Prezident İlham Əliyev Uşaq Nevroloji Xəstəxanasında

 əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış

 şəraitlə tanış olmuşdur

 

 

Dekabrın 27-də Bakıdakı Uşaq Nevroloji Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxanada yaradılmış şəraitlə tanış olmuşlar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına və xanımına xəstəxana ilə bağlı məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk dəfə 1969-cu ildə uşaq nevroloji kursları açılmışdır. Sonradan həmin kurslar əsasında 150 çarpayılıq xəstəxana yaradılmışdır. 1980-ci ildə isə əməkdar elm xadimi, professor Törə Qədirovanın təşəbbüsü və ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Uşaq Nevroloji Xəstəxanası üçün 300 çarpayılıq yeni bina tikilmişdir. Xəstəxananın açılış mərasimində ulu öndər Heydər Əliyev iştirak etmişdir.

Prezident İlham Əliyev və xanımı foyedə ulu öndər Heydər Əliyevin iştirakı ilə xəstəxananın 1980-ci ildə açılışını, eləcə də dövlət başçısının və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafındakı xidmətlərini əks etdirən fotolara baxdılar.

Məlumat verildi ki, SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda istifadəyə verilən Uşaq Nevroloji Xəstəxanasında ötən müddətdə bir neçə dəfə təmir işləri aparılsa da, son dövrlərdə bina yararsız vəziyyətə düşmüşdü. Ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsinə dair dövlət proqramlarına uyğun olaraq xəstəxananın altımərtəbəli binasında bu ilin fevralında başlanılmış əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə yerinə yetirilmişdir.

Dövlət başçısı və xanımı xəstəxananın birinci mərtəbəsindəki kompyuter tomoqrafiyası kabineti ilə tanış oldular. Bildirildi ki, burada quraşdırılan müasir avadanlıq tez və dəqiq diaqnoz qoymağa imkan verəcəkdir. Birinci mərtəbədə həmçinin intensiv terapiya palatası, ultrasəs müayinəsi, exokardioqramma, qanalma otaqları, oftalmologiya, elektroensefaloqrafiya - beyin rentgeni kabinetilaboratoriyalar fəaliyyət göstərir.

Altıncı mərtəbədəki müalicə-bərpa şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, burada ayrıca müalicə-bədən tərbiyəsi salonu yaradılmışdır. Lazımi avadanlıqla təchiz edilən salonda uşaqlar sağlamlıqlarını bərpa edəcəklər. Burada həmçinin psixoloq otağı, tibb bacısı kabineti, müayinə otaqları və inzibati otaqlar, eləcə də müxtəlif tədbirlərin keçirilməsi üçün 60 nəfərlik akt zalı vardır. Masajfizioterapiya kabinetlərindəki avadanlıq da ən son texnologiyalara uyğundur.

Sonra dövlət başçısı və xanımı ikinci mərtəbədəki intensiv terapiya şöbəsində yaradılan şəraitlə maraqlandılar. Bildirildi ki, burada əsasən ağır xəstəliklərin müalicəsi üçün müasir kardiomonitor, süni tənəffüs aparatı, defibrillyatorsair avadanlıq quraşdırılmışdır.

Qeyd olundu ki, tibb ocağının üçüncü mərtəbəsində ümumi nevroloji, dördüncü mərtəbədə isə neyroneatoloji - yeni doğulan uşaqların patologiyası şöbəsi yerləşir. Xəstəxanada gündüz stasionar şöbəsi də fəaliyyət göstərəcəkdir.

Bütün otaqlarpalatalar uşaqların zövqünə uyğun tərtib olunmuşdur. Balacaların müayinəsi və müalicəsi zamanı onların əyləncəsi, rahat qidalanmaları da nəzərə alınmışdır. Nevroloji qüsurları olan uşaqların müayinəsi və müalicəsi burada yüksək səviyyədə həyata keçiriləcəkdir.

Vurğulandı ki, 80 çarpayılıq bu müasir tibb ocağında xəstələrə 65-i həkim olmaqla 250-dən çox tibbi heyət xidmət göstərəcəkdir.

Xəstəxanada yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tapşırıq və tövsiyələrini verdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2011.-28 dekabr.-S.1.