Ən unudulmaz gün

 

 Məcburi köçkünlər dövlət başçısının yubileyini Qarabağda

 qeyd etməsini onlara göstərilən ali dəyər kimi qiymətləndirirlər

 

 

Çox hörmətli cənab Prezident!

50 yaşınızın tamam olduğu bir gündə Sizin Qarabağa, cəbhə bölgəsinə səfər etməyinizi, həyatınızın bu əlamətdar günündə bizimlə birlikdə olmağa üstünlük verməyinizi, Qarabağa və qarabağlılara sözlə çətin ifadə edilən son dərəcə doğma və mərhəm olan xüsusi münasibətinizin ifadəsi kimi yüksək qiymətləndirir, ad gününüzü bütün məcburi köçkünlər adından bir daha səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın xoş rifahı, vətənimizin ərazi bütövlüyünün təmin edilməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Respublikamıza rəhbərlik etdiyiniz 8 il ərzində Sizin ölkənin bütün regionlarına, eləcə də Qarabağa çox sayda səfərləriniz olub. Bizimlə dəfələrlə görüşüb arzu və təkliflərimizi dinləmisiniz. İmzaladığınız sərəncamlar əsasında ayrılan vəsaitlər hesabına yaşadığımız bu cəbhə bölgəsində müasir infrastruktur şəbəkəsi yaradılmışdır, çox sayda sosial obyektlər - məktəblər, xəstəxanalar, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binaları tikilmiş, kənd yolları əsaslı şəkildə yenidən qurulmuş, uzun illərdən bəri çadırlarda, yük vaqonlarında, palçıq daxmalarda, ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlər üçün şəhərə bənzəyən yeni qəsəbələr salınmışdır. Elə budəfəki gəlişinizdə də Ağcabədi rayonu ərazisində yerləşən Taxtakörpü qəsəbəsində 552 evdən ibarət yeni qəsəbənin açılışında iştirak etdiniz. Ağcabədi şəhərində qaçqın və məcburi köçkünlər üçün inşa edilən 10 ədəd beşmərtəbəli binadan ibarət 556 mənzillik yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış oldunuz.

Sizin tövsiyənizlə sahibkarlığın inkişafı üçün formalaşan dövlət qayğısı hesabına son illər bölgədə dünya bazarına məhsul çıxarmağa qadir zavodlar, müxtəlif istehsal, emal və xidmət müəssisələri yaradılmışdır. Regionların dinamik sosial-iqtisadi inkişafının məntiqi nəticəsidir ki, son 8 ildə təkcə Ağcabədi rayonunda 8269 daimi yeri açılmışdır.

Sizin böyük qayğı və diqqətiniz sayəsində doğma diyarımız - Qarabağın bir parçası olan Ağcabədi tanınmaz dərəcədə dəyişmiş, indi daha abad, daha gözəl və daha yaraşıqlı olmuşdur. Məişətimizin vacib şərtləri olan yol, su, təbii qaz problemləri artıq uğurla həll edilmişdir. Ağcabədi şəhəri üçün müasir texnologiya əsasında kanalizasiya sistemi yaradılmasına start verilmişdir. Sizin imzaladığınız sərəncamla ayrılan vəsait hesabına rayon mərkəzində Avropa standartları səviyyəsində 205 çarpayılıq xəstəxananın tikintisi davam etdirilir. Bu günlərdə Olimpiya İdman Kompleksinin tikintisinə başlanacaqdır.

Cənab Prezident!

Sizin qayğınız sayəsində həyatımızı gözəlləşdirən yeniliklərin sayı-hesabı yoxdur. Bölgəyə hər səfəriniz, bizlərlə hər səmimi görüşünüz həyatımızın unudulmaz ən şirin xatirəsidir. Dekabrın 24-də 50 yaşınızın tamam olduğu əlamətdar bir gündə ailə üzvlərinizlə birlikdə məhz bizim rayonumuzda olmağınız bu gün bütün Qarabağın hər bir evində, hər bir ailəsində söhbətlərin əsas mövzusuna çevrilib. Görüş zamanı dediniz ki, qarabağlılar da, buradakı məcburi köçkünlər də hamımız elə bir ailənin üzvləriyik. Bu, doğmalığın, bizə olan məhəbbətin səmimi etirafı idi. Həmin gün mətbuatdan məlumat alırdıq ki, dünyanın aparıcı dövlətlərinin rəhbərləri - Barak Obama, Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül, Dmitri Medvedev, Vladimir Putinonlarca başqa dünya şöhrətli dövlət xadimləri, məşhur siyasətçilər ad gününüz münasbəti ilə Sizə telefon açır, təbrik teleqramı göndərirdilər. Siz isə Qarabağda, cəbhə bölgəsində Sizi sonsuz məhəbbətlə sevən biz qarabağlıların, xüsusi ilə məcburi köçkünlərin əhatəsində idiniz. Bu, bizim üçün qiyməti ölçüyə sığmayan ən böyük dəyər idi. Siz bu isti münasibətinizlə, sözün həqiqi mənasında, bizim qəlbimizi növbəti dəfə fəth etdiniz. Qarabağın tezliklə işğaldan azad ediləcəyinə olan inamımızı birə min artırdınız. Bizə yüksək əhval-ruhiyyə verdiniz, könül xoşluğu bəxş etdiniz. Biz qarabağlılar Qarabağ probleminin həlli istiqamətində sizin apardığınız siyasəti birmənalı şəkildə bəyənir və müdafiə edirik. Davam edən sülh danışıqları nəticə verməsə, Ali Baş Komandan kimi Sizin bir əmrinizlə silaha sarılmağa, doğma torpaqlarımızı azad etmək uğrunda müqəddəs savaşa atılmağa hər an hazırıq.

Cənab Prezident!

Biz qarabağlıların mövqeyi dəyişməzdir. Bizim əzəli və əbədi bir yolumuz var: bizi uğurlara, yeni-yeni qələbələrə qovuşduran Heydər Əliyev yolu. Əminik ki, Sizin rəhbərliyinizlə getdiyimiz bu yolda üzümüzə yeni-yeni nurlu sabahlar açılacaqdır. Sizin növbəti doğum gününüzü müqəddəs Qarabağımızın digər dilbər guşələrində - Ağdamda, Xankəndidə, Şuşada keçirəcəyik!

Tanrı Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

 

 

Zülfi Məhəmməd oğlu İSMAYILOV,

Ağcabədi rayonundakı "Alman" qəsəbəsində

 məskunlaşan ağdamlı məcburi köçkün

Azərbaycan.-2011.-27 dekabr.-S.6.