Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyevanın Azərbaycanın
dünyada tanıdılması istiqamətindəki
fəaliyyəti ölkə gənclərinin bu
işə qoşulmasına səbəb olmuşdur
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti ölkə gənclərinin bu işə fəal qoşulmasına səbəb olmuşdur. Bu sözləri dekabrın 30-da Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə demişdir.
N.İbrahimov bildirmişdir ki, 31 dekabr bütün dünya azərbaycanlıları üçün mühüm əhəmiyyətli gündür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
Sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrdə yüksək inkişafı təmin etmişdir. Dövlətimizin başçısının rəhbərliyi altında respublikamızın regionda lider ölkəyə çevrilmiş, dünyada mövqeyini möhkəmləndirmişdir. Bütün bunlar dünya azərbaycanlılarını Vətənimiz ətrafında daha da sıx birləşərək Azərbaycanın səsini dünyada ucaltmağa sövq edir.
Prezident İlham Əliyevin diaspor sahəsinə göstərilən böyük diqqətini xüsusi qeyd edən komitə sədri vurğulamışdır ki, gələn ildə də Azərbaycan diasporunun qarşısında mühüm vəzifələr qoyulmuşdur. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bundan sonra da daha əzmlə çalışmalıyıq.
AzərTAc
Azərbaycan.- 2011.-31 dekabr.- S. 3.