Paytaxtımızın
dünəni və bu günü
«Bakı. Böyük şəhərin nəbzi»ndə
Günbəgün yeniləşən, qədimliyini müasirliyinin harmoniyasında təcəssüm etdirən Azərbaycan paytaxtının füsunkar cazibəsini geniş şəkildə əks etdirən "Bakı. Böyük şəhərin nəbzi" adlı orijinal tərtibatlı yeni foto-kitab işıq üzü görmüşdür. AzərTAc xəbər verir ki, bu nəfis tərtibatlı foto-kitab Şərq ilə Qərbin vəhdətini özündə yaşadan Azərbaycan paytaxtını yaxından tanımaq, onun keçmiş şöhrətini və bugünkü əzəmətini bir daha görmək istəyənlərə dəyərli töhfədir.
Bu möhtəşəm nəşr sadə və rəvan dillə yazılmış aşağıdakı fikirlərlə açılır: "Hər şəhərin öz taleyi var. Bəziləri haqqında söhbətlər yarandığı ilk illərdən dünyanı dolaşır, bəziləri isə ildən-ilə, əsrdən-əsrə böyüyərək, binaları, meydan və parkları ilə şöhrət qazanır. Elə şəhərlər də var ki, onlar yüzilliklərlə qazandıqlarını qayğı ilə qoruyub saxlayaraq dünyanın ən müasir şəhərləri kimi XXI əsrə qədəm qoyub. Bu şəhərlərin sırasında Azərbaycanın paytaxtı Bakı da var".
Kitabın ilk səhifələrində Azərbaycanın daim yüksəklərdə dalğalanan üçrəngli dövlət bayrağının fonunda paytaxtımızın olduqca cəlbedici və gözəl bir panoramı verilmiş və ardıcıllığı pozulmayan fotoşəkillər silsiləsi tamamilə yenidən qurulmuş parklar, məktəblər, yeni tikilmiş möhtəşəm binalarla davam etdirilmişdir.
Burada yer almış fotoları müşayiət edən mətn də diqqəti cəlb edir: "Hər şəhər özünəməxsus həyat ritminə malikdir. Bunu şəhərin memarlığı və arxitekturası, tarixi və ənənələri, sənaye imkanları və sakinlərin adət-ənənələri formalaşdırır. Bakının da öz ritmi var. Bu, mürəkkəb polifonik melodiyadakı ritmlər sintezidir. Onda həm şəhərin avtomobillərlə dolu prospektlərinin səs-küyü, həm Abşeron çimərliklərinin dalğalarının gurultusu, həm saysız-hesabsız fəvvarələrin şırıltısı, həm parklardakı yarpaqların xışıltısı, həm də muğamların avazı və caz melodiyaları yer alıb. Bu gün isə yeni tikililərin və göydələnlərin, müasir otellərin və geniş bulvarların olduğu yeni Bakının ritmi bu simfoniyada ana xətt təşkil edir. XXI əsr Bakısının ritmi getdikcə daha aydın və inamlı səslənir. Şəhər böyüyərək gözəlləşir, onun yeni məhəllələrinin konturlarında artıq sabahkı gün görünür; bu gündən başlayan sabah".
Qəlb oxşayan bu lirik fikirlər "...Bakı ulu Xəzərin və qızmar Abşeronun övladıdır" ifadəsi ilə tamamlanır.
Kitab-albomun növbəti bölməsinin "Əsrlər bir an kimi" adlandırılması təsadüfi deyildir. Bu bölmədəki fotoşəkillər əcdadlarımızın ayaq izlərinin, onların ilk təsəvvür və fikir dünyasının daşa dönərək yurdumuzun sinəsində heykəlləşmiş canlı tarixini əks etdirir. Bu bölmədə Abşeron yarımadasında yerləşən Bakımız və səyyahların "Odlar Yurdu" adlandırdığı bu yerlərin gözəllik dünyası, cazibə və bənzərsiz təsvirləri öz əksini tapmışdır. Burada tarixin yaddaş kitabı olan Qobustanla bağlı qeydlər də olduqca maraqlıdır. Həmin qeydlərdə deyilir: "İnsanlar bu torpağa qırx min il öncə gəlmişlər. 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi abidələrinin siyahısına salınmış Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda altı mindən artıq qayaüstü rəsmlər qorunub saxlanmaqdadır. Bizim sələflərimizdən gələcək nəsillərə altı min məktub".
Eyni zamanda, bu bölmədə Abşeron yarımadasındakı tarixi abidələr, paytaxt Bakı və onun ətrafında bugünümüzə qədər qorunub saxlanılan qədim tikililər, eləcə də "neft bumundan" sonra bir neçə onillik ərzində Avropa və Şərq memarlığı üslubunda tikilmiş əzəmətli binaların görüntüləri əks olunmuşdur. Bu fotoşəkillər bir daha təsdiqləyir ki, Bakıda istedadlı milli memarlar, o cümlədən xarici ölkələrdən dəvət olunmuş sənətkarlar işləmişlər. Bakı həmişə parlaq memarlıq fərdiliyi ilə seçilmiş və bunun nəticəsində son illər paytaxtımızdakı tikililərə cağdaş dünya memarlığının dəbdə olan yeni meyillərinin gətirilməsi nəticəsində olduqca müasir bir görkəm almışdır. Bu bölmədə Bakıdakı muzey və qalereyalarda saxlanılan nadir sənət inciləri, xalqımızın böyük mütəfəkkirlərinin şəhərimizi bəzəyən heykəlləri, bənzərsiz xalçalarımız, Müasir İncəsənət Muzeyində sərgilənən Azərbaycanın avanqard rəssamları və heykəltəraşlarının bənzərsiz əl işləri, Heydər Əliyev Fondunun reallaşdırdığı humanitar layihələrin əks olunduğu görüntülər insanı valeh edir. Bu bölmə, həmçinin öz qısa, lakin olduqca dəqiq və maraqlı məlumatları ilə diqqəti cəlb edir. Belə ki, şəhərdə 40-dək ali təhsil müəssisəsinin, 356 ümumtəhsil məktəbinin fəaliyyət göstərməsi haqqında məlumatlar da diqqətdən yayınmır.
Kitabın "Yeni siluetlər" adlanan növbəti bölməsi bütövlükdə müasir Bakıya həsr edilmişdir. Burada Dövlət Bayrağı Meydanı, "Üç alov" adlandırılan "Flame Towers" kompleksi, inşası davam edən Heydər Əliyev Mərkəzi, tikintisi yekunlaşmaq üzrə olan dəniz kənarının yaxınlığında yerləşən "Port Baku Residence" kompleksi, "Park-Bulvar" Ticarət Mərkəzi, Bakı bulvarı, Milli Məclisin möhtəşəm binası, Bakı Metropoliteninin yeni stansiyaları, Heydər Əliyev Beynəlxalq Aeroportu, möhtəşəm yol qovşaqları, müasir göydələnlər insanı heyran edir.
"Ürəklərin görüşdüyü yerdə" adlı sonuncu bölmə əslində elə ürəklərin, qəlblərin görüşmək istədiyi bir məkandan xəbər verir. Burada paytaxtımızın bənzərsiz sənət nümunəsi sayılan İçərişəhərdə keçirilən Novruz bayramının bahar ətri duyulur.
Bölmədə mayın 10-da - Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günündə keçirilən Gül bayramlarının fotoşəkilləri nəşrə xüsusi gözəllik verir.
Paytaxtımıza gələn çoxsaylı turistlərin maraq dolu görüşləri, çoxsaylı idman yarışları, yeni otellər, kafe və restoranlar, böyüklər və balacalar üçün qurulmuş çoxsaylı attraksionlar, süfrəmizi bəzəyən ləziz şirniyyatlar, təndir çörəyinin bənzərsiz təravətini əks etdirən təsvirlər də kitab-albomun əsas məziyyətlərindəndir.
Burada yer almış Azərbaycan muğam sənətinin, milli teatr ənənələrinin, opera səhnəmizin və caz festivallarının əks olunduğu şəkillər də olduqca diqqətəlayiqdir.
Bakının əsrarəngiz gecələrini əks etdirən fotogörüntülərə baxdıqca bu gözəlliyi tamamlayan fəvvarələrdən söhbət açmamaq mümkün deyildir. Odur ki, bu fotoşəkilləri müşayiət edən mətni yenidən təkrarlamağı məqsədəuyğun hesab edirik: "Bakının musiqi fəvvarələri. Gündüzlər sərinlik gətirən, axşamlar nəğmə oxuyan və rəqs edən fəvvarələr..."
Bakı gecələrinin əks olunduğu şəkillər isə paytaxtımızın tarixində yeni bir səhifədir. Bəlkə də elə bu səbəbdən qeyd edilmişdir ki, iki Bakı mövcuddur: biri ultramüasir və realist gündüz Bakısı, digəri isə çıraqbana çevrilmiş binalardan ibarət gecə Bakısı.
Kitab-albom Azərbaycanın möhtəşəm dövlət bayrağının dalğalanmasını əks etdirən fotoşəkillə yekunlaşır. Bu fotoşəkli müşayiət edən mətndə deyilir: "Bakı üzərində Azərbaycan bayrağı dalğalanır; onun müstəqilliyinin, qüdrətinin simvolu... Respublikanın "yeni gününün" simvolu. Həmin gün irimiqyaslı layihə və tikintilərlə, müasir müəssisələr və ən yeni texnologiyalarla artıq qarşımızdadır. Həmin günün mahiyyəti dünyaya açıq olmaqda və ən cəsarətli ideyaları qəbul etməyə hazır olmaqdadır. Həmin günün sahibi qarşılarında çox cəsarətli işlərin icrası duran bakılıların yeni nəslidir. Şəhərin nəbzi rəvan və inamla döyünür. Bu XXI əsrin Bakısının ritmidir".
AzərTAc
Azərbaycan.- 2011.- 31dekabr.- S. 5.