«Kaspi»nin
130 illik yubileyinə həsr edilmiş elmi-praktik
konfrans keçirilmiş,
«Üç əsrin qəzeti» kitabının təqdimatı
olmuşdur
Dekabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzetinin 130 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Azərbaycan
Mətbuat Şurasının təşkilatçılığı
ilə keçirilən konfransda mətbuat tədqiqatçıları,
kütləvi informasiya vasitələrinin rəhbərləri,
media ekspertləri, ictimaiyyət nümayəndələri
iştirak etmişlər.
AzərTAc xəbər verir ki, konfransda "Kaspi"nin Azərbaycan mətbuatının inkişafındakı tarixi rolu, nəşrin 1918-ci ildə əldə edilən dövlət müstəqilliyimizin ideya bazasının formalaşmasındakı xidmətləri nəzərdən keçirilmiş, onun ölkəmizin ikinci dəfə suverenliyinə qovuşmasından sonrakı fəaliyyət istiqamətləri təhlil olunmuşdur.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuat tarixində dərin iz buraxmış "Kaspi" qəzetinin fəaliyyətindən danışmışdır. Bildirilmişdir ki, 1881-ci ilin yanvar ayından Bakıda nəşrə başlayan "Kaspi" qəzetinin mətbuat tariximizdə xüsusi yeri vardır. Bakıda rus dilində çıxan qəzetlər içərisində "Kaspi" daha uzunömürlü olmuş, müxtəlif dövrlərdə cəmiyyətin həyatını əks etdirmişdir. "Kaspi" təkcə jurnalistikamızın deyil, mədəniyyət, ictimai fikir tariximizin də ayrılmaz tərkib hissəsidir.
"Kaspi" qəzetinin rəhbəri, filologiya elmləri namizədi Sona Vəliyeva nəşrin fəaliyyəti ilə bağlı tədqiqat işlərindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan çağdaş mətbuatı bütövlükdə varislik ənənəsi etibarilə Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin davamçısıdır. Məlum olduğu kimi, "Əkinçi" qısa ömür yaşasa da, onun ideyalarını üzunömürlü "Kaspi" qəzeti reallaşdırmışdır. "Kaspi" milli ictimai fikrin formalaşmasında, milli istiqlal düşüncəsinin, milli birliyin, həmrəyliyin, milli təfəkkürün təşəkkülündə beyin mərkəzlərindən biri idi.
Sona Vəliyeva bildirmişdir ki, "Kaspi" qəzeti rus dilində çıxmasına baxmayaraq, xalqın milli ruhunun oyanmasında, azadlıq hərəkatında, Xalq Cümhuriyyətinin yaranmasında Azərbaycan ziyalılarının təfəkkür mərkəzi rolunu oynadı. "Kaspi"nin fəaliyyətinin böyük bir mərhələsi Əhməd Ağaoğlunun yaradıcılığı ilə dərin məzmun qazanmışdır. Xüsusilə 1897-ci ildən sonra qəzet bütövlükdə milli düşüncə sahiblərinin tribunasına çevrildi.
Azərbaycan klassik musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi Üzeyir Hacıbəylisiz o dövrün ictimai fikir tarixini təsəvvür etmək çətindir. Ü.Hacıbəyli "Kaspi" qəzetində ən fəal publisist, maarifçi jurnalist kimi çıxış edərək millətini qəflət yuxusundan oyatmağa çalışırdı.
S.Vəliyeva bildirmişdir ki, "Kaspi" qəzetçilik tariximizin dərin elmi araşdırmaya ehtiyac duyulan mənəviyyat və düşüncə xəzinəsini bizlərə miras qoymuşdur. "Kaspi"nin tarixi missiyasını öz üzərinə götürən müstəqil Azərbaycanın çağdaş mətbuat orqanı kimi biz "kaspi"çilər məsuliyyətimizin qarşısında cavabdehliyimizə həmişə hazır olduğumuzu hər cümlə və sətrimizdə isbat etməyə çalışırıq.
Müasir "Kaspi" media aləminə öz gəlişi ilə klassik sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən Qərb mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına əsas məqsəd qoymuşdur. Bu mətbu orqan söz, mətbuat azadlığının gətirdiyi azadfikirliliyin ölçü-biçisini düzgün dərk edir. Qərəzsizliyi, düzgünlüyü, obyektivliyi əsas fəaliyyət proqramına çevirir. Ən qaynar hadisələrdə, beynəlxalq aləmlə bağlı məsələlərdə, cəmiyyətdə baş verən proseslərin ən kritik məqamlarında peşəkarlığın təcəssümü kimi dəqiqliyi, təmkinliyi, vicdanlılığı, şayiələrə uymadan tərəfsizliyi qoruyaraq oxuculara düzgün olanı çatdırır. Üç əsrin qəzeti olaraq müasir "Kaspi" klassik ənənələrin bünövrəsi üzərində ucalaraq, çağdaş mətbuatın mütərəqqi prinsiplərini mənimsəyərək, bu prinsipləri fəaliyyətinin ideya istiqamətinə çevirməklə müasir medianın sevilən, oxunan nümunəsini yaratmışdır.
Tədbirdə "Kaspi" qəzetinin tədqiqatçısı Səmayə Mövlayeva, Bakı Dövlət Universitetinin professorları Cahangir Məmmədli, Şamil Vəliyev, Alxan Bayramoğlu, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış etmişlər.
Bildirilmişdir ki, "Kaspi" qəzetinin üç əsri əhatə edən 38 illik fəaliyyəti dövründə Azərbaycan xalqının həyatında çox ciddi hadisələr baş vermişdir. Bu dövrdə Azərbaycan xalqının maariflənməsi, elmi biliklərə yiyələnməsi sürətlənmiş, çoxlu sayda ictimai-siyasi təşkilatlar yaranmış, yeni qəzet və jurnallar fəaliyyətə başlamışdır. Ötən müddət ərzində "Kaspi" mövcudluğunu qorumuş, ciddi mətbuat orqanı kimi öz çoxsaylı auditoriyasını yaşatmışdır.
Qeyd edilmişdir ki, "Kaspi" qəzetinin uzun müddət yaşaması, Azərbaycanın milli mənafeyinə xidmət göstərməsi birinci növbədə məşhur iş adamı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. 1897-ci ilin sonlarında H.Z.Tağıyev "Kaspi" mətbəəsini 57 min manata satın almış, qəzetin naşirliyini də öz öhdəsinə götürmüşdür. Müsəlmanların başçısı, mesenat H.Z.Tağıyevin himayəsi altında qəzet qısa müddətdə istiqamətini dəyişmiş, onun səhifələrində maarifə, mədəniyyətə, elmə, texnikaya, böyük siyasi hadisələrə, həmçinin gündəlik həyata dair yazılar üstünlük təşkil etmişdir.
Azərbaycan ziyalıları öz sözlərini, fikirlərini, arzu və istəklərini, tapıntılarını, həmçinin tənqidi qeyd və mülahizələrini, etirazlarını məhz bu qəzet vasitəsilə geniş oxucu auditoriyasına, xüsusən Rusiya ictimaiyyətinə çatdırmaq imkanı əldə etmişlər.
Tədbirdə yubilyar nəşrlə bağlı yenicə çapdan çıxmış "Üç əsrin qəzeti" kitabının təqdimatı olmuşdur. "Kaspi"nin 1881-ci ildən başlanan tarixinin, inkişaf yolunun və müasir dövrünün əksini tapdığı kitabda qəzetin yubileyi münasibətilə bu il aprelin 1-dən avqustun 31-dək mətbuat tarixinin araşdırıcıları, ekspertlər və jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim olunan məqalələr yer almışdır.
Tədqiqat əsərləri XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının yaranmasını və "Kaspi"nin mətbuat tarixində yerini, qəzetin işıqlı ziyalıların əsas tribunasına çevrilməsini izləməyə imkan verir. Bununla yanaşı, "Kaspi" qəzeti Azərbaycan tarixini öyrənən mənbə kimi araşdırılmışdır. Eyni zamanda, Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Kaspi"nin nəşrinin bərpa olunması və yeni mərhələdə fəaliyyəti, qəzetin dil, üslub və tematikası, ümumiyyətlə, müstəqil Azərbaycan mətbuatında bu mətbu orqanın yeri məsələləri ayrıca tədqiqat predmetinə çevrilmişdir.
Bildirilmişdir ki, kitab Azərbaycan mətbuatının keçdiyi yol və onun müasir mərhələsinin izlənilməsi, ictimai-siyasi fikir tariximizin öyrənilməsi baxımından faydalıdır.
Konfransda müsabiqənin qalibləri mükafatlandırılmışlar.
AzərTAc
Azərbaycan.-2011.-28 dekabr.-S.7.