Prezident İlham
Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə
İnstitutunun əsaslı təmirdən
sonrakı vəziyyəti ilə
tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 27-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşlar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat verdi ki, görkəmli ictimai-siyasi xadim, mahir elm təşkilatçısı Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ölkəmizdə və qonşu respublikalarda işləyən həkimlərin diplomdan sonrakı hazırlığına böyük ehtiyac duyulduğundan 1935-ci ilin noyabrında yaradılmışdır. İnstitutun təşkilində azərbaycanlı mütəxəssislərlə yanaşı, Rusiyanın bir sıra alimləri də yaxından iştirak etmişlər.
Bildirildi ki, bu institutun tarixinin bir çox şanlı səhifələri görkəmli alim Əziz Əliyevin adı ilə bağlıdır. Əziz Əliyev 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. 1962-ci il sentyabrın 27-də institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə instituta tanınmış ictimai-siyasi xadim, elm təşkilatçısı Əziz Əliyevin adı verilmişdir.
İnstitut yarandığı ilk gündən respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssisləri hazırlamışdır və bu iş indi də davam edir.
Hazırda institutun əməkdaşlarının sayı 427 nəfərdir. İnstitutun professor-müəllim heyəti arasında Azərbaycan, Rusiya və digər xarici ölkələrin elmlər akademiyalarının həqiqi, müxbir və fəxri üzvləri, 34 elmlər doktoru, 127 elmlər namizədi, 7 nəfər əməkdar elm xadimi, 7 nəfər əməkdar həkim vardır.
Binada rektorluq, üç dekanlıq, 30 kafedra, 130 çarpayılıq cərrahiyyə klinikası, tədris şöbəsi, tədris-metodiki şöbə, mərkəzi elmi-tədqiqat laboratoriyası, rezidentura, elmi-tədris məlumat şöbəsi, elmi kitabxana və yataqxana fəaliyyət göstərir. Binanın əsaslı təmirinə 2010-cu ildən başlanmış, burada yüksək standartlara cavab verən iş şəraiti yaradılmışdır. Foyedə görkəmli dövlət xadimi, professor Əziz Əliyevin büstü qoyulmuş, həyat və fəaliyyətinə həsr olunan muzey fəaliyyət göstərir.
Məlumat verildi ki, bu institutun fəaliyyəti ulu öndərin respublikamıza rəhbərliyi dövründə daha uğurlu olmuşdur. Akademik Zərifə xanım Əliyeva institutun inkişafına əvəzsiz töhfələr vermişdir.
Qeyd olundu ki, il ərzində bu institutda 5 min 162 müdavim 236 kursda təkmilləşdirmə, ixtisasartırma və yenidən hazırlanma keçmişdir. İnstitutda 23 mövzu üzrə elmi-tədqiqat işləri aparılır.
Bina ilə
tanışlıqdan sonra dövlət başçısı
institutun kollektivi ilə görüşdü.
Prezident
İlham ƏLİYEV institutun
kollektivini salamlayaraq dedi:
- Həkimləri Təkmilləşdirmə
İnstitutunun əsaslı
təmirdən sonra açılışı münasibətilə
sizi təbrik edirəm. Çox gözəl hadisədir.
Çox
gözəl təmir olunub. Ən müasir şərait
yaradılıbdır.
Yadımdadır, bir müddət bundan əvvəl mənə məlumat gəldi ki, bu institutun təmirinə
böyük ehtiyac vardır. Dərhal göstəriş verdim, vəsait ayrıldı və qısa müddət ərzində institut yeni görkəm aldı. Çox gözəl, yaraşıqlı,
işıqlı, rahat
institut yaradılıbdır.
Burada işləyənlər, burada
gəlib biliklərini
artıranlar üçün
çox gözəl,
müasir şərait
yaradılmışdır. Bu, məni çox
sevindirir.
Hər bir tibb ocağının tikilməsi, yenidən qurulması məni sevindirir. Xüsusilə, bu institut.
Çünki bu institut
1962-ci ildən mənim
babam Əziz Əliyevin adını daşıyır. O, bu
institutda rektor vəzifəsində işləyibdir.
İnstitutun formalaşmasında, burada gözəl ənənələrin yaradılmasında
onun çox böyük dəstəyi
olmuşdur.
Əziz Əliyev həm gözəl peşəkar
həkim, həm təşkilatçı, həm
dövlət xadimi idi. Onun çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm Azərbaycandan kənarda yüksək qiymətləndirilirdi.
İkinci dünya müharibəsi
zamanı - 1940-cı illərin
əvvəllərində o, Dağıstana ezam edilmişdir. Dağıstanın rəhbəri vəzifəsində
işləmişdir. Orada gördüyü
işlər hələ
də onu tanıyanların və onun haqqında eşidənlərin qəlbində
yaşayır. Çox gözəl,
təvazökar, xeyirxah
insan idi. Əlbəttə, Azərbaycanda tibb
elminin inkişafında,
səhiyyə sisteminin
təkmilləşdirilməsində onun çox böyük zəhməti,
fəaliyyəti olmuşdur.
Bu institutun çox
böyük funksiyaları,
böyük rolu vardır. Burada həkimlər biliklərini
artırırlar, artırmalıdırlar.
Buna böyük ehtiyac vardır. Xüsusilə, indiki zəmanədə
ki, Azərbaycanda səhiyyə sahəsində
çox böyük islahatlar aparılır, yeni, gözəl müəssisələr, tibb
müəssisələri açılır.
Mən təkcə
bu gün, bu gözəl institutun və ondan əvvəl Uşaq Nevroloji Xəstəxanasının təmirdən
sonra açılışında
iştirak edirəm. Diaqnostika mərkəzi
əsaslı təmirdən
sonra açılışa
hazırdır.
Demək olar ki, elə
ay yoxdur ki, Azərbaycanın hansısa
bölgəsində yeni
tibb müəssisəsi
yaradılmasın, yaxud
da təmirdən sonra açılmasın. Həm bölgələrdə,
həm Bakıda bütün tibb infrastrukturumuzu, maddi-texniki
bazanı yeniləşdiririk,
möhkəmləndiririk, yeni
xəstəxanalar tikilir,
yeni avadanlıq gətirilir. Bu gün Azərbaycanın xəstəxanalarında quraşdırılan
avadanlıq dünyanın
aparıcı klinikalarında
olan avadanlıqdan geri qalmır. Yəni, bu avadanlıqla işləyən insanların
peşəkarlığı artmalıdır.
İndi dünya tibb elmində çox böyük inkişaf, böyük irəliləyiş
vardır. Əvvəlki dövrdə müalicə
olunmayan xəstəliklər
indi müalicə edilir. Həkimlərimiz də gərək
öz biliklərini artırsınlar, beynəlxalq
əlaqələr daha
da gücləndirilməlidir.
Bu institutda mühazirə
oxumaq üçün
xaricdən aparıcı
tibb mərkəzlərindən
qonaqlar dəvət edilməlidir. Bildiyimə
görə, bu proses artıq başlanmışdır. Biz elə etməliyik ki, Azərbaycan həkimləri artıq yaradılan müasir şəraitə uyğun
fəaliyyət göstərsinlər.
Biz yeni avadanlıqla
yeni şəraitdə
işləməyi, tibb
elminin yeniliklərini bilməliyik. Xəstələrə çox gözəl xidmət göstərilməlidir.
Bu institutun Azərbaycanda
səhiyyə sahəsində
aparılan islahatların
dərinləşməsi üçün
çox böyük rolu vardır. Burada öz
biliklərini təkmilləşdirən
həkimlər qayıdıb
öz xəstəxanalarında
daha da uğurla
və peşəkarlıqla
xidmət etməlidirlər.
Səhiyyə sahəsində aparılan
islahatlar təkcə Azərbaycanda deyil, dünyada da artıq yüksək qiymətləndirilir. Bu yaxınlarda
Dünya Səhiyyə
Təşkilatının xətti
ilə Bakıda keçirilən böyük
tədbirdə bu qiymətlər səslənmişdir,
statistik göstəricilər
də onu göstərir. Uşaq, ana
ölümü azalır,
insanların ömrü
uzanır. Əlbəttə, bunu şərtləndirən
müxtəlif amillər
vardır. İnkişaf etmiş ölkələrdə
də tibbi xidmət və tibbi qulluq insanın
ömrünü uzadan
ən vacib amillərdən biridir.
Azərbaycanda da bu göstəricilər yaxşılaşır.
Elə etməliyik ki, bu, daha da
yaxşı olsun.
Ona görə, diaqnozun düzgün qoyulması, müayinədən
insanların mütəmadi qaydada
keçməsi - bütün
bu məsələlər
çox vacibdir. İnsanların müalicəsi və
sağalması üçün
biz əlimizdən gələni
etməliyik.
Azərbaycan dövləti bu məsələləri diqqət
mərkəzində saxlayır. İldən-ilə səhiyyə məsələlərinə
ayrılan xərclər
artır. Halbuki etiraf
etməliyəm ki, istədiyimiz səviyyədə
deyil, daha da artmalıdır. Hələ ki, bu göstəriciyə
görə biz inkişaf
etmiş ölkələrdən
geri qalmışıq.
Ancaq biz tədricən bunu aradan qaldıracağıq.
Bizim maliyyə, maddi imkanlarımız artdıqca,
əlbəttə, səhiyyə
sahəsinə daha da çox investisiyalar
qoyulacaqdır. Ancaq
əgər müqayisə
aparsaq, görərik ki, son bir neçə
il ərzində
səhiyyəyə ayrılan
vəsait dəfələrlə
artmışdır. Əsas odur
ki, bu vəsaitdən
səmərəli istifadə
olunsun. Həm infrastruktur, maddi-texniki
baza möhkəmlənsin,
həm xidmət, peşəkarlıq lazımi
səviyyədə olsun.
O ki qaldı, müasir avadanlığa,
bundan sonra da biz Azərbaycana ən müasir cihazları gətirəcəyik.
Mən sizi bir daha bu
gözəl hadisə
münasibətilə təbrik
etmək istəyirəm. Burada olan
əvvəlki vəziyyəti
siz məndən yaxşı bilirsiniz.
Mən təqribən
iki il
bundan əvvəl buradakı vəziyyətlə
tanış olmuşam.
Görmüşəm ki, bu vəziyyət dözülməzdir,
böyük təmirə
ehtiyac vardır.
Göstəriş verdim ki, təmir yüksək səviyyədə aparılsın.
Əminəm ki, siz də burada yaradılan şəraitdən
razısınız. Burada işləmək
üçün çox
gözəl şərait
vardır. Arzu edirəm
ki, yaxşı işləyəsiniz və
Azərbaycan səhiyyəsini
qabağa aparasınız.
Bir daha təbrik edirəm.
İnstitutun əməkdaşı Təranə İBADOVA burada
yaradılan şəraitə
görə dövlət
başçısına kollektiv
adından minnətdarlığını
bildirərək dedi:
- Möhtərəm Prezident,
icazə verin, Sizə bu möhtəşəm,
gözəl, müasir
binaya görə institutumuzun əməkdaşları
adından dərin minnətdarlığımızı bildirək. Əziz Əliyevin adı
bizə çox doğmadır. Çünki institutumuzun birinci çiçəklənən dövrü
məhz onun adı ilə bağlıdır. O, öz
böyük təşkilatçılıq
qabiliyyətindən istifadə
edərək institutun
maddi-texniki bazasını
yaratmışdır.
İnstitutumuzun ikinci inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd etmək
istərdik ki, bu tədris binası məhz ulu öndər hakimiyyəti dövründə
inşa olunmuşdur.
İnstitutumuzun inkişafında böyük rol oynamış akademik Zərifə xanım Əliyevanın da xidmətləri unudulmazdır.
Bu gün ölkəmizin
bütün sahələrində
inkişaf gedir. Səhiyyə sahəsi kimi tibbi təhsil də təkmilləşmiş
və inkişaf etmişdir. Tibbi təhsilin dünyaya
inteqrasiyası bizim institutun aktuallığını
bir qədər də artırmışdır.
Biz həkimlərin əhaliyə
yüksək səviyyədə
səmərəli və
keyfiyyətli xidməti,
cənab Prezident, məhz Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın adı ilə bağlıdır.
Cənab
Prezident, icazə verin, bir daha
Sizə və Mehriban xanıma minnətdarlığımızı bildirək. Hər zaman Sizin qayğınızı
hiss edirik. Qarşıdan
gələn Yeni ildə Sizlərə can sağlığı, ailə
səadəti və işlərinizdə müvəffəqiyyət
arzu edirik. Biz Sizinlə fəxr edirik, cənab Prezident!
Prezident
İlham ƏLİYEV:
- Çox sağ
olun. Sizi də qarşıdan gələn Yeni il bayramı,
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
münasibətilə təbrik
edirəm. Sağ olun.
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2011.-28
dekabr.-S.1-2.