«Azərbaycan Respublikasında vətəndaş inteqrasiyasının

 formalaşmasında kütləvi informasiya vasitələrinin rolu»

 monoqrafiyası çapdan çıxmışdır

 

 

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevin "Azərbaycan Respublikasında vətəndaş inteqrasiyasının formalaşmasında kütləvi informasiya vasitələrinin rolu" adlı monoqrafiyası çapdan çıxmışdır.

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, əsərdə Azərbaycanda kütləvi informasiya vasitələrinin vətəndaş inteqrasiyasındakı rolunun hərtərəfli müqayisəli - siyasi təhlili ilk dəfədir ki, aparılır.

Üç fəsildən və səkkiz bölümdən ibarət kitabda müəllif əvvəlcə Azərbaycan Respublikası əhalisinin etnik-demoqrafik mənzərəsini canlandırır. Etnoslararası inteqrasiyaya təsir göstərən amillərdən bəhs edən müəllif islam dininə etiqadı, həmin ərazidə yaşayan etnosların təsərrüfat fəaliyyətinin oxşarlığını, eləcə də Azərbaycan dilini bu inteqrasiyaya təkan verən amillər kimi göstərir.

Daha sonra Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra vətəndaş inteqrasiyasının formalaşması prosesi dünya ölkələrinin müvafiq təcrübəsi kontekstində araşdırılır.

Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkədə vətəndaş inteqrasiyasının bərqərar edilməsinin əsas təminatçısı kimi xarakterizə olunur. Bu bölümdə Azərbaycanda müstəqilliyin ilk illərində yaranmış etnik durum xarakterizə edilir, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs olunur. Ümummilli lider Heydər Əliyevin millətçilik, dini dözümsüzlük ideyalarına qarşı irəli sürdüyü azərbaycançılıq ideyasının praktiki mənası və mahiyyəti izah edilir.

Azərbaycanda vətəndaş inteqrasiyasının mövcudluğunu şərtləndirən əsas amillər, inteqrasiyaya yardım edən səbəblər, bu prosesdə ölkə vətəndaşlarını birləşdirən faktorlar müəllif tərəfindən ətraflı surətdə araşdırılır.

Vətəndaş iştirakı və siyasi inteqrasiya, sosialregional inteqrasiya, təhsil, dil və mədəniyyət vətəndaş inteqrasiyasının mövcudluğunu şərtləndirən əsas amillər kimi göstərilir, bu istiqamətdə həyata keçirilməli mühüm tədbirlərə diqqət yetirilir.

Müəllif Azərbaycan kütləvi informasiya vasitələrinin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla sadalayır və KİV-in vəzifələri sırasında vətəndaş inteqrasiyasının formalaşdırılmasına xidmətin yerini göstərir.

Həmçinin, Azərbaycanda vətəndaş inteqrasiyasının formalaşması istiqamətində KİV-in rolunu tənzimləyən amillər sadalanır, kütləvi informasiya vasitələri sahəsində qəbul olunmuş qanunların əhəmiyyəti vurğulanır.

Kitabda ölkədə vətəndaş inteqrasiyasının gücləndirilməsi üçün KİV tərəfindən həyata keçirilə biləcək vəzifələrin müxtəsər təsnifatı peşəkarlıqla müəyyənləşdirilmişdir.

Azərbaycanda vətəndaş inteqrasiyasının sürətləndirilməsində KİV-in əsas strukturlardan biri olaraq perspektivləri də kitabda ətraflı araşdırılan istiqamətlərdəndir.

Müəllif kitab üzərində işləyərkən, yerlixarici ədəbiyyatdan bacarıqla istifadə etmişdir. Bu baxımdan şübhəsiz, kitab politoloqlar, media mütəxəssisləri və tələbələr üçün qiymətli mənbə olacaqdır.

Kitabın elmi məsləhətçisi fəlsəfə elmləri doktoru, professor, mərhum Yusif Rüstəmov, elmi redaktorları isə siyasi elmlər doktoru Ramiz Sevdimalıyev və siyasi elmlər üzrə fəlsəfə doktoru Təvəkkül Dadaşovdur.

 

Azərbaycan.-2011.-27 dekabr.-S.7.