Meksikanın nüfuzlu
«Mundo İnternacional»
jurnalı Azərbaycan haqqında yazır
Meksikanın nüfuzlu "Mundo İnternacional" jurnalının dekabr buraxılışında Azərbaycanın dövlətçilik tarixi, habelə ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində keçirilən tədbirlər haqqında geniş məqalə verilmişdir.
Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə respublikamızın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Mexikonun nüfuzlu və tarixi mədəniyyət ocağı olan "Bellas Artes" Milli İncəsənət Sarayında diplomatik nümayəndəliyimizin təşkil etdiyi konsert proqramı, habelə Azərbaycanın incəsənət xadimlərinin Akapulkoda keçirilmiş "La Nao" beynəlxalq mədəniyyət festivalında iştirakı və burada dahi şair Nizami Gəncəvinin abidəsinin təməlqoyma mərasimindən bəhs edilir.
Yazıda, həmçinin Akapulko Siyasi Araşdırmalar İnstitutunda "Azərbaycan və İpək yolu" mövzusunda keçirilmiş elmi konfransda səfir İlqar Muxtarovun əsas mühazirəçi qismində çıxışından söz açılır.
Yüksək
tirajlı "Mundo İnternacional" jurnalı, eyni zamanda, Meksikanın
Prezident Administrasiyası və digər hökumət
orqanları, Konqres üzvləri, Meksikada akkreditə
olunmuş diplomatik nümayəndəliklər arasında
yayılır.
Azərbaycan.-2011.-28 dekabr.-S.7.