Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunmuşdur

 

 Nyu-York

 

 

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, qurumun dəstəyi ilə Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan icma təşkilatları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təntənəli şəkildə qeyd etmişlər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.

BMT yanında Daimi Nümayəndəmiz Aqşin Mehdiyev ümummilli lider Heydər Əliyevin iyirmi  il əvvəl irəli sürdüyü təşəbbüsü  nəticəsində əsası qoyulmuş bu bayram münasibətilə Azərbaycan icması üzvlərini təbrik etmişdir. Diplomat 20 illik müstəqilliyimiz dövründə əldə edilən uğurlar, aparılan islahatlar haqda geniş məlumat vermişdir. O, ölkəmizin dünyada artan nüfuzunun nəticəsi olaraq Azərbaycanın bu il BMT-nin mötəbər qurumu olan Təhlükəsizlik Şurasının 2012-2013-cü illər ərzində qeyri-daimi üzv seçilməsini böyük qələbə kimi dəyərləndirmişdir. 

Sonra çıxış edən icma fəalları doğma Vətənimizin başa çatmaqda olan ildə əldə etdiyi iqtisadi nailiyyətlər, beynəlxalq aləmdə atdığı inamlı addımlar barədə rəylərini bildirmişlər. Toplantı iştirakçıları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 50 illik yubileyi münasibətilə dövlət başçısına təbriklərini səsləndirmişlər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Aqşin Mehdiyev Nyu-Yorkda geniş yayımlanan "Davidson radiosu"na dəvət olunmuşdur. Azərbaycan diplomatı bir saatlıq verilişdə dinləyicilərə ölkəmiz haqda geniş məlumat vermişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın apardığı işğalçı siyasətin Cənubi Qafqaz bölgəsində sülhə və təhlükəsizliyə əsas təhdid olduğunu vurğulamışdır. Müsahibənin sonunda Aqşin Mehdiyev çoxsaylı sualları cavablandırmışdır.

 

 

Paris

 

 

Azərbaycan Respublikasının Fransadakı səfirliyinin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisin möhtəşəm Dofin pavilyonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilmişdir.

Səfir Elçin Əmirbəyov mərasimdə çıxış edərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək və onları doğma Vətəni ətrafında sıx birləşdirmək məqsədilə ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti  və irəli sürdüyü təşəbbüs sayəsində belə bir əlamətdar günün 20 il əvvəl təsis edildiyini, bu bayramın dünya ölkələrində yaşayan bütün azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunduğunu vurğulamışdır.

Səfir bayram münasibətilə ölkəmizin Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarına təbrik məktubunu diqqətə çatdırmış və Azərbaycan hökumətinin diaspor quruculuğunu daim diqqət mərkəzində saxladığını vurğulamışdır.

E.Əmirbəyov təbrik məktubunun xaricdə yaşayan soydaşlarımız üçün səfərbər xarakter daşıdığını, ondan irəli gələn müddəalardan biri kimi müstəqil dövlətimizin mənafeyinin qorunması və beynəlxalq nüfuzunun artırılması istiqamətində Fransada yaşayan azərbaycanlıları fəal olmağa çağırmışdır.

Fransadakı diasporumuzun təmsilçilərinin, səfirlik və nümayəndəliyin əməkdaşlarının, tələbələrimizin iştirak etdiyi tədbirdə Azərbaycan musiqisi səsləndirilmiş və milli rəqslərimiz ifa edilmişdir.

Mərasim iştirakçıları milli mətbəximizin nümunələrindən dadmışlar.

 

 

Düşənbə

 

 

Azərbaycanın Tacikistandakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə mərasim keçirmişdir.

Tədbirdə Tacikistandakı Azərbaycan diasporunun fəalları, azərbaycanlı adamları, ziyalıları, jurnalistlər iştirak etmişlər.

Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov bildirmişdir ki, bu bayram ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə Naxçıvanda ümummilli liderin təşəbbüsü ilə qeyd olunan bu bayram sonra Azərbaycanın hər yerində keçirilməyə başlamışdır.

İ.Zamanov ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar, bütün sahələrdə aparılan quruculuq işləri haqqında ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, bütün dünyada yaşayan azərbaycanlıları bir yerə toplayaraq Bakıda qurultaylarının keçirilməsi ideyası da məhz ümummilli lider Heydər Əliyevə məxsusdur.

Düşənbədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Tacikistanın əməkdar hüquqşünası Dilbər Rəsulova Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən, Azərbaycan Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara xüsusi diqqət və qayğısından danışmışdır.

Sonra "Azərbaycana xoş gəlmisiniz!" adlı sənədli film nümayiş etdirilmiş, ziyafət təşkil olunmuşdiasporun fəal üzvləri mükafatlandırılmışlar.

 

 

AzərTAc

Azərbaycan.-2011.-29 dekabr.-S.9.