Prezident İlham Əliyevin həssas münasibəti

 bizə inam güc verir

 

 

"Adətən, öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il  belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edimbu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz. Eyni zamanda, mən çox şadam ki, bu günü hamımız üçün müqəddəs olan Qarabağ torpağında qeyd edirəm" - Prezident İlham Əliyevin dekabrın 24-də Ağcabədi rayonunun Taxtakörpü ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışı zamanı sakinlərlə görüşdə dediyi bu sözlər biz qarabağlıları, erməni təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş hər kəsi dərindən təsirləndirdi.

Xatirimizdədir ki, hələ 8 il əvvəl 2003-cü ilin oktyabrında prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq" - deyə bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl - 2007-ci ildə yerinə yetirildiçox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyuldu, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər. Belə qəsəbələrin açılışında dövlət başçısının iştirakı, məcburi köçkünlərin evində qonaq olması, onlarla birbaşa təması Azərbaycan Prezidentinin bu insanlara xüsusi diqqətinin bariz nümunəsidir.

Xocavənd rayonundan olan biz, məcburi köçkünlər də daim dövlətimizin, ölkə Prezidentinin qayğısını hiss edirik. Xocavəndlilər müharibənin ağrı-acısını Ermənistanın hərbi təcavüzünün ilk günlərindən yaşayıblar. 4 il ermənilərə qarşı inadlı müqavimət göstərmiş Xocavəndin hər qarışı uğrunda qan tökülüb, şəhidlər verilib. Gedən qeyri-bərabər döyüşlərdə rayonun uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri mərdliklə iştirak edib. Xocavəndlilər öz ata-baba yurdlarının müdafiəsi uğrunda 145 şəhid veriblər. Təkcə Qaradağlı kəndi ermənilərlə qeyri-bərabər mübarizədə 4 ay mühasirədə qalıb, 77 nəfər şəhid verib. Bu, kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir. Bu kəndin bütünlüklə, Xocavənd rayonunun, ümumilikdə isə bütün xalqımızın qəhrəmanlığı əsas verir ki, biz öz gücümüzə inanaq, öz iradəmizə güvənək. Bu, xalqımızın tarixində bir qəhrəmanlıq salnaməsidir, bizlərin və gələcək nəsillərin dönə-dönə öyrənəcəyi və yaşatmalı olduğu bir tarixdir. 1992-ci il oktyabrın 2-də erməni silahlı birləşmələri və onların havadarları tərəfindən Xocavəndin işğalı nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan olunub.

İndi talelərinə məcburi köçkünlük həyatı yaşamaq yazılmış xocavəndlilər dövlətimizin böyük qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində hər cür şəraitə malik 500 ailəlik yeni qəsəbə salınıb. 2008-ci il oktyabrın 4-də qəsəbənin açılışında Prezident İlham Əliyevin iştirak etməsi və rayon sakinləri ilə səmimi görüşü xocavəndlilər tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanır və rayon əhalisinə göstərilən qayğı böyük məmnunluq doğurur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın məcburi köçkünlərin həyat şəraiti, qayğı və problemləri ilə maraqlanmaları bütün xocavəndlilərdə böyük ruh yüksəkliyi, sevinc və minnətdarlıq hissləri doğurdu. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Xocavənd rayonunun Qaradağlı kəndinin sakini, Alov və Atəş adlı iki övladı vətən uğrunda şəhid olan Sevil Əzizovanın mənzilində qonaq olmaları həmişə ən xoş xatirə kimi yaddaşlara həkk olunub.

Yeni salınmış qəsəbələr məcburi köçkünlərə, ümumən cəbhə bölgəsindəki sosial-iqtisadi vəziyyətə  yeni nəfəs, yeni həyat bəxş edir. Son olaraq cənab Prezidentin məhz doğum günündə Ağcabədidəki qəsəbənin açılışına gəlməsi, 50 illik yubileyini məcburi köçkünlər arasında qeyd etməsi, onları öz ailəsi, Qarabağı isə müqəddəs torpaq adlandırması doğma yurd-yuva həsrəti ilə alışıb-yanan biz qarabağlıları kövrəltdi, qanadlandırdı, ürəklərimizə su səpdi. Bizim üçün dövlət başçısının bu cür həssas münasibətindən aliola bilər? Doğum günü, 50 illik yubileyi günü məcburi köçkünlər arasında olması ondan xəbər verdi ki, cənab Prezident daim bu insanların yanındadır.

Xocavənddən olan məcburi köçkünlər üçün qəsəbənin açılışında Prezident İlham Əliyev bildirmişdi ki, sosial yükün azaldılması və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması məsələnin tam həlli demək deyildir. Məsələnin tam həlli torpaqlarımızın işğalçılardan azad olunmasıdır. Dekabırın 24-də dövlət başçısı Ağcabədidə bir daha bəyan edərək dedi: "Bu, müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda, hələ ki, işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik".

Bu qətiyyət Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursu ürəkdən dəstəkləyən biz qarabağlıların qələbəyə olan inamını artırır. Bütün məcburi köçkünlər kimi, xocavəndlilər də tezliklə doğma yurd-yuvalarına qayıdacaqları günün uzaqda olmadığını yaxşı bilirlər. Danışıqlar yolu ilə alınmasa, hərbi güc hesabına tezliklə torpaqlarımız işğaldan azad olunacaq. Ölkəmizin hərbi imkanları ən qısa zamanda Ermənistan üzərində qələbə qazanmağa tam imkan verir. Müharibə başlanacağı təqdirdə biz doğma torpaqlarımız uğrunda mübarizənin ön cərgələrində olacağıq.

Keçmiş döyüşçü və qisas hissi ilə yaşayan hər bir soydaşımız kimi, mən də torpaqlarımızın işğalçılardan təmizlənməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün hər an silaha sarılmağa, ön cərgələrdə döyüşməyə hazıram. İnanıram və əminəm ki, tezliklə Ali Baş Komandanın rəhbərliyi altında doğma yurdlarımızı, şəhidlərimizin uğrunda vuruşduqları müqəddəs torpaqlarımızı düşmən işğalından azad edəcək, Prezident İlham Əliyevin doğum gününü, özününqeyd etdiyi kimi, Qarabağda qeyd edəcəyik!

 

 

 

İbad HÜSEYNOV,

"Azərbaycan bayrağı" ordenli Qarabağ müharibəsi veteranı,

 Xocavənd rayonundan məcburi köçkün

Azərbaycan.-2011.-29 dekabr.-S.8.