Əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

 Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Lvov şəhərinə səfər etmişdir.  Səfir Lvov vilayəti Dövlət Administrasiyasının rəhbəri M.Kostyuk və şəhərin meri A.Sadovoy ilə görüşmüşdür. Görüşlərdə Lvov vilayəti ilə Azərbaycan arasında elmi, mədəni, iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir.

Lvov şəhər və vilayət rəhbərliyi regionun investisiya imkanları, xüsusilə kurort-turizm sahəsində mövcud potensial barədə məlumat verərək Azərbaycan sərmayəçilərinin bu imkanlardan istifadə etmələrinin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycandan olan sərmayəçilər üçün əlverişli investisiya mühiti təmin ediləcəkdir.

Bundan əlavə, şəhər meriyasında təntənəli şəraitdə Lvovun ən nüfuzlu təhsil ocaqlarından olan Dövlət Bədən Tərbiyəsi Universitetinin qurucularından biri, tibb elmləri doktoru, professor, Ukraynanın əməkdar bədən tərbiyəsi və idman xadimi, həmyerlimiz Məmməd Cəfərova Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə verilmiş "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adının şəhadətnaməsi və nişanı təqdim olunmuşdur. Azərbaycan Tibb Universitetinin məzunu olan professor M.Cəfərov 1946-cı ildən etibarən həyatını Lvov şəhəri ilə bağlamış, Dövlət Bədən Tərbiyəsi Universitetinin anatomiya və biokimya kafedrasının yaradıcısı və uzun illər ərzində dəyişməz rəhbəri, fakültə dekanı kimi Ukraynada və bütünlükdə keçmiş SSRİ-də bədən tərbiyəsi və idmanın inkişafına əvəzsiz xidmətlər göstərmişdir. Yüzlərlə elmi əsərin və dərsliklərin müəllifi, SSRİ Maarif Nazirliyi Ali Attestasiya Komissiyasının üzvü olan M.Cəfərovun elmi nailiyyətləri Azərbaycanda da geniş tətbiq olunmuş, respublikamızda idmanın və bədən tərbiyəsinin elmi əsaslar üzərində inkişafına əhəmiyyətli töhfələr vermişdir.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2011.- 31 dekabr.- S. 7.