Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına
Misir Ərəb Respublikasında baş verən son hadisələrlə bağlı
xəbərdarlıq etmişdir
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Misir Ərəb Respublikasında (MƏR) baş verən son hadisələrlə bağlı xəbərdarlıq etmişdir.
Nazirliyin rəsmi saytında yerləşdirilmiş xəbərdarlıqda yanvarın sonlarından başlayaraq Misir Ərəb Respublikasında hökumət əleyhinə kütləvi nümayişlərin və iğtişaşların başlandığı qeyd olunmuşdur. Bildirilir ki, kütləvi iğtişaşlar nəticəsində çoxlu sayda insan həlak olmuş və yaralanmışdır. Misir hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmiş, saat 16:00-dan 8:00-dək ölkədə küçəyə çıxmağa məhdudiyyətlər qoyulmuşdur.
Bunları nəzərə alaraq, MƏR-ə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına yuxarıda qeyd edilənləri nəzərə almaları, ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları məsləhət görülür. Xüsusilə Qahirə, Asuan və Luksor şəhərlərinə səyahətlər zərurət olmadıqda təxirə salınmalıdır.
Müraciətdə, həmçinin MƏR-də daimi, müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri, iğtişaşlara qarışmamaları, yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Qahirədəki səfirliyinə müraciət etmələri tövsiyə olunur.
Azərbaycanın Misirdəki səfirliyinin ünvanı belədir: Qahirə şəhəri, 11431 Maadi Sarayat, 10-cu küçə, Villa 16/24
Tel: (202) 2358-37-90/83/61
Fax: (202) 3583725
E-mail:
AzərTAc
Azərbaycan.- 2011.-1 fevral.- S. 1.