Prezident İlham Əliyev Bakı Metropoliteninin yenidən qurulmuş «Koroğlu» stansiyasının açılışında iştirak etmişdir
Dekabrın 30-da Bakı Metropoliteninin "Koroğlu" (keçmiş "Məşədi Əzizbəyov") stansiyasının yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
"Koroğlu" stansiyasında dövlət başçısını və xanımını Bakı Metropoliteninin əməkdaşları hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlət başçısına və xanımına stansiyanın yeni yerüstü binası haqqında məlumat verdi. Bildirildi ki, 2010-cu ilin iyunundan etibarən Bakı Metropoliteninin birinci növbəsinə daxil olan bu stansiyada yenidənqurma işlərinə başlanılmışdır. Layihəni Avstriya şirkəti hazırlamış, tikinti-quraşdırma işlərini isə ABŞ şirkəti həyata keçirmişdir.
Stansiyada yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verildi ki, yenidənqurma işləri çərçivəsində birinci vestibüldəki pavilyonun yerinə hündürlüyü 20 metr, səthin sahəsi 1800 kvadratmetrədək olan şüşə-metal konstruksiyadan piramida şəklində yeni vestibül inşa edilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva vestibüldə xalq qəhrəmanı Koroğlunun abidəsinin qoyulacağı postamentə və eskiz layihələrinə baxdılar, stansiya daxilində fəaliyyət göstərəcək ticarət köşkləri və istirahət guşələrində yaradılan şəraitlə tanış oldular.
Sonra platformaya enən Prezident İlham Əliyevə əvvəlcə "SOS" həyəcan avadanlığı barədə məlumat verildi. Qeyd olundu ki, bu avadanlıq vasitəsilə metropoliten işçiləri bütün məlumatları mərkəzə ötürə bilərlər.
Diqqətə çatdırıldı ki, stansiyanın çıxışlarının, vestibüllərinin, divarlarının üzlükləri dəyişdirilərək mərmər və qranitlə əvəzlənmişdir. Sərnişin platformasının və 32 sütunun hər biri yarıyadək mərmər, digər yarısı isə paslanmayan metalla üzlənmişdir. Ümumilikdə on min kvadratmetrədək üzləmə işləri yerinə yetirilmişdir. Stansiyada yeni materiallardan quraşdırılmış asma tavan müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Burada Almaniya istehsalı olan üç eskalator quraşdırılmışdır. Yeni qurulan yerüstü vestibülü, texnoloji və xidməti sahələri havalandıran, su ilə təchiz edən müasir sistemlər quraşdırılmışdır. Azərbaycanda ilk dəfə kompyuter texnologiyalarından istifadə olunmaqla şüşə-metal konstruksiyalı vestibüldə çoxrəngli müasir, enerjiyə qənaət edən LED tipli işıqlandırma sistemi tətbiq edilmişdir. Bakı Metropolitenində ilk dəfə olaraq stansiyanın vestibülündə yaşıl bağ salınmışdır.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, stansiyaya girişi asanlaşdırmaq üçün yerüstü nəqliyyat vasitələrinin intensiv olduğu ərazidə piyada keçidləri inşa olunmuşdur.
Dövlət başçısı və xanımı keçidin texniki göstəricilərini əks etdirən stendlərə baxdılar.
Nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki,
bu, ilk növbədə metrodan istifadə edən sərnişinlərin
və ərazidə yaşayan sakinlərin təhlükəsizliyinə
və sərbəst hərəkətinə xidmət edir. Heydər
Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində
inşa olunan birinci və ikinci tunellərdə piyadaların hərəkəti
üçün bütün zəruri şərait
yaradılmışdır. Birinci tunelin uzunluğu 140, ikincisinin uzunluğu isə 65
metrdir. Hər iki tunelin eni 6 metrdir. Burada piyadaların hərəkətini
tənzimləyən istiqamətverici elektron lövhələr
və müşahidə kameraları
quraşdırılmışdır.
Dövlət
başçısı stansiyada yaradılmış şəraitdən
razılığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.-31 dekabr.- S. 1.