Şeyxülislam
Paşazadə: Fransa parlamentinin
qərarı təkcə
Türkiyəyə deyil,
bütün türk dünyasına qarşı məqsədyönlü
fitnəkarlıqdır
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fransa Prezidenti Nikola Sarkoziyə və Fransa Senatının üzvlərinə müraciət ünvanlamışdır.
QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müraciətdə bölgə dindarlarının, o cümlədən Azərbaycan müsəlmanlarının ümumi narahatlığı ifadə edilmişdir.
İsa Peyğəmbərin "Mühakimə etməyin, mühakimə olunarsınız!" kəlamının yer aldığı müraciətdə Avropa mədəniyyətinin mərkəzi, dünya demokratiyasının beşiyi sayılan Fransanın Milli Assambleyası tərəfindən son dərəcə ziddiyyətli və təhlükəli bir qərarın - qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi təəssüflə vurğulanmışdır. Bildirilmişdir ki, erməni lobbisinin təhriki ilə Fransa Milli Assambleyasının bir neçə üzvünün səs verdiyi bu qərar sülhün və ədalətin möhkəmlənməsinə yox, tarixin saxtalaşdırılmasına, nifrətin kəskinləşməsinə yönəlmiş təxribatdır. Qafqaz müsəlmanları bu qərarı təkcə Türkiyə Cümhuriyyətinə deyil, həm də bütün türk dünyasına qarşı məqsədyönlü fitnəkarlıq kimi qiymətləndirir. Biz 2001-ci ildə Fransa qondarma erməni soyqırımını rəsmən tanıyarkən də öz qəti etirazımızı bildirmişdik. İndi isə bu, tarixi dəlillərlə isbatlanmayan "soyqırımı" inkar edənlərə qarşı qanunvericilik səviyyəsində cəzanın tətbiqi kimi absurd bir məsələnin müzakirəsini qərəzli təəssübkeşlik kimi dəyərləndiririk.
Müraciətdə Senatın ədalətsiz qərarının ziddiyyətinin onun insan hüquqlarına qarşı antidemokratik mahiyyətində olduğu qeyd edilmişdir. "Düşüncə, fikir və ifadə azadlığı əleyhinə yönəldilmiş bu qanun mənəvi diktat vəziyyəti yaradır. Ədalət, demokratiya və ümumbəşəri prinsiplərə uyğun gəlməyən bu qərar böyük fəsadlara və faciələrə yol aça bilər. Biz, din xadimləri, bu mənəvi təhrikin təhlükəli inkişafını qabaqcadan diqqətinizə çatdırmağı Rəbbimiz və bəşəriyyət qarşısında müqəddəs borcumuz sayırıq. Bu qərarın təhlükəsi onun fəlakətli sonluğundadır, çünki mahiyyəti etibarilə türk-erməni münasibətlərində mübahisə mövzusu olan problem yalnız millətlərarası deyil, dinlərarası zəmində qarşıdurma müstəvisinə keçə, qlobal xristian-müsəlman toqquşmasına çevrilə bilər. Bəşəriyyətin qan yaddaşına münasibətdə də ikili yanaşmaya nümunə ola biləcək antitürk məzmunlu bu qərar antimüsəlman təbliğatının tərkib hissəsi ola bilər. Bu dini təəssübkeşlik faktı milyonlarla insanın, o cümlədən müsəlmanların Fransa haqqında xoş təsəvvürlərinə zərbə vurur. Belə ki, 1992-ci ilin fevralında Azərbaycan şəhəri olan Xocalıda erməni təcavüzkarları tərəfindən soyqırımı həyata keçirilərkən Fransa parlamenti etiraz səsini ucaltmamışdı. Halbuki ən yeni tarixin bu qanlı faciəsinin canlı şahidləri, tarixi sübutları, vizual dəlilləri belə mövcuddur. Xocalı soyqırımı öz ədalətli qiymətini bugünədək gözlədiyi halda, Fransa parlamentinin belə bir addım atması dolayısı ilə Ermənistanın işğalçı siyasətinə bəraət qazandırır, yeni soyqırımlarına, yeni təcavüzkarlıq aktlarına rəvac verir", - deyə müraciətdə vurğulanmışdır.
Müraciətdə
qeyd olunmuşdur ki, Fransa parlamenti bu qərarı qəbul etməklə
Qafqazdakı münaqişələri sülh yolu ilə
nizamlama proseslərinin taleyini də sual altına qoymuşdur. Ümid edirik ki, milyonlarla
insanın etirazı nəzərə alınacaq və Fransa dövləti bütün
dünyaya həqiqət və ədalət
ideallarına sədaqətini, sülhə xidmət niyyətlərini
əyani nümayiş etdirəcəkdir. Bir din xadimi kimi
bu növ qərarların
acı fəsadlara səbəb olacağını əvvəlcədən
duyur, sizi və Senat üzvlərini bütün
dünya dinlərinin təməl prinsiplərinə
və ümumbəşəri dəyərlərə söykənərək
haqqın və ədalətin tərəfində olmağa, müzakirələrə xitam verməyə, qərarı təsdiqləməməyə
çağırıram.
Azərbaycan.-2011.-28 dekabr.-S.6.