Milli həmrəyliyin etibarlı təminatçısı

 

 Prezident İlham Əliyev ulu öndərin milli birlik və həmrəylik

 siyasətini inamla davam etdirir

 

 

Azərbaycan xalqı, ümumən dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərdə Vətən eşqi, milli-mənəvi birlik, inkişaf hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə 20 il əvvəl həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.

2011-ci ilin iyun ayında keçirilmişmühüm nəticələrlə yadda qalmış Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycanda uğurla həyata keçirilən diaspor quruculuğu siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını, yeni dünya nizamının geosiyasi reallıqlarına cavab verdiyini bir daha nümayiş etdirmişdir. Ümumilikdə dünyanın 42 ölkəsindən 579 nümayəndənin, o cümlədən 30 ölkədən 211 nəfər qonağın iştirak etdiyi ali tədbir azərbaycanlıların vahidmonolit qüvvə kimi təşkilatlanması prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini göstərmişdir.

Qurultayın yekunları fonunda demək olar ki, ölkənin sosial-iqtisadi inkişafının hazırkı mərhələsində Azərbaycan diasporunun qarşısında duran vəzifələri düzgün müəyyənləşdirməklə xaricdə fəaliyyət göstərən təşkilatları milli məqsədlər naminə səfərbər etmək, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilinə nail olmaq bu gün üçün aktual məsələlərdir. "Biz müdafiədə deyil, hücumda olmalıyıq" deyən Prezident İlham Əliyev ötən illərdə məqsədyönlü şəkildə həyata keçirdiyi diaspor quruculuğu siyasəti ilə bu məqsədin reallaşdırılmasına nail olmuşdur.

Şübhəsiz, müasir dövrdə xarici siyasət və diplomatiya sahəsində mühüm uğur əldə etməyin əsas şərtlərindən birigüclü lobbiyə, diaspora sahib olmaqdır. Əks təqdirdə, milli məsələlərin beynəlxalq müstəvidə qaldırılması mümkün deyildir. Ona görə də Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli, ardıcıl siyasət yeritməyə çalışır. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaqinkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə digər hüquqlarını reallaşdırmaqdan ibarətdir.

Xatırlatmaq lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hələ 1991-ci il dekabrın 16-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə "Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərarı yenicə müstəqilliyini elan etmiş Azərbaycanın ilk tarixilik qazanmış fundamental sənədlərdən biri olmuşdur. Çünki 1991-ci ilin oktyabrında canı, qanı bahasına müstəqillik nemətinə qovuşmuş Azərbaycanda cəmiyyətin qütbləşərək parçalanması, milli maraq və mənafelər ətrafında səfərbər olunmaması, birlik və həmrəylik ideyalarının özünə yer tapmaması ciddi problem kimi özünü göstərmiş, milli inkişafı əngəlləyən amilə çevrilmişdi. Bunun nəticəsi kimi də 1993-cü ilin iyun ayınadək Azərbaycanda vətəndaş sülhü və həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki siyasi konfrontasiya kəskinləşərək ağır siyasi böhrana gətirib çıxarmış, bütövlükdə ölkə parçalanmaq və müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi.

1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bu mərhələdən etibarən xarici ölkələrə səfərləri zamanı - Fransada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da, Almaniyada, Ukraynada, Belarusda, Polşada, Rumıniyada, Belçikada, Norveçdə, Bolqarıstanda və digər ölkələrdə azərbaycanlılarla müntəzəm görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. 1995-1998-ci illərdə Minsk şəhərində Belarus-Azərbaycan "Qobustan" cəmiyyətinin yaradıcılarından biri və sədr müavini, habelə Belarus Respublikasının Nazirlər Kabineti nəzdindəki milli azlıqlar və dini məsələlər üzrə Koordinasiya Şurasının üzvü olmuş şəxs kimi deyə bilərəm ki, böyük öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. Hələ ötən əsrin 80-ci illərində ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycandan kənarda - Minskdə Belorusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunda təhsil almaq imkanı mənim də qismətimə düşmüşdu. Tələbəlik illərində, aspiranturada oxuduğum dövrdə, sonralar institutun "Gənc alimlər və mütəxəssislər" Şurasının sədri olarkən və komsomolda işləyərkən orada yaşayan azərbaycanlılarla sıx əlaqə saxlayır, birgə məclislər, ziyafətlər təşkil edir, milli bayramlarımızı bir yerdə qeyd edirdik. 1995-ci ildə Belarus-Azərbaycan "Qobustan" cəmiyyəti yaradıldı. Həmin cəmiyyətin sədr müavini olarkən diaspor məsələlərinə daha ciddi diqqət yetirməyə və fəaliyyətimizi məhz ümummilli liderin irəli sürdüyü ideyalar və prinsiplər əsasında qurmağa başladıq. Ulu öndərin "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" sözləri dünya xalqları sırasında azərbaycanlıların layiqli yerini müəyyənləşdirirdi. 

1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdi: "Siz düşünməyin ki, Azərbaycan bizim üçünedib, düşünün ki, biz Azərbaycan üçünetmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər. Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".  Ümummilli lider çıxışlarında dəfələrlə qeyd etmişdir ki, vaxtilə xaricdə oxumağa göndərilən gənclər diaspor quruculuğu məsələlərində həmişə öndə olmalıdırlar.

Azərbaycan diasporunun təşkilatlanması prosesində ən mühüm, taleyüklü hadisələrdən biri də 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən, keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi baxımından yeni mərhələnin əsasını qoymuşdur. Qurultaydan sonra Xaricdə Yaşayan Azərbaycanlılarla İş sahəsində Dövlət Komitəsinin yaradılması və xüsusi qanunun qəbulu bu sahədə dövlət siyasətinin daha da təkmilləşdirilməsinə, vahid mərkəzdən idarə olunmasına imkan yaratmışdır. Qurultayın nümayəndəsi kimi deyə bilərəm ki, tədbir azərbaycanlıların konsolidasiyası prosesində keyfiyyətcə yeni mərhələ açmışdır.

Ulu öndər Heydər Əliyev milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq ideologiyasının bünövrə prinsiplərinin "dövlətçilik" və "milli vətənpərvərlik"dən ibarət olduğunu dəfələrlə vurğulamışdır. Ümummilli lider bildirmişdir ki, bizim bütün təbliğatımız, bütün dövlət orqanları Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hissləri yaratmalıdır.

Diaspor quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü işlər nəticəsində Amerika, Avropa, AsiyaŞimali Afrikanın ayrı-ayrı ölkələrində 100-dən çox yeni azərbaycanlı icması yaradılmış, bununla da xaricdəki soydaşlarımızı birləşdirən qurumların sayı 400ötmüşdür. Hazırda bir ölkə daxilində fəaliyyət göstərən ayrı-ayrı icma və qurumların tədricən vahid mərkəzdə birləşməsi prosesi başlanmışdır. Ukrayna (1997-ci il) və Rusiyanın (2000-ci il) ardınca, 2004-cü ilin mayında 18 icma və təşkilatı birləşdirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı keçirilmiş, 2005-ci ilin aprelində isə Kanadada Azərbaycan Təşkilatları Federasiyası yaradılmışdır. 2004-cü ilin aprelində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis edilməsi isə soydaşlarımızın artıq qitə miqyasında təşkilatlanmağa başladıqlarını nümayiş etdirmişdir.

Ulu öndərin diaspor quruculuğu siyasətini son 8 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə hansısa ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü dəfələrlə vurğulamışdır. Cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi də diaspor quruculuğu işinə yeni nəfəs verməklə əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Qurultayda Azərbaycan diasporunun vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir. Yüksək mütəşəkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğati, istərsə də səmərəli əks-hücumun təşkili baxımından mühüm əhəmiyyətə malik olmuşdur.

Azərbaycan xalqının əvəzsiz milli sərvəti olan müstəqilliyin son 20 ildə əzmlə qorunub saxlanılması, demokratikhüquqi dövlət quruculuğu istiqamətində mühüm addımların atılması, Avratlantik məkana inteqrasiya siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyasının reallaşdırılması respublikamızı intensiv inkişaf yoluna çıxarmışdır. İnkişaf və tərəqqi yolunda əldə etdiyimiz böyük nailiyyətlərdə, şübhəsiz, dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində azərbaycançılıq amalı daşıyan həmvətənlərimizin də müstəsna payı var.

Dünya Azərbaycanlılarının 2011-ci il iyunun 4-də keçirilmiş III Qurultayı göstərmişdir ki, Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söznüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətin xoşbəxt sabahına inamını artırmışdır. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birlik və vətəndaş sülhünün möhkəm əsaslarla intişar tapmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin təmin olunmasına, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olmuşdur. Bu qurultayın keçirilməsində məqsəd həm də hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin daxili siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur.

Prezident İlham Əliyev qurultaydakı dərin məzmunlu nitqində Azərbaycan diasporunun formalaşması prosesinin başa çatdığını demişdir: "Birinci növbədə qeyd etməliyəm və çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər".

Əgər 2006-cı ildə keçirilmiş II qurultayda Azərbaycanın 46 səfirliyi və konsulluğu mövcud idisə, hazırda onların sayı 65-ə çatmışdır. Bu səfirliklərin yaradılmasında məqsəd təkcə ölkənin diplomatik münasibətlərinin genişləndirilməsi deyil, eyni zamanda, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının əlaqələndirilməsi və təşkilatlandırılmasıdır. 2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" diasporun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Xartiya dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin olunması, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilmiş, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma "erməni soyqırımı" iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr öz əksini tapmışdır.

Son illər Cənubi Qafqazda həyata keçirilən bütün qlobal enerjikommunikasiya layihələrinin lokomotivi qismində çıxış edən Azərbaycan dünyada kifayət qədər tanınsa da, bu sahədə hələ çox görülməli, erməni lobbisinin, bütövlükdə isə antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı apardığı əks-təbliğatın qarşısı daha səmərəli vasitələrlə alınmalıdır. Dövlət başçısı cənab İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında bu məsələyə xüsusi diqqət ayırmış, respublikamız haqqında məlumat qıtlığının tamamilə aradan qaldırılması vacibliyini qeyd etmişdir: "Diaspor təşkilatlarının fəaliyyəti, eyni zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Sirr deyil ki, müstəqilliyimizin ilk illərində bizimböyük maliyyə imkanlarımız var idi, xaricdə yaşayan azərbaycanlılar da o vaxt hələ təşkilatlanmamışdılar. Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri, bu siyasəti alqışlayıram və bizim diaspor təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm. Biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək".

Azərbaycan Prezidenti İlham Əliyevin xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə "Dostluq" ordenini və "Tərəqqi" medalını təqdim etməsi də tədbirin yaddaqalan məqamlarındandır. Bu addım ölkə diasporunun nümayəndələrinin əməyinin qiymətləndirilməsi baxımından da diqqətəlayiqdir.

Yüksək mütəşəkkillik və böyük ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciətin qəbulu mühüm əhəmiyyətə malikdir. 2001-ci ildə yaradılmış Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin davam etdirilməsi, şuranın icra katibliyinin yaradılması barədə qərarın qəbulu, Prezident İlham Əliyevin yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçilməsi isə tədbirin diqqətəlayiq məqamlarından olmuşdur.

Ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi, siyasi, iqtisadi, struktur islahatların keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqın rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür. Bu müddətdə təbii ki, Azərbaycan diasporu da inkişaf etmiş, təşkilatlanmış, birləşmək, "çəkici bir yerə vurmaq" istiqamətində nailiyyətlər əldə etmişdir. Bütün bunlar dünya azərbaycanlılarının birliyini, vahid məram və məqsədlər ətrafında birləşməsini zəruri milli ideyaya çevirmişdir.

 

 

Arif ƏLƏKBƏROV,

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının

iqtisadiyyathüquq elmləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru

Azərbaycan.-2011.-29 dekabr.-S.9.