İlin yekunlarına görə fərdi
jurnalist yazıları müsabiqəsinin
qaliblərinə
mükafatlar təqdim olunmuşdur
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dekabrın 29-da 2011-ci ilin yekunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, mətbuat rəhbərləri və ziyalılar iştirak etmişlər.
Fondun icraçı direktoru Vüqar Səfərli demişdir ki, 3 il bundan öncə yaradılmış qurum ötən müddətdə ayrı-ayrı qəzetlərin və informasiya agentliklərinin maliyyə durumunu yaxşılaşdırmaq, jurnalistlərin sosial problemlərini həll etmək istiqamətində bir sıra uğurlu layihələr həyata keçirmişdir.
Vurğulanmışdır ki, Fondun Müşahidə Şurası dekabrın 28-də keçirilmiş iclasında qurumun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə noyabrın 19-dan dekabrın 20-dək keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlamışdır. Müsabiqəyə 10 istiqamət üzrə təqdim olunan 76 yazıdan hər istiqamət üzrə ən yüksək bal toplamış iki yazı qalib hesab edilmişdir.
V.Səfərli bildirmişdir ki, bu gün, həmçinin Fondun Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə 2011-ci il noyabrın 29-dan dekabrın 24-dək keçirdiyi müsabiqənin qalibləri də mükafatlandırılacaqlar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirin iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, demişdir ki, son illərdə bayram ərəfəsində bir araya gəlməyimizin ənənəyə çevrilməsi çox yaxşı haldır.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərdiyi 3 il ərzində jurnalist həmrəyliyinin yaranmasında, jurnalistlərimizin bir araya gəlməsində, öz yaradıcılıq uğurlarını bir-biri ilə paylaşmasında, istedadlı media nümayəndələrinin mükafatlandırılmasında, mətbuatımıza maddi-mənəvi dəstək göstərilməsində və bütövlükdə jurnalist peşəkarlığının artırılmasında Azərbaycan Mətbuat Şurası ilə birlikdə çox işlər görmüşdür. Bu işləri dəyərləndirmək lazımdır.
Əli Həsənov demişdir ki, jurnalist əməyi çox fədakarlıq tələb edən bir əməkdir. Jurnalist əməyi bütövlükdə özünü Azərbaycan cəmiyyətinin bu günündə, gələcəyində göstərir. Siyasətçilər tarixi yaradır, jurnalistlər isə onun salnaməsini yazır. Oxucular jurnalistlərin gözü ilə dünyaya baxır, planetdə baş verən hadisələrdən media mənsublarının informasiyalarından məlumat əldə edirlər. Ona görə də Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsini, media mənsublarına qayğını özünün başlıca vəzifəsi hesab edir. Bu siyasətin təməlini ümummilli lider Heydər Əliyev qoymuşdur. Azərbaycan jurnalistikasına qayğının, yaxşı münasibətin kökündə ulu öndər Heydər Əliyevin mətbuata münasibəti dayanmışdır.
Azərbaycan hökuməti mətbuatın inkişafını, onun problemlərinin həllini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Prezident İlham Əliyevin son səkkiz ildə jurnalistika ilə bağlı imzaladığı sərəncamlar da media mənsublarının həm maddi, həm mənəvi, həm də sosial problemlərinin həllinə, eləcə də Azərbaycan jurnalistlərinin dövlətə, vətənə, xalqa xidmət istiqamətində formalaşmasına böyük təkan vermişdir.
Prezident Administrasiyasının şöbə müdiri vurğulamışdır ki, 2013-cü ilin avqustunda müstəqil Azərbaycanda jurnalistlər üçün tikilmiş ilk evlərin təqdimatı olacaqdır. Həmin binalarda 154 jurnalist Azərbaycan dövləti tərəfindən mənzillə təmin olunacaqdır. Lakin bu so deyildir. Bu istiqamətdə işlər davam etdiriləcəkdir. Azərbaycan Prezidentinin mətbuatla bağlı atdığı hər bir addım, bütövlükdə cəmiyyətin, dövlət qurumlarının, məmurların, jurnalistlərə münasibətinə yaxşı mənada təsir edir. Düşünürük ki, dövlət başçısının başladığı bu təşəbbüs gələcəkdə ayrı-ayrı qurumlar tərəfindən davam etdiriləcəkdir. Jurnalistlərə ümummilli qayğı siyasəti ölkəmizdə öz təsdiqini tapacaqdır.
Yola saldığımız 2011-ci ilin ölkəmizin həyatında mühüm hadisələrlə yadda qalacağını vurğulayan Əli Həsənov demişdir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, "Eurovision-2011" mahnı müsabiqəsində parlaq qələbəsi heç vaxt unudulmayan möhtəşəm hadisələrdir. Azərbaycan "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edəcəkdir. Bu, ölkəmizi daha geniş coğrafiyada tanıdacaqdır.
Əli Həsənov cari ildə ölkəmizdə keçirilən beynəlxalq forumlardan, Azərbaycanın dünyada günbəgün artan nüfuzundan söz açmış və bu istiqamətdə görülmüş işlərdən danışmışdır. Şöbə müdiri qeyd etmişdir ki, bizi qarşıdan mühüm hadisələr, mühüm uğurlar gözləyir. Biz jurnalistlərsiz, azad sözsüz, azad mətbuatsız Azərbaycan cəmiyyətinin nə keçmişini, nə bu gününü, nə də gələcəyini təsəvvür etmirik. Biz siyasi plüralizmi olmayan cəmiyyətlərə normal cəmiyyətlər kimi baxmırıq.
Sonda müsabiqənin qaliblərini təbrik edən Əli Həsənov onlara yeni yaradıcılıq uğurları arzulamışdır.
Tədbirdə müsabiqə yazılarını qiymətləndirən ekspertlər heyəti adından çıxış edən Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli demişdir ki, bütün yazılara obyektiv baxılmış və ən layiqliləri seçilmişdir. C.Məmmədli vurğulamışdır ki, son illər davamlı olaraq keçirilən bu müsabiqələr jurnalistlərin peşəkarlığının artmasına kömək etmişdir.
Mərasim
qalib jurnalistlərin mükafatlandırılması ilə
başa çatmışdır.
Azərbaycan.-2011.-30 dekabr.-S.7.