Vəcihə Səmədova adına sərgi
salonunda
«Azərbaycan gəncliyi və
«Eurovision-2012»
sərgisi
açılmışdır
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsi tələbələrinin əsərlərindən ibarət "Azərbaycan gəncliyi və "Eurovision-2012" adlı sərgi açılmışdır.
ADMİU-dan AzərTAc-a bildirmişlər ki, bu münasibətlə keçirilən mərasimi Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov açaraq ilk dəfə paytaxtımızın bu nüfuzlu sərgi salonunun bütünlüklə ADMİU-nun rəssam tələbələrinin ixtiyarına verildiyini bildirmişdir. Qeyd etmişdir ki, sərginin geniş salonlarında sıralanmış bu əsərlər Azərbaycan rəssamlıq palitrasının xələfləri sayılmağa layiqdirlər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev seyr etdiyi sənət nümunələri haqqında ürək sözlərini söyləmiş, tələbə-rəssamların əsərlərindən ibarət sərgini yüksək qiymətləndirmişdir.
Mərasimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev rəssamlıq fakültəsi tələbələrinin indiyədək həm ölkəmizdə, həm də beynəlxalq miqyasda əldə etdikləri uğurlardan söhbət açmışdır. Bildirmişdir ki, artıq 90 illiyini qeyd etməyə hazırlaşan ADMİU-da 50 ildən bəri fəaliyyət göstərən fakültənin qazandığı uğurlar təsadüfi deyildir. Rektor vaxtilə bu fakültədə nəinki Azərbaycan, həmçinin dünya rəssamlığına dəyərli töhfələr vermiş xalq rəssamları Tahir Salahov, Tokay Məmmədov, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Böyükağa Mirzəzadə, Yusif Hüseynov, Lətif Kərimov, Rafiq Mehdiyev kimi görkəmli sənətkarların çalışdıqlarını söyləmişdir. Bildirmişdir ki. bu təsviri sənət ustalarının yetirmələri olan məşhur sənətkarlar indi öz ustadlarından əxz etdikləri bilik və bacarıqlarını gənclərə öyrədirlər. Hazırda ADMİU-da Dünya Rəssamlıq Akademiyasının üzvü, xalq rəssamı Arif Əziz, xalq rəssamı Ağəli İbrahimov, həmçinin Fəxriyyə Xələfova, Şamil Nəcəfzadə, Fəxrəddin Qəhrəmanov, Çingiz Quliyev kimi sənətkar-pedaqoqlar çalışırlar.
ADMİU-nun rəssamlıq fakültəsinin dekanı Sevda Sadıxbəyova təmsil etdiyi universitetin tarixində ilk dəfə olaraq gənc rəssamlara belə geniş şərait yaratdıqlarına görə Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Rəssamlar İttifaqına minnətdarlığını bildirmişdir.
Fakültədə 9 ixtisas üzrə təhsil alan tələbələrin 150-dən çox əsərinin paytaxt sakinlərinə nümayiş etdirilməsini universitetin tarixində əlamətdar hadisə kimi dəyərləndirən dekan diqqətə çatdırmışdır ki, bu əsərlərin meydana gəlməsində əsas məqsəd gələn il paytaxtımızda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin şahidi olmaq üçün respublikamıza təşrif gətirəcək xarici qonaqlara mədəniyyətimizin bu sahəsinin vasitəsilə bədii-estetik informasiya verməkdir. Neçə müddətdir ki, fakültəmizin xalçaçılıq, dizayn, qobelen, moda, qrim, reklam, kino rəssamlığı üzrə təhsil alan tələbələri bizdə öyrəndikləri ixtisasın dili ilə bu möhtəşəm beynəlxalq tədbirə öz töhfələrini verməyə çalışırlar. Nəticə göz önündədir. Güman edirəm ki, sənət xiridarı olan tamaşaçılarımızın bəyəndikləri bu əsərlər gələn il dünyanın müxtəlif guşələrindən ölkəmizə gələcək "Eurovision" mahnı müsabiqəsinin iştirakçılarını da razı salacaqdır.
Universitetin rəssam-tələbələrinin
"Azərbaycan gəncliyi və "Eurovision-2012" sərgisi
gözoxşayan, əlvan rəngləri, maraqlı
kompozisiyaları sənət duyğulu tamaşaçılar
tərəfindən böyük maraqla
qarşılanmışdır.
Azərbaycan.-2011.-30 dekabr.-S.7.