Bakıda «Jumeirah Bilgah
Beach Hotel» kompleksi açılmışdır
Azərbaycan
Prezidenti İlham Əliyev açılış mərasimində
iştirak etmişdir
Dekabrın 28-də Bakının Bilgəh qəsəbəsində
beşulduzlu "Jumeirah Bilgah Beach Hotel" kompleksinin
açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri
mərasimdə iştirak etmişlər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya
gül dəstələri təqdim edildi.
Prezident İlham Əliyev kompleksin rəmzi
açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, "Jumeirah Bilgah
Beach Hotel" kompleksi dünyanın 12 ölkəsində
beşulduzlu otellərin sahibi olan "Jumeirah Group"un MDB məkanında ilk otelidir. Beynəlxalq
səviyyəli nadir memarlıq incilərindən olan bu otelin
Bakıda tikilməsi ölkəmizdə turizmin
inkişafının, istər yerli, istərsə də xarici
şirkətlər üçün yaradılan əlverişli
investisiya mühitinin bariz göstəricisidir.
Diqqətə çatdırıldı ki, "Jumeirah
Bilgah Beach Hotel" kompleksi original arxitektura üslubu ilə
yanaşı, yüksək keyfiyyəti və çoxsaylı
xidmət növləri təklif etməsi ilə fərqlənir. Müasir
dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və
milli memarlıq üslubu peşəkarlıqla
uzlaşdırılmışdır.
Qeyd edildi ki, 20 mərtəbədən ibarət oteldə
ən müasir standartlara cavab verən texnologiya
quraşdırılmışdır. Burada ümumi sahəsi
4 min 670 kvadratmetr olan 350 yerlik avtomobil qarajı vardır. Ərazidə
geniş abadlıq işləri görülmüş,
yaşıllıq zolaqları salınmış, minlərlə
dekorativ kol və güllər əkilmişdir.
Dövlət başçısının diqqətinə
çatdırıldı ki, dörd ilə tikilən otelin
inşasında 5 min nəfərədək işçi
çalışmışdır. Gələcəkdə
kompleksdə yerli kadrların işlə təmin olunmasına
xüsusi diqqət veriləcəkdir.
Otelin birinci mərtəbəsinin dizaynı özəlliyi
ilə seçilir. Divarlarda 14 min metal şardan istifadə edilməklə
yaradılan dekorativ kompozisiya buraya xüsusi yaraşıq
verir. Bu mərtəbədə
hündürlüyü 58 metr olan çılçıraq
quraşdırılmışdır. Kompleksin
zəngin kitabxanasında Fransadan gətirilmiş qiymətli
kitablar toplanmışdır. Oteldə
qeydiyyat mərkəzi və qonaqların istirahəti
üçün rahatlığı ilə seçilən
gözləmə otağı da xüsusi zövqlə işlənmişdir.
Burada həmçinin müxtəlif səviyyəli tədbirlərin
keçirilməsi üçün müasir
informasiya-kommunikasiya texnologiyaları ilə təchiz
edilmiş 450 nəfərlik konfrans zalı da vardır.
İşıqlandırma sisteminin mükəmməlliyi
ilə seçilən otelin birinci mərtəbəsində dənizin
cazibədar mənzərəsi görünən və
müxtəlif tədbirlərin keçirilməsi
üçün nəzərdə tutulan 400 nəfərlik zal
yaradılmışdır. Bu mərtəbədəki
44 nəfərlik "Piano lunch" da qonaqların
ixtiyarına veriləcəkdir. Dünya
memarlığının ən son yeniliklərinin tətbiq
olunduğu otelin dizayn elementləri turistlərdə xoş
ovqat yaradacaqdır. Otelin restoranlarında
qonaqlara yerli və xarici mətbəxlərin ləziz yeməkləri
təqdim olunacaqdır.
Məlumat verildi ki, kompleksin 14 mərtəbəsində
175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə
yaradılmışdır. Qonaqların istirahəti
üçün hər cür şəraitin olduğu
bütün nömrələrdən Xəzər dənizinin
füsunkar panoramını seyr etmək mümkündür.
Otaqlar simsiz internet, fərdi kondisioner sistemi, fərdi
seyflər və birbaşa çıxışı olan
telefonla təmin edilmişdir. Oteldə yüksək səviyyəli
qonaqlar üçün ümumi sahəsi 175 kvadratmetr olan
nömrə, 125 kvadratmetrlik "Ambassador suit"
də yaradılmışdır.
Otelin zirzəmi qatında işgüzar şəxslərin
müxtəlif tədbirlər keçirmələri
üçün lazımi şərait
yaradılmışdır. Buradakı 4 konfrans
zalı müasir işıq və səsləndirmə sistemi
ilə tam təchiz olunmuşdur. Zallarda
videomaterialların izlənməsi üçün iri monitor
da quraşdırılmışdır.
Kompleksdə qonaqlar üçün 24 saat fəaliyyət
göstərən 150 nəfərlik böyük restoran
yaradılmışdır. Buradakı Talas SPA və
ümumi sahəsi 2 min 600 kvadratmetr olan Fitnes-Mərkəz
müasirliyi ilə diqqəti çəkir. Bununla yanaşı, qonaqlara pulsuz xidmətin göstəriləcəyi
su divarı və masaj otaqları, türk hamamı, saunalar,
buxar otaqları, 7 müalicə otağı, 2 VİP SPA
yaradılmışdır. Bütün
istirahət hollarında vitamin barları işləyir. Fitnes-Mərkəzdəki qapalı
üzgüçülük hovuzunun uzunluğu 20, eni 10
metrdir.
Turistlərin müxtəlif əyləncə mərkəzlərindən
istifadə edə biləcəkləri 350 metrlik dəniz sahili
ilə əhatələnmişdir. İlin isti
aylarında dəniz sahilində açıq havada eyni vaxtda
600 nəfərin istirahəti üçün lazımi şərait
yaradılmışdır. Kompleksin dənizin sahilinə
çıxışında 250 nəfərlik "Promenad
Lounge", dənizin içərisində, estakada üzərində
isə 400 nəfərlik "Pier Grill" restoranları
turistlərə yüksək xidmət göstərəcəkdir.
Ümumilikdə oteldə 9 restoran, bar və gecə
klubu vardır.
Eyni vaxtda 475 nəfərə xidmət etmək
iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150
kvadratmetr olan Aqua-Park da yaradılmışdır. Burada həmçinin
tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları
vardır. Kompleksin ərazisində mətbəxi,
zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec
tikilmişdir.
Otel kompleksi ilə tanışlıqdan sonra Prezident
İlham Əliyev kollektivlə görüşdü.
Prezident
İlham ƏLİYEV kollektivi salamlayaraq dedi:
-
Sabahınız xeyir olsun. Bu gün şəhərimizin
tarixində çox əlamətdar bir gündür. Bakı şəhərində çox gözəl,
müasir otel açılır. "Jumeirah-Bilgah"
otelinin fəaliyyətə başlaması çox əlamətdar
hadisədir. Otel çox gözəldir.
Mən indi otelin bütün yerləri ilə tanış
olmuşam. Çox gözəl otaqlardır,
çox gözəl dizayn. Otaqların
hamısı dəniz mənzərəli. Bu,
otelin əlbəttə ki, dəyərini artırır. İctimai yerlər çox böyük zövqlə
yaradılmışdır. Mənə
verilən məlumata görə, burada 9 restoran, idman zalı,
qapalı, açıq üzgüçülük
hovuzları fəaliyyət göstərəcəkdir. Burada iclasların, beynəlxalq tədbirlərin,
şənliklərin keçirilməsi üçün bir
neçə gözəl yer mövcuddur. Mən artıq
"Jumeirah Group"un rəhbərinə
dedim ki, bu oteldə, hər bir gözəl oteli fərqləndirən
bütün əlamətlər cəmlənib. Nadir,
gözəl, yaraşıqlı, çox böyük
zövqlə yaradılmış bir oteldir.
Əlbəttə, otelin üstünlüyü onun yerləşməsindən
asılıdır. Bu otelin yerləşməsi də
çox nadirdir. Dəniz kənarında,
şəhərdən bir qədər aralı yerləşir.
Buranın havası da çox təmizdir. Amma, eyni zamanda, Heydər Əliyev Beynəlxalq
Aeroportuna da çox yaxındır, cəmi 10-15 dəqiqə ərzində
aeroporta çatmaq mümkündür. Bakıdan
çəkilən gözəl yol da rahatlığı
artırır. Səkkizzolaqlı yol tikilib və bu
iş davam edir. Ümid edirəm ki, bir ildən
sonra buradan Sumqayıta qədər də yeni yol
açılacaqdır. Bilgəh-Sumqayıt
yolunun tikintisi indi uğurla gedir. Bir
sözlə, bu gün gördüyüm mənzərə məni
çox sevindirir. Mən çox şadam
ki, ölkəmizdə, Bakıda, Bilgəhdə dünya səviyyəli
otel yaradılıbdır. "Jumeirah"
otellər şəbəkəsi dünya şöhrətli
şəbəkədir. Onun müxtəlif
ölkələrdə otelləri vardır. Mən bəziləri ilə tanışam. Əlbəttə ki, mən o otellərin hamısı
haqqında bir şey deyə bilmərəm. Amma ümid edirəm ki, bu, "Jumeirah"ın ən
gözəl otellərindən biri olacaqdır.
Azərbaycanda
təkcə bu il üçüncü
beşulduzlu otel açılıb. Bir qədər
əvvəl "Kempinski", ondan sonra "Hilton" istifadəyə
verilib, indi də "Jumeirah" oteli açılır.
Bir ildə beşulduzlu üç otelin
açılması çox böyük hadisədir. Bu, onu göstərir ki, investorlarda Azərbaycanın
gələcəyinə, turizm potensialına çox
böyük ümidlər, inam vardır. Yerli
və xarici investisiyalar Azərbaycanda lazımi səviyyədə
qorunur. Biz ötən 15 il ərzində
ölkəmizə 100 milyard dollardan artıq investisiya cəlb
edə bilmişik. Təkcə keçən il
16 milyard, bu il hələ ki, hesablamalar gedir. Əminəm
ki, vəsait Azərbaycan iqtisadiyyatına ondan artıq qoyulub.
Bu vəsaitin bir hissəsi turizm infrastrukturunun
yaradılmasına yönəldilir.
Gələn
il təkcə Bakıda yenə də
beşulduzlu üç otel fəaliyyətə
başlayacaqdır - "Marriott", "Four seasons" və
"Bermond" otelləri. Beləliklə, iki il ərzində Bakıda, təkcə
bir şəhərdə, beşulduzlu, dünya şöhrətli
6 otel istifadəyə verilir. Mən hesab edirəm
ki, bu, nadir bir hadisədir. Nəinki bu bölgədə,
postsovet məkanında və geniş mənada qitədə
nadir bir hadisədir ki, iki il ərzində
bir şəhərdə dünyanın ən məşhur 6
brendi öz otellərini müştərilərin üzünə
açır. Bu, ölkəmizin ümumi
inkişafını göstərir. Bu, onu
göstərir ki, yerli və xarici şirkətlər Azərbaycana
vəsait qoymaq üçün öz imkanlarını
gücləndirirlər.
Azərbaycan yaşamaq, istirahət etmək
üçün çox gözəl bir yerdir. Bakı
dünyanın ən gözəl şəhərlərindən
biridir. Biz Bakını gözəlləşdiririk.
Yeni infrastruktur layihələri icra edilir. Qədim Bakı nəzarət altındadır,
dövlət tərəfindən qorunur. İçərişəhərdə
təmir-bərpa işləri böyük zövqlə
aparılır. Bizim gözəl
bulvarımız yenidən qurulubdur. Bakıda
yeni bulvar tikilir. Biz bir neçə aydan
sonra yeni bulvarın açılışını qeyd edəcəyik.
Yeni bulvar Bayraq Meydanına qədər uzanacaq,
Bayraq Meydanı ilə birləşəcəkdir. İndiki bulvarımızın 4 kilometrinə əlavə
ən azı 8 kilometr dənizkənarı gəzinti
zolağı əlavə edilməlidir.
Bakı, yenə də deyirəm, dünyanın ən
gözəl şəhərlərindən biridir. Biz
Bakını gözəlləşdiririk, Bakını
qoruyuruq, sevirik. Belə gözəl otellərin
Bakıda yaradılması şəxsən məni çox
sevindirir. Onu da qeyd etməliyəm ki, təkcə
Bakıda deyil, digər bölgələrdə də
hazırda beşulduzlu bir neçə otel tikilməkdədir.
Biri Qubada, üçü isə yeni yaradılan
"Şahdağ" qış-yay turizm kompleksi zonasında.
Bu otellərin istifadəyə verilməsi Azərbaycanın
turizm potensialını daha da gücləndirəcəkdir.
Bu il Azərbaycanda "Turizm ili" elan edilibdir. Mən çox şadam ki, "Turizm ili"ndə
dünya otel şəbəkələri Azərbaycanda gözəl
otellər açırlar, gözəl memarlıq abidələri
yaradırlar.
Mən sizi və Bakının bütün sakinlərini,
Bakıya gələn qonaqları bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik etmək istəyirəm. Əminəm
ki, bu otel çox uğurla işləyəcək, burada
çox gözəl xidmət göstəriləcəkdir.
Bakı sakinləri və qonaqlar
üçün şəhərimizdə yeni gözəl
istirahət və əyləncə yeri yaradılıbdır.
Fürsətdən
istifadə edərək sizi qarşıdan gələn
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı münasibətilə təbrik
edirəm, sizə işinizdə uğurlar arzulayıram.
Sağ olun.
* * *
"Jumeirah
Group"un icraçı sədri Cerald
Loules Prezident İlham Əliyevə təşəkkür edərək
dedi:
- Hörmətli
cənab Prezident!
Hörmətli
birinci xanım!
Xoş
sözlərə görə çox sağ
olun. Bu, bizim MDB məkanında birinci otelimizdir.
Mən qeyd etmək istəyirəm ki, bu, belə
də olmalı idi. Biz çox
şadıq ki, bu otel məhz Azərbaycanda
açıldı.
"Jumeirah" gənc şirkətdir. Biz 14 il
bundan əvvəl öncə fəaliyyətə
başladıq. Qeyd etmək istəyirəm ki,
bu, sırf turizm oteli və yaxud asudə vaxtın keçirilməsi
üçün mehmanxana deyildir. Bu, həmçinin
istirahət üçün gözəl bir yerdir. Hesab edirəm ki, biz gələcəkdə də bir
çoxlarının rəğbətini qazanacağıq.
Mən hörmətli həmkarlarımızı da təbrik
edirəm. Onlar bundan sonra burada, "Jumeirah"da işləyəcəklər.
Burada olan həmkarlarımız nəinki
Dubaydan, həmçinin dünyanın digər yerlərindən
gəliblər. Hesab edirəm ki, biz belə
bir mehmanxananın açılması ilə turizm sahəsinin
inkişafına töhfəmizi verəcəyik.
Siz burada qeyd etdiniz ki, ölkədə yeni otellər
açılır. Bu, yaxşı
haldır. Biz də öz mehmanxana
şəbəkəmizi artırırıq. Həm Şanxayda, həm də dünyanın digər
yerlərində otellər açmaq fikrimiz vardır. Mən
çox böyük fərəh hissi ilə qeyd edirəm ki, Bakıda da
bizim belə gözəl bir otelimiz vardır.
Cənab
Prezident, Siz qeyd etdiniz ki, bu il "Turizm ili"dir. Azərbaycan
hökuməti turizm sahəsinə böyük diqqət yetirərək
turizm infrastrukturunu davamlı şəkildə inkişaf etdirməkdədir. Çox yüksək dəyərləndirirəm ki,
biz də bu sahədəki inkişafın bir hissəsinə
çevrilirik. İstəyirik ki, bundan
sonra turizm sahəsi daha da inkişaf etsin. İlbəil
bütün dünyada turizm sahəsi artır, turistlərin
sayı çoxalır. Bu da, həmçinin
bu və ya digər ölkənin ÜDM-in daha da artmasına
öz töhfəsini verir.
Siz Davosda Dünya İqtisadi Forumunda iştirak etmisiniz və
görmüsünüz ki, turistlərin sayı ildən-ilə
nə dərəcədə artmaqdadır. Qeyd etmək
istəyirəm ki, turizm sənayesi Azərbaycanda da intibah
dövrünü yaşayır. Yeri gəlmişkən,
hamını Yeni il münasibətilə təbrik
edirəm və sizə gələn ildə də uğurlar
arzulayıram. Eyni zamanda, bizim kiçik bir hədiyyəmiz
vardır. Bizim münasibətlərimizin rəmzi
olaraq, Birləşmiş Ərəb Əmirliyində
tikdiyimiz ilk otelimizin binasını əks etdirən hədiyyəni
Sizə təqdim etmək istərdim.
Cerald Loules hədiyyəni dövlətimizin
başçısına təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2011.-29 dekabr.-S.1-2.