Milli birliyin rəmzi
Müstəqilliyinin bərpasının 20-ci ildönümü tamam olmuş Azərbaycan Respublikası ötən dövrdə milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, habelə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.
Tarix sübut edir ki, hər bir xalqın taleyi ilə bağlı böyük ideyalar yalnız zamanın, dövrün reallıqlarını düzgün dəyərləndirən, gələcək barədə aydın təsəvvürlərə malik olan fenomen şəxsiyyətlərin əzmkar fəaliyyəti nəticəsində gerçəkləşir. Bu mənada, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi də məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hələ 1991-ci il dekabrın 16-da ümummilli liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərar qəbul etmişdir. Bu əlamətdar bayram ilk dəfə məhz Naxçıvanda geniş qeyd olunmuş, azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəlində yaranmış tarixi şəraitdən bəhrələnərək dövlət müstəqilliyini bərpa edən müstəqil Azərbaycanın ilk illərdə üzləşdiyi vətəndaş qarşıdurması, parçalanma, siyasi səhnədən tamamilə silinmə təhlükəsindən xilas olması, respublikada vətəndaş sülhü və həmrəyliyinin təmin olunması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Güclü xarizması, yüksək liderlik keyfiyyətləri, mütərəqqi ideyaları ilə birləşdirici şəxsiyyət olan ümummilli lider 1993-cü ilin iyun ayından etibarən ölkədə milli birliyi, vətəndaş sülhünü təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütmüşdür. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətlərini genişləndirməsi, yerli cəmiyyətə sıx inteqrasiyası, Azərbaycanı özünə Vətən bilən digər xalqların xaricdə yaşayan nümayəndələri ilə əlaqələrin möhkəmləndirilməsi bu siyasətin prioritet istiqamətlərini təşkil etmişdir. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ümummilli lider Heydər Əliyev xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır.
Milli həqiqətlərin dünya ölkələrinə çatdırılmasında gənclərin geniş potensialından və imkanlarından istifadə məsələsi Heydər Əliyevi daim dərindən düşündürmüşdür. Ümummilli lider müxtəlif ölkələrə rəsmi və işgüzar səfərləri zamanı Azərbaycan diasporunun təmsilçiləri qarşısında dərin məzmunlu nitq söyləmiş, onları ayıq olmağa, yaşadıqları yerlərdə milli həqiqətlərimizi geniş təbliğ etməyə çağırmışdır. 1997-ci il avqustun 29-da ali məktəblərə qəbul olunmuş bir qrup gənclə görüşən Heydər Əliyev bir daha bu məsələyə xüsusi toxunaraq deyirdi: "...Siz respublikamızı xarici ölkələrdə təmsil edən insanlar, gənclər olacaqsınız. Siz sadəcə olaraq təhsil almaqla kifayətlənməməlisiniz. Azərbaycanı ləyaqətlə təmsil etməlisiniz, ölkəmizin həqiqətlərini təhsil alacağınız universitetlərdə, ali təhsil müəssisələrində yaymalısınız, təbliğ etməlisiniz".
Dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyətlərinin, birliklərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi zərurətini nəzərə alaraq ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu tarixi addım xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edərək, diaspor hərəkatının inkişafında yeni mərhələnin təməlini qoymuşdur. 2001-ci ilin noyabrında keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı azərbaycançılıq ideyalarının reallığa çevrilməsi, milli həmrəyliyin təmin olunması prosesinin əsasını qoymuş, Azərbaycan diasporunun formalaşması və inkişafının prinsipial istiqamətlərini müəyyənləşdirmiş, diaspor quruculuğu işinin dövlət siyasətinin tərkib hissəsi olmasının rəsmi təsdiqi kimi tarixilik qazanmışdır. Qurultayda diaspor və lobbiçilik fəaliyyəti ilə bağlı bir sıra ciddi məsələlər müzakirə edilmiş, eləcə də konkret qərarlar, fəaliyyət proqramları təsdiqlənmişdir.
Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir. Qurultaydan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə diaspor sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üçün yeni komitə yaradılmış, habelə bu sahədə fəaliyyəti tənzimləyən "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul olunmuşdur. Qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılmasını; bu sahədə ciddi fəaliyyət üçün vahid strategiyanın hazırlanmasının hüquqi prinsiplərini; xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının müdafiəsində, milli xüsusiyyətlərini qoruyub saxlamasında və inkişaf etdirməsində dövlət siyasətinin məqsədlərini; Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, iqtisadi, sosial, mədəni inkişafı, digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulması prosesinə xaricdə yaşayan soydaşlarımızın da fəal surətdə cəlb edilməsi yollarını müəyyənləşdirmişdir.
Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi naminə təşkilati-hüquqi tədbirlərlə yanaşı, həm də mükəmməl ideoloji-siyasi iş aparmış, soydaşlarımızın konsolidasiyası üçün azərbaycançılıq ideologiyasını önə çəkmişdir. Bu ideologiya dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, "azərbaycanlı" anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutur. Azərbaycançılıq məfkurəsində etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə və xarici dövlətlərdə yaşayan bütün vətəndaşlara, soydaşlara və həmvətənlərə hərtərəfli hüquqi və mənəvi baxımdan bərabər münasibət var.
Əminliklə deyə bilərik ki, ötən 8 ildə ümummilli liderin ideya prinsiplərinə sadiq qalan, onun formalaşdırdığı mütərəqqi ənənələri daha da inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev də diaspor quruculuğu işinə xarici siyasətin ayrılmaz hissəsi kimi yanaşır. Dövlət başçısı ilk gündən bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında maraq və mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Cənab İlham Əliyev hələ 27 iyul 2004-cü il tarixdə ölkə diplomatlarının iştirakı ilə keçirdiyi müşavirədə diaspor sahəsində qarşıda duran vəzifələrdən söz açmış, diplomatlarımızı xaricdəki soydaşlarımızla fəal iş aparmağa çağırmışdır. Dövlət başçısının vurğuladığı kimi, xaricdəki azərbaycanlıların müxtəlif ölkələrin ictimai-siyasi həyatında daha da fəal iştirakı, seçkili orqanlarda təmsil olunması, dövlət orqanlarında müəyyən vəzifələrə irəli çəkilməsi üçün səylərin göstərilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu, son nəticədə Azərbaycan diasporunun nüfuzunun daha da möhkəmlənməsinə kömək edəcəkdir.
Dövlət başçısının diqqət və qayğısı ilə ötən illərdə xaricdəki soydaşlarımızın təşkilatlanması istiqamətində fəal iş aparılmışdır. Həmvətənlərimizin təşkilatlanması prosesinin daha geniş vüsət almasını, milli-mənəvi, əxlaqi dəyərlərini qorumaqla bu qlobal prosesdən kənarda qalmamasını təmin etmək məqsədi ilə 2003-cü ildə Almaniyanın Maynts şəhərində Dünya azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilmişdir. Forumda Azərbaycan diasporunun problemləri barədə səmərəli fikir mübadiləsi aparılmış, icma və birliklərin fəaliyyətinin əlaqələndirilməsi, Avropa azərbaycanlılarının vahid bir təşkilatda birləşdirilməsi ideyası gündəliyə gətirilmişdir. Bu ideyanın reallaşdırılmasının zəruriliyini nəzərə alaraq, 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis konfransı keçirilmişdir. AAK-ın təsis edilməsində başlıca məqsəd Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun vahid təşkilatda birləşdirilməsinə nail olmaqdır.
2004-cü ilin mayında qardaş Türkiyə Respublikasının İskəndərun şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təsis olunması da bu sahədə mühüm addımlardan olmuşdur. Türkiyədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəklərini, müxtəlif qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirmək yeni federasiyanın əsas məqsədlərindəndir. 2005-ci ildə isə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyası təsis edilmişdir.
2005-ci ildə Rusiya Federasiyasında "Əcnəbi vətəndaşların hüquqi vəziyyəti haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar soydaşlarımız arasında hüquqi maarifləndirmə işinin aparılması üçün bir sıra təşkilati işlər görülmüş, ayrı-ayrı vilayətlərdə müvafiq hökumət strukturları ilə birgə tədbirlər həyata keçirilmişdir. Qazaxıstanda və Qırğızıstanda yaşayan soydaşlarımızın müraciətlərinə əsasən, onların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi və başqa problemlərinin həllinə nail olunmuşdur.
Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə, əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri geniş müzakirə mövzusu olmuşdur. Yüksək mütəşəkkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbulu, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğati, istərsə də səmərəli əks-hücumun təşkili baxımından strateji əhəmiyyətə malikdir.
Həmin qurultaydan ötən beş il həm də Azərbaycanın türk dünyasının mədəni və siyasi mərkəzlərindən birinə çevrilməsi ilə də əlamətdar olmuşdur. 2007-ci ildə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu, habelə Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı bütün türkdilli xalqların həyatında mühüm hadisə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş bu toplantılarda qəbul olunmuş sənədlər türkdilli xalqların diaspor təşkilatları arasında səmərəli əməkdaşlıq mexanizmlərinin qurulmasının istiqamətlərini müəyyənləşdirmişdir.
2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" diasporumuzun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Xartiya dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmini, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilmişdir. Eyni zamanda, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma erməni soyqırımı iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr əksini tapmışdır.
Ümumiyyətlə, son illərdə Dağlıq Qarabağ münaqişəsinə, tarixin müxtəlif mərhələlərində xalqımızın məruz qaldığı terror və soyqırımı aktlarına dair faktlara beynəlxalq aləmin diqqətinin cəlb olunması sahəsində atılan addımlar Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq diasporumuzun hücum taktikasına keçdiyini nümayiş etdirir.
2011-ci ilin iyun ayında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının III qurultayı ölkəmizin diaspor və lobbi quruculuğu sahəsində böyük uğurlar əldə etdiyini bir daha təsdiqləmişdir. Son qurultay göstərmişdir ki, Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətimizin xoşbəxt sabahına inamını artırmışdır. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birlik və vətəndaş sülhünün möhkəm əsaslar üzərində inkişaf etməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin təmin olunmasına, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olmuşdur.
Qurultayda dərin məzmunlu
nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev
demişdir: "Bizi fərqləndirən
əlamət ondan ibarətdir ki, harada
yaşamağımızdan asılı olmayaraq,
öz vətənimizə
bağlıyıq. Bura bizim
vətənimizdir, hamımızın vətənidir. Müstəqil
Azərbaycan bütün azərbaycanlıların
vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz
var - Azərbaycan dili! Bizim ümumxalq
ideologiyamız var - azərbaycançılıq məfkurəsi!
Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bir yerdə olsunlar. Həmişə bilsinlər ki,
onların arxasında
güclü Azərbaycan
dövləti dayanır
və onlar hər zaman Azərbaycan dövlətinə
arxalana bilərlər".
Qurultayda
bir daha vurğulanmışdır ki,
hazırda qarşımızda
duran ən vacib və taleyüklü
vəzifələrdən biri
dünya azərbaycanlılarının
hər hansı bir ölkədə və mühitdə yaşamaq, fəaliyyət
göstərmək, özünün
milli-mənəvi dəyərlərini
qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni,
istedadlı, qədim tarixə və demokratik dövlətə
malik xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdir. Eyni zamanda, azərbaycanlı
icmalarının fəaliyyət
göstərdikləri ölkələrin
kütləvi informasiya
vasitələri ilə
əlaqələri yaxşılaşdırılmalı,
yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilməli, ölkəmizlə bağlı
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılmasında
fəal iştirak edən və Azərbaycan diasporuna ictimai münasibətlərin
qurulmasında yardım
göstərə biləcək
alim, siyasətçi
və jurnalistlərlə,
soydaşlarımızın yaşadıqları ölkələrin
qeyri-hökumət təşkilatlarının
təmsilçiləri ilə
sıx münasibətlər
qurulmalı, onlarla məqsədyönlü iş
aparılmalıdır.
Tam əminliklə demək
olar ki, bu gün Azərbaycanda
milli birliyin və həmrəyliyin qorunub saxlanılması və möhkəmləndirilməsi
Prezident İlham Əliyevin hər bir vətəndaşın
mənafeyini əsas tutmaqla yürütdüyü
məqsədyönlü siyasətinin
nəticəsidir. İqtisadi, siyasi, hüquqi,
mədəni və digər sahələrdə
həyata keçirilən
siyasət hər bir vətəndaşın
dövlətə olan
inamını gücləndirir,
onlarda dövlətçilik
təfəkkürünü, həmrəylik duyğularını
gücləndirir. İnanırıq ki, Azərbaycanın iqtisadi imkanları gücləndikcə, respublikamız
diaspor və lobbi quruculuğu sahəsində daha geniş imkanlar, habelə bu imkanlardan qaynaqlanan uğurlar əldə edəcəkdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2011.-30 dekabr.-S.8.