Azərbaycan şeiri Ərciyəsin ətəklərində səsləndi

 

 

Ərciyəs dağı sadəcə Kayseri şəhərinin deyil, bütün Türkiyənin qüruru olan gözəl bir məkandır. Hər il istər Türkiyənin müxtəlif yerlərindən, istərsə də dünyadan çox sayda turist buraya tətilə gəlir. Ərciyəs qış-yay ağappaq qarla örtülü olur. Ona görə də burada xizək yarışları keçirilir. BirKayserinin şeir məclisləri Ərciyəsin adını daşıyır. Bu dəfə şairlərin toplantısı Kayseri bələdiyyəsinin yeni istifadəyə verdiyi mədəniyyət sarayının böyük salonunda oldu.

Şeir məclisi məşhur şair, dövlət xadimi Qazi Burhanəddinə həsr olunmuşdu. Kayseri bələdiyyəsinin mədəniyyət şöbəsinin müdiri İsmət Taymuş şeir məclisini açaraq türk dünyasının müxtəlif yerlərindən gələn ziyalılara "Xoş gəldiniz" dedionlara bu soyuq qış günündə Qazi Burhanəddinin xatirəsini yad etdikləri üçün təşəkkür etdi. Kayseridəki Erciyes Universitetinin professoru Atabəy Kılıç toplantıya gələnləri Q.Burhanəddinin həyat və yaradıcılığı ilə tanış etdi. O, məruzəsində Qazi Burhanəddin haqqında xeyli məlumat verdi. Əskişəhər Osman Qazi Universitetinin müəllimi, dosent T.Əliyeva "Q.Burhanəddin və Azərbaycan ədəbiyyatı" adlı məruzəsi ilə çıxış edərək dedi ki, görkəmli Azərbaycan şairi, dövlət xadimi Qazi Burhanəddinin yaradıcılığı XIV əsr Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutur. Qazi Burhanəddin ana dilini sevən, bu dildə yazmağa diqqət göstərən şair olmuşdu. Nəsimidən əvvəl, Həsənoğludan sonra yaşayan Q.Burhanəddini "Azərbaycan ədəbiyyatı tarixi" (müəlliflər: Ə.Səfərli, X.Yusifov) kitabında hər iki sənətkar arasında mənəvi körpü yaradan şair adlandırmışlar. Qazi Burhanəddin şeirlərinin ictimai-fəlsəfi məzmunu, humanist ruhu çox güclüdür. Şairin sağlığında - 1893-cü ildə üzü köçürülən 608 səhifəlik və 17 min misra şeirdən ibarət olan divanının əlyazması bu gün Londonda - Britaniya muzeyindədir. "Qədim və orta əsrlər Azərbaycan tarixi" kitabında Qazi Burhanəddinin tuyuqlarının ilk dəfə İstanbulda cənab Şəhabəddin, 1943-cü ildə Türk Dil Qurumu, 1977-ci ildə Əli Alpaslan, 1980-ci ildə M.Ergin, 1976-cı ildə Azərbaycanda professor Ə.Səfərli tərəfindən çap olunduğu yazılır. Rusiyada isə 1895-ci ildə R.Melioranski "Vostoçnıe zametki" jurnalında Q.Burhanəddinin iyirmi rübaisinion iki tuyuğunu çap etdirmişdir. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və İzmirdəki Egey Universitetinin müəllimi, professor Y.Akpinar tərəfindən hazırlanmış və 2000-ci ildə Ankarada nəşr edilmiş "Min ilin yüz şairi" kitabında Q.Burhanəddinin "Düşərsə" qəzəli, dörd tuyuğu verilmişdir.

Bu çıxışlardan sonra şairlər şeirlərini oxudular, İldırım Bəkçi Anadolu xalq mahnılarını oxudu.

Toplantının sabahı günü şairlər toplantısı Ərciyəs dağının ətəyindəki istirahət mərkəzində keçirildi. Mərkəzin geniş salonunda şairlər şeirlərini oxudular. Bu şeir məclisinə Azərbaycan şairlərinin xatirə gecəsi də demək olardı. Azərbaycanın məşhur şairlərindən Almas İldırım, Əhməd Cavad, R.Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz, N.Həsənzadə, N.Kəsəmənli haqqında çıxışlar oldu. Azərbaycanda işgüzar səfərdə olan Kayseri Bələdiyyəsinin mədəniyyət şöbəsinin müdiri İsmət Taymuş Bakıda olarkən şair Nəriman Həsənzadə ilə görüşündən, onun Türkiyədə çap edilmiş "Sən nasıl yoksun" kitabından danışdı, şairin "Nərdivan" şeirini söylədi. Türk şeirinin yaşayan əfsanəsi, ustad şair Bahəttin Karakoç Bəxtiyar Vahabzadə ilə dostluğunu xatırladaraq dedi ki, B.Vahabzadənin şeirləri, doğrudan da, bir möcüzədir, o həm şair, həm alim, həm də dövlət xadimi idi. Azərbaycanın dərdi-qəmi onun şeirlərində əksini tapmışdır. Bəxtiyar sevgi, vətən, humanizm şairi idi. Bir ustad şairin Bəxtiyar Vahabzadə haqqında dedikləri ürəyimizi dağa döndərdi. Elazığdakı Firat Universitetinin müəllimi Əhməd Tofiq Ozan Almas İldırım haqqında danışdı, sonra 2004-cü ildə Bakıda keçirilən "Xəzər Şeir Toplantısı"ndan, vaxtilə Bəxtiyar Vahabzadəni ziyarət etmələrindən, ona mükafat vermələrindən danışdı. "Azərbaycan" qəzetinin əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhman Salmanının "Əhməd Cavadın yaradıcılıq yolu" kitabı əldən-ələ gəzdi. Hər kəs bu kitabı çox bəyəndiklərini söylədi və dedilər ki, yaxşı olardı ki, kitab Ə.Cavadın çox sevdiyi Türkiyədə də nəşr edilsin. Ə.Cavadın "Çırpınırdı Qara dəniz" şeirini Türkiyədə əzbər bilməyən yoxdur, ona görə də hər kəs onun yaradıcılığı ilə maraqlanır. Universitet tələbələri Ə.Cavadın 10 aprel 1919-cu ildə yazdığı "Azərbaycan bayrağına", "Şəhidlərə", 1918-ci ildə Nuru Paşanın ordusunda könüllü olaraq Azərbaycan xalqına yardıma gələn əsgərlərə ithaf etdiyi "Türk ordusuna" şeirini oxudular.

Toplantıda Çanaqqala şəhərindəki 18 Mart Universitetinin müəllimi, dosent M.İsmayıl da Azərbaycan şeirindəki əsas mövzulardan danışdı və öz şeirlərini oxudu. Şeir məclisində Ə.Cavadın, Məmməd Arazın, B.Vahabzadənin, N.Həsənzadənin, N.Kəsəmənlinin şeirləri səsləndirildi.

Şeir məclisində Türkiyənin çeşidli şəhərlərindən gələn şairlər Ankarada fəaliyyət göstərən İLESAM-ın təmsilçisi, Türkiyənin tanınmış şairləri İsmət Bora Binatlı, Bahəttin Karakoç, Abdulla Satoğlu, professor Mustafa Erkan, İltər Yeşilay, Əməl Dəmirəzən, Əhməd Tofiq Ozan, Cansın Erol, Möhsün İlyas Subaşı, Fazil Əhməd Bahadır, Yasin Mortaş, Məhmət Hames, Əhməd Karaaslan, Emin Kuzucular, Bülənd Gündoğan, Bəkir Oğuz Başaran, İmdad Afşar, Sərgül Vural iştirak edirdilər. İsmət Bora Binatlı dəfələrlə Azərbaycanda olmuş, bu diyarı çox sevmişdir. Hər səfərində Azərbaycanın çox dəyişdiyini, inkişaf etdiyini söylədi, Şairin 2011-ci ilin dekabr ayında nəşr edilən kitabında "Azərbaycan" adlı şeiri var. O bu şeirində Azərbaycanı türk dünyası adlı vətənin ən mötəbər parçası hesab etdiyini dilə gətirir. Şeirdə Qarabağın tezliklə azad olunacağı fikri xüsusilə vurğulanır və şair Azərbaycan ədəbiyyatının öndə gələn isimlərindən söz açır. Bunlar Bəhmənyar, S.Ə.Şirvani, Aşıq Ələsgər, Abbas Tufarqanlı, Aşıq Qurbani, B.Vahabzadədir. İsmət Bora Binatlının "Azərbaycan" şeiri hər kəsi duyğulandırdı, şeir alqışlarla qarşılandı.

Toplantıda çıxış edən şairlər Azərbaycan və orada yaşayan insanlar haqqında ən gözəl sözlər söylədilər, hər kəs yaxın zamanlarda Qarabağın erməni əsarətindən qurtulacağını və bu şeir toplantısını Şuşada - Cıdır düzündə,  Xankəndidə, keçirəcəklərini söylədilər.

 

 

Tamilla ƏLİYEVA,

"Azərbaycan" qəzetinin Türkiyə təmsilçisi,