Latviyanın Azərbaycan diasporu
Fransa parlamentinin
aşağı
palatası tərəfindən
qondarma erməni soyqırımı barədə qanun
layihəsinin qəbul edilməsi ilə
əlaqədar etiraz bildirmişdir
Riqadakı "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi Fransa parlamentinin aşağı palatası tərəfindən qondarma erməni soyqırımının tanınmamasının kriminal hesab edilməsi barədə qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar "dəyirmi masa" keçirmişdir.
Beynəlxalq Yaxın və Orta Şərq, Mərkəzi Asiya və Siyasi Araşdırmalar İnstitutunun direktoru Aydın Əsgərov tədbirə toplaşanlara müraciət edərək demişdir ki, Fransa parlamentinin aşağı palatasının bu qərarı tarixi həqiqətlərə əsaslanmır və beynəlxalq hüquqa ziddir. Fransanın bu cür biabırçı mövqeyi yalnız etiraza layiqdir.
İnstitutun elmi ekspert şurasının sədri Viktor Kolçak qeyd etmişdir ki, beynəlxalq münaqişələrin həlli üsulu dövlətin ehtiyatlarının qarşıdurmalara, bütöv ölkələrin məhv edilməsinə deyil, əməkdaşlığa yönəldilməsinə xidmət etməlidir. V.Kolçak vurğulamışdır: "1915-ci ildən yüz il keçir, o dövrün hadisələri ilə məşğul olmaq nəyə gərəkdir? Axı indi Yaxın Şərq müasir problemlərlə üzləşmişdir. Tarixin öyrənilməsi ilə peşəkar tarixçilər məşğul olmalıdırlar".
Beynəlxalq İnstitutun Qazaxıstan üzrə elmi ekspert şurasının üzvü Yuri Mosiyenko demişdir ki, əgər Fransa dövlətinin başçısı N.Sarkozi qondarma erməni soyqırımının tanınmamasının kriminallaşdırılmasına yönəlmiş belə bir addım atmaqla növbəti prezident seçkilərində "xal toplamaq" fikrindədirsə, bu, onun üçün yaxşı piardır. Lakin belə bir siyasi mövqe tutan Fransa hökuməti bu qərarın nəticələrini dərk etmir.
"Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Roman Əliyev demişdir ki, Fransa parlamentinin aşağı palatası tərəfindən qəbul edilmiş qanun layihəsi təsadüfi aksiya deyil, Fransadakı erməni lobbisinin fəaliyyətinin nəticəsidir. N.Sarkozinin prezidentliyini davam etdirməsi üçün bu ermənilərin ona səs verməsi vacibdir. R.Əliyev tarixə nəzər salaraq qeyd etmişdir ki, bu gün "Kim erməni lobbisinin fikri ilə razı deyildirsə qanun qarşısında məsuliyyət daşımalıdır" demək olduqca destruktiv mövqe, müstəsna siyasi intriqadır. Bu gün hətta tarixi mənbələrin açılması məsələsinin həllinin qeyri-mümkünlüyü ilə əlaqədar insanların şüuru ilə manipulyasiya edilir, tarixi sənədlər ekspertlər və tarixçilər üçün masa üzərinə qoyulmur. Bu baxımdan Türkiyənin mövqeyi açıqdır. Hər hansı tarixi həqiqəti və ya yalanı siyasi qərarlarla təsdiq etmək olmaz. Bu məsələləri tarixçilər həll etməli, bunun üçün arxivlər açılmalıdır.
R.Əliyev
demişdir: "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi
bəyan edir ki, tarixi məsələlərin siyasi vasitələrlə
həlli tamamilə destruktivdir, etnoslararası münaqişəni
və ayrı-seçkiliyi qızışdırır, əməkdaşlığın
möhkəmləndirilməsinə mane olur, "dondurulmuş
münaqişələr"in həllinə əsla kömək
etmir".
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi müxbiri
Riqa
Azərbaycan.-2011.-30 dekabr.-S.11.