Prezident İlham Əliyev paytaxtın Heydər Əliyev prospektində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak etmişdir

 

Dekabrın 30-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Heydər Əliyev prospektində, Bakı Metropoliteninin "Koroğlu" stansiyasının qarşısında, köhnə sənaye müəssisələrinin yerində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak etmişlər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, dövlət başçısının tapşırığı ilə Bakının Nizami rayonu ərazisində xüsusi dizaynla salınan parka üç tərəfdən giriş  vardır. Bildirildi ki, əvvəllər sənaye müəssisələrinin yerləşdiyi bu ərazi uzun illər baxımsız vəziyyətdə olmuşdur. İndi burada salınmış əzəmətli park şəhərimizin ən maraqlı istirahət guşələrindən biridir. Nadir ağacların və gül kollarının əkildiyi parkda istirahət üçün hər cür şərait yaradılmışdır. Parkda 65 müasir oturacaq qoyulmuş, 82 işıq dirəyi quraşdırılmışdır.

Dövlət başçısına və xanımına parkın ərazisində fəaliyyət göstərəcək müxtəlif iaşə obyektləri barədə də məlumat verildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın və yaxınlıqdakı yaşayış binalarının eskiz layihələri ilə tanış oldular.

Bildirildi ki, ərazidə abadlıq və tikinti işləri davam etdiriləcəkdir. Görülən işlər nəticəsində bu ərazi müasirləşən paytaxtımızın gözəl guşələrindən birinə çevriləcəkdir.

Sonra dövlət başçısı və xanımı parkın ərazisində quraşdırılmış musiqili alov fəvvarə kompleksi ilə tanış oldular. Bildirildi ki, fəvvarədə quraşdırılmış işıq sistemi parka ecazkar gözəllik bəxş edir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva musiqili alov fəvvarə kompleksinin idarəetmə mərkəzinə baxdılar. Diqqətə çatdırıldı ki, kompleks bu mərkəzdən avtomatlaşdırılmış sistem vasitəsilə idarə olunur. Fəvvarənin postamenti yumru təpəcikdən ibarətdir. Musiqili alov fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllurdan və paslanmayan metaldan hazırlanmışdır. Tikinti işlərinə ABŞ, Almaniya və İngiltərə şirkətləri cəlb olunmuşdur. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirmişlər. Musiqili alov fəvvarə kompleksinin struktur hissəsinin konstruksiyası 9 ballıq zəlzələyə davamlıdır. Alov simvolu cilalanmış paslanmayan metaldan və kristaldan ibarətdir. Audio-video sisteminin qurulduğu musiqili alov fəvvarə kompleksi lazer projektorları ilə işıqlandırılır.

Sonra dövlətimizin başçısı və xanımı musiqili alov fəvvarəsinin müxtəlif görüntülərini izlədilər.

Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 31 dekabr.- S.  1.