Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

 

Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Dekabrın 28-də "Büdcə  ili  ərzində  vahid  xəzinə  hesabında olan  vəsaitin qalığının  (sərbəst qalığın)  idarəetməyə  verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli  qərarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı"nın 10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir.

"Azərbaycan Respublikası vətəndaşlarının 2012-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Azərbaycan Prezidentinin 2011-ci il 12 dekabr tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikası vətəndaşlarının 2012-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında" qərar qəbul edilmişdir.

Hər üç qərar imzalandığı gündən - 2011-ci il dekabrın 28-dən qüvvəyə minmişdir.

Nazirlər Kabineti, həmçinin dekabrın 30-da "Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında" Azərbaycan Prezidentinin 2011-ci il 8 aprel tarixli Fərmanının 3.1-ci bəndinə əsasən "Bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 avqust tarixli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2011-ci il 14 fevral tarixli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli qərarında dəyişiklik edilməsi barədə də qərar qəbul edilmişdir.

Hər iki qərar imzalandığı gündən - 2011-ci il dekabrın 30-dan qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin  www.cabmin.gov.az  ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür. 

 

 

Azərbaycan.- 2011.- 31 dekabr.- S. 3.