Şəmkir
işıqlı yol üstədir
Bu yerlərdə iki güclü su elektrik stansiyası fəaliyyət göstərir: Şəmkir və Yenikənd SES-lər. İndi də dağların başında nəhəng dəryaça yaradılır. Orada da digər işlər görülməklə yanaşı, 49 meqavat elektrik enerjisi istehsal ediləcək. Deməli, üç güclü-qüvvətli işıq mənbəyi olacaq. Buna görə də bu yerlər nur çeşməsi, bolluq, bərəkət diyarı sayılır.
Rayonun uğurları, xoş işləri aybaay, ilbəil artır. Cari ilin ilkin yekunlarını nəzərdən keçirərkən biz də bunun şahidi olduq.
Şəmkir əsasən kənd təsərrüfatı rayonu sayılır. Burada bitkiçilik və maldarlığın inkişafına xüsusi diqqət yetirilir. Hər il sahələrdən azı altmış beş min ton taxıl, xeyli qarğıdalı, kartof, tərəvəz, bostan, habelə günəbaxan, yem bitkiləri götürülür.
Maldarlıq məhsulları istehsalı da ilbəil çoxalır. Torpaq sahibkarları həmişə yeniliyin sorağındadır. Ən yeni, ən mütərəqqi formaları axtarıb tapır, işə tətbiq edirlər. Şəmkirin əkinçilik mədəniyyəti çoxuna nümunə ola bilər. Bir sözlə, bu yerlərdə hər qarış torpaqdan səmərəli istifadə edirlər.
Son illərin fərəhli işlərindən biri budur ki, kənd təsərrüfatının sənaye üsulu ilə inkişaf etdirilməsinə xüsusi fikir verilir. Sarıtəpə kəndi yaxınlığında 2,5 hektar sahədə "Azaqro" MMC-yə məxsus istilikxana kompleksi tikilib. Burada faraş tərəvəz yetişdirilir. Ayrı-ayrı torpaq sahibkarları da istixana sistemində tərəvəz istehsalına üstünlük verirlər. Fərdi təsərrüfatçılar hər il bu üsulla on minlərlə ton bostan və tərəvəz yetişdirirlər. İstehsal olunan məhsullar daxili bazarlarla yanaşı, respublikadan kənara da göndərilir.
Regionların sosial iqtisadi-inkişafı Dövlət Proqramına uyğun olaraq üzümçülüyün və şərabçılığın bərpasına xüsusi diqqət yetirilir. Son vaxtlarda rayon üzrə 511 hektar bağ salınıb, "Şərq Ulduzu" MMC tərəfindən alman texnologiyası əsasında üzüm emalı zavodu tikilib. Həmin müəssisədə doqquz növ şərab və konyak istehsal olunur ki, onun da xeyli hissəsi xarici ölkələrə ixrac edilir.
Gəlir, qazanc çoxaldıqca abadlıq və quruculuq işlərinin də həcmi sürətlə artır. İcra hakimiyyətinin təşəbbüsü ilə rayonda vaxtaşırı abadlıq və təmizlik aylıqları keçirilir, nümunəvi küçələr, məhəllələr, obyekt və mənzillər müəyyən edilir, onların təcrübəsi yayılır.
Rayon mərkəzində planlı surətdə genişmiqyaslı abadlıq işləri görülür. Son vaxtlarda M.Əzizbəyov, M.Füzuli, Ə.Cavad, M.C.Paşayev küçələrinə başdan-başa asfalt döşənib. Hazırda S.Vurğun küçəsində yenidənqurma işləri aparılır, səkilərə tamet döşənir, bardürlər yeniləri ilə əvəz edilir, su arxları təzələnir, binaların fasadları müasir üslubda təmir olunur.
Bakı-Qazax avtomobil yolundan Şəmkirçay dəryaçasına, oradan isə Nərimanlı kəndinə yeni avtomobil yolu çəkilib. Gədəbəy avtomobil yolunun Şəmkirin ərazisindən keçən hissəsinə, habelə Posanlı və Sərxan - Dəllər, Zəyəm-Düyərli, Dəllər-Zəyəm yollarına asfalt örtüyü salınıb.
Yeni Göyçə, Dağ-Cəyir və Günəşliyə gedən avtomobil yolu əsaslı təmir olunub. Son bir neçə ay ərzində rayon daxilində azı 40 kilometr asfalt örtüklü yol çəkilib.
Əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində geniş tədbirlər görülür. Şəhərin mərkəzində əsas su kəməri təmir olunub, Nizami küçəsində yerləşən kəhrizdə təmir-bərpa işləri aparılıb, texniki peşə liseyi istiqamətində su xətti təzələnib. Zəyəm çayından Tatar kəndinə, habelə Təzəkəndə içməli su xətləri çəkilib.
Ən əsası isə odur ki, Şəmkir şəhərində su və kanalizasiya sisteminin təzələnməsi sahəsində ardıcıl iş aparılır. 27 kilometrlik kanalizasiya xəttinin yarıdan çoxu, daha dəqiq desək, 15,5 kilometri, demək olar, hazırdır. Havalar sərt keçsə də, bu sahədə iş davam edir. Bununla yanaşı, təmizləyici qurğunun inşasına hazırlıq görülür.
İlin ilkin yekunlarından danışarkən təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti xüsusən qeyd olunmalıdır. Bu günlərdə icra hakimiyyətində səhiyyə şöbəsinin müdiri Nurəddin Əhmədovun, təhsil şöbəsinin müdiri Məcid Şıxlının, habelə mədəniyyət və turizm şöbəsinin müdiri Qüdrət Əliyevin il ərzində görülən işlər barədə hesabatları dinlənilmiş, uğurlar qeyd olunmaqla yanaşı, işlərin daha da sürətlənməsi üçün konkret tövsiyə və tapşırıqlar verilmişdir.
Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində Şəmkirdə görülən işlər çoxuna nümunə ola bilər. 79 ümumtəhsil məktəbindən 58-i yenidən tikilib, yaxud əsaslı təmir olunub. Son bir il ərzində Təzəkənddə, Zəyəm-Cırdaxanda, Qapanlı kəndində, Dəllər qəsəbəsində müasir tipli məktəb binaları istifadəyə verilib. Hazırda Düyərli kənd 2 nömrəli orta məktəbdə, habelə Abbaslı və Seyidlər kənd məktəblərində müasir quruluşlu yeni məktəb binaları inşa edilir. Seyfəli və Sabirkənd kənd məktəbləri üçün də yeni binaların tikilməsi məsələsi həll olunub. Elə buna görə də rayon üzrə beş günlük tədris prosesinə keçmiş məktəblərin sayı 38-ə çatmışdır. Hazırda ümumtəhsil məktəblərində 23 fərdi qazanxana və müasir istilik sistemi fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun vəsaiti hesabına Dəllər qəsəbəsində inşa edilən yeni məktəb kompleksində Bakı Oksford məktəbinin filialı fəaliyyətə başlayıb. İndi burada 125 nəfər təhsil alır.
Son vaxtlarda rayonun səhiyyə sistemi də günün tələblərinə uyğun yenidən qurulub. Xidmətin daha da yaxşılaşdırılması məqsədilə yerlərdə islahatlar aparılıb. Müalicə-sağlamlıq ocaqları müasir avadanlıqlarla təchiz edilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni doğum evi və poliklinika binalarının tikintisi, yoluxucu xəstəliklər xəstəxanasının və Kür qəsəbə müalicə mərkəzinin əsaslı təmiri nəzərdə tutulub.
Rayonun mədəniyyət ocaqlarında da günün tələblərinə uyğun xeyli iş görülür. Heydər Əliyev Mərkəzində ulu öndərin irsinin tədqiqi və təbliği məqsədilə arxiv sənədlərinin, dövri mətbuat və video-foto materiallarının toplanması üçün qrup yaradılıb. Mərkəz texniki avadanlıqlarla təchiz olunub. Burada ulu öndərin həyat və fəaliyyəti ilə bağlı kitabxana yaradılıb, kompyuter və ingilis dili kursları fəaliyyət göstərir. Ulu öndərin bu yerlərə dörd səfərini əks etdirən "Heydər Əliyev Şəmkirdə" adlı ekspozisiyanı hamı böyük maraqla qarşılayıb.
İlin ən fərəhli yekunlarından biri də budur ki, rayonda sosial problemlər uğurla həll olunur. Əhalinin böyük əksəriyyəti təbii qazdan istifadə edir. Elektrik enerjisi təchizatında fasilələrə yol verilmir.
Şəmkir gündən-günə
abadlaşır, gözəlləşir, tikinti-quruculuq
işlərinin həcmi getdikcə artır. Son vaxtlarda
hərbi prokurorluq və rabitə bankı üçün binalar tikilib. Taun əleyhinə
stansiyanın ərazisində
bioloji təhlükəsizlik
laboratoriyası inşa
edilib.
Dövlət Proqramına uyğun olaraq abadlıq, quruculuq işləri getdikcə sürətlənir. Bu sahədə
əhalinin arzu
və istəkləri
diqqətlə nəzərə
alınır. Ona görə
də rayon icra hakimiyyətinin yerlərlə
əlaqə-ünsiyyəti getdikcə genişlənir.
Son aylarda ayrı-ayrı
kəndlərdə 40 səyyar
qəbul keçirilib,
bu zaman yüzdən çox təklif irəli sürülüb. Onların xeyli
hissəsi artıq həyata keçirilib.
Qalan təkliflərin icrası
üçün tədbirlər
görülür.
Əhalinin arzusu və istəyi ilə əlaqədar olaraq Çaparlı, Məşədi Hüseynli, Qapanlı və Qılıncbəyli kəndlərinin qaz təchizatı bərpa olunacaq, bir sıra məktəblərin binalarında təmir-bərpa işləri aparılacaq. Kür qəsəbəsinə gedən 12 kilometrlik yol yenidən qurulacaq, şəhərin mərkəzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binası inşa ediləcək, daha bir sıra digər işlər görüləcəkdir. Dağlarda dəryaçanın inşası isə bütün qərb bölgəsi üçün əvəzsiz hadisədir.
Şəmkir işıqlı yol üstədir. Rayonun nailiyyətləri aybaay, ilbəil artır. Bir sözlə, ictimai-sosial həyatın hər sahəsində il uğurla yola salınır. Odur ki, Şəmkirin bugünü gözəldir, sabahı bundan daha xoş, daha firavan olacaq.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.- 31 dekabr.- S. 8.