Dekabrın 27-də Respublika
Diaqnostika Mərkəzinin
əsaslı təmir və yenidənqurmadan
sonra açılışı olmuşdur
Prezident İlham Əliyev
açılışda iştirak etmişdir
Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
açılışda iştirak etmişlər.
Səhiyyə
naziri Oqtay Şirəliyev məlumat verdi ki, Respublika Diaqnostika
Mərkəzi dünyada mövcud ən son texnoloji nailiyyətlərə
əsaslanan avadanlıq və cihazlarla təchiz olunmuşdur.
Burada ümumi havalandırma, mərkəzləşdirilmiş
oksigen və azot qazları sistemi yaradılmışdır ki,
bunun köməyi ilə istənilən anda hər bir
otağı intensiv terapiya palatasına çevirmək
mümkündür. Mərkəzdə endoskopik diaqnostika
şöbəsi, həmçinin cərrahiyyə və
reanimasiya şöbələri yaradılmışdır. Cərrahiyyə
şöbəsində alman texnologiyası ilə
"ağıllı" əməliyyat otağı
quraşdırılmış, onun sistem və proqram təminatı
da Almaniyadan idxal olunmuşdur. Cərrahiyyə
otaqlarının hamısı LED lampaları ilə
işıqlandırılıb. Burada
quraşdırılmış videokameralarla telemetriya məqsədilə
videoçəkiliş aparılır ki, bu da əməliyyat
gedərkən ona on-layn rejimdə xaricdə baxmağa və
xarici mütəxəssislərlə məsləhətləşmələr
keçirməyə imkan verir. Cərrahiyyə otaqları
yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan
stollarla, narkoz aparatları ilə təchiz olunub. Burada
müasir laparoskopik cihazların
quraşdırıldığı endoskopik cərrahiyyə
otağı da fəaliyyət göstərir. Reanimasiya
şöbəsi isə mərkəzləşmiş monitor
sistemi ilə təchiz edilibdir. Bu şöbədə xaricdə
istehsal olunan yüksək səviyyəli süni tənəffüs
aparatları, defibrilyatorlar və xəstəyə təcili
yardım göstərmək üçün digər cihazlar
da vardır.
Mərkəzin
mama-ginekoloji şöbəsində iki doğuş zalı, bir
cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir.
Buradakı doğuş otaqlarından birində Azərbaycanda
ilk dəfə xüsusi suda doğuş vannası
quraşdırılıb. Neonatoloji bölmə ən son
texnoloji cihazlarla təchiz edilib. Mərkəzin stasionar
şöbəsində 70-ə yaxın birnəfərlik palata
yaradılıb.
İkinci mərtəbədə poliklinika yerləşir. Burada LOR otağında və audiokabinetdə eşitmə problemləri olan insanlara yüksək səviyyəli tibbi xidmət göstəriləcəkdir. Kardiologiya şöbəsi, nevrologiya və oftalmologiya kabinetləri də müasir tibbi avadanlıqla təchiz edilibdir. Poliklinika şöbəsində son diaqnostik aparatlarla təmin olunmuş ümumi terapevtik, endokrinoloji, uroloji, ginekoloji, pediatrik, cərrahi kabinetlər fəaliyyət göstərir. Mərkəzin radiologiya şöbəsində quraşdırılan 256 kəsikli nadir kompyuter tomoqrafiya cihazı postsovet məkanında ikinci, Cənubi Qafqazda isə ilk və yeganə belə aparatdır. Radiologiya şöbəsində, həmçinin çox yüksək texnologiyalı və müasir proqram təminatlı maqnit rezonans tomoqrafı da fəaliyyət göstərəcəkdir. Nadir rentgenoqrafiya aparatı ilə bütün onurğa sütununu birdəfəyə müayinə edib qrafik çəkilişini almaq mümkündür. 4D ölçülü son model ultrasəs müayinə aparatı ölkədə bənzəri olmayan yüksək proqram təchizatı ilə təmin edilib.
Bununla yanaşı, mərkəzin hər iki binasını birləşdirən vakuum poçt sistemi də yaradılıb, bütün şöbələr arasında təcili analiz və sənəd daşımaları onun vasitəsilə aparılır. Burada, həmçinin Almaniya istehsalı olan mərkəzi sterilləşdirmə sistemi də quraşdırılıbdır. Mərkəzin ikinci korpusunda Azərbaycanda ilk və yeganə tam avtomatlaşdırılmış laboratoriya yerləşir. Laboratoriyada ümumi klinik, bakterioloji, PSR analizlər aparılır. Buradakı genetik laboratoriyada dölün prenatal müayinəsi həyata keçirilir ki, bu da irsi xəstəliklərin profilaktikası məqsədi ilə tibbi genetik məsləhətlər üçün önəmlidir.
Mərkəzin hər mərtəbəsində həm tibbi heyət, həm də xəstələr üçün iki yeməkxana otağı da istifadəyə verilmişdir. Səhiyyə ocağında müxtəlif tədbirlər keçirmək üçün böyük konfrans zalı da vardır.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2011.-28 dekabr.-S.2.