Azərbaycan Respublikasında insan hüquq
və azadlıqlarının
müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Demokratiya
və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri
dəyərlərə sadiq olan və hüquqi dövlət
quruculuğu yolunda inamla irəliləyən Azərbaycan
Respublikası insanların layiqli həyat şəraitinin,
rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə
imkanlarının artırılması üçün ciddi səylər
göstərir.
1998-ci ildə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz "insan meyarı"nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdir.
Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir.
2006-cı ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icra vəziyyəti mütəmadi qaydada təhlil edilmiş, onun icrası nəticələrinin müzakirəsi üçün cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) tövsiyə olunsun ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik etsin.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin nəticələrini təhlil edərək, onun təkmilləşdirilməsinə dair təkliflər versin.
4. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına, Azərbaycan Mətbuat Şurasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində fəal iştirak etsinlər.
5. Milli Fəaliyyət Proqramında göstərilən icra orqanlarına tapşırılsın ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etsinlər.
6. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2011-ci il
Azərbaycan.-2011.-28 dekabr.-S.1.