəlmişkən, bundan əvvəl Siz Leyboristlərin parçalanması haqqında diplom işi yazmısınız.
- Tamamilə doğrudur. Mən Folklend münaqişəsi haqqında da yazmışdım.
- Bununla əlaqədar, mənim Sizə xarici siyasətlə bağlı bir sualım var. Belə başa düşürəm ki, o, peşəkarlıq baxımından Sizə yaxındır. Əlbəttə, Azərbaycan nadir geosiyasi məkanda yerləşir. Burada çox müxtəlif tarixi amillər vardır. Sizin üçün öz ölkənizə tətbiqən geosiyasət nə deməkdir? Geosiyasi amillər Sizin siyasətə necə təsir göstərir?
- Bu, bizim təbii varlığımızın, mövcudluğumuzun tərkib hissəsidir. Yəqin ki, bu sözlər bəlkə qonşuları olmayan adalar istisna olmaqla hər bir ölkə üçün aktualdır, lakin onlar da siyasətə cəlb olunur.
- Siz onlar haqqında da iş yazmısınız. Folklend adaları haqqında.
- Əlbəttə, biz regionun bir hissəsiyik və regionda baş verən proseslər istədik-istəmədik bizə təsir göstərir. Lakin prezident kimi mənim vəzifəm regional xarakterli proseslərin Azərbaycana mənfi təsirini minimuma endirmək və əksinə, Azərbaycanın regional proseslərə təsir göstərmək imkanlarını maksimum artırmaqdır. Əlbəttə, buna nail olmaq üçün xarici siyasət oriyentirlərini çox dürüst başa düşmək, xarici siyasət təşəbbüslərini düzgün seçmək zəruridir. Bəzən onlar iqtisadi, nəqliyyat xarakterli olur. Lakin son nəticədə bu, bizim xarici siyasət proqramının və ya paketinin bir hissəsidir. Azərbaycanın beynəlxalq miqyasda rolunu və yerini möhkəmlətməliyik. Regional formata gəldikdə isə deməliyəm ki, bu gün bizim regionla məşğul olan mütəxəssislərin, analitiklərin əksəriyyəti artıq başa düşür ki, Azərbaycan regional planda xüsusi yer tutur. İqtisadiyyata gəldikdə, Azərbaycan iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təşkil edir. Gələcəkdə bu rəqəm yalnız artacaqdır, çünki bizim planları, investisiyaları və iqtisadi inkişaf proqramlarını nəzərə alsaq, yəqin ki, bu rəqəm haçansa 90-na da çatacaqdır. Lakin əsas məqsəd bu deyil. Biz heç vaxt qarşıya belə məqsəd qoymamışıq. Sadəcə, gördüyümüz işlər avtomatik olaraq buna gətirib çıxarmışdır.
Regional təşəbbüslərə gəldikdə,
biz nəqliyyat, energetika, təhlükəsizlik məsələləri
ilə əlaqədar əsas, ən mühüm regional
proqramların təşəbbüsçüləri
olmuşuq. Bu gün Azərbaycanın
iştirakı olmadan regionda heç bir layihə mümkün
deyildir. İstər energetika, istər nəqliyyat, istərsə
də xarici siyasət sahəsində. Nisbətən yaxın
keçmişdə baş vermiş hadisələr göstərmişdir
ki, kimin nə qədər səy göstərməsindən
asılı olmayaraq, Azərbaycanın mənafeləri nəzərə
alınmadan regionda xarici siyasi layihələr həyata
keçirilə bilməz. Biz buna nail olmuşuq. Fikrimcə,
indi artıq hamı bunu başa düşür. Əlbəttə,
hər bir ölkə çalışır ki, onun ölkə
hüdudlarından kənarda təsiri daha çox olsun. Biz bu
məsələyə həm də regional əməkdaşlığın
möhkəmlənməsi baxımından
yanaşırıq. Yəni, biz ölkənin xarici siyasət
təşəbbüslərinə və geosiyasi mövqeyinə
müsbət yanaşırıq. Təzyiq göstərmək,
şantaj, mənfi münasibət vasitəsilə deyil,
müsbət münasibət vasitəsilə. Biz həmhüdud
ölkələrdə investisiya qoyuluşunu həyata
keçiririk. Qonşu ölkələrdən qaynaqlanan, məqbul
hesab etdiyimiz təşəbbüsləri müəyyən qədər
dəstəkləyirik. Bizim iqtisadi təşəbbüslərimiz
və Azərbaycanın hüdudlarından kənarda
reallaşdırdığımız investisiyalar sərmayə
qoyulan ölkələrə kömək edir. Bununla da Azərbaycanın
rolu daha da artır. Təsadüfi deyildir ki, həm regionda, həm
də Avropada dostlarımızın və tərəfdaşlarımızın
çoxu Azərbaycanı özlərinin strateji sərmayədarları
sırasında görmək istəyir. Bizə sənayenin
strateji sahələrinə, energetikaya, nəqliyyata sərmayə
qoyuluşunda iştirak etmək təklif olunur və biz bu təklifləri
çox diqqətlə nəzərdən keçiririk. Yəni,
bunlar bizə etimadın dərəcəsinə dəlalət
edir. Bu, o deməkdir ki, Azərbaycan etibarlı dost, tərəfdaş
kimi qəbul edilir. Bununla da biz regionda öz mənafelərimizi
geniş mənada təmin edirik və gələcəkdə
bizim iqtisadi potensialın bir hissəsi bu gün Azərbaycanın
hüdudlarından kənarda qoyduğumuz sərmayələr
hesabına formalaşacaqdır. Bu, bizim artıq həyata
keçməkdə olan yeni iqtisadi siyasətimizin tərkib
hissəsidir. Son dövrün bəlkə də
ən xoş mövzusuna - Təhlükəsizlik
Şurasına seçilməyimizə qayıdaraq demək istəyirəm
ki, bu da məhz bizim həyata keçirdiyimiz siyasətin bir
hissəsi və dünyada Azərbaycanın rolunun başa
düşülməsi göstəricisidir. Biz regionda, Xəzər
regionunda, Qafqaz regionunda və daha geniş regionda real sabitləşdirici
amilik. Güman edirəm və əminəm ki, gələcəkdə
nüfuzumuz yalnız artacaqdır.
- Biz
artıq bu barədə danışmışıq. Siz
həyatınızın müəyyən hissəsini Moskvada
yaşamısınız. Sovet İttifaqının
paytaxtı, indi isə Rusiyanın paytaxtı Moskvada oxumusunuz.
Siz institutdan sonra da orada yaşamısınız. Hazırda rəsmi
və qeyri-rəsmi səfərlərlə tez-tez Rusiyada
olursunuz. Rusiya Azərbaycanın
qonşusudur. Sizin Rusiya
Federasiyasının həm keçmiş Prezidenti Vladimir
Putinlə, həm də hazırkı Prezidenti Dmitri Medvedevlə müəyyən siyasi, peşəkar
əlaqələriniz yaranmışdır. Siz də MDBMİ-də bu movzu ilə
bağlı deyildiyi kimi, "personal chemistry" vardır.
Rusiya-Azərbaycan
əməkdaşlığının perspektivlərini
necə görürsünüz? Orada
ağrılı nöqtələr və ya hansısa
açılmayan düyünlər varmı? Digər tərəfdən, bu inkişafın
hansı perspektivləri vardır?
-
Perspektivlər mənə çox müsbət
görünür. Münasibətlərin tarixi, həmçinin. Son on ilin tarixi, belə deyək, çox müsbətdir.
Qeyd etdiyiniz kimi, mənim Rusiyanın həm Prezidenti, həm də
Baş naziri ilə çox sıx qaşılıqlı
əlaqələrim, münasibətim vardır.
Əlbəttə, bu şəxsi münasibətlər də ikitərəfli
və regional xarakterli bir çox məsələlərin həll olunmasına kömək
edir. Deməliyəm ki, Rusiya və Azərbaycan
arasında münasibətlərin inkişafının yeni mərhələsi
elə 2000-ci illərin əvvəlində - Vladimir Putin Rusiyaya
başçılıq edəndə
başlanmışdır. O, Rusiya Prezidenti kimi ilk rəsmi
səfərini Azərbaycana etmişdir. Bununla da
1990-cı illərin heç də həmişə bizim istədiyimiz
kimi alınmayan münasibətləri dövrünə yekun
vurulmuş və münasibətlərin yeni səhifəsi
açılmışdır. Bu 10 il
ərzində çox iş görülmüşdür. Lakin əgər lap müxtəsər desək, ikitərəfli
münasibətlərdə bütün ağrılı və
ya mürəkkəb məsələlər həll
edilmişdir. Hamısı. Biri də qalmamışdır. Sonuncu
məsələ Prezident Dmitri Anatolyeviç Medvedevin Azərbaycana
son səfəri zamanı həll edilmişdir. Dövlət sərhədi haqqında müqavilə
imzalanmışdır. Bu, tarixi sənəddir.
Zənnimcə, həmin sənəd bu illər ərzində
razılaşdırılmış və imzalanmış
bütün sənədlərin zirvəsidir. Bizim
gözəl qarşılıqlı siyasi fəaliyyətimiz,
siyasi əlaqələrimiz vardır. Əmtəə
dövriyyəsi 10 faizlərlə artmaqdadır. Zənnimcə,
bu il az qala 50-60 faiz olmuşdur. Mədəniyyət sahəsində, humanitar əməkdaşlıqda
vəziyyət, deyərdim ki, idealdır. Bu,
həm bizim, həm də Rusiya tərəfinin qiymətidir.
İstisnasız olaraq bütün hüquq- mühafizə
strukturları arasında əməkdaşlıq çox səmərəli
və təsirlidir. Bu da bizim ümumi qiymətimizdir.
Əgər soruşsanız ki, daha nə etmək
lazımdır, mənə cavab vermək çətin
olacaqdır, çünki biz hər şeyi həll
etmişik. Əlbəttə, növbəti
mərhələdə müsbəti artırmaq, əməkdaşlığı
maksimum möhkəmləndirmək, regionda təhlükəsizliyin
möhkəmləndirilməsi məsələlərinə
maksimum kömək etmək lazım gələcəkdir.
Biz iki qonşu ölkə, sizin də qeyd
etdiyiniz kimi, iki Xəzər ölkəsi, iki Qafqaz ölkəsiyik.
Yəni, bunlar bizim ümumi problematikamızdır. Biz ikimiz də elektrik enerjisi, neft və qaz
hasilatçısıyıq. Təbii ki, təchizatçı
kimi maraqlarımız üst-üstə düşür.
Biz burada da əməkdaşlıq yolları
tapırıq. Rəqabət deyil, məhz əməkdaşlıq.
-
Qarşıdurma deyil.
- Tamamilə doğrudur, məhz əməkdaşlıq. Bu isə tamamilə mümkündür və biz buna artıq nail olmuşuq. Odur ki, mən perspektivləri bugünkü kimi müsbət görürəm. Hesab edirəm ki, əgər 20 illik bütün qarşılıqlı fəaliyyət dövrünü təhlil etsək, görərik ki, bu gün Rusiya ilə Azərbaycan arasındakı münasibətlər daha səmərəli və daha yüksək səviyyədədir. Bu da, həmçinin özlüyündə beynəlxalq siyasətin mühüm amilidir.
- Siz Rusiya MDBMİ-də gözəl təhsil almısınız. Lakin Sizin siyasətdə, diplomatiyada, həyata, dünyaya baxışda əsas dərsləri hər halda Azərbaycanın ümummilli lideri Heydər Əliyevdən aldığınızı desəm, çətin ki, səhv edərəm. Biz Sizinlə bu barədə danışmışıq. Hətta sırf praktiki planda götürsək, bu gün Siz Heydər Əliyev məktəbinin hansı əsas dərslərindən istifadə edirsiniz?
- Əgər
sadalamağa başlasam, bu, çox vaxt aparacaqdır.
Çünki hər bir adam
üçün atası necə yaxın və əzizdirsə,
mənim üçün də atam elə yaxın və əziz
insan idi. Eyni zamanda, o,
mənim üçün elə bir insandır ki,
ona sonsuz hörmət, etimad və
heyranlıqla yanaşmışam və yanaşıram. Çünki onun bütün həyatı, mübarizəsi, taleyi, yenilməzliyi bir örnəkdir. Onun
ömrünün son illərini yəqin ki, çoxları
xatırlayır: gənc kursantlar qarşısında
çıxış edəndə vəziyyəti pisləşdi, müvazinətini itirərək
yıxıldı, sonra getdi, qayıtdı və yenə
yıxıldı, yenə də getdi, qayıtdı və
nitqini bitirdi. Düşünmürəm ki, onun
yaşında və belə vəziyyətdə olan kimsə,
- demək olar, səksən yaşı olan insanın səkkiz
qabırğası sınmışdı, - eyni cür hərəkət
edərdi. Lakin o,
bunu etdi. O, başqa cür edə bilməzdi. Bu, onun bütün xarakterinin göstəricisidir.
Onun mərdliyi və yenilməzliyidir. Əlbəttə, bu, hamımız
üçün - həm mənim üçün, həm də
bütün azərbaycanlılar üçün örnəkdir.
Mənim xoşbəxtliyim sadəcə bundadır ki, onun yanında
olmuşam. Mənim belə yaxın formatda ondan
öyrənmək, ən mürəkkəb məqamlarda
yanında olmaq imkanım olmuşdur. Bu, heç şübhəsiz,
bir məktəbdir. Sadəcə, onu məktəb kimi qəbul
etmirsən. Axı, bu tədris prosesi deyildir.
Əlbəttə, barəsində danışdığım
bütün keyfiyyətlərlə yanaşı, bu,
varmaqdır, qavramaqdır,
misilsiz təcrübədir və üstəgəl həm
də siyasi müdriklikdir.
Axı, onu əzən və təqib edən böyük bir
sistemə, aparata
qarşı o, əslində, təkbaşına müqavimət göstərirdi. Hələ
1990-cı ildə Azərbaycana qayıdanda, hər tərəfdən
hücumlara və parlamentdə obstruksiyaya məruz qalanda təkbaşına
idi. Həmin parlament ki, bir neçə aydan
sonra onu ayaq üstə alqışlamışdı. Bütün
bunlar mənim gözlərim qarşısında olmuşdur.
Azərbaycan.-2011.-27
dekabr.-S.3-4.