Milli Məclisin 2011-ci il payız sessiyası başa çatdı

 

 Dekabrın 30-da Milli Məclisin 2011-ci il payız sessiyasının son iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə deputatları təbrik etdi. Parlament adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik ünvanlayan spiker dövlətimizin başçısına ölkənin tərəqqisi, xoşbəxtliyi və gələcəyi naminə göstərdiyi fəaliyyətində uğurlar arzuladı.

Oqtay Əsədov daha sonra bildirdi ki, Milli Məclis Fransa Milli Assambleyasında qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbuluna etiraz olaraq Fransa Senatına müraciət qəbul edəcək: "Fransa Senatında Türkiyəni və Azərbaycanı dəstəkləyən kifayət qədər senator var, amma bu müraciət qəbul edilsə, yaxşı olar". Müraciətin hazırlanması üçün deputat Mübariz Qurbanlının sədrliyi ilə komissiya yaradıldı.

İclasda deputatlar gündəlikdəki və digər məsələlərlə bağlı fikirlərini bildirdilər. Deputat Fazil Mustafa bu günlərdə Azərbaycan Prezidentinin sərəncamı ilə 92 məhkumun əfv edilməsini yüksək qiymətləndirdi. Əlavə etdi ki, Azərbaycan dövlətini 2012-ci ildə bir çox vacib işlər gözləyir. Gündəmdə duran ən aktual məsələlərdən biri olan "Siyasi partiyalar haqqında" qanuna ediləcək əlavə və dəyişikliklərin yaz sessiyasında müzakirəyə çıxarılması zəruridir. Deputatlardan Fərəc Quliyev, Hikmət Atayev, Musa Qasımlı, Zahid Oruc və başqaları müzakirə edilən bir sıra məsələlərə rəy və təkliflərini bildirdilər.

Milli Məclisin Sədri  Oqtay Əsədov isə xalq artisti, deputat Zeynəb Xanlarovanı 75 yaşı tamam olması münasibətilə təbrik etdi. Ona  növbəti iclasların birində parlamentin diplom və medalının təqdim olunacağını söylədi.

Sonra iclasın gündəliyində duran birinci məsələ - "Sosial xidmət haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi ki, qanun sosial xidmətin əhatə dairəsinin genişlənməsini özündə əks etdirir. Qanun layihəsi xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Bu qanunla sosial yardıma ehtiyacı olan vətəndaşların kateqoriyaları, sosial yardımın növləri (dövlət stasionar müəssisələrdə, özəl müəssisələrdə, evlərdə) müəyyənləşdiriləcək. Azərbaycanda sosial xidmətlərlə bağlı qanunvericilik yaradıldıqdan sonra sosial işçilərin  statusu, onların hüquq və vəzifələri müəyyən ediləcək.

İclasda "Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) səfirliyinin təsis edilməsi haqqında", "Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında məxfi məlumatın qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə  və "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında diplomatik nümayəndəliklərin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı olaraq ayrılması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələri səsə qoyularaq qəbul edildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə qanun layihələrini müzakirəyə təqdim etdi. Komitə sədri hazırlanacaq yeni nəsil şəxsiyyət vəsiqəsi barədə məlumat verdi. Dedi ki, təklif edilən dəyişikliyə əsasən, Azərbaycan xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlamış olduğu halda, Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə edə bilər. Dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsinin 16 yaşına çatanadək və 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən növləri ləğv ediləcək. Qanuna əsasən, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır. Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.

Komitə sədri onu da vurğuladı ki,  şəxsiyyət vəsiqəsinə elektron daşıyıcı - çip yerləşdiriləcək. Etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə, şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı yararsız hala düşdükdə, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. 2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Qanunun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Əli Hüseynli "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" və "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri barədə də məlumat verdi. Qısa müzakirələrdən sonra qanun layihələləri qəbul edildi.

İclasda deputat Sahibə Qafarova Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etməsi ilə bağlı Azərbaycan Milli Məclisinin etiraz müraciətini oxudu (Müraciətin mətni qəzetimizin bugünkü sayında dərc olunur).

Daha sonra parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi haqqında məlumat verdi.  Qanun layihəsi səsə qoyularaq qəbul olundu.

"Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında Hesablama Palatasının sədri Heydər Əsədov məlumat verdi.  Qanun layihəsi səs çoxluğu ilə qəbul olundu.

Sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciətinin təsdiq edilməsi məsələsinə baxıldı. Müraciətin mətnini deputat Mübariz Qurbanlı oxudu. Müraciət təsdiq edildi (Müraciətin mətni qəzetimizin bugünkü sayında dərc olunur).

Sonda Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, 2011-ci ilin payız sessiyası dövründə 12 iclas keçirilmiş, 106 qərar və qanun qəbul olunmuşdur.

Bununla Milli Məclisin payız sessiyası başa çatdı və Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

 

 

Azərbaycan.- 2011.- 31 dekabr.- S.  4.