Fransa Milli Assambleyasının qondarma «erməni soyqırımı»

 ilə bağlı qəbul etdiyi qanun kəskin surətdə pislənilir

 

 

Paris

 

 

Fransanın aşağı palatası - Milli Assambleyanın qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza tətbiq edilməsi ilə bağlı qəbul etdiyi qanun ölkədə heç də birmənalı qarşılanmamış və hadisələri düzgün qiymətləndirən sağlam düşüncəli insanların, bəzi kütləvi informasiya vasitələrinin ciddi narazılığına səbəb olmuşdur.

Milli Assambleya tərəfindən qəbul edilən qanuna münasibət bildirən keçmiş Baş nazir Dominik de Vilpən Fransanın heç kimə dərs verməyə haqqı olmadığını qeyd etmiş, hər hansı qanunun yaddaşlara deyil, tarixə əsaslanaraq qəbul olunmasının vacibliyini vurğulamışdır.

Keçmiş ədliyyə naziri Robert Badinter Milli Assambleyanın qərarının Fransa Konstitusiyasına tamamilə zidd olduğunu, qanunun 2012-ci ildə ölkədə  keçiriləcək prezident seçkiləri ilə bağlı qəbul olunduğunu bəyan etmişdir.

R.Badinter bildirmişdir ki, tarix barədə nə isə demək parlamentin işi deyil, xüsusilə də məkanca Fransadan çox uzaq olan bir ölkədə.  Bir əsr bundan əvvəl baş verən və hələ də tam aydın olmayan hadisə ilə bağlı düzgün olmayan qərarın çıxarılması 1789-cu ildə insan haqları barədə qanun qəbul etmiş Fransaya heç də başucalığı gətirmir, əksinə, dünyada onun  nüfuzuna xələl gətirir.  "Soyqırımı" məsələsi tarixçilərin öhdəsinə buraxılmalıdır. Yalnız onların  araşdırmalarından sonra son ümumi nəticə haqqında fikir söyləmək mümkündür.

Fransa ictimaiyyətinin nümayəndələri ermənipərəst deputatların təzyiqi ilə  Milli Assambleyada qəbul edilmiş qanunun doğuracağı təzahürlərdən, Türkiyə kimi bir ölkə ilə əlaqələrə ciddi ziyan vurulacağından narahatlıqlarını ifadə etməyə başlamış və bu qanunun Senatda müzakirəyə çıxarılmayacağına ümidvar olduqlarını bildirirlər.

Milli Assambleyada qəbul edilmiş qanun barədə ölkənin nüfuzlu mətbuat orqanlarından "Fiqaro", "Mond", "Liberasyon", "Ekspress" və digərlərində çoxlu sayda yazılar dərc olunur. "Mond" qəzetinin 23 dekabr tarixli nömrəsində dərc olunmuş  "Yaddaşlar heç nəyə xidmət etmir"  sərlövhəli məqalədə qəbul olunmuş qanunun ancaq erməniləri dəstəkləyən deputatlar tərəfindən qəbul olunduğu, hər hansı qanunun qəbulunda yaddaşlara deyil, tarixə əsaslanmağın vacibliyi vurğulanmışdır.

 

* * *

Fransanın Xalq Hərəkatı Birliyi Partiyasından (UMP) ermənilərin köməyi ilə Milli Assambleyaya deputat seçilən Valeri Boyer öz havadarlarına borclu qalmamaq və 2012-ci ilin yazında keçiriləcək parlament seçkilərində yenə ermənilərin dəstəyini qazanmaq məqsədilə qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza tətbiq edilməsinin qanun şəklini alması üçün onun müzakirəyə çıxarılmasına nail olmuşdur.

Milli Assambleyanın dekabrın 22-də keçirilən yığıncağında Valeri Boyerbu məsələdə onunla həmfikir olan deputatların səs verməsi ilə "erməni soyqırımı"nın inkarına görə insanlara bir il həbs cəzası verilməsi və ya 45 min avro cərimə ödənilməsi ilə bağlı qanun qəbul  edilmişdir.

Təklifinin Milli Assambleyada qəbul edilməsindən, bununla da iki böyük dövlət arasında gərginlik yaratmasından ruhlanan Valeri Boyer növbəti qərəzli ("Ermənistan xəbərləri" jurnalı, 23 dekabr) çağırış səsləndirmişdir.

Ermənipərəst deputat bu gün qələbə qazandığını açıq şəkildə bildirmişdir. Xidmətlərinə görə ermənilərin sevimlisinə çevrilmiş bu "xanım" öz qələbəsindən ruhlanaraq daha qızışdırıcı mövqe tutmuş, qərəzli çağırış səsləndirməkdən belə çəkinməmişdir: "Qazanılmış uğurdan arxayınlaşıb əlləri yana salmaq vaxtı deyil. Çünki döyüş davam edir. Əlbəttə, bu döyüş Senatda daha ağır və çətin olacaqdır. İnkarla bağlı qanunun Senatda keçməməsi üçün güclü təzyiqlər göstəriləcəkdir. Ona görə də mən erməni icmasını öz güc və səylərini ikiqat artırmağa, hər bir senatorla təklikdə əlaqə saxlamağa, sosial şəbəkələrdən istifadə etməyə çağırıram".

"Xanım" deputat hətta bir qədər irəli gedərək uzaqgörənlik etməkdən çəkinməyərək Senatda müzakirə olunacaq qanun layihəsinə heç bir düzəliş edilməyəcəyi, əgər hər hansı cüzi dəyişiklik olarsa,  bunun böyük əks-səda doğuracağı kimi fikirlər səsləndirmişdir.

Dəfələrlə qərəzli çıxışlarında Türkiyəyə qarşı düşmənçilik münasibətini gizlətməyən V.Boyer Milli Assambleyada Fransa-Ermənistan dostluq qrupunun sədri Fransua Roşebluanın müavinidir. Bu o Fransua Roşebluandır ki, Avropa Şurası Parlament Assambleyasının sessiyalarında istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı qərəzli çıxışları ilə ad çıxarmışdır.

V.Boyer Türkiyənin Avropa İttifaqına daxil olmasının qəti əleyhdarı kimi də tanınmışdır. Parisdən sonra ermənilərin daha sıx yaşadıqları Marsel şəhərinin erməni merininmüavini olan V.Boyer  coğrafiya fənnindən "güclü biliyini" nümayiş etdirərək Türkiyənin Avropa qitəsində yerləşmədiyini bəhanə gətirmişdir.

Valeri Boyer avqust ayında Azərbaycan hökumətinin icazəsi olmadan onun erməni işğalı altındakı ərazisi Dağlıq Qarabağa səfər etmiş, bununla da beynəlxalq hüquq normalarını ciddi şəkildə pozmuşdur. Ona görə də bir neçə həmfikir olduğu deputatla icazəsiz səfər etdiyinə görə ölkəmiz üçün arzuedilməz şəxs hesab olunmuşdur.

Vaxtilə ermənilərin yardımı ilə Milli Assambleyaya deputat seçilən Valeri Boyer gələn il də bu şansı əldən verməmək və yenidən  deputat seçilmək üçün ermənilərdən yararlanmağa səy göstərir. Amma onun ermənilərə göstərdiyi canfəşanlıq nə vaxtsa nəticəsiz qalacaqdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

              Daşkənd

 

 

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Fransa parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi biabırçı qərarı kəskin surətdə pisləyir. Bununla bağlı AMM bəyanat yaymışdır.

Bəyanatda deyilir ki, Fransa Milli Assambleyasının qondarma  "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə əlaqədar qəbul etdiyi qərar ədalətsizdir. 1915-ci il hadisələrindən 100 il keçir. Özübu qarşıdurmada türklər ermənilərdən daha çox həlak olmuş və vəhşicəsinə qətlə yetirilmişlər. O vaxt hadisələrin baş verdiyi ərazilərdə cəmi 500 min erməni yaşamışdır. Əgər Fransa Milli Assambleyası həqiqət axtarırsa, onda 20 il bundan əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə niyə maraqlanmır?! Xocalı qətliamında günahsız uşaqlar, qadınlar, qocalar vəhşicəsinə qətlə yetirilmiş, südəmər körpələr anaların gözləri qarşısında süngülərə taxılmışlar. Məgər Fransa parlamentinin üzvləri bunları bilmir?! Əksinə, çox yaxşı bilirbaşa düşmək istəmirlər ki, bu cür məsələlərlə tarixçilər məşğul olmalı, həqiqəti məhz onlar üzə çıxarmalıdırlar. Məhz siyasətçilər tarixlə məşğul olanda belə etimadsızlıq və anlaşılmazlıq yaranır ki, bu da dövlətlərarası münasibətlərə xələl gətirir.

AMM-in sədri Mobil Məmmədov bildirmişdir ki, bəyanat media orqanlarına və Fransanın Özbəkistandakı səfirliyinə də təqdim ediləcəkdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

 

 

 

Bakı

 

Avropa Azərbaycanlıları Konqresi (AAK) Fransa Prezidenti Nikola Sarkoziyə müraciət etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, müraciətdə vurğulanır ki, Fransanın aşağı palatası - Milli Assambleyanın qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza tətbiq olunması ilə bağlı qəbul etdiyi qərar söz və ifadə azadlığını kobud surətdə pozur.

Bu qanunla birinci növbədə fransız xalqının sözfikir azadlığına son qoyulmuş, Fransa dövlətinin prinsipləri ayaqlar altına atılmışdır.

"Biz Avropa Azərbaycanlıları Konqresi olaraq bu qanunun qəbul edilməsini kəskin şəkildə pisləyir və etirazımızı bildiririk. Bu qanunun qəbul edilməsi ilə tarix saxtalaşdırılmış, xalqlar arasında kin, nifrət, intiqam və düşmənçilik toxumu səpilmiş, dünyada əmin-amanlığın bərqərar olunmasına ağır zərbə vurulmuşdur. Bu qanun nə Ermənistana, nə Türkiyəyə, nə də Azərbaycana fayda gətirəcəkdir. Bu yolla Qafqazda sülh əldə olunmayacaqdır", - deyə müraciətdə qeyd olunmuşdur.

Müraciətin müəllifləri Fransa Prezidentinə 20 il əvvəl bütün dünyanın gözləri önündə baş vermiş və faktları, şahidləri olan soyqırımını xatırladaraq bildirmişlər ki, Ermənistan prezidenti Serj Sarkisyanın bilavasitə özünün iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı qətliam törədilmişdir. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Fransanın da üzv olduğu ATƏT-in Minsk qrupu məsələni sülh yolu ilə həll etmək üçün fəaliyyət göstərsə də, bugünə qədər nə işğala son qoyulmuş, nə də qatillər cəzalandırılmışdır.

"Avropa Azərbaycanlıları Konqresi olaraq Sizdən və ATƏT-in Minsk qrupunun üzvü olan Fransa dövlətindən Xocalıya ədalətin təmin olunmasını tələb edirik. Sülh ədalətsizlik və hüquqsuzluq üzərində qurula bilməz", - deyə müraciətdə vurğulanmışdır.

 

* * *

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsini kəskin surətdə pisləyir.

AzərTAc xəbər verir ki, onlarla Azərbaycan diaspor təşkilatı  parlamentin bu qərarına etiraz əlaməti olaraq Fransa Milli Assambleyasının, Fransa Senatının prezidentlərinə, həmçinin Fransa Prezidenti Nikola Sarkoziyə müraciət ünvanlayaraq bu addımın Fransanın imicinə mənfi təsir göstərdiyini bəyan etmişlər.

Müraciətlərdə 1915-ci ildə baş vermiş hadisələrin tarixçilər tərəfindən araşdırılmasının vacibliyi qeyd olunmuşdur.

Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının müraciətində qeyd olunmuşdur ki, qondarma "erməni soyqırımı" siyasi deyil, tarixi məsələdir. Türkiyə dövləti hər zaman tarixi arxivləri açmağa, elm adamlarını bu məsələyə cəlb etməyə, həqiqətləri ortaya çıxarmağa hazır olduğu halda, Fransanın Türkiyəni ittiham etmək cəhdləri heç bir məntiqə sığmır.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Fransa parlamentinin bu qərarının insanların söz və ifadə azadlığının kobud şəkildə pozduğunu sayırlar. Azərbaycan diaspor təşkilatlarının bəyanatlarında vurğulanmışdır ki, dünyanın heç bir ölkəsində, hətta insan hüquqları pozulan dövlətlərdə belə vətəndaşına başqa bir xalqın tarixi ilə bağlı şahidi olmadığı və ya doğruluğu sübut olunmayan bir faktı inkar etdiyinə görə azadlıqdan məhrumetmə və ya cərimə cəzası tətbiq olunmur. Bu, Fransa dövləti və parlamenti üçün çox böyük rəzalət və biabırçılıqdır.

Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar tərəfindən Fransa Milli Assambleyası və Senatının prezidentlərinə ünvanlanmış müraciətlərdə qondarma "erməni soyqırımı" əvəzinə 20 il əvvəl ermənilərin törətdikləri Xocalı soyqırımını müzakirə etmək tövsiyə olunur. "ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa 1992-ci ildə ermənilər tərəfindən Xocalıda dinc sakinlərə, o cümlədən yaşlılara, qadın və uşaqlara qarşı törədilmiş soyqırımı müzakirə etmək əvəzinə, erməni yalanlarına uyaraq özünü nüfuzdan salır", - deyə müraciətlərdə qeyd edilmişdir.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin yaydığı bəyanatda isə əsl soyqırımına türklərin özlərinin məruz qaldığı vurğulanmışdır. "Anadoluda, Qafqazda, Azərbaycanda ermənilərin zülmünə məruz qalmayan ailə yoxdur. Əsl soyqırımı Ermənistan etmişdir", - deyə bəyanatda vurğulanmışdır.

Azərbaycan diaspor təşkilatları Fransa parlamentinin qəbul etdiyi qərarın təkcə Türkiyə deyil, digər türkdilli xalqlara qarşı da həqarət olduğunu hesab edirlər.

Diaspor təşkilatları tərəfindən etiraz bəyanatlarının verilməsi davam edir. Müraciət və bəyanatların müəllifləri 2007-ci ilin martında Bakıda qəbul olunmuş "Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət Strategiyası"na uyğun olaraq dünyadakı 100 milyonlarla azərbaycanlı, türk və digər türkdilli xalqların nümayəndələrinin Fransa parlamentinin qəbul etdiyi söz və ifadə azadlığını, sərbəst fikir bildirmək hüququnu kobud surətdə pozan ədalətsiz qanuna qarşı genişmiqyaslı kampaniya aparacaqlarını bəyan edirlər. Onlar bu biabırçı qərara qarşı etirazlarını bəyanatlarla məhdudlaşdırmayacaqlarını, kütləvi aksiyalar keçirəcəklərini bildirirlər.

 

Azərbaycan.-2011.-27 dekabr.-S.9.