Möhkəm iqtisadi təmələ əsaslanan inkişaf strategiyası

 

 Müasir dövrdə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Məhz bu cür məqsədyönlü, uzaq perspektivlərə hesablanmış inkişaf strategiyası iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək ölkə əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verir. Bu gerçəkliyə nəzərən əminliklə demək olar ki, müstəqil Azərbaycanın son illərdə ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlər də konkret məqsədlərə yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin nəticəsidir. Ölkə rəhbərliyi hər bir konkret mərhələdə respublika qarşısında hansı əsas problemlərin, vəzifələrin dayandığını yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiyaların hazırlanaraq icra olunmasını təmin edir.

Hərtərəfli müasirləşməyə zəmin yaradan bu strategiya son illərdə həm də milli inkişaf modelinin formalaşmasını təmin edən başlıca amilə çevrilmiş, iqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipinin gözlənilməsi səmərəli nəticələrə yol açmışdır. 2003-cü ildən respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması, ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətili dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır. 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan mövcud uğurlarının qorunub saxlanılması üçün daxili potensialını məqsədyönlü şəkildə səfərbər edərək inkişaf perspektivlərini düzgün müəyyənləşdirməyə çalışır.

2003-cü ildən ölkəyə inamla rəhbərlik edərək onu davamlı tərəqqi və yüksəliş yoluna çıxaran möhtərəm Prezident İlham Əliyevin bu və digər uğurlarının səbəbi heç də təkcə onun öz fəaliyyətini ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurması ilə məhdudlaşmır. Burada ikinci mühüm amil cənab İlham Əliyevin müasir düşüncəli siyasi lider kimi yeni iqtisadi münasibətlər sisteminə dərindən bələd olması, modernləşməyə xidmət edən islahatları uğurla həyata keçirməsidir. Əgər yeni ictimai-iqtisadi formasiyaya keçidin birinci mərhələsi kommunist ideologiyasından imtinanı və bazar iqtisadiyyatına keçidi nəzərdə tuturdusa, hazırkı mərhələdə Qərb standartlarına uyğun islahatların davam etdirilməsi, modernləşmə prosesinin başa çatdırılması qarşıda ciddi vəzifələr kimi dayanır. Başqa sözlə, dövlət başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürütməsini, ən əsası inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.

Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə əsas məqsədin Azərbaycanın inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırılması olduğunu Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bir daha bəyan etmişdir. 2020-ci ilədək respublikada ümumi daxili məhsul istehsalının azı 10 dəfəyədək yüksəldilməsi hökumət qarşısında yeni hədəf kimi qoyulmuşdur.

Azərbaycanı müasir və inkişaf etmiş qüdrətli dövlətə çevirmək məqsədi deklorativ bəyanatlardan uzaq olub real fəaliyyət mexanizmlərinə əsaslanır. "Əsl siyasət konkret, real iş görməkdir", - deyən və cəmiyyət qarşısında verdiyi hər bir vədi əməli fəaliyyəti ilə doğruldan cənab İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" 29 noyabr 2011-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində belə bir sərəncamın imzalanması deməyə əsas verir ki, dövlət başçısı Azərbaycanın gələcək inkişaf perspektivlərinin indidən dərin elmi əsaslarla müəyyənləşdirilməsini vacib sayır. Sərəncamda vurğulanır ki, ölkənin inkişafının hazırkı mərhələsində əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2012-ci ilin sonunadək 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını hazırlamalıdır. Əminliklə demək olar ki, belə bir konsepsiyanın hazırlanması Azərbaycanın inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaqdır.

Ötən 8 ildə həyata keçirilən iqtisadi siyasət ümumən bu məqsədlərin həyata keçirilməsi üçün yaxşı təməl formalaşdırmışdır. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avropa məkanında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Ötən 8 ildə iqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də tarazlı və davamlı regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına, yoxsulluğun səviyyəsinin aşağı salınmasına, güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Bütün bunların nəticəsidir ki, müstəqil Azərbaycan iqtisadi cəhətdən ilbəil möhkəmlənir, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə verir. Bir sıra Avropa ölkələrində hələ də özünü qabarıq şəkildə göstərən dünya iqtisadi böhranı Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü bir daha təsdiqləyir. Böhranın daha kəskin fazası sayılan 2009-2010-cu illərdə MDB ölkələrinin üzləşdiyi sarsıntı və iqtisadi geriləmələr Azərbaycana az təsir göstərmişdir. Konkret olaraq ümumi daxili məhsul Rusiyada 14 faiz, Qazaxıstanda 1,5 faiz, Belarusda 4,6 faiz, Qırğızıstanda 12,7 faiz, Ukraynada 29,6 faiz və s. azalmışdır. Azərbaycanda isə ÜDM-in artımı 2009-cu ildə 9,3 faiz, 2010-cu ildə 5 faiz təşkil etmişdir.

Müqayisə üçün bir faktı vurğulayaq ki, təkcə 2010-cu ildə respublikada istehsal olunmuş sənaye məhsulu ötən əsrin 50-60-cı illərində istehsal olunmuş məhsula bərabərdir. Ötən 8 ildə büdcə gəlirləri 14 dəfə artmış, 1,2 milyard manatdan 17 milyard manata yüksəlmişdir. 2011-ci ildə ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 20 milyard ABŞ dollarını keçmişdir. Ölkəmizin büdcə gəlirlərinin illik artım tempinin orta hesabla 20 faizdən artıq təşkil etməsi də diqqətəlayiq faktlardan biri kimi vurğulanmalıdır.

Makroiqtisadi sabitliyin təmini nəticəsində respublikamız bu gün həm də investisiya cəlbediciliyini qoruyub saxlayır. Konkret olaraq, Dünya İqtisadi Forumu bu göstərici üzrə Azərbaycanın 2011-ci ildə postsovet məkanında lider olduğunu göstərir. Eyni zamanda, dünyada məşhur olan "Moods İnvestors Servises" beynəlxalq reytinq agentliyi respublikamızın istiqrazlarına təyin etdiyi "Ba1" reytinqini təsdiq edərək xarici valyuta üzrə "Baa2" və yerli valyuta üzrə "A3" reytinqlərinin proqnozunu sabitdən pozitivə qaldırılması barədə qərar qəbul etmişdir. Bütün bunlar uzun illər ərzində formalaşmış əlverişli biznes və investisiya mühitinin nəticəsi sayılmalıdır. Müqayisə üçün bildirək ki, 2000-ci ildə 47,5 faiz paya malik daxili investisiyalar 10 il ərzində 16,3 dəfə artmış, ötən ilin sonunda əsas kapitala qoyulan investisiyaların ümumi həcmində 75,7 faiz paya malik olmuşdur. Bundan başqa, xarici investisiyalar da son 10 il ərzində 4,7 dəfə artmışdır. Hazırda özəl sektorun dinamik inkişafı nəticəsində ÜDM istehsalının 85 faizi özəl sektor tərəfindən təmin edilir.

Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı iclasda verilən məlumatlar göstərir ki, hesabat dövründə respublikada qeyri-neft sənayesi 9,2 faiz artmışdır. Şübhəsiz, qeyri-neft sektorunda müşahidə edilən bu artım uğurlu təməlini həm də regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. İnkişaf etmiş dövlətlərin təcrübəsi də göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətdə regional inkişaf məsələlərinə xüsusi diqqət yetirməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarını, fərman və sərəncamları imzalaması məhz bu reallığa əsaslanmışdır. 2004-cü il 11 fevral tarixdə imzalanmış Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Rroqramı (2004-2008-ci illər) bu baxımdan xüsusi əhəmiyyət daşımışdır. Dövlət Proqramı regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir. Cənab İlham Əliyev proqramın icra olunduğu 2004-2008-ci illərdə respublika regionlarının bütün rayonlarına 127 səfər etmiş, yerlərdə görülən işlərlə, xalqın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, ölkənin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etmişdir. Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Bu və əvvəlki regional inkişaf proqramlarının icrası nəticəsində 2004-cü ildən respublikada 40 mindən çox yeni müəssisə, 950 mindən artıq yeni iş yeri yaradılmışdır. Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən 2010-cu ildə 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, yüzlərlə layihə uğurla icra olunmuşdur.

Ümumilikdə, 2003-cü ildən ölkədə qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Qeyri-neft sektorunun inkişafına və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə də bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının möhkəmləndirilməsinə yönəlmiş tədbirlər nəticəsində son 5 ildə ÜDM-də qeyri-neft sektorunun payı xeyli dərəcədə artmışdır.

Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, həm də regionda sərmayədar dövlət kimi çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İçveçrə, Rusiya kimi dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də Azərbaycanın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzminin nümayişidir. Son illərdə sahibkarlarla dövlətin qarşılıqlı faydalı əməkdaşlığının təşəbbüskarı olan prezident İlham Əliyev xarici ölkələrə yüksək səviyyəli səfərlərində iş adamlarının da iştirakını təmin edir. Bu da yerli sahibkarlara müxtəlif dövlətlərin işgüzar dairələri ilə yaxından tanış olmaq, ölkə iqtisadiyyatının inkişafı naminə onlarla müəyyən sazişlər imzalamaq imkanı yaratmışdır. Nəticədə ölkə sahibkarları digər ölkələrin iqtisadiyyatına investisiya qoyur, potensial sərmayədar qismində çıxış edirlər.

Dövlətimizin son illərdə Türkiyə iqtisadiyyatına 4, Gürcüstan iqtisadiyyatına 1 milyard dollardan artıq investisiya yatırmışdır. Eyni zamanda, son illərdə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana əvvəlcə 200, daha sonra 250 milyon dollar güzəştli kredit ayırmışdır. Azərbaycanın "SOJARTurjalyans" şirkətlər alyansı Türkiyənin nəhəng "Petkim" neft-kimya kompleksinin nəzarət-səhm paketinin həlledici hissəsinin sahibidir və 2014-cü ilə qədər "Petkim" təsisatlarına yatırılacaq sərmayələrin həcmi 10 milyard dolları aşacağı ehtimal olunur. Yaxın gələcəkdə isə ARDNŞ Ceyhanda neft emalı və neft-kimya kompleksinin inşasını planlaşdırır. Enerji sərmayələrin qoyuluşundan başqa digər sahələrə, məsələn, qiymətli kağızlar bazarına, aktivlərə, səhmlərə də maraq göstərilir. Azərbaycanın valyuta ehtiyatlarının daim davamlı şəkildə artması və maliyyə imkanlarının genişlənməsi isə ölkənin daha böyük həcmdə investisiyalar qoyuluşuna geniş şərait yaradır.

Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında 2012-ci ildə Azərbaycan dövlətinin də region dövlətlərinə böyük həcmdə investisiyalar qoyacağını bəyan etmişdir: "2012-ci ildə bu səpkidə daha da böyük həcmdə investisiyalar qoyulmalıdır. Rusiyanın Şimali Qafqaz respublikalarının iqtisadiyyatına investisiyalar qoyula bilər. Xüsusilə nəzərə alsaq ki, bu yaxınlarda Şimali Qafqaz respublikalarının rəhbərləri bizim qonaqlarımız idi və hər iki tərəf maraqlıdır ki, Azərbaycan investisiyaları Şimali Qafqaz respublikalarına gəlsin. Bu məqsədlə yaxın zamanlarda iqtisadi inkişaf naziri böyük heyətlə oraya ezam ediləcək, orada imkanlar araşdırılacaq və biz bu məsələyə də çox müsbət baxırıq. Bu da ikitərəfli Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün vacib olan məsələdir və münasibətlərdə bir yenilikdir. Bu, iqtisadi maraqlarımıza xidmət edir və təbii ki, Şimali Qafqazın iqtisadi inkişafına öz töhfəsini vermiş olacaqdır".

Prezident İlham Əliyev praqmatik siyasətçi kimi Azərbaycanın davamlı inkişafında, ölkədə ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin olunmasında, sosial məsələlərin həllində sahibkarların rolunu da düzgün dəyərləndirir. Son 8 il ərzində Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə ixrac rüsumlarının ləğvi özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsinə, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair hələ iki il öncə qanunvericiliyə dəyişikliklər edilmişdir.

Sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsinin təmin edilməsi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılması, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağları və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların 10 illik lizinqlə verilməsi, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 80 manatın ödənilməsi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin aşağı salınması da sahibkarlar üçün yaradılan yüksək şəraitin mühüm göstəriciləri kimi çıxış edir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkəti iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə fəal iş aparır. Paralel olaraq dövlət sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də müvafiq işlər görür. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması, xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə təsis olunmuş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Azərbaycan hazırda öz inkişafının elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətlərinin aşağı düşməsi sayəsində Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür. Sənaye potensialının gücləndirilməsi dedikdə söhbət əsla keçmiş ittifaq dövründə olduğu kimi, dövlət nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir. Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır. Cənab İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər.

Dövlət başçısı İlham Əliyevin Azərbaycanda uzun illər əsas sənaye mərkəzi kimi tanınan, sovetlər birliyi dövründən respublikanı müxtəlif sənaye məhsulları ilə təmin edən Sumqayıt şəhərinə diqqət və qayğısı bu baxımdan xüsusi vurğulanmalıdır. Cənab İlham Əliyev ötən 8 ildə dəfələrlə Sumqayıtda olmuş, şəhərin qayğı və problemləri ilə yaxından maraqlanmış, fəaliyyətini dayandırmış strateji əhəmiyyətli müəssisələrin əsaslı yenidən qurulması və fəaliyyətə başlaması ilə bağlı dəyərli təkliflərini, tövsiyələrini vermişdir. Dövlət başçısı 2011-ci ildə iki dəfə - 7 iyul və 20 dekabr tarixlərində Sumqayıtda olmuş, şəhərdə həyata keçirilən əsaslı abadlıq, quruculuq və yenidənqurma işləri ilə maraqlanmış, bir sıra obyektlərin açılış mərasimində iştirak etmişdir. 

Cənab İlham Əliyevin 2011-ci il dekabrın 20-də Sumqayıta növbəti səfərini şəhər sakinləri hələ də yüksək əhval-ruhiyyə və xoş təəssüratla xatırlayırlar. Əminliklə demək olar ki, bu səfər şəhərin qayğılarının, vətəndaşları narahat edən problemlərinin həllində keyfiyyətcə yeni mərhələ açmışdır. Dövlət başçısı İlham Əliyev səfər müddətində Sumqayıtda müasir Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmiş, şəhərin müxtəlif yerlərində - park və xiyabanlarda, küçələrdə, o cümlədən dənizkənarı bulvarda başlanmış əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olmuş, bu işlərin zövqlə aparılması üçün dəyərli tövsiyələrini vermişdir. Bu səfər həm də göstərir ki, cənab İlham Əliyev Sumqayıt sakinlərinin hansı qayğılarla yaşadığını çox yaxşı bilir və onların tez zamanda aradan qaldırılmasını şəhərin yeni rəhbərliyi qarşısında vacib məsələlərdən biri kimi müəyyənləşdirir. Ümumilikdə, son aylarda şəhərdə aparılan abadlıq, quruculuq işləri mahiyyətcə kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən uzaq olub, şəhərin uzun illərdən bəri yaşanan problemlərinin əsaslı həllinə xidmət edir. Ölkə Prezidentinin son səfərləri zamanı Sumqayıt sakinləri ilə keçirdiyi görüşlər, şəhər infrastrukturunun və sənayesinin yeniləşməsi vacibliyi ilə bağlı söylədiyi dəyərli fikirlər deməyə əsas verir ki, bundan sonrakı mərhələdə Sumqayıtın inkişafı məqsədilə atılan addımlar daha sistemli, ünvanlı, ardıcıl xarakter daşıyacaqdır.

Möhtərəm Prezident sumqayıtlılarla görüşdə onları narahat edən bütün məsələlərin çox qısa zamanda həllini tapacağını, şəhərin abadlaşdırılması ilə bağlı mühüm layihələrin həyata keçiriləcəyini bir daha vurğulamışdır: "Şəhərin bütün infrastrukturu, bütün kommunal infrastrukturu yenilənməlidir. Su, kanalizasiya xətləri, qazlaşdırma, elektrik xətlərinin çəkilişi - bu işlərin böyük əksəriyyəti öz həllini tapmışdır. Ancaq biz yenə də bu məsələlərlə məşğul olacağıq. Sumqayıtı memarlıq baxımından gözəl şəhərə çevirmək üçün artıq konkret proqramlar icra edilir. Mən bu məsələləri nəzarət altında saxlayıram və Sumqayıtı gözəlləşdirmək üçün konkret planlarımız vardır. Parklar abadlaşır, biz yeni dənizkənarı bulvarın tikintisinin başlanmasına qərar vermişik. Mən keçən dəfə də burada olarkən demişəm, Sumqayıtda, memarlıq sahəsində, tikintidə Bakı standartları tətbiq edilməlidir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Sumqayıt da geri qalmamalıdır. Əvvəlki dövrdə tikilmiş binalar bərpa edilməlidir, gözəlləşdirilməlidir. Yeni tikilən binalar gözəl memarlıq üslubunda yaradılmalıdır".

Dövlət başçısının Sumqayıt bulvarının uzadılması və abadlaşdırılması, habelə şəhərin su, kanalizasiya sisteminin müasirləşdirilməsi, sənaye potensialının tam bərpası ilə bağlı dəyərli fikirləri də sakinlərin böyük sevinc və razılığı ilə qarşılanmışdır. Cənab İlham Əliyev Sumqayıtın müasir, dünyamiqyaslı sənaye şəhəri kimi inkişaf etməsi zəruriliyini bir daha vurğulamış, bu istiqamətdə də əlavə tədbirlərin həyata keçiriləcəyini demişdir. Son illərdə Sumqayıtda ən böyük texnologiyalar parkının yaradılması, habelə kimya müəssisələrinin əsaslı təmirinə diqqətin ayrılması bunun əyani təzahürüdür.

Ölkə Prezidentinin Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsinin, burada sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılmasının vacibliyi ilə bağlı söylədiyi fikirlər  şəhərin iş adamları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Cənab İlham Əliyev Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi üçün konkret planların olduğunu bildirmişdir: "Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır, yaradılmışdır. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır. Artıq bu proqramın icrasının birinci mərhələsindəyik. Burada böyük Sumqayıt Texnologiya Parkı yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar xaricə də ixrac edilir, ölkə daxilində də istehlak olunur. Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən ibarət sənaye şəhərciyi yaradılacaqdır. Bu məqsədlə müvafiq göstərişlər verilmişdir. Burada həm dövlət, həm özəl sektorun iştirakı ilə böyük müəssisələr, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün gözəl şərait yaradılacaqdır".

İnanırıq ki, dövlət başçısının yüksək diqqət və qayğısının nəticəsi kimi vaxtilə nəinki ölkəmizi, bəzi postsovet respublikalarını da pəncərə şüşəsi və digər şüşə məmulatları ilə təmin edən Sumqayıt Şüşə Zavodu da müasir texnologiyalar əsasında tamamilə yeniləşəcəkdir. Azərbaycanın hazırkı sosial-iqtisadi uğurları - tikinti-quruculuq, abadlıq və yenidənqurma işlərinin geniş vüsət alması, yeyinti, qida, tibb sənayelərinin inkişafı, habelə elmi-texniki tərəqqi sahəsindəki nailiyyətlər şüşə sənayesinin inkişafını aktual məsələ kimi gündəmə gətirmişdir.

Prezident İlham Əliyevin Sumqayıta səfərindən dərhal sonra - 2011-ci il 21 dekabr tarixdə imzaladığı "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında" fərmanı da bu və digər məqsədlərin gerçəkləşdirilməsi baxımından vacib əhəmiyyətə malikdir. Preambula hissəsində göstərildiyi kimi, belə bir fərmanın imzalanması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədinə xidmət edir. Fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkının yaradılması nəzərdə tutulur. Həmçinin sənəddə göstərilir ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılmalıdır.

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə hazırlanacaq "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası respublikanın yaxın gələcək üçün inkişaf perspektivlərinin, habelə qarşıya qoyulmuş bu və digər məqsədlərin mükəmməl icra mexanizmlərinin dərin elmi əsaslarla müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Ümidvarıq ki, sözügedən konsepsiyada dayanıqlı milli inkişafın təmini, ölkənin istehsal potensialının gücləndirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması baxımından sənaye müəssisələrinin canlandırılması məsələsi də əksini tapacaqdır. Xüsusən də Sumqayıt və Gəncə kimi ənənələri olan böyük şəhərlərdə mövcud sənaye müəssisələrinin yenidən qurularaq işə salınması Azərbaycanın iqtisadi sahədə inkişaf etmiş dövlətə çevrilməsi prosesinə ciddi təkan verəcəkdir.

 

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.-2011.-27 dekabr.-S.8.