Azərbaycan Respublikası Milli Məclisinin
Fransa Respublikasının Senatına Müraciəti
Hörmətli
həmkarlar!
Bu il
dekabrın 22-də Fransa Respublikasının Milli
Assambleyasında "erməni
soyqırımı"nın inkar edilməsinə görə
cəza müəyyənləşdirən qanun layihəsinin
qəbul olunduğu barədə aldığımız xəbər
bizi son dərəcə narahat edir. Növbəti mərhələdə
layihənin Fransa Respublikası Senatının müzakirəsinə
çıxarılması nəzərdə tutulur. Bununla əlaqədar
olaraq, biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə
ehtiyatla yanaşmağa çağırırıq.
Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə
belə bir qanun demokratik quruluşun təməlində dayanan,
insan hüquqları və azadlıqları sırasında əsas
yer tutan söz və fikir azadlığına zidd olacaqdır.
Hazırda
dinlər və mədəniyyətlər arasında dialoqun dərinləşdirilməsi
zərurətinin mövcud olduğu bir dövrdə bu cür
qanunun qəbul edilməsi dünyada ikili standartların
mövcudluğu barədə fikirləri təsdiqləyəcəkdir.
Hər bir ölkənin tarixində axıra qədər məlum
olmayan, elmi cəhətdən tədqiq edilməsinə ehtiyac
olan hadisələr vardır. 1915-ci ildə Osmanlı
Türkiyəsi ərazisində ermənilərin
"soyqırımı"na məruz qalması barədə
deyilənlər də ciddi araşdırma tələb edən
ehtimallar qəbilindəndir. Yeri gəlmişkən,
xatırlatmaq istərdik ki, bu yaxınlarda Türkiyədə
Osmanlı dövrünə aid arxivlər
açılmış, arzu edən hər kəs, o cümlədən
erməni siyasətçiləri və alimləri XX əsrin əvvəllərinə
aid tarixi sənədlərlə tanış olmağa dəvət
edilmişlər. Təəssüf ki, erməni tərəfi
sağlam diskussiya barəsində bu təklifə
etinasızlıq göstərmişdir.
Diqqətinizə
çatdırırıq ki, "erməni
soyqırımı"nın baş verdiyi iddia olunan dövrdə,
yəni XX əsrin əvvəllərində yüz minlərlə
günahsız türk və azərbaycanlı erməni millətçiləri
tərəfindən kütləvi şəkildə qətlə
yetirilmişdir. Lap yaxın keçmişdə, 1992-ci il
fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin
yüzlərlə dinc sakini yalnız azərbaycanlı
olduğuna görə Ermənistan silahlı qüvvələri
tərəfindən vəhşicəsinə
öldürülmüşdür. Bütün bunlar nəzərə
alınarsa, yəqin, bizimlə razılaşarsınız ki,
tarixi hadisələrə bir tərəfin mövqeyindən
qiymət vermək cəhdləri tarixi həqiqətlərə
hörmətsizliyə gətirib çıxara bilər.
Ayrı-ayrı siyasi qrupların və etnik lobbiçilərin
bəd niyyətli fəaliyyəti
nəticəsində qəbul edilə biləcək qanun
2 əsrdən də çox bundan əvvəl İnsan və
vətəndaş hüquqları haqqında Bəyannaməni
qəbul etmiş Fransa kimi qədim
demokratik ənənələrə malik ölkənin
nüfuzuna yalnız ləkə vura bilər. Bununla
yanaşı, belə bir qanun Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə nizama
salınması ilə məşğul olan ATƏT-in Minsk
qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə
altına alacaqdır. Ona görə də Azərbaycan
Respublikasının Milli Məclisi əmin olduğunu bildirir
ki, Fransa Respublikasının Senatı adıçəkilən
məsələnin müzakirəsi zamanı diqqətli və
həssas olacaq, demokratik prinsiplərə zidd olan qanunun qəbul
edilməsinə yol verməyəcəkdir.
(Müraciət Azərbaycan
Respublikası Milli Məclisinin 2011-ci il 30 dekabr tarixli
iclasında qəbul edilmişdir).
Azərbaycan.- 2011.- 31 dekabr.- S. 4.