Avropanın enerji təhlükəsizliyində
Azərbaycanın rolu getdikcə artır
Davos şəhərində
keçirilən ənənəvi Dünya İqtisadi Forumu əlamətdar
hadisələrlə yadda qalmışdır
Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır.
Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfə göz qabağındadır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması respublikamızın mövcud iqtisadi potensialını daha da artırmışdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu artıq heç kəsdə şübhə yeri qoymur. Enerji strategiyamızın uğurla həyata keçirilməsi daha yeni layihələrin üzərində işlənilməsini vacib edir. Xəzər dənizi-Qara dəniz-Baltik dənizi arasında regional əməkdaşlıq layihəsinin də gerçəkləşməsi layihədə iştirak edən ölkələrin iqtisadi imkanlarının daha da artmasına gətirib çıxaracaqdır. Tərəfdaş ölkələrlə birgə çəkilən neft və qaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadi və sosial tələbatları ödəməyə, iqtisadi və siyasi islahatları daha sürətlə aparmağa imkan yaradır. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir.
Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır. Ölkə başçısı İlham Əliyevin Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirakı da əlamətdar hadisələrlə yadda qalmışdır. İsveçrənin kurort şəhərində açılmış 41-ci Dünya İqtisadi Forumunda müasir dövrün siyasi-iqtisadi problemləri, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə predmeti olmuşdur. Forumda 100-dək ölkədən 2500-dən çox nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, tanınmış şirkətlərin təmsilçilərinin, iqtisadçı və ekspertlərin, beynəlxalq təşkilatların, KİV-lərin rəhbərlərinin iştirakı tədbirin böyük əhəmiyyət kəsb etdiyini təsdiqləmişdir.
"Yeni reallıq üçün ümumi normalar" devizi altında keçirilən builki toplantıda bir-biri ilə sıx bağlı olan yeni reallığa cavab, iqtisadi perspektivlər və hərtərəfli inkişaf siyasətinin müəyyənləşdirilməsi, "Böyük 20"liyin gündəliyinin dəstəklənməsi, qlobal risklərdən qorunma şəbəkəsinin yaradılması kimi məsələlər müzakirə edilmişdir. Əsas diqqət qlobal risklərə, onların yüngülləşdirilməsi ilə bağlı strategiyaların hazırlanmasına yönəldilmişdir. Toplantıda Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolundan bəhs etmişdir. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, "Cənub dəhlizi" çərçivəsində nəzərdə tutulan layihələrin perspektivləri və digər məsələlər ətrafında geniş danışmışdır.
Forum çərçivəsində Prezident İlham Əliyev bir sıra dövlət və hökumət başçıları, tanınmış şirkətlərin nümayəndələri ilə səmərəli görüşlər keçirərək geniş fikir mübadiləsi aparmışdır. Dövlətimizin başçısı Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya-İqtsadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə nahar mərasimində bildirmişdi: "Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramına qoşulub. Biz avropalı tərəfdaşlarımızla həyatımızın bütün sahələrini əhatə edən bu proqramın reallaşdırılması üzərində işləyirik. Biz iqtisadi və siyasi islahatları paralel şəkildə aparırıq. Ölkəni müasirləşdirmək, davamlı iqtisadiyyat qurmaq və güclü siyasi sistem yaratmaq üçün əlbəttə ki, biz siyasi və iqtisadi islahatlar sahəsində daha çox çalışmalıyıq".
Azərbaycanın mavi yanacağı üçün Avropada etibarlı və uzunmüddətli bazarın təmin edilməsi yaxın 5-10 il ərzində bütövlükdə, qlobal qaz bazarında ölkəmizin rolunun yüksəlməsinə əlverişli imkan yarada bilər. Aparılan genişmiqyaslı işlər, nəzərdə tutulan infrastruktur layihələrinin tam başa çatdırılması deməyə əsas verir ki, Azərbaycanın mavi yanacağı Avropa üçün yeganə qaz mənbəyi ola bilər. Prezident İlham Əliyev mərasimdə bildirmişdi: "Azərbaycan neft ölkəsi kimi tanınır. Bu, tamamilə doğrudur. Çünki dünyada ilk dəfə neft XIX əsrdə məhz Azərbaycanda hasil edilib. Sonradan dənizdə neft ilk olaraq yenə Azərbaycanda hasil edilib. Lakin bu gün təbii ki, biz bir sıra mühüm şaxələndirmə layihələri üzərində işləyirik. Bizim enerji daşıyıcılarını beynəlxalq bazarlara nəql edən 3 neft və 4 qaz boru kəmərlərimiz vardır. Biz nəhəng qaz yataqlarını aşkar etmişik. Onlar bizə böyük qaz ixracatçısı olmağa imkan verir. Hazırda biz təbii qazı qonşu ölkələrə ixrac edirik. Hasilatın artırılması və yeni bazarların tapılması ilə bağlı böyük planlarımız vardır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir və bu həcm İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı sədrinin qeyd etdiyi kimi, bizim üçün 100 ildən artıq müddətə kifayətdir".
Ölkəmizin dünya maliyyə böhranı şəraitində belə davamlı inkişafı qarşıya qoyulan bütün layihələrin uğurla gerçəkləşdiriləcəyinə əminlik yaradır. Bunu ötən ildə əldə olunan makroiqtisadi göstəricilər bir daha təsdiq edir. Ölkəmizdə bütün dünyanı iflic vəziyyətinə salmış qlobal böhrana qarşı effektiv tədbirlərin həyata keçirilməsi iqtisadi sahədə davamlı inkişafı təmin etmişdir. Ötən ildə fəal antiböhran tədbirlərinin həyata keçirilməsi, maliyyə intizamının gücləndirilməsi, bazarın sabitləşməsi üçün bir sıra səmərəli tədbirlərin reallaşdırılması, habelə sahibkarlığın inkişafına diqqətin yüksəldilməsi bugünkü uğurlarımıza gətirib çıxarmışdır.
2010-cu il Azərbaycan
iqtisadiyyatı üçün uğurlu olmuş, ümumi
daxil məhsul 5 faiz artaraq 41 milyard manatı
ötmüşdür. Orta illik inflyasiya idarə olunan səviyyədə
saxlanılaraq 5,7 faiz təşkil etmişdir. Strateji valyuta
ehtiyatları ilin əvvəli ilə müqayisədə 50
faiz artaraq 29 milyard dollara çatmış və bu da ölkənin
dayanıqlı inkişafına möhkəm zəmanətdir.
51 milyon ton neft, 27 milyard
kubmetr qaz hasil edilmiş, sənaye 2,6 faiz artmışdır. Əhalinin
pul gəlirləri 12,3 faiz artmış, yoxsulluğun səviyyəsi
11 faizdən 9 faizə enmiş, ölkə iqtisadiyyatına
15,5 milyard dollar vəsait qoyulmuşdur.
Ümumiyyətlə,
dünya maliyyə-iqtisadi böhranı Azərbaycanın
öz iqtisadiyyatını sadəcə neft amili üzərində
qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə
qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir
və bu baxımdan 2010-cu ilin yekunlarını müsbət
qiymətləndirmək olar. Son dərəcə ağır
sınaqdan uğurla çıxan respublika
iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft
sektorunun əhəmiyyətli payı var. İqtisadiyyatda
şaxələndirmə, sahibkarlığın
inkişafı, investisiya mühitinin daha da
yaxşılaşdırılması nəticəsində
qeyri-neft sektorunun dinamik inkişafı davam etmiş və onun
real artım tempi ümumi artım tempini üstələyərək
7,6 faiz, o cümlədən qeyri-neft sənayesində 6,6 faiz,
rabitədə 29,7 faiz, nəqliyyatda yük daşınması
3,1 faiz təşkil etmişdir.
Əldə olunan yüksək
makroiqtisadi nailiyyətlər Azərbaycan rəhbərliyinin
düzgün iqtisadi siyasət yürütdüyünü təsdiqləyir.
Azərbaycanın neftlə yanaşı böyük qaz
hasilatçısı ölkəsinə çevrilməsi
yeni ixrac imkanlarının artmasına və buna müvafiq
olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa
imkan yaradır. Xəzərin zəngin karbohidrogen
ehtiyatlarının daha böyük həcmdə dünya
bazarlarına çıxarılması ölkəmizin iqtisadi
potensialını gücləndirməklə qarşıda
yeni perspektivlərə yol açır.
Ölkəmizin beynəlxalq
təşkilatların işində fəal iştirak etməsi
onun təhlükəsizliyi və xarici siyasəti
üçün mühüm əhəmiyyət kəsb edir.
Universal və regional beynəlxalq təşkilatlar dünyada
yaranan yeni təhdidlərlə mübarizədə getdikcə
daha çox rol oynayırlar. Belə ki, beynəlxalq təşkilatlar
təhdidlərin aradan qaldırılmasına və ya
onların qarşısının alınmasına yardım
etməklə yanaşı, Azərbaycan Respublikasının
milli maraqlarının qlobal siyasətdə müdafiəsinə
imkanlar yaradırlar.
Azərbaycan.- 2011.- 1 fevral.- S. 1.