«Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət haqqında»
Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq qərara alır:
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 6, maddə 268; 2006, ¹ 2, maddə 67; 2009, ¹ 4, maddə 213) aşağıdakı dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilsin:
"3.3. Bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılmasının nəticələri bələdiyyə tərəfindən əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.";
2. aşağıdakı məzmunda 6.0.8-ci maddə əlavə edilsin:
"6.0.8. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar.";
3. 7.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"7.2. İnzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu tarixdən 15 gün müddətində, əlavə araşdırmalar tələb olunarsa, 30 gün müddətində baxır. İnzibati nəzarət icraatı üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu maddədə nəzərdə tutulmuş müddətdən daha artıq vaxt tələb olunduğu hallarda inzibati nəzarət icraatının müddəti inzibati nəzarəti həyata keçirən orqan tərəfindən 30 gün müddətinə uzadıla bilər. İnzibati nəzarət icraatının ümumi müddəti 60 gündən çox ola bilməz. İnzibati nəzarəti həyata keçirən orqan tərəfindən müddətin uzadılması barədə ərizəçiyə üç gün ərzində məlumat verilir. Müddətin uzadılmasına səbəb olan hallar inzibati nəzarəti həyata keçirən orqan tərəfindən əsaslandırılmalıdır.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 oktyabr 2011-ci il
Azərbaycan.-2011.-30 dekabr.-S.4.