Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası yeni strateji konsepsiyanın öyrənilməsinə həsr olunur

 

AzərTAc xəbər verir ki, yanvarın 31-də Bakıda "NATO-nun yeni strateji konsepsiyası: qavrama və çağırışlar" mövzusunda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) növbəti qış sessiyası öz işinə başlamışdır.

Fevralın 6-dək davam edəcək sessiyada NATO-nun strateji konsepsiyalarının qiymətləndirilməsi, təhlükəsizlik təhdidləri, Şimali Atlantika Alyansının yeni strateji konsepsiyası və onun həyata keçirilməsi imkanları, NATO və tərəfdaşlıq münasibətləri və digər məsələlər müzakirə ediləcəkdir. Tədbirdə dünyanın 20 ölkəsindən gəlmiş tədqiqatçılar, ekspertlər, Avropanın, ABŞ-ın nüfuzlu universitetlərinin nümayəndələri, diplomatlar və yerli mütəxəssislər iştirak edirlər.

Açılış mərasimində çıxış edən Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) icraçı direktoru Tamerlan Məmmədov rəsmi Bakının NATO ilə səmərəli əməkdaşlıq etdiyini vurğulamış, tədbirin əhəmiyyətini yüksək dəyərləndirmişdir. O demişdir ki, tədbir NATO-nun yeni strateji konsepsiyasının öyrənilməsinə həsr olunmuşdur. Strateji konsepsiya NATO-nun gələcək 10 il üçün tədbirlər planıdır. Bir həftə ərzində bu barədə məlumat veriləcəkdir.

Rumıniyanın ölkəmizdəki səfiri və eyni zamanda, NATO-nun ölkəmizdəki əlaqələndiricisi Nikolaye Ureke bildirmişdir ki, alyans Azərbaycanın NATO ilə aktiv dialoqunu dəstəkləyir. Diplomat Azərbaycanın alyansın sülhməramlı missiyalarına verdiyi töhfəni yüksək qiymətləndirmiş və demişdir: "Son 5 ildə azərbaycanlı ekspertlər NATO-nun 100-dən çox tədbirində iştirak etmişlər. Azərbaycan həmçinin enerji təhlükəsizliyində də mühüm rol oynayır. Son iki il ərzində Azərbaycan-NATO Beynəlxalq Məktəbi NATO-nun Azərbaycanda ən aktiv üzvünə çevrilmiş və onun fəaliyyəti alyansın rolunun dərk edilməsi üçün çox əhəmiyyətlidir".

Alyansın Beynəlxalq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin direktoru general-mayor Branko Karlos Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycan bir sıra digər birgə layihələrdə də iştirak edir. Bu layihələr davam edir və NATO-nun yeni strateji konsepsiyası çərçivəsində Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək və dərinləşdirmək üçün yeni imkanlar yaranmışdır.

Almaniyanın NATO-da daimi missiyasının siyasi şöbəsinin rəhbəri Casper Viek dinləyicilərə Lissabon sammitində qəbul olunan yeni strateji konsepsiyanın əhəmiyyəti barədə məlumat vermişdir.

Tədbirdə çıxış edən Yunanıstanın Xarici İşlər Nazirliyinin NATO üzrə idarəsinin rəis müavini Teodoras Daskarolis, Almaniyanın "Marşal Mərkəzinin" professoru James Anderson dünya ölkələrinin NATO ilə əməkdaşlığının vacibliyi və əhəmiyyətindən danışmışlar.

Xatırladaq ki, NATO 2003-cü ildən başlayaraq, Azərbaycanda yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. NATO Azərbaycan Beynəlxalq Məktəbinin fəaliyyəti dövründə 6 yay və 5 qış sessiyası keçirmişdir. Son qış sessiyası 2009-cu ilin dekabr ayında olmuşdur.

 

 

Azərbaycan.- 2011.-1 fevral.- S. 2.