İrəvan qalasının 500 illiyinə həsr edilmiş portal

 

 Dövlət müstəqilliyinin 20 illiyi ilə əlamətdar olan 2011-ci ilin son günlərində keçirilən bir sıra tədbirlər mövzu rəngarəngliyi və aktual məsələlərə həsr olunmaları ilə də diqqətçəkəndir. Belə tədbirlərdən biri də 500 il bundan öncə İrəvanın mərkəzində  ucaldılmış qalanın Azərbaycan xalqına məxsus olmasını  əsaslı faktlarla təsdiqləyən erevangala500.com portalının təqdimolunma mərasimi idi. Təqdimat "Azer.Globe" İctimai-Siyasi Tədqiqatlar İnstitutunun QafqazKiçik Asiya Tarixi Mərkəzinin "Park İnn" hotelində keçirilmişdir. Tədbiri "Azer.Globe" İctimai-Siyasi Tədqiqatlar İnstitutunun QafqazKiçik Asiya Tarixi Mərkəzinin   direktoru Şəlalə Həsənova açaraq İrəvan qalasının 500 illiyinə həsr olunmuş toplantının  əhəmiyyətini diqqətə çatdırmışdır. O, İrəvan qalasının tarixindən və dəfələrlə erməni vəhşiliyinin qurbanına çevrildiyindən bəhs edərək  demişdir ki,  xalqımızın maddi-mədəniyyət abidələrindən sayılan, lakin taleyi gətirməyən adıçəkilən qala-şəhər - Zəngi çayının sahilində, indiki İrəvanın yerində möhtəşəm qala tikmək göstərişini 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayıl vəziri Rəvanqulu xana  verir. Qala yeddi ilə tikilib başa çatdırılır. Sonralar, Osmanlı-Səfəvi müharibəsi zamanı dağıdılan qala divarları Osmanlı sərkərdəsi Fərhad paşa tərəfindən 1582-1583-cü illərdə möhkəmləndirilir. Eni 800 metrə yaxın, uzunluğu 850 metr olan qalanın divarları çiy kərpicdən elə qalın hörülüb ki, hətta top mərmisinin zərbəsinə də tab gətirib. 17 bürcü olan qalanın çöl divarlarının hündürlüyü 10 metrdən artıq olub. İçəri və çöl qala divarları da daxil olmaqla, burada 50-60 bürcüç qapı (cənubdan Təbriz, şimaldan Meydançay tərəfdən Körpü) var imiş.

Mənbələr göstərir ki, növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində türk qoşunları qalanı geri alıb. Sonrakı iki əsrdə İrəvan bölgəsi (xanlığı) daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar arasında gedən döyüşlərdə əldən-ələ keçib. Nəhayət, 1827-ci il oktyabrın 1-də İrəvan qalası Rusiya tərəfindən işğala məruz qalıb və bununla da onun yer üzündən tamamilə silinmə siyasəti aparılıb. Qalanın  ermənilər tərəfindən tamamilə dağıdılması tarixi də məlumdur: 1864-cü il.

Bütün bu kimi tarixi faktları təhrif etməyə çalışan erməni  şovinistlərinə  beynəlxalq səviyyədə tutarlı cavab  olacaq saytın yeni yaradılmasına baxmayaraq, qısa vaxt ərzində 18 min nəfər tərəfindən seyr edilərək müsbət rəy alması onun maraqlı və zəngin olmasından xəbər verir.

Portala daxil  edilmiş  6 dəqiqəlik videoçarxda İrəvan qalasının dünəni olduğu  kimi əksini tapıb. Qalanın  darmadağın olunmasının əsas səbəbi kimi onun Azərbaycan xalqına məxsusluğu göstərilib. Portalda yer almış interaktiv xəritədəki  qırmızı nöqtələr vasitəsilə  sonralar saxtalaşdırılaraq erməniləşdirilmiş Azərbaycan-türk toponimlərindən ibarət 200-dən artıq ərazi ilə tanış olmaq mümkündür.

Buradakı elektron kitabxanada yerləşdirilmiş 200 ədəd  (ingilisrus dillərində) kitabda isə İrəvan qalası ilə bağlı tarixi faktlar toplanmışdır ki, onların da müəllifləri amerikalı alimlərdir.

Prezident Administrasiyasının İctimai-siyasi  məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov çıxışında İ.A.Orbelinin 1919-cu ildə Petroqradda nəşr edilən "Alban yazıları" adlı kitabının  yeganə nüsxəsinin Rusiya arxivlərindən tapılmasının və onun elektron  versiyasının bu saytda yerləşdirilməsinin vacibliyindən bəhs etmişdir. F.Axundov xüsusi olaraq bildirmişdir ki, bu qala İrəvanın  azərbaycanlılara məxsus olduğunu təsdiqləyən, Azərbaycan milli memarlıq ruhunu özündə əks etdirən tarixi fakt olduğu  üçün ermənilər tərəfindən darmadağın edilmişYer üzündən silinmişdir. "Alban yazıları" kitabının özündə  300-dək  alban  yazısını  əks etdirdiyindən, onun  nəşrindən dərhal sonra bütün nüsxələrinin ermənilər tərəfindən  dərhal yığışdırılaraq yayımının qarşısı alınmışdır. Son illərin araşdırmaları nəticəsində adıçəkilən nəşrin bir nüsxəsi əldə edilmişdir ki, bununla da ermənilərin öz mənbələrinə istinad edərək onların işğalçı, özgələrinin təkcə ərazilərinə deyil, həmçinin mədəniyyətinə və tarixinə sahib çıxmaq kimi vandalizm siyasətini bir daha ifşa etmək mümkündür.

Tədbirdə albanşünas-alim, professor Fəridə Məmmədova, Moskva Dövlət Universiteti Tarix kafedrasının dosenti İsmayıl Atakişiyev, fəlsəfə elmləri doktoru Vəfa Quliyeva, professor Rauf Hüseynov, Müəllif Hüquqları Agentliyinin direktoru, Qərb Universitetinin, həmçinin Memarlıq və İnşaat Universitetinin professoru Kamran İmanov, Gürcüstan Respublikası Suxumi  Dövlət Universitetinin professoru Quram Marxulia, tarixçi alim Əsgər Zeynalov  çıxışlarında portalın yaradılmasının əhəmiyyətini qeyd etməklə yanaşı, onun  zəngin faktlarla daim yeniləşməsinin zəruriliyini bildirmişlər. Gürcüstanlı  alim onu da xüsusi qeyd etmişdir ki,  Ermənistanın işğalçılıq siyasətini ifşa edən bu kimi təbliğatın şəbəkəsi genişləndirilməli, torpaqlarına ermənilər tərəfindən göz dikilən gürcü xalqı ilə əməkdaşlığa önəm  verilməlidir. Professor onu da vurğulamışdır ki, belə tarixi abidələrin məhv edilməsi bəşəri humanitar fəlakət və bağışlanılmaz cinayətdir.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2011.-28 dekabr.-S.7.