Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyi
Departamentinin
inzibati binasının
qarşısında salınan yeni parkda görülən
işlərlə
maraqlanmışdır
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının qarşısında salınan yeni parkla tanış olmuşdur.
Dövlət başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində son illər ardıcıl tədbirlər görülür.
Salınan yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən iaşə obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.
Vergilər naziri Fazil Məmmədov yeni parkda görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bu park nəqliyyatın yüksək sürətlə hərəkət etdiyi, çoxzolaqlı prospektin kənarında salındığı üçün onun yaradılması zamanı səs izolyasiyasına əsaslanan yaşıllıq və su sistemlərinin sintezindən istifadə olunmuşdur ki, bu da ekoloji tarazlığın qorunmasına və parkda insanların rahat istirahətinə xidmət edəcəkdir. Parkda xeyli sayda müxtəlif növ dekorativ ağac və kol, o cümlədən rəngbərəng güllər əkilmişdir. Burada həmişəyaşıl bitki növlərinə daha çox üstünlük verilmişdir. Güllərdən buta şəkilli kompozisiya yaradılmışdır. Parkda xüsusi drenaj sistemi qurulmuş, torpaq örtüyü orqanik materiallarla zənginləşdirilmişdir. Ən müasir memarlıq üslubunda inşa edilən və 1 hektara yaxın ərazini əhatə edən parkda "Suyun nağılı" fəvvarələr sistemi qurulmuşdur. Buradakı 75 metrlik 2 su güzgüsü gözəlliyi ilə diqqəti cəlb edir. Suyun fasiləsiz dövriyyəsini təmin etmək məqsədi ilə ərazidə 2 su anbarı və təmizləyici sistemlər yaradılmışdır. Parkda suvarma işləri avtomatik damcı sistemi ilə həyata keçirilir. Döşəmələrdə İtaliyadan gətirilən luzanna tipli daşlardan, qara Afrika mərmərindən istifadə olunmuşdur. İşıqlandırma və su sistemlərinin işinin fasiləsizliyi məqsədi ilə 630 kilovoltluq yeni yarımstansiya qurulmuşdur. Xüsusi layihə əsasında qurulan işıqlandırma sistemi gecə saatlarında həm parka, həm də inzibati binanın fasadına xüsusi gözəllik verir.
Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının fasadının da əsaslı şəkildə yenidən qurulduğu bildirildi. Fasadın yenidən qurulmasında milli ornamentlərdən istifadə edilmişdir. İnşaat işlərində Türkiyə istehsalı olan limra daşından istifadə edilmişdir.
Dövlət başçısı istifadə olunan inşaat materiallarının keyfiyyəti ilə maraqlandı.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2011.-30
dekabr.-S.1.