Əli Həsənov: 2011-ci ildə Azərbaycan tarixi nailiyyətlərə imza atdı

 

 

Bu il Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü böyük təntənə ilə qeyd olundu. Ötən dövrdə ölkəmiz çətin sınaqlardan çıxdı, kəşməkeşli 90-cı illəri arxada qoyaraq dünyanın inkişaf edən dövlətləri sırasında önəmli yer tutdu. Tariximizin ən əlamətdar hadisəsini - müstəqilliyimizin 20 illiyini qeyd etdiyimiz bir vaxtda gənclərimizin Avropanın bir nömrəli musiqi yarışmasında qələbə qazanması, onun ardınca Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi hər bir azərbaycanlının və dünyada yaşayan soydaşlarımızın qəlbini böyük qürur və iftixar hissi ilə doldurdu. Həqiqətən də müstəqilliyinin 20-ci ilində - 2011-ci ildə Azərbaycan öz inkişafının yeni səhifəsini açdı.

AzərTAc müstəqillik dövründə ölkəmizin keçdiyi inkişaf yolu, cari ilin yekunları, müasir dövrdə dövlətimizin qarşısında duran vəzifələr və digər aktual məsələlərlə bağlı Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdan müsahibə almışdır.

- Əli müəllim, bu il Azərbaycan müstəqilliyinin 20 illiyini böyük təntənə ilə qeyd etdi. Təbii olaraq, ötən dövr ərzində əldə olunan nailiyyətlər, qarşıda duran strateji məqsədlər bir daha nəzərdən keçirilir. Sizcə, ötən dövrdə Azərbaycan nəyə nail oldu və hansı məsələlər hələ də öz həllini gözləyir.

- 20 il hər hansı bir ölkənin müstəqillik tarixində böyük zaman olmasa da, müstəqil dövlət quruculuğu baxımından mühüm mərhələ və nadir fürsətdir. Dövlət suverenliyinin qorunub-saxlanması, onun hüquqi əsaslarının, idarəçilik mexanizmlərinin yaradılması, dövlətçiliyin hərtərəfli möhkəmləndirilməsi və artıq formalaşmış, beynəlxalq münasibətlərin subyekti statusu qazanmış vəziyyətə çatdırılması müstəqillik illərində Azərbaycan Respublikasının uğurlarının əsasında duran amillərdir. Əgər hər hansı xalq 20 ildə milli dövlətini yaratmağa, müstəqil dövlət quruculuğu sahəsində öz iradəsini reallaşdırmağa, daxili və xarici siyasətini müəyyənləşdirməyə nail olursa, bu, onun tarixində olduqca mühüm əhəmiyyət kəsb edən bir mərhələdir. Son 200 ildə Azərbaycan yalnız ötən 20 il ərzində müstəqil dövlətini qurmağa nail olub. Bildiyiniz kimi, ötən əsrin əvvəllərində yaranmış Azərbaycan Demokratik Respublikası yalnız 23 ay yaşayıb.

Əminliklə demək olar ki, əsrin əvvəllərində baş verən proseslərin mahiyyət etibarilə ötən əsrin sonunda yenidən təkrarlanması ehtimalı çox böyük idi. Bilirsiniz ki, 1991-1993-cü illər Azərbaycan tarixinə anarxiya, xaosun hökm sürdüyü illər kimi düşdü. Hakimiyyətin səriştəsizliyi, dövlət idarəçiliyində yol verilmiş kobud səhvlərin məntiqi nəticəsi olaraq ölkədə ağır sosial-iqtisadi vəziyyət yarandı, separatçılıq, silahlı qruplaşmalar, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu.

Yalnız xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində müstəqilliyimizi təhdid edən proseslərin qarşısı alındı və əsas diqqət dövlət quruculuğu məsələlərinə yönəldildi. Heydər Əliyev dühasının müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan təlatümlərdən, sarsıntılardan qurtularaq gələcəyə inamla baxan dövlətə çevrildi. Ermənistanla atəşkəsə nail olunması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, demokratik sistemin və liberal iqtisadiyyatın formalaşdırılması, milli ordu quruculuğu və təhlükəsizliyin təmin olunması, yeni neft strategiyasının reallaşdırılması, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ulu öndərin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini təşkil etdi. 1995-ci ildən başlayaraq, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara start verildi, Azərbaycanın yeni Konstitusiyası qəbul olundu, çoxpartiyalı siyasi sistem formalaşdırıldı, siyasi plüralizm Azərbaycan cəmiyyətinin normasına çevrildi, söz və mətbuat azadlığı təmin edildi. Paralel olaraq bazar iqtisadiyyatı quruculuğu məqsədilə mühüm addımlar atıldı, Heydər Əliyevin transmilli enerji siyasətinin həyata keçirilməsi nəticəsində dünyanın aparıcı şirkətləri Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının istismarına cəlb edildi, neftin dünya bazarlarına çıxarılması üçün marşrutlar müəyyənləşdirildi və qısa müddətdə Azərbaycanın inkişafını təmin edəcək resurslar əldə olundu.

1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasının əsas prinsiplərinin müntəzəm olaraq həyata keçirilməsi, milli dövlət quruculuğu siyasətinin uğurla reallaşdırılması müstəqil Azərbaycanın bir dövlət olaraq formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. Biz strateji inkişafın əsas prinsiplərindən söhbət açarkən dövlətin inkişafı yolunda zəruri resursların müəyyənləşdirilməsini və ölkənin inkişafı üçün onların səfərbər edilməsini nəzərdə tuturuq. Bildiyiniz kimi, Azərbaycan dövlətinin inkişafının əsas ehtiyatları xalqın potensialı və iradəsi, eyni zamanda, təbii sərvətlərdir. Heydər Əliyev bütün bu ehtiyatları səfərbər edərək Azərbaycan dövlətinin inkişafı istiqamətinə yönəltməyə müvəffəq oldu.

Digər məsələ region və dünya ölkələri ilə münasibətlərin inkişafı strategiyasının, həmçinin Azərbaycan Respublikasının geostrateji kodunun müəyyənləşdirilməsi və buna uyğun olaraq ölkənin daxili və xarici siyasətinin qurulmasıdır. 1993-cü ildən başlayaraq Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilməsi, ölkəmizin maddi, mənəvi və intellektual dəyərlərinin dünya ictimaiyyətinə çatdırılması, milli tələbatların ödənilməsi, milli təhlükəsizlik və inkişafın əsas aspektlərini nəzərə almaqla həm regionda, həm də dünyada Azərbaycan dövlətinin milli maraqlarının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi.

Beləliklə, 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq hüququn subyektinə çevrildiyi mərhələdir. Məhz bu 10 ildə Azərbaycan Respublikasının milli inkişaf strategiyası reallaşdırıldı, xalqımız nadir tarixi fürsətdən maksimum faydalandı, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz etdi.

Artıq 2003-cü ildə Azərbaycan dinamik inkişaf edən ölkə kimi regionumuzun lider dövləti statusunu qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bugünkü siyasəti suverenliyin dönməzliyinə və əbədiləşdirilməsinə, ölkənin milli inkişafına xidmət edən həmin sağlam özül üzərində qurulub.

- Qeyd etdiyimiz kimi, bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Bu tarixi nailiyyəti şərtləndirən amillər hansılardır və ölkəmiz təşkilatdakı fəaliyyətini necə quracaq?

- Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi onun müstəqillik tarixinin ən əlamətdar hadisəsidir. Qeyd edək ki, keçmiş sovet respublikalarından indiyədək yalnız Ukrayna 2000-2001-ci illərdə bu qurumun üzvü olmuşdu.

Bu tarixi nailiyyəti şərtləndirən faktorlar barədə danışarkən ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan sürətlə inkişaf edən, müasirləşən, böyük beynəlxalq nüfuza malik demokratik, dünyəvi ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qısa dövr ərzində mühüm iqtisadi və sosial proqramlar, layihələr həyata keçirildi, əhalinin rifah halının yüksəldilməsi, yoxsulluğun və işsizliyin aradan qaldırılması sahəsində böyük nəticələr əldə olundu.

Dünyanın aparıcı iqtisadi, maliyyə və reytinq təşkilatlarının hesabatlarında Azərbaycanın nailiyyətləri yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun ölkələrin rəqabətqabiliyyətliyi ilə bağlı hesablamalarında Azərbaycan 55-ci yerə layiq görülüb. Bütün MDB məkanında iqtisadiyyatın rəqabətqabiliyyətliyinə görə Azərbaycan liderdir.

Hazırda dünyanın aparıcı ölkələrinin reytinqi aşağı düşür, bu günlərdə nüfuzlu "Standard &Poor's" beynəlxalq reytinq şirkəti Avropanın 15 aparıcı ölkəsinin, o cümlədən Almaniya və Fransanın reytinqinin aşağı salınması ehtimalının gündəmdə olduğunu bəyan edib. Azərbaycana gəldikdə isə, şirkət bu yaxınlarda ölkəmizin uzunmüddətli yerli və xarici valyutada reytinqinin "BBB-" investisiya səviyyəsinə qaldırılması, reytinq üzrə proqnozun isə sabit olduğu barədə qərar qəbul edib. Əsas kimi ölkənin olduqca güclü daxili və xarici netto-kreditor mövqeyinin formalaşması, neft gəlirlərinin səmərəli idarə olunması, Azərbaycanda güclü fiskal siyasətin aparılması göstərilib.

Həmçinin 2011-ci ilin son aylarında dünyanın ən nüfuzlu araşdırma və sorğu şirkətlərindən biri olan "Gallup International"in dünyanın 51 ölkəsində apardığı "Qlobal Ümid və Ümidsizlik Barometri" adlı sorğusuna əsasən Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutub. Bu da o deməkdir ki, ölkə əhalisi gələcəyə ümid bəsləyir, növbəti ildə rifah səviyyəsinin daha da yüksələcəyinə inanır və ölkəmizin 2012-ci ildə inkişafına böyük nikbinliklə baxır.

Bütün bu göstəricilər sosial-iqtisadi sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin dünya səviyyəsində qəbul olunduğunu təsdiq edir.

Digər tərəfdən, bu illər ərzində Azərbaycan özünü etibarlı tərəfdaş kimi tanıtmış, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirməkdədir. Azərbaycan həmişə müstəqil siyasət aparmış, ölkəmizin dostlarının və tərəfdaşlarının sayı durmadan artır. Ərazisinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycan daim sülh tərəfdarı olmuş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirir. Həmçinin Azərbaycan regional təhlükəsizliyə mühüm töhfə verən, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi faktora çevrilmiş bir ölkədir. Azərbaycan terrorizm, sülhü və təhlükəsizliyi təhdid edən digər hallara qarşı mübarizənin fəal iştirakçısıdır, BMT-nin ideallarına xidmət etdiyini hər addımında sübuta yetirir.

Məlum olduğu kimi, BMT TŞ-yə üzvlük rotasiya qaydasında həyata keçirilmir, səsvermə yolu ilə müəyyənləşir. Azərbaycan indiyədək rotasiya qaydasında müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarda müəyyən proseslərə rəhbərlik etmişdi. Ancaq BMT TŞ-yə üzv olmaq üçün sözün həqiqi mənasında mübarizə tələb olunurdu, burada dövlətin həm beynəlxalq əlaqələrinin böyük rolu var idi, həm də onun nüfuzuna, yürütdüyü siyasətə qiymət verilirdi. Azərbaycanın 155 ölkənin səsini qazanması və dünyanın bir sıra nüfuzlu ölkələrini mübarizədən kənarlaşdırması artıq hər şeyi açıq göstərir. Azərbaycanın BMT Təhlükəsizlik Şurası kimi dünyanın ən mötəbər siyasi formatında təmsilçilik hüququ əldə etməsi ölkəmizə böyük etibarın, etimadın əyani göstəricisidir.

Əlbəttə, iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü kimi Azərbaycanın maraq dairəsinə daxil olan məsələləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini avtomatik həll etmək mümkün deyil. Amma bu status Azərbaycana imkan verir ki, dünya siyasətinin müəyyənləşdirilməsində öz sözünü desin, beynəlxalq hüquq normalarının ədalətli şəkildə həyata keçirilməsi istiqamətində daha məhsuldar və məqsədyönlü fəaliyyət göstərsin. Azərbaycan qlobal və regional məsələlərin həllində daha yaxından iştirak etmək, iqtisadi, siyasi və sosial nailiyyətlərini bütün dünyaya göstərmək, sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına daha çox töhfə vermək imkanı qazanıb. Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara - sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcəkdir.

- Bu il Azərbaycan nümayəndələri Düsseldorfda keçirilən "Eurovision" mahnı müsabiqəsinin qalibi oldular. Siz bu qələbənin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın Avropanın ən möhtəşəm musiqi müsabiqəsi olan "Eurovision"da qələbəsi bizim gənclərimizin, cəmiyyətimizin, xalqımızın böyük nailiyyətidir. Bu qələbə bir daha Azərbaycanı bütün dünyaya tanıtdı, ölkəmizə olan marağı artırdı. Təsadüfi deyil ki, müsabiqənin nəticələri elan olunduqdan sonra bir neçə gün qlobal şəbəkənin axtarış sistemində ən çox Azərbaycanla bağlı məlumatlara müraciət olunub.

Əlbəttə, qələbə ilk növbədə yarışmada iştirak edən gənclərimizin yüksək istedadı, bacarığı sayəsində mümkün oldu. Eyni zamanda, hazırda cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının inkişaf etdirilməsi və ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Bu ilin aprelində Azərbaycan Prezidentinin sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olundu, dekabrın 20-də isə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu təsis edildi. Bütün bunlar Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Buna görə də tam əsasla demək olar ki, son illər istər idmanda, istər mədəniyyət və incəsənətdə, istərsə də başqa sahələrdə gənclərimizin mühüm nailiyyətlər əldə etməsində həyata keçirilən dövlət siyasətinin böyük rolu vardır.

Hazırda qarşımızda duran əsas vəzifə gələn ilin mayında Bakıda "Eurovision - 2012" müsabiqəsini layiqincə keçirmək, Azərbaycanın güclü potensialını bütün dünyaya obyektiv şəkildə nümayiş etdirməkdir. Hesab edirəm ki, biz qarşıda duran bütün vəzifələrin öhdəsindən gələcəyik.

Fürsətdən istifadə edib bir məsələni xüsusi vurğulamaq istərdim. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, "Eurovision"da qələbəmiz və digər nailiyyətlərimiz bəzi antiazərbaycan qüvvələri narahat edir. Təsadüfi deyil ki, Azərbaycana qarşı qara piar təşkil olunur, ölkəmizi gözdən salmaq, onun nüfuzuna xələl gətirmək üçün məqsədli şəkildə müxtəlif kampaniyalar təşkil edilir. Bəzi yerli və xüsusilə də xarici mətbuatda Azərbaycan haqqında qeyri-obyektiv, qərəzli məlumatlar yayılır. Birmənalı şəkildə bildirirəm ki, biz "Eurovision" müsabiqəsinin yüksək səviyyədə təşkil edilməsi məsələsi də daxil olmaqla qarşımızda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyik və heç bir qüvvə bizə maneçilik törətmək iqtidarında deyil.

- Əli müəllim, məlum olduğu kimi, Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir, son illər sosial-iqtisadi inkişaf baxımından ölkəmiz dünyada liderlər sırasındadır. Lakin o da məlumdur ki, bu gün dünyada böyük dəyişikliklər baş verir, ayrı-ayrı ölkələrdə sabitlik pozulur, münaqişələr ara vermir. Bu baxımdan 2011-ci ilin ictimai-siyasi, sosial-iqtisadi yekunlarını da nəzərə almaqla Azərbaycanda mövcud vəziyyəti necə xarakterizə edərdiniz?

- Bilirsiniz, hər bir ölkədə ictimai-siyasi vəziyyəti şərtləndirən mühüm faktorlar mövcuddur. Hazırda dünyada baş verən proseslərin təhlili göstərir ki, ölkələrin sosial-iqtisadi durumu, xarici təhdidlərə qarşı immuniteti və müdafiə sisteminin vəziyyəti, demokratik azadlıqların səviyyəsi, ən əsası isə xalqın sosial durumu, hakimiyyətin siyasətini dəstəkləməsi və s. ictimai-siyasi vəziyyəti şərtləndirən əsas faktorlardır.

Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf strategiyasının inamla davam etdirilməsi 2011-ci ildə də ölkə iqtisadiyyatının potensial imkanlarını sürətlə yüksəltdi. Nəticədə bu gün Azərbaycanda dayanıqlı, sabit və dinamik inkişaf edən iqtisadi sistem yaranıb. Təkcə 2011-ci ildə deyil, ümumiyyətlə son 8 ildə Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində həqiqətən də inqilabi nəticələr əldə edilib. Konkret proqramlar əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycanda müasir dövlət, müasir cəmiyyət formalaşıb. Ölkədə yol, nəqliyyat, kommunal təchizat, elm, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, qısası, bütün sosial-iqtisadi, mədəni və digər sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırılıb. Azərbaycanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin edilib. Bu dövr ərzində iqtisadiyyatımız üç dəfə, dövlət büdcəsi 20 dəfə artıb, 50 milyard dollar həcmində valyuta ehtiyatımız formalaşıb. Ölkənin enerji potensialı güclənib, iqtisadiyyatı şaxələndirilib, qeyri-neft sektoru, sənaye sürətlə inkişaf edir. Ölkədə makroiqtisadi sabitlik qorunur, inflyasiya birrəqəmli səviyyədə saxlanılır. 2011-ci ilin 9 ayında inflyasiya 8,4 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 19 faiz artıb. Göründüyü kimi, əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir.

Ötən 8 ildə minlərlə müəssisə, 2 mindən artıq müasir məktəb, saysız-hesabsız səhiyyə ocaqları, olimpiya idman kompleksləri, mədəniyyət obyektləri tikilib istifadəyə verilib. Azərbaycanın şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib, onların siması müasirləşib.

2011-ci il də daxil olmaqla ötən dövrdə Azərbaycanda əhalinin rifahının yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili iqtisadi və sosial siyasətin əsas məqsədlərindən birini təşkil edib. Artıq bir milyona yaxın iş yeri açılıb, işsizliyin səviyyəsi 5,5 faizə, yoxsulluq isə 9 faizə düşüb. Ölkədə 500 mindən artıq adamı əhatə edən Ünvanlı Sosial Yardım Proqramı həyata keçirilir, 112 min ailə hər ay orta hesabla 130 dollara yaxın vəsait alır. 2011-ci il də daxil olmaqla, hər il maaşlar, pensiyalar artırılır və bu göstəricilərə görə Azərbaycan MDB məkanında liderlər sırasındadır.

Bu gün Azərbaycan özünü tam təmin edən, güclü müdafiə və təhlükəsizlik sisteminə malik dövlətdir, ona kənardan hər hansı təzyiq göstərmək, təhdid etmək, nəyəsə məcbur etmək mümkün deyil. Ölkəmizdə müasir ordu quruculuğu sahəsində ciddi uğurlar əldə edilib. Bu gün Azərbaycan Ordusunun büdcəsi Ermənistanın büdcəsindən 1.5 dəfə artıqdır, Silahlı Qüvvələrimiz müasir hərbi sursat və texnika ilə təchiz olunub, respublikamızda 500-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.

Digər tərəfdən, Azərbaycan demokratiya yolu ilə inkişaf edir, ölkədə insan haqları qorunur, fikir plüralizmi, söz və məlumat azadlığı mövcuddur, vətəndaş cəmiyyəti institutları müstəqil, sərbəst fəaliyyət göstərirlər. Bilirsiniz ki, Prezident İlham Əliyev dekabrın 27-də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Qarşıdan gələn illərdə Milli Fəaliyyət Proqramına uyğun olaraq insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişafının stimullaşdırılması, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Bir sözlə, Azərbaycan sürətlə inkişaf edən, müasirləşən, güclü, müstəqil və yüksək beynəlxalq nüfuza malik bir ölkə kimi özünü tam təsdiq edib. Buna görə də əhali dövlətin yürütdüyü siyasətdən razıdır, Azərbaycan xalqında öz dövlətinə, bu dövlətin daxili və xarici siyasətini formalaşdıran, əldə edilmiş bütün uğurların müəllifi olan cənab Prezidentə böyük inam var. Xatırlatmaq istərdim ki, bu ilin noyabrında Böyük Britaniyanın "Populus Limited" şirkətinin Azərbaycanda keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 95 faizi Prezident İlham Əliyevə yüksək etimad göstərir və 96 faizi onu bəyənir. Həmçinin əhalinin 79 faizi Azərbaycanda ümumi vəziyyətin normal olduğu və ölkənin düzgün istiqamətdə inkişaf etdiyi qənaətindədir. Respondentlər Azərbaycanın təhlükəsiz, inkişaf edən, stabil, uğurlu və güclü ölkə olduğunu qeyd ediblər. Belə bir şəraitdə Azərbaycanda sabitliyi poza biləcək hər hansı daxili və xarici qüvvəni, yaxud səbəbi təsəvvürə gətirmək belə çətindir.

- Əli müəllim, bütün bunları nəzərə almaqla bu gün Azərbaycanın dünyada mövqeyini necə qiymətləndirərdiniz?

- Məlum olduğu kimi, müasir dünyada hər bir dövlətin öz inkişaf yolu, prinsipləri mövcuddur. Azərbaycan müstəqilliyini əldə edən andan inkişafın əsas istiqaməti kimi demokratik inkişaf və bazar iqtisadiyyatı prinsiplərini seçib. Bu prinsiplər 1995-ci ildə qəbul olunmuş Konstitusiyada əksini tapıb. Azərbaycan avrointeqrasiya yolu ilə irəliləyərək 2001-ci ildə Avropa Şurasının üzvü olub, sonrakı illərdə Avropa İttifaqı ilə yaxın əməkdaşlıq əlaqələri qurub, Aİ-nin "Şərq tərəfdaşlığı" proqramına cəlb edilib. Avropa dəyərləri, iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə toplanmış təcrübə zamanın sınağından keçərək özünü doğruldub. Azərbaycan da məhz həmin dəyərlərə can atır və müntəzəm şəkildə bu istiqamətdə irəliləyir.

Bununla yanaşı, dünyada baş verən siyasi, iqtisadi, sosial, humanitar və digər məsələlərlə bağlı Azərbaycanın öz mövqeyi, seçim imkanları mövcuddur. Azərbaycan özünü tam təmin edən, müstəqil, dünyaya öz baxışı olan, öz milli dəyərlərini, xüsusiyyətlərini qoruyub saxlayan ölkədir. Məhz buna görədir ki, Azərbaycan regional lider statusunu qazanıb, dünyada sayılıb-seçilən, rəyi nəzərə alınan, beynəlxalq münasibətlər sistemində güclü mövqeyə sahib dövlət kimi qəbul olunur. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında Azərbaycanın milli maraqları, xalqımızın mənafeyi dayanır.

- Son illər qeyri-neft sektorunun sürətlə inkişaf etməsinə baxmayaraq, enerji sektoru Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq qalır. Ölkəmiz artıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir. Enerji sektorunun mövcud vəziyyətini və inkişaf perspektivini necə qiymətləndirirsiniz?

- 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin əsas məqsədlərindən biri böyük Azərbaycan neftinin dünya bazarına çıxarılmasını təmin etmək idi. Həmin dövrdə ancaq güman etmək olardı ki, nə vaxtsa Azərbaycan həm də böyük qaz ixracatçısı kimi həm bölgənin, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayacaq. Bu gün isə böyük təbii sərvətlərə, iqtisadi potensiala və insan ehtiyatına malik olan Azərbaycan yalnız Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında əhəmiyyətli ölkə sayılır.

Azərbaycanda təsdiqlənmiş karbohidrogen ehtiyatlarının ümumi həcmi 4.2 milyard tondur. 2010-cu ildə "Ümid", 2011-ci ildə isə "Abşeron" yatağında böyük qaz ehtiyatları aşkar edildikdən sonra nəhəng "Şahdəniz" qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artdı. Əgər Azərbaycan hasilata indiki sürətlə davam edərsə (2011-ci ildə ölkədə 30 milyard kubmetr qaz hasil edilib), ölkənin qaz ehtiyatı yüz ilə bəs edər. Bu isə o deməkdir ki, Azərbaycan artıq böyük həcmdə dünyanın qaz ixrac edən ölkələrindən birinə çevrilib.

Hazırda Azərbaycan neftinin kəşfiyyat ehtiyatları 14 milyard bareldən artıqdır. Respublikanın ildə 50 milyon tona yaxın neft hasil etdiyini nəzərə alsaq, ölkənin ən azı yaxın 50 il ərzində həmçinin neft ehtiyatları ilə də təmin olunduğu görünür.

Qeyd etmək lazımdır ki, bütün bu rəqəmlər Azərbaycanın təsdiq olunmuş ehtiyatlarını əhatə edir və ekspertlərin rəyinə görə, Azərbaycanın ehtimal edilən karbohidrogen ehtiyatlarının həcmi daha böyükdür.

Bilirsiniz ki, bu gün Azərbaycan neftini və qazını dünya bazarına çıxaran 7 kəməri mövcuddur. Eyni zamanda, oktyabrın 25-də Azərbaycanla Türkiyə arasında imzalanmış sazişdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında hasil olunan qazın Türkiyə vasitəsilə Avropaya nəql edəcək və illik ötürmə gücü azı 16 milyard kubmetr olacaq yeni kəmərin çəkilişi nəzərdə tutulub. Bundan başqa, AGRİ, Transxəzər, "Nabukko" və digər layihələr də gündəmdə duran məsələlərdir.

Həmçinin Azərbaycan elektrik enerjisi istehsalı sahəsində də ciddi nailiyyətlər əldə edib. Son 5 ildə respublikada 1500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib və bərpa edilib. Hazırda Azərbaycanın enerji gücü 6,5 min meqavat səviyyəsindədir. 2013-cü ilin sonuna kimi daha 1300 meqavat gücündə enerji alınması nəzərdə tutulur.

Neft və qaz hasilatı ölkənin tələbatını bir neçə dəfə, elektrik enerjisi istehsalı isə təxminən 30% üstələyir. Bundan əlavə, Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin qarantı rolunda çıxış edir, Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir və Avropa enerji təminatında alternativ mənbə rolunu oynayır. Hazırda Azərbaycan Avropaya həm neft, həm də qaz ixrac edir ki, yaxın dövrdə bu ixrac potensialının daha 3-4 dəfə artması gözlənilir.

Göründüyü kimi, Azərbaycan həm güclü enerji potensialına, həm də kifayət qədər inkişaf etmiş nəqletmə infrastrukturuna malikdir. Buna görə də qarşıdan gələn illərdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyəti artacaq, ölkəmiz dünyada öz mövqelərini daha da gücləndirəcək.

Düz qeyd etdiniz ki, hələlik enerji sektoru Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq qalır. Lakin unutmamalıyıq ki, "Əsrin müqaviləsi" imzalanan dövrdə nəinki enerji sektoru, bütün Azərbaycan iqtisadiyyatı tam iflasa uğramışdı. Məhz ümummilli lider Heydər Əliyevin titanik səyləri nəticəsində 10 il ərzində Azərbaycan iqtisadiyyatını bərpa etmək mümkün oldu, ölkəmiz böyük neft ixracatçısına çevrildi. Hazırda enerji ehtiyatlarının ixracından əldə olunan gəlirlərdən istifadə etməklə Azərbaycanda müasir infrastrukturun yaradılması və qeyri-neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin başlıca istiqamətini təşkil edir. Son illərin nəticələrinə diqqət yetirsək, ilbəil bu hədəfə doğru sürətlə yaxınlaşdığımızı görmək olar. Belə ki, 2009-cu ildə enerji sektorunda 14%, 2010-cu ildə 1,8% artım olub, 2011-ci ilin 11 ayında isə 9,1% geriləmə müşahidə edilib. Həmin illərdə qeyri-neft sektorunda artım isə müvafiq olaraq 3,7%, 7,9%, 9,5% təşkil edib.

Göründüyü kimi, son 3 ildə iqtisadiyyatın qeyri-neft sektorunda dinamik və sürətli artım müşahidə olunur. Bu sürətlə biz yaxın illərdə enerji və qeyri-neft sektorları arasında balans yaratmağa və hətta qeyri-neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsinə müvəffəq olacağıq.

- Sizcə, "Əsrin müqaviləsi" geosiyasi və geocoğrafi aspektdə Cənubi Qafqaz bölgəsinin və Azərbaycanın inkişafında hansı rolu oynayıb? Ümumi şəkildə Azərbaycanın bugünkü inkişafının əsasında duran amilləri necə xarakterizə edərdiniz?

- "Əsrin müqaviləsi"nin bağlanması, Qərb şirkətlərinin Xəzər enerji ehtiyatlarının işlənməsinə cəlb edilməsi, Xəzər bölgəsindən başlanan ixrac marşrutlarının və nəqliyyat-kommunikasiya xətlərinin yaradılması (Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu) Cənubi Qafqaz və Xəzər-Qara dəniz bölgəsi ölkələrinin geosiyasətini və iqtisadiyyatını tamamilə dəyişib. Əgər əvvəllər bütün dünya Qərblə Şərq arasında iqtisadi-ticarət əlaqələrinin yalnız Rusiya və Uzaq Şərqdən keçən yol vasitəsilə həyata keçirilməsində görürdüsə, indi alternativ kimi Cənubi Qafqaz ən qısa, ən effektli və təhlükəsiz nəqliyyat-kommunikasiya və enerji dəhlizi rolunda çıxış edə bilir. Bir tərəfdən Qərb, digər tərəfdən Şərq ölkələri Azərbaycanı əhatə edir və ölkəmiz bu zəncirdə əhəmiyyətli tamamlayıcı halqadır.

Azərbaycanın sürətlə inkişafının təməlində duran amillərə gəldikdə, birmənalı şəkildə qeyd etmək olar ki, bunlar xalqımızın iradəsi, ümummilli lider Heydər Əliyevin siyasi kursunun dönmədən, uğurla həyata keçirilməsi, "Əsrin müqaviləsi" və yeni neft strategiyasıdır.

- Azərbaycanın gələcək strateji inkişaf siyasətini necə səciyyələndirərdiniz?

- Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevə qarşıdakı dövrdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinin təməlini qoymaq və milli inkişafın növbəti on ilinin vəzifələrini müəyyənləşdirmək imkanı yaradıb. Azərbaycan dövləti bütün sahələrdə nail olunan müvəffəqiyyətlərlə kifayətlənməyərək Qərbin inkişaf etmiş ölkələrinin standartları səviyyəsinə yüksəlməyi və müasir bir ölkəyə çevrilməyi qarşıya məqsəd qoyub.

Yeni mərhələnin əsas hədəfi bir tərəfdən əldə olunmuş iqtisadi, siyasi, sosial və mədəni nailiyyətləri möhkəmləndirmək, ölkəni müasir tələblər səviyyəsinə qaldırmaq, digər tərəfdən isə gələcək liberal, çoxşaxəli, rəqabətədavamlı, dinamik və innovasiyayönümlü milli iqtisadiyyatın formalaşdırılması, iqtisadi və insan resurslarının düzgün istifadə edilməsi, ictimai və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, sosial sahədə optimal, səmərəli və ədalətli inkişaf modelinin yaradılması, əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında tətbiqi istiqamətlərin inkişaf etdirilməsi, ictimai həyatın bütün sahələrində yeni nailiyyətlərin əldə olunması və s. ibarət olmalıdır. Bu hədəfə çatmaq üçün Azərbaycanda bütün imkanlar mövcuddur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd etmişdir ki, yaxın 10 ildə qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına ÜDM-i və adambaşına düşən ÜDM-in payını (hazırda Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 6 min dollardır) iki dəfə artırmaq nəzərdə tutulur. Azərbaycan, həmçinin öz neft-qaz potensialını tam reallaşdırmağı qarşısına məqsəd qoyub, çünki hazırda bu potensialın yalnız 50 %-dən istifadə edilir.

29 noyabr 2011-ci ildə "Azərbaycan 2020: gələcəyə baxış" Milli İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı Azərbaycanın milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivlərinin, strateji inkişafın gələcək istiqamətlərinin, prinsip və vəzifələrinin müəyyənləşdirilməsini nəzərdə tutur. Sərəncamda qeyd olunur ki, son dövrdə Azərbaycan Respublikasında milli dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar, reallaşdırılan çoxsaylı xüsusi dövlət proqramları və s. ölkə həyatının bütün sahələrində müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Bu illər ərzində, xüsusilə son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Ölkə Prezidenti bu sərəncamda Azərbaycanın perspektiv inkişafının əsas hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasını Administrasiya qarşısında mühüm bir vəzifə kimi qoyub.

Azərbaycan yaxın 10 ildə öz inkişafını bu məqsədlərə nail olmaq üzərində quracaq və ölkəmiz dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmək ambisiyalarını gizlətmir.

- Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllinə yardımçı ola biləcək hər bir vasitəyə açıq olduğunu dəfələrlə bəyan edib, danışıqlar prosesində tutduğu mövqeyi ilə bunu sübuta yetirib. Uzun müddətdir davam edən danışıqlar prosesində Ermənistanın qeyri-ciddi mövqe tutması isə məsələnin həllinə mane olur. Eyni zamanda, problemin həllində maraqlı olduqlarını bəyan edən dövlətlər və qurumlar Ermənistana təzyiq göstərmək istəmirlər. Bu ziddiyyəti necə izah etmək olar?

- Həqiqətən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çox uzanmasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyinə beynəlxalq aləmin biganə münasibətidir. Əgər XXI əsrdə dünya siyasətini müəyyənləşdirən, nizamlayan BMT-yə cırtdan bir dövlət, bir forpost meydan oxuyursa, onun qətnamələrini, digər sənədlərini qulaqardına vurursa və dünya ictimaiyyəti, fövqəldövlətlər də buna susursa, ədalətli beynəlxalq mühitdən, münasibətlərdən söhbət gedə bilməz. Deməli, Dağlıq Qarabağ probleminin həllinin uzanmasının əsas səbəblərindən biri də BMT-nin dişsiz fəaliyyətidir, ikili standartlardır. Məsələn, BMT TŞ-nin qətnaməsini bir gündə Liviyada həyata keçirən NATO və böyük dövlətlər on illərdir ki, Dağlıq Qarabağ probleminin həllində susurlar, Ermənistanın nazı ilə oynayırlar, ermənilərin törətdiyi kütləvi qırğınlara, insan hüquqlarının pozulmasına, terrora göz yumurlar. Nəticə etibarilə açıq-aydın görünür ki, müasir dünyada mübahisələrin ədalətli həllini, problemlərin beynəlxalq hüquq normaları əsasında aradan qaldırılmasını təmin edəcək ədalətli sistem və mexanizm mövcud deyil və nə vaxt yaranacağı bilinmir.

İndi Azərbaycan BMT TŞ-nin üzvü kimi bu məsələni müntəzəm şəkildə gündəmə gətirəcək. Konkret seçim olmalıdır: ya beynəlxalq hüquq normalarına əməl edilməli, ya da əsl həqiqət açıq şəkildə etiraf olunmalıdır.

Azərbaycan kiçik dövlətdir, dünya siyasətində aktivliyi ilə seçilsə də, həlledici söz sahiblərindən deyil. Buna baxmayaraq, biz bütün imkanlardan, vasitələrdən istifadə edib dünyada ikili standartların, beynəlxalq hüquq normalarına biganə münasibətin aradan qaldırılmasına bacardığımız qədər çalışacağıq.

- 2011-ci il daha hansı əlamətdar hadisələrlə yadda qaldı?

- Yuxarıda sadaladığım digər məsələlərlə yanaşı, 2011-ci ildə böyük əhəmiyyət kəsb edən hadisə kimi iyulda keçirilmiş Dünya azərbaycanlılarının lll qurultayını göstərmək olar. Qurultayda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquqlarının müdafiəsi, yaşadıqları cəmiyyətlərə inteqrasiyası, lobbi quruculuğu və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ciddi qərarlar qəbul olundu. Bunların sırasında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının fəaliyyətinin təkmilləşdirilməsi, onun İcra Katibliyinin təsis olunması, xarici ölkələrdə Azərbaycan evlərinin yaradılması və digər məsələləri göstərmək olar.

Bu ilin oktyabrında Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə təşkil olunmuş Beynəlxalq Humanitar Forum Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmlətdi. Qarşıdan gələn illərdə ölkəmizdə keçirilən belə beynəlxalq səviyyəli tədbirlərin sayı artacaq.

2011-ci il Azərbaycanın milli inkişaf strategiyasının həyata keçirilməsi, qarşıda duran strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından olduqca uğurlu il kimi başa çatır. Müstəqilliyinin 20 ilində Azərbaycan böyük inkişaf yolu keçərək mühüm tarixi dövrə yekun vurdu və öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Əminəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında biz mövcud resurslarımızı səfərbər edərək bütün məqsədlərimizə nail olacağıq. Azərbaycan həm regionda lider statusunu möhkəmləndirəcək, həm də qlobal, dünya miqyasında gedən proseslərdə daha fəal rol oynayacaqdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2011.-30 dekabr.-S.5-6.