Türk Dünyası Riyaziyyat Cəmiyyəti Fransa parlamentinin qondarma «erməni soyqırımı» ilə bağlı qərarını qətiyyətlə pisləmişdir

 

Türk Dünyası Riyaziyyat Cəmiyyəti (TDRC) Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qəbul etdiyi  qanun layihəsini qətiyyətlə pisləmişdir. Bununla bağlı TDRC bəyanat yaymışdır.

Cəmiyyətdən AzərTAc-a daxil olmuş bəyanatda vurğulanır ki, TDRC-nin idarə heyəti Avropada fikir ifadəsi azadlığının təməl prinsiplərinə, Fransanın insan haqları və fundamental azadlıqlarla bağlı götürdüyü öhdəliklərə zidd olan bu qərarın qəbul edilməsinə təəccüblənir. TDRC-nin idarə heyəti Fransa Milli Assembleyasının bu qərarı ilə, eyni zamanda, yüz minlərlə azərbaycanlının Dağlıq Qarabağın işğal olunmuş ərazilərində etnik təmizləməyə məruz qalması faktını görməməzliyə vurmasından təəssüfünü ifadə edir.

1915-ci il hadisələri əslində "erməni soyqırımı" kimi dəyərləndirilə bilməz. Tarixi mənbələr göstərir ki, bu qarşıdurmalarda 500 mindən çox türk öldürülmüşdür.

Bəyanatda qeyd olunur ki, həyatının bütün sahələrində gedən qloballaşma prosesinin dünya xalqlarının potensiallarının  sivilizasiyanın qarşısında duran problemlərin həlli üçün cəmləşməsini tələb etdiyi bir zamanda Fransa Milli Assambleyasının bu qərarı çox qəribə görünür. Fransa dünya elminə Lagranj, Koşi, Furie, Lions kimi tanınmış riyaziyyatçıları bəxş etmişdir. Biz  inanırıq ki, indiki nəsil fransız alimləri bu qərara öz etirazlarını bildirəcəklər.

 

 

Azərbaycan.- 2011.- 31 dekabr.- S. 5.