Ünsiyyətin ünvanı

 

 Vaxtilə xalq yazıçısı Mirzə İbrahimov onun haqqında belə yazırdı: "Şərqiyyə xanım Özbəkistan və Azərbaycan arasında ən etibarlı mənəvi körpüdür". Lap kiçik yaşlarından Özbəkistanda yaşayan Şərqiyyə Şıxəliyeva Azərbaycanın görkəmli şair və yazıçılarının əsərlərini özbək dilinə tərcümə edən, eləcə də bu ölkənin görkəmli qələm sahiblərinin əsərlərini dilimizə uğurla çevirən iki xalq arasında ədəbi əlaqələrin inkişafında böyük rol oynamış soydaşımızdır. O bu ölkəyə repressiya rüzigarının atdığı insanlardan biridir. Valideynləri vətəndən sürgün ediləndə onun bir yaşı olardı. Tale elə gətirdi ki, Şərqiyyə xanım Özbəkistanda ali təhsil aldı. Uzun illər pedaqoji universitetdə çalışdı. Tərcümə və ədəbi fəaliyyətlə məşğul oldu. İndi ömrünün ahıl çağını yaşayır. Bir ayağı Özbəkistanda, bir ayağı Azərbaycandadır. "Hər ikisi mənim vətənimdir. Birində ciyər-paralarım yaşayır, o birində qohum-əqrəbam. Heç birindən keçə bilmirəm", - söyləyir.

Bu günlərdə redaksiyamızın qonağı olan Şərqiyyə Şıxəliyeva 2003-cü ildən Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən söz açdı. Öyrəndik ki, bu ölkədə yaşayan soydaşlarımız bir araya gəlmək üçün bu ünvana tez-tez üz tuturlar. 2010-cu ildə Mədəniyyət Mərkəzinin yerləşdiyi bina əsaslı təmir edilərək soydaşlarımızın istifadəsinə verilib. Mərkəzin açılışında dövlət başçısı İlham Əliyev iştirak edib. Özbəkistanda yaşayan azərbaycanlılarla görüşərək onlara xoş arzularını bildirib.

Məlumdur ki, iki xalq arasındakı dostluq, qardaşlıq, ədəbi əlaqələr Nizami Gəncəvi dövründən bəri davam edib. Böyük Əlişir Nəvai dahi Nizami Gəncəvini öz ustadı hesab edib. Daşkənd Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvinin adını daşıyır. Bu gün hər iki xalq arasında dostluq, qardaşlıq əlaqələri daha da genişlənir.

Azərbaycan Mədəniyyət Mərkəzinin binası Daşkənd şəhərində azərbaycanlıların daha sıx yaşadığı məkanda yerləşir. Binanın həyətində üçrəngli bayrağımız dalğalanır, ümummilli lider Heydər Əliyevin abidəsi ucalıb. Hər tərəf gül-çiçəklə əhatələnib. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevə həsr olunmuş xüsusi otaq diqqət çəkir. Burada respublikamızın həyatını əks etdirən eksponatlar, tablolar, məlumatlar, şəkillər yerləşdirilib, eləcə də zəngin kitabxana yaradılıb. Görkəmli Azərbaycan yazıçı və şairlərinin əsərləri Özbəkistanda yaşayan soydaşlarımızın istifadəsinə verilir. Burada həmçinin Azərbaycan bəstəkarlarının əsərlərinə də xüsusi yer ayrılıb. Mədəniyyət Mərkəzində tez-tez müxtəlif görüşlər, tədbirlər, mərasimlər təşkil olunur. Mədəniyyət Mərkəzi, əslində, Özbəkistanda yaşayan azərbaycanlıların görüş və ünsiyyət yeridir. Mərkəzdə 200 nəfərlik iclas salonu da var. Azərbaycanla bağlı müxtəlif əlamətdar günlərin qeyd edilməsi, milli bayramların keçirilməsi, bir sözlə, ölkəmizlə bağlı hansı tədbir, proqram nəzərdə tutulursa, hamısı məhz bu ünvanda öz həllini tapır.

2011-ci ilin noyabrında "Azərbaycan və özbək xalqları arasındakı mədəni və mənəvi əlaqələr" mövzusunda keçirilən tədbir də çox əhəmiyyətli oldu. Özbək və azərbaycanlı alimlər, memarlar, tarixçilər, coğrafiyaşünaslar bir araya gəldilər. Bu tədbirdə ali məktəbin tələbələri də iştirak edirdilər. Demək olar ki, Daşkənddə yaşayan azərbaycanlıların əksəriyyəti mərasimə qatıldı. Alimlərin məzmunlu çıxışları hamıda böyük təəssürat yaratdı. Azərbaycanla bağlı nümayiş etdirilən sənədli filmxoş təsir bağışladı. Tədbirdə Azərbaycan milli musiqisinin, mahnı və rəqslərinin nümayişi yaddaşlara iz saldı. Maraqlıdır ki, Özbəkistanda yaşayan həmyerlimiz Kökəb Əliyevanın rəhbərliyi ilə "Azərbaycan qızları" adlı ansambl yaradılıb. Ansamblın işini uğurlu qurmaq üçün K.Əliyeva bura 7-13 yaşlı azərbaycanlı qızları cəlb edərək onlarla ciddi məşğul olur. Çalışır ki, qızlara milli rəqslərimizi - "Nəlbəki", "Səməni", "Tərəkəmə", "Heyvagülü", "Yallı", eləcə də özbək, ərəb, hind, bir sözlə, Şərq rəqslərini öyrətsin. Demək olar ki, o bu istəyinə nail olur. Ansambl həm Mədəniyyət Mərkəzində, həm də Özbəkistanda keçirilən müxtəlif tədbirlərdə, görüşlərdə, bayramlarda çıxış edərək milli rəqslərimizi tamaşaçılara məharətlə çatdırır. Kökəb xanımın musiqi sahəsindəki əvəzsiz xidməti, Azərbaycana olan bağlılığı və məhəbbəti Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilərək ona Azərbaycanın əməkdar artisti fəxri adı verilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günündə də Özbəkistanda yaşayan soydaşlarımızın böyük həvəslə üz tutduqları ünvan məhz Mədəniyyət Mərkəzidir. Onlar burada özlərini çox rahat, Şərqiyyə xanım demişkən, doğma Vətəndəki kimi hiss edirlər. Çünki binanın həyətindən başlamış hər guşəsində Azərbaycan havası, Azərbaycan ovqatı və Azərbaycan sevgisi duyulur.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 31 dekabr.- S. 15.