Azərbaycan vətəndaşının Misirdə öldürülməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

 

Cari il yanvarın 29-da Misirin paytaxtında baş verən kütləvi iğtişaş zamanı Azərbaycan Respublikasının Qahirədəki səfirliyinin əməkdaşı, 1987-ci ildə anadan olmuş Qocayev Nicat Rza oğlunun qətlə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının baş prokuroru tərəfindən 2011-ci il yanvarın 31-də həmin məcəllənin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində məhkəmə-tibbi ekspertlərin iştirakı ilə foto və video çəkilişlərdən istifadə olunmaqla meyitə baxış keçirilmiş, daxili müayinəsi aparılmış, bədənindən bir ədəd güllə çıxarılaraq maddi sübut kimi götürülmüş, məhkəmə-tibbi, məhkəmə-ballistik ekspertizaları təyin edilmiş və iş üzrə əhəmiyyət kəsb edən məlumatların əldə edilməsi məqsədi ilə müvafiq sorğular göndərilmişdir.

Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində səfirliyin əməkdaşlarının dindirilməsi, digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi, cinayəti törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Baş Məclisinin 1973-cü il 14 dekabr tarixli "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasına uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

 

 

Azərbaycan.- 2011.-1 fevral.- S. 2.