«Pal küçəsinin oğlanları»

 

 Gənclərə vətənpərvərlik ruhu aşılayan əsər

 

 Milli ordumuzun zabiti, Macarıstan Respublikası  Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun bu günlərdə Bakıda "Pal küçəsinin oğlanları" adlı kitabı işıq üzü görmüşdür.

R.Səfərovun tərcümə üçün seçdiyi əsər macar oxucularının masaüstü kitabı sayılır, qəhrəmanlıq və vətənpərvərlik hissləri ilə zəngindir, indiyədək müxtəlif dünya xalqlarının dilinə tərcümə olunub, onun motivləri əsasında birgə Macar-Amerika bədii filmi çəkilib.

Ramil Səfərovun tərcüməsində "Ozan" nəşriyyatı tərəfindən Azərbaycan dilində nəfis şəkildə çapdan çıxmış bu kitabın Bakıda "İrşad" otelində təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, yazıçı və şairlər, jurnalistlər, müxtəlif sənət adamları, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Tədbiri İrşad Araşdırmalar Mərkəzinin rəhbəri, professor Rafiq Əliyev açaraq Macarıstanda ömürlük məhbus həyatı yaşayan milli ordumuzun zabiti Ramil Səfərovun  macar dilindən tərcüməsi əsasında yenicə çapdan çıxmış "Pal küçəsinin oğlanları" kitabı barədə qısa məlumat verdi.

Kitabın redaktoruön sözün müəllifi, filologiya elmləri üzrə fəlsəfə doktoru Asif Rüstəmli çıxış edərək bildirdi ki, Ramil Səfərovla telefon əlaqəsi olub, yığıncaq barədə onu məlumatlandırıb. Ramil Səfərovun tədbir iştirakçılarını, eləcə də bütün Azərbaycan xalqını salamlayaraq onları Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il bayramı münasibətilə təbrik etdiyini açıqladı. O, Ramil Səfərovun tərcümə etdiyi kitabların nəşri və ideya istiqamətləri barədə ətraflı danışaraq dedi:

- Ramil Səfərov və onun bədii tərcümə işləri ilə əlaqədar dəfələrlə Macarıstanda olmuşam, görüşmüşəm. Onun macar dilini öyrənməsi, macar dilindən tərcümələr etməsi əsl fədakarlıqdır. Ramil bundan əvvəl də macar ədəbiyyatında çox sevilən qadın yazarlardan biri - Maqda Sabonun "Qapı" romanını Azərbaycan dilinə çevirmişdi. Həmin kitab da "Ozan" nəşriyyatı tərəfindən çap olunaraq oxuculara çatdırılmışdır.

Ramil Səfərov çox zəhmətkeş insandır. O, tərcümə yaradıcılığına ciddi yanaşır. Biz "Pal küçəsinin oğlanları"nı nəşrə hazırlayarkən bu povestin ən xırda detallarına qədər onunla məsləhətləşdik. Ramilin təklifi ilə kitabda həm macar, həm də ingilis dillərində xülasə vermişik. Hazırda Ramil növbəti kitab üzərində işləyir. Onun yeni əsərlərini növbəti ildə oxuculara təqdim edəcəyik. Bütün bu işlərin həyata keçirilməsində  Azərbaycanın Macarıstandakı səfirı, yazıçı-publisist Vilayət Quliyevin xidmətləri böyükdür.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor, dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə çıxış edərək bildirdi ki, Ramil Səfərov Macarıstanda Azərbaycan xalqının əbədiləşmiş canlı qəhrəmanlıq simvoludur... Ramil birbaşa macar dilindən Azərbaycan dilinə əsər tərcümə edən ilk mütəərcim-tərcüməçidir. O bu kitabları təsadüfən tərcümə etməyib. "Qapı" romanının, eləcə də "Pal küçəsinin oğlanları" povestinin Ramilin dünyagörüşü, əhval-ruhiyyəsi və onun yaşadıqları ilə rəmzi şəkildə bağlılığı var. Düşünürəm ki, Azərbaycan oxucusu bu əsərlər vasitəsi ilə Ramil Səfərovun mənəvi aləmini, onun daxili dünyasını görmək, duymaq, qiymətləndirmək üçün böyük bir fürsət əldə edir. 

Dünya ədəbiyyatının tanınmış simalarından olan macar yazıçısı Ferens Molnardın "Pal küçəsinin oğlanları" adlı kitabı əsasında dörd dəfə film çəkilib. Kitab əsasında ilk film 1919-cu il Macarıstanda lentə köçürülüb. Daha sonra əsərə əsasən 1934-cü il Amerikada - Kolumbiyada, 1935-ci ildə isə İtaliyada film istehsal olunub. Sonuncu dəfə Macarıstanla ABŞ-ın birlikdə çəkdiyi film isə 11-ci "Oskar" mükafatına layiq görülüb.

Tədbir iştirakçıları ANS telestudiyası tərəfindən videolentin yaddaşına köçürülmüş "Ramil Səfərov Budapeşt məhkəməsində" qısametrajlı filmə tamaşa etdilər.

Sonra Milli Məclisin deputatı, parlamentlərarası Azərbaycan-Macarıstan əlaqələri üzrə işçi qrupunun rəhbəri Xanhüseyn Kazımlı çıxış edərək bildirdi ki, Milli Məclisin üzvləri, eləcə də respublikamızdan Macarıstana yolu düşən ziyalılarımız Ramil Səfərovla mütəmadi olaraq görüşürlər. Ramil fədakar, vətənpərvər, Azərbaycan dövlətçiliyini öz mənafeyindən üstün tutan bir gəncdir. Ramil ilə görüşən zaman onda olan nikbin ovqata sevindim. Ramilin hadisələrə dəqiq, obyektiv, məntiqli qiymət vermək bacarığı var.

Ramil Səfərovun həbsxanada olmasına, bütün imkanlarının məhdudluğuna baxmayaraq, təmasda olduğu zabitlərin ona sonsuz hörməti, ehtiramı var. Ramil Səfərov Macarıstan dövlətinin qanunlarının imkan verdiyi çərçivədə qaydalara əməl edir, ətrafı ilə əlaqə saxlayır. O, Azərbaycanda gedən ədəbi-mədəni hadisələri izləyir, ömürlük məhbusluq həyatını yaşamaqla, bədii ədəbiyyatla maraqlanır, tərcümə yaradıcılığı ilə məşğul olur. Düşünürəm ki, Ramilin tərcüməsində Azərbaycan dilində işıq üzü görən "Pal küçəsinin oğlanları"  kitabı Yeni ilDünya Azərbaycanlılarının Həmrəyliyi Günü öncəsi ölkəmizin vətəndaşları və bütün dünya azərbaycanlıları üçün çox gözəl hədiyyədir.

Sonra Milli Məclisin deputatları Mübariz Qurbanlı, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Aslan Şahverdiyev, Zahid Oruc, Ramil Səfərovun hər iki kitabının sponsoru, "Azərbaycan Bayrağı" ordenlı, xeyriyyəçi Şahid Həbibullayev, Ombudsman Elmira Süleymanova, "Kredo" qəzetinin baş redaktoru Əlirza Xələfli, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Müdafiə Şurasının həmsədri, professor Qəzənfər Paşayev, general-leytenant Ədalət Paşayev, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, AYB-nin Qarabağ bölgəsi Yazarlar Birliyinin sədri Ənvər Əhməd çıxış edərək Ramil Səfərov haqqında, onun mütərcimliyi ilə ərsəyə gələn "Qapı" və "Pal küçəsinin oğlanları" kitabları barədə ürək sözlərini bildirdilər.

Tədbirin sonunda Ramil Səfərovun atası Sahib Səfərov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev çıxış edərək Ramil Səfərova və onun ailə üzvlərinə göstərilən dövlət qayğılarından, isti münasibətlərdən danışdılar, ölkə rəhbərliyinə, Ramilsevərlərə və tədbir iştirakçılarına minnətdarlıqlarını bildirdilər.  

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2011.-29 dekabr.-S.11.