Azərbaycan
haqqında sevgi ilə
Bəzən düşünürsən ki, insanı sevindirməyə nə var ki!.. Orta statistik obıvateli razı salmaq üçün başını salmağa koması, balasının qarnını doyurmağa təknəsində çörəyi, güzəranını təmin etmək üçün alababat bir işi oldumu, bəsidir. Ancaq vətəndaşı razı salmaq bir qədər çətin məsələdir. Çünki burada cəmiyyət, qarşılıqlı hüquq və vəzifələr, ictimai məsuliyyət, ümumi maraq və mənafelər kimi artıq institutlaşmış dəyərlər girir dövrəyə.
Böyük qürur və iftixar hissi ilə söyləmək olar ki, günümüzün Azərbaycanı hər bir sakinin, vətəndaşın uğurları ilə fəxr edib güvənc duya biləcəyi bir ölkəyə çevrilib. Bu uğurlar ictimai həyatımızın istisnasız olaraq bütün sahələrini əhatə etməkdədir. İstər iqtisadiyyat olsun, sosial məsələlər, mədəniyyət sahəsi, sahibkarlıq olsun, istərsə də zəngin mənəvi-əxlaqi dəyərlər üzərində boy atan etnokulturoloji sfera.
Bu gün ölkəni Qərbdən Şərqə, Cənubdan Şimala yalnız avtomobildən müşahidə etmək kifayətdir ki, aparılan quruculuq, tikinti və abadlıq işlərinin həqiqi miqyasını təsəvvür edə biləsən. Bütün bu, sözün əsl mənasında, cahanşümul işlər tarixi etibarilə qısa bir zaman kəsiyində ərsəyə gəlib və insanların gözünü-könlünü sevindirə bildiyi üçün iki titanik qüvvəyə borcludur: Azərbaycan xalqının dəstəyinə və Prezident İlham Əliyevin sarsılmaz iradəsinə, qətiyyətinə, əzminə... Yalnız Prezident və xalqın birliyi, yekdilliyi amili qazanılan uğurların altından qırmızı bir xətt çəkib imza atmağa qadirdir.
Tarixin təkərləri hərəkət etdikcə içində olduğumuz zaman adlı sürət qatarı bizi götürüb irəliyə şığıyır. Başgicəlləndirici sürət azərbaycanlı sərnişinləri narahat etmir. Çünki gündəlik həyat ritminə, fəaliyyət ahənginə çevrilib.
Azərbaycanda böyük işlər görülür. Şəhər təsərrüfatı, aqrar bölmə, iqtisadiyyat, sənaye, infrastruktur sahəsi, paytaxt və regionlarda eyni sürət, keyfiyyət və vüsətlə həyata keçirilən nəhəng layihələr həmin bu işlərin aynasıdır.
Respublikamız iki qitənin qovuşuğunda qərar tutub. Bu ölkənin tarixi taleyinin müəyyənləşməsində belə bir coğrafi mövqe bəzən taleyüklü rol oynayıb. Azərbaycan heç vaxt xəritənin bir bucağına qısılıb qalmayıb, əsrlər boyu Qərbdən Şərqə, Şərqdən də Qərbə hərəkət edən fəth, yaxud zəbt adlandırılmasından asılı olmayaraq hərbi yürüşlərin yolunda dayanıb. Müdrik Şərq fəlsəfəsi, mentaliteti üzərində Qərbyönlü dəyərlər sistemini yetişdirərək mükəmməl azərbaycançılıq təlimi, ideologiyası qiyafəsində vətəndaşlarına bəxş edib. Bunu nəyə görə xatırlatdıq?! Bəzən Avropanın qapılarını Azərbaycanın üzünə bərk-bərk bağlamaq istəyən ifrat qlobalist qüvvələr bu ölkəni Asiyanın bir parçası adlandıraraq coğrafi paralel və meridian bazarlığına çıxırlar. Məgər dünyanı mat qoyan elmi kəşflər, biliklər Şərqdən pərvazlanmayıbmı? Bəşər sivilizasiyasının taleyini müəyyənləşdirən, dünyanın bugünkü mizan-tərəzisini nizamlayan, bütövlükdə insanlıq adına fəxarət və qürur gətirən nəhəng dühalar, zəka sahibləri qoca Şərqdən çıxmayıbmı? Vaxtilə ulu öndər Heydər Əliyevdən soruşurlar ki, Azərbaycan hansı yolla irəliləyəcək? Deyir ki, yönümüz Şərqə, yolumuzsa Qərbədir. Bu gün dünya Çin, Hindistan fenomeni qarşısında mat qalıb və heç şübhəsiz, canlı planetin sabahı Günəş kimi Şərqdən doğacaq. Məhkumdur!
Qayıdaq Bakıya. Qoca Şərqin estetik təcəssümü adlandırılan bu şəhər Prezident İlham Əliyevin səy, zəhmət və təşəbbüsləri sayəsində dünyanın ən gözəl paytaxtları sırasında layiqli yerini tutmaqdadır. Memarlıqda müasirliklə klassik ənənələrin sintezi, şəhərsalmada cəsarətli ideyaların tətbiqi, infrastruktur layihələrindəki iddia və möhtəşəmlik paytaxtımızı tək respublika sakinlərinin deyil, bu şəhərdə bircə gün, bircə saat qonaq olmuş əcnəbilərin də haqlı qürur və heyranlıq ünvanına çevirir. Digər sevindirici məqam isə ondan ibarətdir ki, belə bir quruculuq şövqü, ovqatı tək Bakıya deyil, respublikanın bütün şəhərlərinə, rayon və kəndlərinə xasdır. Yəni bu iş bir dövlət proqramı, siyasət əhəmiyyəti daşıdığına görə bu inkişafdan heç kim, heç nə kənarda qalmayıb.
Sovet dövrü ilə bağlı, adətən, deyirdilər ki, bu quruluşun iki problemindən biri yolları idi. Etiraf edək ki, respublikamızın da yolları o vaxtlar bərbad gündə idi. Bu gün isə tam fərqli mənzərədir; ölkənin yolları da, yol infrastrukturu da əsaslı şəkildə yenidən qurulur. Vaxtilə turist kimi səfərə çıxdığımız ölkələrdə həsədlə baxdığımız yollardan fərqlənmir; rahat, hamar, geniş. Yəqin hər kəs sınayıb, əvvəllər, tutaq ki, üç saata başa vurduğumuz məsafəni indi iki saata qət edirik. Şəhərdə inşa olunan körpülər, tunellər, keçidlər mükəmməl mühəndis-texniki konstruksiya olmaqla qalmayıb, həm də yüksək estetik təəssürat yaradan memarlıq əsərləridir.
Ölkənin iqtisadi inkişafında yeni dinamizm elementlərinin yaranmasında və respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisində Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı müstəsna əhəmiyyətə malikdir. Prezident fəaliyyətinin ilk günlərindən bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls vermək üçün kompleks tədbirlər proqramının hazırlanmasına sərəncam verərək bu sənədi iqtisadi siyasətinin ən başlıca hədəflərindən biri kimi səciyyələndirmişdi: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas vəzifəsi ondan ibarət olmuşdur ki, bölgələr sürətlə inkişaf etsin, proseslər müsbət istiqamətdə getsin, bölgələrdə yaşayan insanların həyat səviyyəsi yaxşılaşsın, xidmət sektoru yaxşılaşsın və infrastruktur da inkişaf etsin".
Bölgələrdə həyata keçirilən nəhəng infrastruktur layihələri həm sosial-iqtisadi, həm də demoqrafik siyasət nöqteyi-nəzərindən ölkə üçün müstəsna əhəmiyyət kəsb edir. Ümumi daxili məhsulun istehsalında ənənəvi olaraq aqrar bölmənin üstünlük təşkil etdiyi regionlarda son illər böyük sənaye potensialı cəmlənib. Bəzi bölgələrin gəlişməsində "ikinci nəfəs" rolunu oynayan turizmin inkişafı bir çox rayonların mədəni-memarlıq simasını dəyişməklə qalmayıb; işsizlik, nəqliyyat, kommunikasiya və digər problemlərin kompleks həlli üçün münbit şərait yaradıb. Son illər regionlarda idmanın kütləviliyini təmin etmək və gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə bir çox rayonlarda müasir olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, Prezidentin də dediyi kimi, son illər Bakı, Azərbaycan elitar turizm mərkəzinə çevrilir. Bu il Bakıda "Kempinski" və "Hilton" hotelləri açılmışdır. Yaxın aylarda təkcə Bakıda "Marriot", "For season", "Feermond" və "Cümeyra" hotelləri açılacaqdır. Yəni bu, özlüyündə nadir bir göstəricidir.
Proqramın icrasının nəticələri onu göstərir ki, həqiqətən də həyata keçirilən tədbirlər, icra olunan hər bir layihə həm keyfiyyət, həm də kəmiyyətinə görə yüksək səviyyədə başa çatdırılıb. Sosial, mədəni, infrastruktur obyektlərin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları əvvəlki simasından fərqləndirir. Regionların tərəqqisi, əyalətlərdə yeni iş yerlərinin açılması, urbanizasiya prosesinin səviyyəsinin azaldılması, sosial infrastrukturun yenilənməsi məqsədilə imzaladığı sənədlərin icra vəziyyətilə tanış olmaq, ölkə vətəndaşları ilə birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə məlumatı ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən ardıcıl səfərlər cənab İlham Əliyevin fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir.
Memarının ulu öndər olduğu "Əsrin müqaviləsi"nin reallaşdırılması indi, neçə illər keçəndən sonra çox düzgün olaraq Azərbaycan xalqının malik olduğu potensial qüvvə barədə düşünməyə vadar edir. Bu qüvvə adi gözlə görünməyən enerji ehtiyatlarından, millətin iradə gücündən və böyük amallara can atmasından asılıdır. Qürurvericidir ki, dövlət başçısı ölkənin həyatında taleyüklü yer tutan nefti təbii ehtiyat, enerji mənbəyi olmaq kimi müstəqim təyinatından sıyırıb çıxararaq ona Azərbaycanın enerji təhlükəsizliyinin, Azərbaycan insanının sosial rifahının təminatçısı statusunu bəxş etməyi bacardı.
Diqqət yetirsək görərik ki, Azərbaycanın yeni inkişaf erasının başlıca istiqamətlərindən biri sənaye potensialının ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutmasıdır. Bu sahə artıq dinamikliyi ilə digər iqtisadi sferaları geridə qoymağa başlayıb. Ölkədə güclü sənaye istehsalının yaradılması və sənayenin şaxələndirilməsi dövrünün start götürməsi ümumilikdə iqtisadiyyatda intensiv inkişafı sürətləndirməkdədir. Sənaye potensialının artması respublikamızın inkişafının prioritet istiqamətinə çevrilib. Ümumiyyətlə, Azərbaycanda sənayeləşmənin başlanması üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin inkişafına baza yaradır.
Danılmaz həqiqətdir ki, əqli-intellektual kapital bütün dövrlərdə maddiyyat yaradan təbii ehtiyatlardan üstün və qiymətli olub. Həm insan faktoruna bağlılığı, həm də millətin tükənmək ehtimalı olan resurslardan asılılığını azaltmaq nöqteyi-nəzərindən Prezident İlham Əliyev ölkənin perspektivi kimi qeyri-neft sektorunun inkişafını prioritet sayır. Ona görə də bu gün qeyri-neft sektorunda informasiya texnologiyalarının çəkisi artmaqda davam edir. İnformasiya və kommunikasiya vasitələrinin geniş miqyasda tətbiqi və ən modern rabitə texnologiyalarından istifadə Azərbaycanın dünya miqyasında irəli sıralarda qərar tutmasına səbəb olub. Hökumətin İKT üzrə Dövlət Proqramı qəbul etməsi 2005-ci ildən ölkəmizdə informasiya texnologiyalarının inkişaf dinamikasında yeni mərhələ açıb. Son illərdə informasiya-kommunikasiya texnologiyalarının illik artım tempi dünya inkişaf tempini bir neçə dəfə qabaqlayıb. Proqnozlara görə, 2013-2015-ci illərdə Azərbaycan İKT-dən il ərzində ən azı 5 milyard dollardan artıq gəlir əldə edəcək. 2010-2020-ci illərdə "Regional innovasiya zonası"nın həyata keçirilməsi nəticəsində ölkəyə əhəmiyyətli dərəcədə kapital axını başlayacaq. Hökumət bu sahədən əldə edəcəyi gəlirlərin neft dollarlarından qazanılan mənfəətə bərabər olacağını proqnozlaşdırır.
Azərbaycan haqqında bəhs edərkən onun regionda cərəyan edən geosiyasi proseslərin mühüm aktoruna çevrildiyini, bir addım da irəli ataraq beynəlxalq səciyyəli məsələlərə fəal müdaxilə etdiyini qeyd etməmək olmur. "Bu gün Azərbaycan bölgədə, dünyada cərəyan edən prosesləri, sadəcə, müşahidə etməklə kifayətlənmir. Biz proseslərin fəal iştirakçısıyıq, bizim mövqeyimizdən, sözümüzdən çox şey asılıdır. Azərbaycan regionda sülh və əməkdaşlıq mərkəzinə çevrilməkdədir. Bizimlə hesablaşırlar, məsləhətləşirlər və bizim mövqeyimiz, bəzi hallarda birmənalı bəyanatlarımız başqaları üçün də ciddi əsas yaradır", - deyə Prezident vurğulayır.
Xarici siyasət məsələlərinə xüsusi diqqət yetirən, Azərbaycanın hücumçu diplomatiyasını, habelə qlobal həmlələrə qarşı adekvat reaksiyasını təmin edən, respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməyən cənab İlham Əliyev son səkkiz ildə bu sahədə də həlledici diplomatik nailiyyətlərə imza atmışdır. Milli mənafeləri önə çəkən bu çevik və qətiyyətli diplomatiya nəticəsində Azərbaycanın bölgədə və ümumən Avropa geopolitik arealında nüfuzu artmış, mövqeləri möhkəmlənmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan - milli ideyanın təcəssümü kimi" əsərində dövlət siyasətinin bu istiqamətinə toxunaraq göstərir ki, İlham Əliyevin prezidentlik dövrü ilk növbədə müstəqil xarici siyasət təşəbbüslərinin, o cümlədən iqtisadi və nəqliyyat-energetika təşəbbüslərinin sayı ilə fərqlənir. 2003-cü ildən bəri dövlət başçısı dünyanın 45 ölkəsinə 146 səfər etmişdir və buraya yalnız dövlət səfərləri və rəsmi səfərlər daxildir. Xarici ölkələrin liderlərinin və siyasi xadimlərinin Azərbaycana səfərlərini də buraya əlavə etsək, görərik ki, bu gün ölkəmiz Cənubi Qafqazda regional liderə çevrilmişdir, onun fikri nəzərə alınmasa, istənilən regional layihələr ya bəri başdan səmərəsizliyə məhkum olacaq, yaxud da açıq-aşkar utopiya olaraq qalacaqdır. Bu gün Azərbaycan təkcə xammal ixracçısı və nəqliyyat dəhlizi deyil, həm də Avropa geoiqtisadiyyatının və regional siyasətin mühüm vəsiləsidir. Üstəlik, ölkəmiz tədricən Cənubi Qafqaz regionunun intellektual və informasiya mərkəzinə çevrilməkdədir.
Böyük strateq Heydər Əliyevin müdrikliklə irəli sürdüyü milli demokratiya modelinin reallığa adekvatlığı və milli mənafelərə tam cavab verməsi Azərbaycanın bugünkü sosial-iqtisadi inkişaf göstəriciləri fonunda bir daha real təsdiqini tapır. Bu reallıq indi bütün səviyyələrdə etiraf edilir ki, demokratikləşmə prosesinin həyata keçirilməsi üçün ilk növbədə insanın azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri məhz fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formasının genişlənməsi, orta sahibkarlar sinfinin mövqelərinin möhkəmlənməsidir.
Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyərək Avratlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasında yer tutan respublikamızda xalqın inamlı sabahı baxımından strateji əhəmiyyət daşıyan demokratikləşmə prosesinin sürətləndirilməsi diqqət mərkəzindədir. Dövlət başçısı ilk gündən bəyan etmişdir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. O, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmiş, bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın strateji inkişaf yolu kimi müəyyənləşdirmişdir.
Prezidentin milli dövlət quruculuğu, ölkənin demokratik inkişafı məsələləri barədə mövqeyi tarixi məntiqə, dünya təcrübəsinə, səmərəli siyasətə, ən başlıcası isə Azərbaycanın milli maraqlarına söykənən milli ideyanın gerçəkləşməsinin nəzərə alınmasına əsaslanır. Cəmiyyətin bu dərk edilmiş obyektiv tələbatı onun milli dəyərlərindən irəli gəlir və dövlətin qorunub saxlanmasına, onun mövcudluğu və mütərəqqi inkişafı üçün əlverişli şərait yaradılmasına yönəlmişdir. Milli maraqlara və inkişaf strategiyasının mahiyyətinə xalqın əksəriyyətinin həmrəy münasibətinə əsaslanan demokratiya daha səmərəlidir və hər bir yeni müstəqil dövlət üçün nümunə ola bilər.
Azərbaycan Prezidenti öz ölkəsini bütün dünya üçün açıq ölkə halına gətirmişdir. Nəinki Bakı, artıq bəzi rayonlarımız da beynəlxalq tədbirlərə ev sahibliyi edir. Elə ay, həftə yoxdur ki, Bakıda istər regional, istərsə də beynəlxalq səviyyəli idman yarışları, mədəni tədbirlər, müxtəlif elmi, siyasi konfranslar, simpoziumlar keçirilməsin. İndi Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlərin keçirilməsi üçün ənənəvi məkana çevrilmişdir. Bu da bir həqiqətdir ki, həmin tədbirlərə qatılan minlərlə insan öz evinə, ölkəsinə azərbaycanlıların qonaqpərvərliyi ilə yanaşı, Azərbaycanda müşahidə etdikləri inkişafla bağlı da zəngin təəssüratlarla qayıdır.
Azərbaycanda bütün sahələrdə inkişaf yüksək sürətlə gedir. Belə bir başgicəlləndirici temp nə ilə bağlıdır: inkişaf etmiş ölkələrə çatmaq istəyi ilə, yoxsa bu, bizim öz yolumuzdur?
Məsələ ilk baxışdan göründüyü kimi deyil. Bəli, Azərbaycan Prezidenti öz ölkəsini dünyanın inkişaf etmiş ölkələri sırasında görmək istəyir. Bu nöqtədə onun arzuları ilə siyasi iradəsi, qətiyyəti, entuziazmı və bir də imkanları çulğaşır.
Bir xətt aydın görünür. Prezident gördüyü işlər barədə deyil, görüləcək işlər barədə daha çox düşünür. Səkkiz ilin "daxıl"ına atılmış nəhəng işləri kifayət saymır. Həmin gələcəyi o qurur. Bu gələcəyin "göydələn"i çox uca, etibarlı olacaq, çünki özülü möhkəmdir, monolitdir. Özü fitrəti etibarilə cəsarətli olduğuna görə ilk baxışda bəlkə də xülya kimi görünən ideyaların "əlindən tutub" onlara can verir. İstək var, imkan var, elə isə nədən Azərbaycan regionu lərzəyə gətirən, dünyanı heyrətləndirən, düşmənlərini dərdə salıb, dostlarını sevindirən layihələrə beşiklik etməsin?!
Azərbaycanın son səkkiz ildəki unikal inkişafının nəticə və perspektivlərini birmənalı olaraq ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlayan akademik Ramiz Mehdiyevin bu barədə müşahidələri çox dəqiqdir: "İndi bütün siyasi ssenarilər və müzakirələr yalnız inkişaf məcrasında nəzərdən keçirilir və bu fakt son illərdə qazanılmış nailiyyətlərin nəticəsidir. İlham Əliyev şəxsiyyətinin fenomeni müasir Azərbaycanın tarixi uğurlarında başlıca rol oynamışdır və əgər belə demək mümkündürsə, Azərbaycan millətinin və Azərbaycan dövlətçiliyinin tarixinin növbəti quruculuq mərhələsinin lokomotivinə çevrilmişdir. Bu sahədəki uğurlar mübahisə doğurmur və azərbaycanlıların gələcək nəsilləri tərəfindən layiqincə qiymətləndiriləcəkdir.
İllər, onilliklər keçəcək, inkişaf etmiş müstəqil Azərbaycanın vətəndaşlarının nəsilləri bir-birini əvəz edəcək, yeni çağırışlar yaranacaqdır. Lakin 1993-cü ilin yayından başlanmış və bütün sonrakı illərdə gələcək nəsillər üçün azad və insana layiq həyatın təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər millətin kollektiv yaddaşında həmişəlik qalacaqdır. "Bizim ən yaxşı vətəndaşlarımızın" yeni nəsilləri dövlət idarəçiliyi sükanını əldə saxlayacaq, bu gün Prezident İlham Əliyevin milli ideyanı gerçəkləşdirərək formalaşdırdığı səmərəli dövlətçiliyin, güclü iqtisadiyyatın və açıq cəmiyyətin bünövrəsinə əsaslanacaqlar".
Vaxtilə geriyə boylanaraq görülmüş böyük işlərə və perspektivdə bizi gözləyən üfüqlərə baxan ulu öndər Heydər Əliyev deyirdi: "Bütün bu işləri biz başladıq, biz də başa çatdıracağıq". Bu, ümummilli tərəqqi proqramını, həyata keçirilən kompleks islahatlar xəttini ehtiva edən bir tezis idi. Azərbaycan insanı dərk edir ki, başından qovğası əskik olmayan bu ölkənin, tarixin daim sınaqlara, imtahanlara ürcah etdiyi bu xalqın yeganə xilas yolu Heydər Əliyev ideallarının yanında olmaq, tək ümid-pasibanı onun açıb qoyduğu geniş yoldan sapmamaqdır. Bu yolun perspektivini, inkişafını ulu öndərin özü belə görürdü: "Mən seçici olsaydım, İlham Əliyevə səs verərdim".
Azərbaycan səs verdi. Nəticə göz qabağındadır.
2004-cü
il. Fransa. Paris. Yelisey sarayında Jak Şirak Azərbaycan Prezidenti
İlham Əliyevi qəbul etdi. Bakı-Tbilisi-Ceyhan
ixrac neft boru kəmərinin maliyyələşdirilməsi məsələsində
nöqtə qoyuldu. İlham Əliyev
Prezident kimi Moskvaya ilk rəsmi səfərini etdi. Azərbaycan
pəhləvanı Fərid Mansurov Afina Olimpiya Oyunlarının qızıl medalını
qazandı. Prezident Sənaye və Energetika
Nazirliyinin, "Azərsu" Səhmdar Cəmiyyətinin
yaradılması haqqında fərman imzaladı. Əsas
kapitala yönəldilən investisiya 43 faizi haqlamış,
xarici investisiya 48 faiz artaraq 4 milyard dollar təşkil
etmiş, 110 mindən artıq yeni iş yeri
açılmışdır.
2005-ci il. Azərbaycan 2005-ci ildə iqtisadi artım
baxımından dünyada lider ölkəyə
çevrilmişdir. Ümumi daxili məhsul təxminən
27 faiz, əhalinin pul gəlirləri 27 faiz, əməkhaqqı
22 faiz artmış, inflyasiya 9,8 faiz olmuşdur. Ümumi daxili
məhsulun adambaşına düşən həcmi 1500 ABŞ dolları, orta aylıq əməkhaqqı 140
dollar təşkil etmişdir.
Birləşmiş Millətlər Təşkilatı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi məsələsini öz gündəliyinə
salmışdır.
2006-cı
il. Ölkə Prezidenti Parisdə
NATO PA-nın yaz sessiyasında iştirak etmiş, ABŞ
Prezidenti Corc Buş Azərbaycan Prezidenti İlham Əliyevi
Ağ evdə qəbul etmişdir. Bakı-Tbilisi-Ceyhan
neft kəməri işə düşmüşdür.
Sənaye istehsalı kəskin şəkildə artaraq təxminən
37 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 22
faizə çatmış, yoxsulluq göstəricisi 20 faizə
enmişdir. Ölkəyə
təxminən 7 milyard dollar sərmayə qoyulmuşdur.
Valyuta ehtiyatlarımız 4 milyard dollar səviyyəsinə
çatmış, büdcə xərcləri təxminən
80 faiz artmış, 173 min yeni iş yeri
açılmışdır. Adambaşına
düşən ümumi daxili məhsul 2400 dollar təşkil
etmişdir. Azərbaycan qazının dünya
bazarlarına çatdırılması üçün
Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilmişdir,
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üçün əməli
addımlar atılmışdır. Azərbaycanda 4 yeni elektrik
stansiyası tikilib istismara verilmiş, Müdafiə Sənayesi
Nazirliyi yaradılmışdır.
2007-ci il. İqtisadi və sosial proqramların həyata
keçirilməsi, eləcə də xarici siyasət sahəsində
uğurlu il olmuşdur. ÜDM
25 faiz artmış, sənaye istehsalı 24 faiz olmuşdur.
İnvestisiyaların həcmi 6 milyard dollara
çatmışdır ki, onun da böyük əksəriyyəti
daxili sərmayələrdir. Yoxsulluq göstəricisi 16
faizə düşmüş, 145 min iş yeri
açılmışdır. Bu il
Bakı-Tbilisi-Ceyhan tam gücü ilə işləməyə
başlamış, sonuncu çadır şəhərciyi ləğv
edilmişdir.
2008-ci il. Son beş ildə ÜDM 2,6
dəfə artaraq adambaşına 4.5 min dollar təşkil
etmişdir. Dövlət büdcəsi 1,5
milyarddan 10 milyard dollara qalxmışdır. Hərbi-müdafiə
xərcləri 10 dəfə artaraq 1,3
milyard dollara çatmış, yoxsulluq 16 faizə
düşmüşdür. İdmançılarımız
Pekin Olimpiadasından 1 qızıl, 2 gümüş və 4
bürünc medalla qayıtmışlar. BMT-nin
62-ci Baş Assambleyasının nümayəndələri
"Azərbaycanın işğal edilmiş ərazilərində
vəziyyət" adlı sənəd qəbul etmişdir.
2009-cu il. Ümumdünya böhranına baxmayaraq, ümumi daxili məhsul
9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı
məhsulları istehsalı 3,5 faiz artmışdır.
İnflyasiyanın həcmi 1,5 faizə
düşmüşdür. İl ərzində ölkəyə
qoyulan 9,2 milyard dollar sərmayənin 7,3
milyardı daxili sərmayələr olmuşdur. Üç nəhəng
layihənin - sement zavodunun, "Sumqayıt texnoparkı"nın və məişət
tullantıları emalı zavodunun tikintisinə
başlanmışdır. Valyuta ehtiyatları 20,4
milyard dollar təşkil etmişdir. 74 min yeni iş yeri
açılmış, yoxsulluq səviyyəsi 11 faiz
olmuşdur. Ötən beş ildə ölkəyə 40 milyard dollar sərmayə
qoyulmuşdur. 64 məktəb, 59 səhiyyə
müəssisəsi tikilərək istifadəyə
verilmişdir.
2010-cu il. "Ekologiya ili" elan edilmişdir.
İqtisadiyyatımız 5 faiz artmış, makroiqtisadi sabitlik
qorunmuş, inflyasiya cəmi 5,7 faiz təşkil
etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz
artmışdır. Yoxsulluğun səviyyəsi daha da
aşağı düşərək 9,1
faiz təşkil etmişdir. Ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur ki, onun da
9,3 milyardı qeyri-neft sektorunun
payına düşür. Minimum əməkhaqqı
və pensiyanın baza hissəsi 75 manatdan 85 manata
qaldırıldı. 51 milyon ton neft hasil
edildi ki, onun da böyük hissəsi ixrac olundu. 27 milyard kubmetr qaz hasil edildi.
2011-ci il. Ümumi
daxili məhsul 0,5 faiz, qeyri-neft
iqtisadiyyatı 8,2 faiz, kənd təsərrüfatı məhsullarının
istehsal həcmi 7,6 faiz, 900 minə yaxın
pensiyaçının pensiyası orta hesabla 40 faiz
artmışdır. Hazırda adambaşına düşən
ÜDM təxminən
6 min dollar səviyyəsində, orta pensiya 190, orta maaş isə 450 dollar səviyyəsindədir.
74 min yeni iş yeri açılmışdır ki, onlardan 50 mini daimi iş yeridir. Beləliklə,
son 8 il ərzində Azərbaycanda 950 minə
yaxın yeni iş yeri açılmışdır. İl ərzində valyuta ehtiyatlarımız 11
milyard dollar artıbdır. Azərbaycanda məqsədyönlü
proqramların sayı təqribən 50-yə yaxındır və
onların hamısının konkret maliyyə mənbəyi,
icra mexanizmi, icra müddəti göstərilmişdir. Regionlarda 80-dən çox müəssisə, o
cümlədən 30-a yaxın sənaye müəssisəsi
tikilib istifadəyə verilmiş, 200-ə yaxın müəssisə,
o cümlədən, 80-dək sənaye müəssisəsinin
tikintisi davam etdirilir.
***
Son səkkiz
il ərzində Azərbaycan dünya
miqyasında analoqu olmayan inkişaf templərini nümayiş
etdirir. Bunu statistik rəqəmlər də
göstərir. Səkkiz il ərzində
ölkə iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz
artmışdır. 950 min yeni iş yeri
açılmış, yoxsulluq 5 dəfə
azalmışdır, büdcə xərcləri təxminən
20 dəfə artmışdır. Azərbaycan
iqtisadiyyatı 20 illik müstəqillik dövründən
sonra bu gün Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təşkil
edir.
Xalid NİYAZOV
Azərbaycan.-
2011.- 31 dekabr.- S. 7.