Milli birlik və həmrəyliyə xidmət edən hüquqi islahatlar

 

 

Tarixən xalqlarının taleyində mühüm rol oynamış siyasi liderlər həm də kütlələri ardınca aparmaq, sosial mübahisələrin həllində arbitr qismində çıxış etmək, xalqın mənəvi bütövlüyünə nail olmaq keyfiyyətləri ilə seçilmişlər. Belə seçilmiş liderlər siyasəti ilk növbədə cəmiyyətin ayrı-ayrı təbəqələrini inandıraraq nəcib amallar naminə bir araya gətirmək, ictimai şüurda pozitiv dönüş yaratmaq vasitəsi kimi dəyərləndirmişlər. Bu prizmadan Azərbaycan Prezidenti İlham Əliyevin ötən 8 illik siyasətinin də cəmiyyətdə milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini əminliklə söyləmək olar.

Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüşdür. Eyni zamanda, cənab İlham Əliyev ulu öndərin ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini inamla davam etdirmiş, bu siyasi xətti özünün konkret siyasi gedişləri ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Millətə və dövlətə təmənnasız xidmət məramına əsaslanan bu fəaliyyətin qayəsində həm də yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlər dayanmışdır.

Ümumilikdə ötən 8 ildə ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmini, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardır. Dövlətə qarşı ağır cinayətlərdə iştirak etməsinə rəğmən, adı qərəzli şəkildə qondarma siyasi məhbus siyahılarına salınan cinayətkarların əfv olunması böyük qəlbin və humanizmin nişanəsi, cəmiyyətdə iqtidar əleyhinə qeyri-sivil mübarizəni dövlətçiliyə qarşı məkrli fəaliyyətə çevirən nihilist və inkarçı insanlara milli barış mesajıdır. Azadlığa qovuşmuş məhkumlar arasında vaxtilə ağır dövləti cinayətlər törətmiş bir sıra şəxslərin olması Prezident İlham Əliyevin ölkə vətəndaşlarına münasibətdə heç bir fərqə, ayrı-seçkiliyə yol vermədiyini, əfv siyasətinin hansısa siyasi mülahizələr əsasında həyata keçirilmədiyini əminliklə söyləməyə əsas verir. Dövlət başçısı ağır dövləti cinayətlərdə iştirak etmiş bir sıra şəxsləri bağışlamaqla həm də seçkiqabağı platformasında irəli sürdüyü siyasi barışıq və həmrəylik ideyasını əməli surətdə həyata keçirir.

Dövlət başçısının ötən 8 ildə qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etməsi eyni zamanda onun yüksək humanizminin ifadəsidir. Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu bu siyasətin varisliyini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ötən dövrdə əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini də təmin etmişdir. Dövlət başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır. Azərbaycan Prezidentinin ötən 8 ildə 15 əfv fərmanı imzalaması, 3000-ə yaxın məhkumu cəzasının çəkilməmiş hissəsindən tamyaxud qismən azad etməsi olduqca böyük göstəricidir. Bu, son 15 ildə Azərbaycanda əvf olunmuş məhkumların təxminən 60 faizini təşkil edir. Eyni zamanda bu, respublikada insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları da bunu açıq etiraf edərək cənab İlham Əliyevin insanpərvər dövlət başçısı olduğunu bildirir.

Ümumilikdə təcrübə göstərir ki, hər hansı ölkədə milli barış və həmrəylik mühitinin formalaşması və möhkəmlənməsi üçün ölkədə qanunçuluğun təminatı vacib amillərdən biridir. Milli mənafelərə əsaslanan həmrəylik kursunu son 8 ildə inamla davam etdirərək yeni dövrün tələblərinə uyğun zənginləşdirən dövlət başçısı İlham Əliyev müstəqil dövlətin yaşaması və inkişaf etməsi üçün ilk növbədə hüquqi dövlətin yaradılmasına, demokratikləşmə xəttinin daha da dərinləşdirilməsinə xidmət edən genişmiqyaslı islahatlar həyata keçirir. Azərbaycanda siyasihüquqi mühitin, qanunvericilik sisteminin liberallaşdırılması, dövlətin daxili siyasətində insan və vətəndaş amilinin həssaslıqla önə çəkilməsi, hər bir vətəndaşın qanuni mənafeyinin təmini sahəsində həyata keçirilən tədbirlər ölkəyə inamla rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyevin qloballaşma dövrünün reallıqlarına uyğun rasional siyasət yürüdən demokratik ruhlu lider olduğunu təsdiqləyir. Bu sahədə həyata keçirilən islahatlar mahiyyət etibarilə respublikada demokratikləşmə proseslərinin daha da sürətləndirilməsinə, vətəndaş cəmiyyəti təsisatlarının gücləndirilməsi yolu ilə hakimiyyət üzərində ictimai nəzarətin təminatına xidmət edir.

Dövlət başçısı İlham Əliyev prezidentlik səlahiyyətlərinin icrasına başladığı ilk gündən bildirmişdir ki, demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm şərti, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin başlıca təmini vasitəsidir. Bu yolla irəliləyən dövlətlərin mütləq əksəriyyətində ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi, insanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə əməl olunması milli birliyi, həmrəyliyi təmin etmişdir.

Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Müasir politoloji nəzəriyyələr də birmənalı təsdiqləyir ki, hər bir dövlətdə demokratikləşmə prosesinin inamla həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təmini üçün ilk növbədə insan azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Son 8 ildə milli iqtisadiyyatda qazanılmış makroiqtisadi nəticələrin qorunub saxlanılması baxımından demokratik inkişafı olduqca vacib sayan dövlət başçısı İlham Əliyev hüquqi islahatları uğurla davam etdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatına da ciddi məsələ kimi yanaşır. İqtisadi inkişaf və demokratikləşmə prosesinin geniş vüsət almasının, dövlətçilik sütunlarının kifayət qədər möhkəmlənməsinin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyevin siyasətində insan amili parlaq şəkildə önə çıxmışdır.

2003-cü ildən uğurla gerçəkləşdirilən hüquqi islahatlar ölkənin məhkəmə, ədliyyə, polis, prokurorluq orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının daha etibarlı təminatına imkan yaradan çevik mexanizmlərin formalaşdırılmasına xidmət etməklə, respublikamızın beynəlxalq imicini daha da yüksəltmişdir. Cənab İlham Əliyev qanunvericilik təşəbbüsü əsasında xüsusən də məhkəmələrin cəmiyyətdə inametimad qazanmasına, nüfuzlu təsisat kimi formalaşmasına xidmət edən bir sıra qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərmiş, onların yeni dövrün tələblərinə uyğunlaşdırılmasını vacib saymışdır.

Dövlətin iqtisadi imkanlarının daha da genişləndiyi son illərdə məhkəmə orqanlarında zamanın tələbi ilə səsləşən islahatlar geniş vüsət almış, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, obyektiv və şəffaf şəraitdə hakim korpusunun formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmini, bəzi neqativ halların aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər həyata keçirilmişdir.

Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən biri olduğunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir.

Son illərdə Prezident İlham Əliyevin xüsusi qayğısı ilə məhkəmələrin yeni binainventarla təmin olunması istiqamətində də mühüm addımlar atılır. Bu kimi məsələlər dövlət başçısının 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. 2009-cu ilin mayında Azərbaycan Respublikası Ali Məhkəməsinin ən müasir standartlara cavab verən yeni binasının tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Bu, dövlət başçısının məhkəmələrin fəaliyyətinə və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanun da son illər respublikada həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir. Qanunla mövcud yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmışdır.

Ümumiyyətlə, məhkəmələrin şəraitinin yaxşılaşdırılması, hakimlərin sayının artırılması, o cümlədən sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata kecirilən kompleks tədbirlər cəmiyyətdə məhkəmə hakimiyyətinin müstəqil statusunu möhkəmləndirmək və ictimaiyyətin onlara inamını daha da yüksəltmək məqsədinə xidmət edir.

Bu gün Azərbaycanın ən müxtəlif sahələrdə qazandığı uğurlar həm də milli birlik və həmrəyliyi təmin etməklə, dövlət başçısının ötən 8 il ərzində qəbul etdiyi fundamental qərarların, imzaladığı fərman və sərəncamların, dövlət proqramlarının müstəsna əhəmiyyətini aşkara çıxarır. Dövlət başçısı hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini reallaşdırmaq üçün böyük əzmkarlıqla çalışır. Bu siyasət özünü azərbaycanlı sayan hər bir vətəndaş tərəfindən dəstəklənir və rəğbətlə qarşılanır.

 

 

 

Hikmət MİRZƏYEV,

Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədri

Azərbaycan.-2011.-28 dekabr.-S.4.