Qarabağ Fondu Vaşinqtonda Azərbaycan rəssamının sərgisini
təşkil etmişdir
Yanvarın 26-da Qarabağ Fondu Pepco şirkətinin sponsorluğu ilə Vaşinqtonun nüfuzlu Edison Qalereya salonunda ABŞ-ın tanınmış rəssamı - əslən azərbaycanlı olan Abol Bahadorinin "Bölünmüş rənglər" adlı sərgisini təşkil etmişdir.
Fonddan AzərTAc-a bildirmişlər ki, Abol Bahadori Təbriz şəhərində doğulub və evində olan rəngli xalçalardan ilham alıb. Onun atası Azərbaycanın Qarabağ bölgəsindən üçüncü nəsil köçkün olub və Azərbaycan Türkmənçay müqaviləsi nəticəsində İran və Rusiya arasında iki yerə bölündükdən sonra öz ailəsi ilə birgə İrana köçüb. Abol Bahadori incəsənətin əlifbasına doğma Təbrizdə yiyələnmiş və daha sonra təhsilini İngiltərənin Mançester şəhərində davam etdirmişdir. O, sonralar mücərrəd incəsənəti Con Blee, Beverley Ryan, və Adam Listerdən öyrənmişdir. Abol Bahadori Filadelfiya İncəsənət Muzeyi, Del Rey Peşəkarları, İskəndər İncəsənət Liqası və Payız Kilsə İncəsənəti muzeylərinin üzvüdür, Şimali Virciniyada öz qalereyalarını dəfələrlə nümayiş etdirmişdir.
Bu, Vaşinqton şəhərində Abolun ilk fərdi sərgisidir.
Sərginin açılışında çıxış edən Abol Bahadori bildirmişdir ki, Azərbaycan landşaftının parlaq rənglərini əsərlərində sövq-təbii olaraq əks etdirirəm. Azərbaycanın bölünməsi həmişə mənim şüurumdadır və çalışıram ki, bütün bunları parlaq rənglərlə ifadə edim.
Sərgidə Vaşinqton şəhərinin mədəniyyət qurumlarının, ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak etmiş və təəssüratlarını paylaşmışlar. Tədbir tanınmış rəssamın şərəfinə verilən ziyafətlə davam etmişdir.
Məlumat verilmişdir ki, bu sərgidəki əsərlərin satışından əldə olunmuş gəlirin 40 faizi Qarabağ Fonduna ianə edilmişdir.
Qarabağ Fondu 2009-cu ilin noyabrında ABŞ-da yaradılmışdır
və qeyri-hökumət
təşkilatlarına verilən
yüksək 501 (C) 3 statusuna
malikdir. Fondun məqsədi Azərbaycan,
onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı
amerikalılara tanıtmaq,
Azərbaycan mədəniyyəti
və musiqisini bu ölkədə tərənnüm və təbliğ etməkdən
ibarətdir. Buna nail olmaq üçün
qurum müxtəlif sərgilər təşkil
edir, kitablar buraxdırır, ictimai proqramlar, forumlar, mübadilə proqramları
reallaşdırır.
Azərbaycan.- 2011.-1 fevral.- S. 2.